Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-394/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-2014/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(043)1190/2013 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il ildən başlayaraq, Gəncə şəhəri Tereşkova küçəsi, ev 40, mənzil 43-də yaşayan Cavabdeh1 12 sentyabr 2005-ci ildə doğulmuş X5 və 16 iyun 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Gəncə şəhəri, Sərdarov küçəsi, ev 101-də yaşayan X3 ödənilməsi qət edilmişdir
2. AZ-İİ seriyalı, 127432 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 atası Cavabdeh1, anası X4r.
3. AZ-İV seriyalı, 556963 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X1 atası Cavabdeh1, anası İddiaçı1dır.
4. AZ-İ seriyalı, 182587 nömrəli Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, vətəndaş Cavabdeh1 ilə vətəndaş İddiaçı1 arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 39 nömrə ilə qeyd edilmişdir.
5. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/1-03206 saylı arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı1 “nikahın pozulması, aliment və uşağın xarici ölkəyə aparılması” ilə bağlı müraciəti əsasında yeri və vaxtı 5 iş günü əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılan qarşı tərəf Cavabdeh1 mübahisə üzrə 18 iyul 2022-ci il tarixdə saat 09:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı1 ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.
6. 01.11.2022-ci il tarixli 777 nömrəli arayışdan görünür ki, Cavabdeh1 əmək haqqı 269.25 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı1 Cavabdeh1 qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün alimentin miqdarını artıraraq sabit məbləğdə hər uşağa hər ay 193 (bir yüz doxsan üç) olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat və mediasiya təşkilatına ödədiyi 50 manat rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1190/2013 saylı qətnaməsinə əsasən himayəsində qalan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa 80 manat olmaqla, cəmi 160 manat məbləğdə aliment pulunun tutulub ona verilməsi müəyyən olunmuşdur. Göstərilən miqdarda aliment uşağın saxlanması üçün yetərli deyildir. Uşağın saxlanmasında çətinlik çəkir. Birgə nikahdan doğulmuş uşaqlara o, tək baxır. Cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. Cavabdeh kifayət qədər gəlirə malikdir. Onun uşağın saxlanması üçün kifayət qədər maddi imkanı vardır. Bundan başqa uşaqlar böyümüş və xərcləri daha çox artmışdır. Məktəb və hazırlıq xərcləri alimentin miqdarından dəfələrlə artıqdır. Bundan əlavə qanunun tələblərindən də bilindiyi kimi uşaqlar üçün yaşayış minimumu xeyli artmışdır.
9. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-2014/2022 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın qismən təmin edilməsi, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(043)-1190/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh1 hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı1 xeyrinə verilməsi, artırılmış hissədə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 34,4 (otuz dörd manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh1 məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.
10. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, cavabdehin daimi olaraq yüksək qazanca sahib olması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Lakin tərəflərin birgə uşaqları üçün müəyyən edilən aliment 2013-cü il tarixdə məhkəmə tərəfindən qət edildiyindən və həmin tarixdən doqquz ilə yaxın vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin artması, həmçinin onların məktəbli olması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2 və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-2014/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mühüm əhəmiyyəti olan heç bir faktiki hal mövcud olmamışdır. Belə ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra onun maddi vəziyyətində müsbətə doğru heç bir dəyişiklik olmamışdır. Həmin vaxt da, indi də onun aylıq əmək haqqı 270 manatdır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasınn iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşdırılmış hüquqi mövqeyinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
22. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəlmişdir, ona görə də hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-2014/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Beləliklə, iddiaçı Gəncə şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün alimentin miqdarını artıraraq sabit məbləğdə hər uşağa hər ay 193 (bir yüz doxsan üç) olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat və mediasiya təşkilatına ödədiyi 50 manat rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qeyd etmişdir ki, cavabdehin daimi olaraq yüksək qazanca sahib olması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Lakin tərəflərin birgə uşaqları üçün müəyyən edilən aliment 2013-cü il tarixdə məhkəmə tərəfindən qət edildiyindən və həmin tarixdən doqquz ilə yaxın vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin artması, həmçinin onların məktəbli olması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində işin faktiki hallarının araşdırılmamasını, onun maddi vəziyyətində müsbətə doğru dəyişiklik olmamasını, digər nikahından uşaqlarının da olmasını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi onun maddi vəziyyətinin müsbətə doğru dəyişmədiyini, hər iki tərəfin valideyn kimi uşaqları saxlamalı olduğunu qeyd etsə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini və uşaqların maddi ehtiyaclarını nəzərə almış, uşaqların mənafeyini üstün tutmuşdur. Odur ki, məhkəmə kollegiyası qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün heç bir əsas görmür, ona görə apellyasiya şikayəti təmin edilməməlidir.
29. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
30. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün, bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 402.1-ci, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(125)-2014/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .