Məhkəmə qərarları › İş №2(104)-397/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-397/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-397/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(062)-2077/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 16000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(062)-2077/2022 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 16000 (on altı min) manat məbləğdə pulun alınaraq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavbadehi qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, münasibətləri normal olmuşdur. Belə ki, cavabdeh ondan bir neçə dəfə borc pul almış və həmin pula qızıl alaraq onun pulunu qaytarmışdır. Nəticədə cavabdeh iddiaçının etibarını qazanmışdır. 2022-ci ilin fevral ayında cavabdeh iddiaçıdan qızıl almaq üçün 16000 manat pul borc almış və br həftəyə qaytaracağını bildirmişdir. Bir həftə sonra cavabdehdən pulunu istəyərkən o, qızılların bir hissəsini satsa da, pulunu mart ayında alacağını və ona olan borcunu qaytaracağını bildirmişdir. Həmçinin pulunu mart ayında ala bilməsə, ona olan borcun bir hissəsini "xxxx" ASC-yə girov qoyduğu qızılları sataraq ödəyəcəyini bildirmişdir. Lakin dəfələrlə cavabdehdən pulunu tələb etsə də, borclu olduğu pulu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən Tovuz RPŞ-yə müraciət etmiş və tələbinin mülki xarakterli olması bildirilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarında olan: Tovuz Rayon Polis şöbəsində Cavabdeh tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı tanış kimi borc olaraq 15000 (on beş) min manat məbləğdə pul almış, aldığı məbləği artıqlaması ilə, əlavə ödənişlə Gəraya geri qaytarmışdır. Bu hadisə təxminən 4 bundan öncə olmuşdur. Onun İddiaçı heç bir borcu qalmamışdır Tovuz Rayon Polis şöbəsində Cavabdeh tərəfindən verilmiş 10 iyul 2022-ci il tarixli izahatdan görünür ki, o, Gəray adlı şəxsdən 16000 (on altı manat məbləğdə yüksək faizlə sələmə pul almışdır. Ümumilikdə Gəraya 21000 (iyirmi bir) min manat pul vermişdir, buna baxmayaraq Gəray 21000 manatın ancaq borcun sələm hissəsi olduğunu, ona hələ də 16000 manat borcunun olduğunu bildirir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, polis şöbəsində izahata verilməsi onu sübut edir ki, iddiaçı onsuz bilir ki, onunla cavabdeh arasında olan mübahisə mülki mübahisədir, eyni zamanda iddiaçı özü etiraf edir ki, cavabdeh ona 24000 manat məbləğdə pul qaytarmışdır, belə olan halda sübut etmək iddiaçının vəsifəsidir. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının vəkili M.Əliyev məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, işin mübahisəsiz hallarıdır ki, iddiaçı ilə cavabdeh arasında bir neçə dəfə pul alıb-verilməsi münasibətləri olmuş, cavabdeh iddiaçıdan əvvəllər aldığı borc məbləğlərini ödəmişdir. Hazırda iddiaçı cavabdehə 16000 manat məbləğdə borc verdiyini, cavabdehin borcunu qaytarmadığını iddia edir, cavabdeh isə iddiaçıya hər hansı borcunun qalmadığını və aldığı pulları faizlə artıqlaması ilə qaytardığını bildirir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, borc ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına borc ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində deyilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, tərəflər arasında borcla bağlı yazılı müqavilə olmasa da, cavabdeh 10 iyun 2022-ci il tarixdə polis bölməsində verdiyi izahatında iddiaçıdan 16000 manat məbləğdə borc almasını təsdiq etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən 16000 manat məbləğdə pulun cavabdehə verilməsi sübuta yetirilmişdir. Lakin cavabdehin həmin borc məbləğini qaytarmasını sübut edən mötəbər dəlillər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh X1 16000 (on altı) manat tutularaq İddiaçı verilməsini qət edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinə münasibətdə ziddiyyətli mövqelərin göstərilməsi onun iddiaçıya borclu olması ilə bağlı iddiaçının mövqeyinin əsaslı olması barədə qənaətə gəlməyə rəvac verir. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri mötəbər sübutlarla əsaslandırmadığı üçün şikayət əsaslı hesab edilə bilməz. Odur ki, formal mülahizələrdən ibarət dəlillər qanuni məhkəmə qətnaməsinin ləğvinə əsas vermir. Kollegiya həmçinin cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçı özü etiraf edir ki, cavabdeh ona 24000 manat məbləğdə pul qaytarmışdır, belə olan halda sübut etmək iddiaçının vəsifəsidir” dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, iş materiallarına nəzər saldıqda iddiaçının həmin məbləğdə pulun cavabdeh tərəfindən ona qaytarılmasının etirafı barədə hər hansı izahatı müəyyən olunmur, əksinə iddiaçının polis şöbəsində və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatlarda cavabdehə 16 (min) manat borc verdiyini və həmin məbləğdə pulu cavabdehin qaytarmadığını göstərmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(062)-2077/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində onun tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar