Məhkəmə qərarları › İş №2(104)-395/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-395/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-395/2023 21.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə (sonuncu prosesdə iştirak etmir), Bərdə Rayon Məhkəməsinin 2(021)-761/2022 saylı mülki iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmədə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 590 manat borcun, 170 manat cərimə borcunun, cəmi 760 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin X1 Şəhadətnaməyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə "Nurgül Telekom" mobile mağazası ilə Cavabdeh1 517 nömrəli alqı-satqı müqaviləsi bağayaraq Cavabdeh1 dəyəri 430 manat olan REDMİ NOT 8 markalı mobil telefon və dəyəri 320 manat olan TEXNO markalı mobil telefon satılmışdır. Borclu Cavabdeh1 2 ədəd dəyəri 430 və 320 manat olan mobil telefonları almış, aldığı mobil telefonların dəyərindən ilkin olaraq ödəniş etməmiş, 920 manat borcunu hissə-hissə 8 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh borclu olduğu məbləğdən aylar üzrə 330 manat ödəmiş, lakin üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, 590 manat borcu qalmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu Cavabdeh1 aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş qaydada yerinə yetirməmiş, bununlada ona zərər dəymişdir. Nəticədə cavabdehin müqavilə üzrə 590 manat əsas borcu, borcu vaxtında ödəmədiyinə görə 170 manat cərimə, cəmi 760 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasn iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbinin artırılması tələbinə dair ərizə verərək, Cavabdeh1 590 manat borcun, 170 manat cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 105 manat faiz borcunun, cəmi 865 manal borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh1 590 manat əsas borcun, 170 manat cərimənin, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 136 manat faiz borcunun, cəmi 896 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-761/2022 saylı mülki iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 420 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 430 manat və 30,40 manat dövlət rüsumunun alınaraq, İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, borclu Cavabdeh1 2 ədəd dəyəri 430 və 320 manat olan mobil telefonları almış, aldığı mobil telefonların dəyərindən ilkin olaraq ödəniş etməmiş, 920 manat borcunu hissə-hissə 8 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədə hər iki mobil telefonların nisyə dəyəri 920 manat təşkil etmiş və cavabdeh həmin müqavilə üzrə borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh aylar üzrə cəmi 330 manat ödəniş etmişdir. Qalan məbləğlər isə ödənilməmiş qalmışdır. Odur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 761/2022 saylı mülki iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən-iddia tələbinin qismən təmin edilməsi hissədə ləğv edilməli və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli və iddianın təmin edilməmiş qalan hissələrində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işdə olan İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 517 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 1 ədəd Redmi Not 8 Redmi və 1 ədəd Texno markalı mobil telefonlar (430 manat +320 manat) 8 ay müddətinə hissə-hissə ödəmək şərti ilə satılmışdır. Müqavilə üzrə aylıq ödəniş 115 manat, müddət isə 8 ay müəyyən edilmişdir. Satılan məhsulların nisyə satış dəyəri kimi 920 manat məbləği göstərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli, № 517 saylı alqı-satqı müqaviləsi üzrə qiyməti 430 manat və 320 manat olan 1 ədəd Redmi Not 8 Redmi və 1 ədəd Texno markalı mobil telefonların borcundan 330 manat ödəniş etmiş, 590 manat əsas borcu, 170 manat cərimə borcu yaranmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Hazırda satıcı olaraq iddiaçı nisyə olaraq satılmış əşyaların dəyərinin ödənilməsini tələb edir. Hansı ki, bu müqavilə üzrə onun yaranmış tələbetmə hüququdur. Alıcı kimi cavabdehin vəzifəsi isə nisyə satılmış əşyaların dəyərinin ödənilməsindən ibarətdir ki, sonuncu tərəfindən bu vəzifəyə əməl edilməmişdir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 517 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 dəyəri 430 manat olan REDMİ NOT 8 markalı mobil telefon və dəyəri 320 manat olan TEXNO markalı mobil telefon nisyə qaydada satılmışdır. Müqavilə üzrə aylıq ödəniş 115 manat, müddət isə 8 ay müəyyən edilmişdir. Satılan məhsulların nisyə satış dəyəri kimi 920 manat məbləği göstərilmişdir. Borclu qeyd edilən borcdan 330 manat məbləğini ödəmişdir. Beləliklə də onun satıcıya müqavilə üzrə 590 manat məbləğində borcu qalmışdır. Ona görə də kollegiya hesab edir ki, bu hissədə apellyatorun şikayətinin dəlilləri əsaslıdır. Bundan başqa apellyatorun şikayətinin digər dəlili isə məhkəmə tərəfindən müəyyən edilmiş dəbbə pulu hissəsindəndir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhəkəməsi 10 manat dəbbə pulunun tutulması ilə bağlı iş üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi borclu olan alıcı tərəfindən satıcıya ödəniləcək əsas borc məbləği 590 manat müəyyən edilmişdir və nisyə alqı-satqı müqaviləsinin 11-ci bəndində cərimə borcunun hesablnması nəzərdə tutulmuşdur. Belə olan halda kollegiya hesab edir ki, borclu Cavabdeh1 əsas borc məbləği olan 590 manatın 10 faizi qdər, yəni, 59 manat məbləğində cərimənin tutulması məqsədəmüvafiq hesab edilməlidir. İrəli sürülən iddia əsas borc tələbi hissədə əsaslı sayıldığından Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının əvəzi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Kollegiya hesab edir ki, qalan hissələrdə iddia əsassızdır, ona görə də həmin hissədə iddianı təmin etməməkdə məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2.-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-761/2022 saylı mülki iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi qismən- iddia tələbinin qismən təmin edilməsi hissədə ləğv edilməli və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli və iddianın təmin edilməmiş qalan hissələrində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə bu məbləğ 5000 manatdan az məbləğdir. Ona ğörə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-761/2022 saylı mülki iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi qismən-Cavabdeh1 420 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 430 manatın və 30.40 manatın alınaraq, İddiaçı1 verilməsi hissədə ləğv edilsin, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 590 manat əsas borc və 59 manat cərimə borcu olmaqla, cəmi 649 (altı yüz qırx doqquz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 30,4 (otuz) manat 40 qəpik məbləğində pul alınaraq, İddiaçı1 ödənilsin. İddianın təmin edilməmiş qalan hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar