Məhkəmə qərarları › İş №2(104)-397/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-397/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-397/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (arvadı) X6 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(058)-1630/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 07 oktyabr 2016-cı il tarixli 44-xx-xx-068938 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X8 60 ay müddətinə illik 29 faiz olmaqla 3449 manat kredit verilmişdir.

2. Şəmkir rayon Notariat orqanı tərəfindən 01 fevral 2020-ci il tarixdə verilən 8V-103 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasə 14 yanvar 2020-ci ildə ölmüş X5 qalmış miras sonuncunun oğlu Cavabdeh keçmişdir.

3. "xxxx" ASC tərəfindən ölmüş şəxsin vərəsəsinə ünvanlanmış bildirişdən görünür ki, 07 oktyabr 2016-cı il tarixli 44-xx-xx-068938 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1782,83 manatdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X7 vərəsəsi Cavabdeh 07 oktyabr 2016-cı il tarixli 44-xx-xx-068938 nömrəli kredit müqaviləsi üzrə 1782,83 manat əsas, 904 manat faiz, müqavilə müddəti bitdikdən sonra (illik 5 faiz hesablanmaqla) ödənilməmiş 130,25 manat, ümumilikdə 2817 manat və 48,55 manat ödənilmiş dövlət rüsmunun Cavabdeh alınıb "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X10 arasında 07 oktyabr 2016-cı il tarixli 44-xx-xx-068938 nömrəli kredit müqaviləsi bağlanmış və borcalana 60 ay müddətinə illik 29 faiz olmaqla 3449 manat kredit verilmişdir. X10 14 yanvar 2020-ci ildə ölmüşdür. Şəmkir rayon Notariat ofisindən alınmış cavabdan müəyyən olunmuşdur ki, sonuncudan qalmış miras əmlakı (fərdi yaşayış evini) oğlu Cavabdeh qəbul etmiş və bu barədə ona 01 fevral 2020-ci il tarixli 8V-103 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X7 banka 1782,83 manat əsas, 904 manat faiz, müqavilə müddəti bitdikdən sonra (illik 5 faiz hesablanmaqla) ödənilməmiş 130,25 manat, ümumilikdə 2817 manat borcu yaranmışdır. Cavabdeh atasından qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında olan öhdəliklərini icra etməmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2(058)-1630/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia təmin edilərək, cavabdeh X7 vərəsəsi Cavabdeh 1782,83 manat əsas, 904 manat faiz, müqavilə müddəti bitdikdən sonra (illik 5 faiz hesablanmaqla) ödənilməmiş 130,25 manat, ümumilikdə 2817,86 manat, 48,55 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386, 425, 442, 445, 739, 1151, 1159, 1243-cü maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 216-220, 233, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, atası tərəfindən götürülən kredit sğortalanmışdır. Eləcədə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı tətbiq edilsəydi iddiaçıya borc qalmazdı.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Qaynatası Ramizin ölümündən sonra mirası əri Azər qəbul etmişdir. X7 götürdüyü kredit sğortalı olsada, lakin bank onun vərəsəsinə qarşı iddia qaldırmışdır. Hazırkı iş üzrə məhkəmə qətnaməsi icraya yönəldiyindən ərinin pensiyasından pul tutulur, qalan pul isə onların təlabatını ödəmir. Əri hazırda işləmək üçün Rusiya Federasiyasına getmişdir. Banka olan borcu ödəməyə maddi imkanları yoxdur. X3 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 07 oktyabr 2016-cı il tarixli 44-xx-xx-068938 nömrəli kredit müqaviləsi "xxxx" ASC ilə X10 arasında bağlansada, lakin sonradan həmin kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" ASC-nə güzəşt edilmişdir. X10 da tələbin güzəşt olunmasına etiraz etməmiş və bu barədə 07 oktyabr 2017-ci il tarixli razılıq ərizəsi vermiş, tələbin güzəşti barədə borcalan Ramiz Nağıyevə bildirişdə də göndərilmişdir. X7 "xxxx" dan götürdüyü kredit sğortalı olmamışdır. Sonuncudan qalmış mirası oğlu Azər qəbul etsədə, lakin atasının banka olan borcunu ödəməkdən imtina etmişdir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

19. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

22. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

23. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

24. Maddə 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.

25. Maddə 195. Tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər.

26. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" ASC ilə X10 arasında 07 oktyabr 2016-cı il tarixli 44-xx-xx-068938 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 60 ay müddətinə illik 29 faiz olmaqla 3449 manat kredit verilmişdir. Lakin sonradan "xxxx" ASC kredit müqaviləsi üzrə tələb hüququnu "xxxx" ASC-nə güzəşt etmiş və bu barədə kredit müqavilələri üzrə tələ hüquqların ötürülməsinə dair "xxxx" ASC və "xxxx" ASC ilə 01 iyul 2016 və 25 avqust 2016-cı il tarixli müqavilələr bağlanmışdır. Hazırkı iş üzrə cavabdeh X9 da götürdüyü kredit müqaviləsindən irəli gələn tələb hüququnun "xxxx" ASC keçməsinə dair 07 oktyabr 2016-cı il tarixli razılıq ərizəsi vermiş, eləcədə tələbin güzəşti barədə sonuncuya (borcalana) "xxxx" ASC tərəfindən eyni tarixli bildiriş göndərilmişdir. X10 14 yanvar 2020-ci ildə ölmüşdür. Şəmkir rayon Notariat ofisindən alınmış cavabdan müəyyən olunmuşdur ki, sonuncudan qalmış miras əmlakı (fərdi yaşayış evini) oğlu Cavabdeh qəbul etmiş və bu barədə ona 01 fevral 2020-ci il tarixli 8V-103 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X7 banka 1782,83 manat əsas, 904 manat faiz, müqavilə müddəti bitdikdən sonra (illik 5 faiz hesablanmaqla) ödənilməmiş 130,25 manat, ümumilikdə 2817 manat borcu yarandığından kreditor onun vərəsəsinə, yəni Cavabdeh qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

38. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

39. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 14 yanvar 2020-ci ildə vəfat etmiş X7 vərəsəsi Cavabdehdur və ona bu barədə 01 fevral 2020-ci il tarixli 8V-103 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sonuncunun etibarnamə üzrə nümayəndəsi X11 da izahatında bildirmişdir ki, qaynatasından miras qalmış fərdi yaşayış evini əri Cavabdeh (miras qoyanın oğlu) qəbul etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, kreditor hazırkı iddia ilə Cavabdeh qarşı iddia qaldırmaqda haqlı olmuşdur.

40. Cavabdeh apellyasiya şikayətində atası tərəfindən götürülmüş kreditin sğortalı olmasını qeyd etsədə, lakin onun bu dəlili iş materialları ilə sübut olunmur, eləcədə sonuncu bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sğorta haqqının ödənilməsinə dair xəzinə mədaxil orderindən isə məhz qeyd olunan kredit məbləğnin sğortalanması öz təsdiqini tapmır.

41. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi "xxxx" ASC ilə X10 arasında bağlanmış 07 oktyabr 2016-cı il tarixli 44xx-xx-068938 nömrəli müqavilə əsasında yaranmış borcun, yəni 1782,83 manat əsas, 904 manat faiz, müqavilə müddəti bitdikdən sonra (illik 5 faiz hesablanmaqla) ödənilməmiş 130,25 manat, ümumilikdə 2817 manat kreditorun xeyrinə onun birinci növbə vərəsəsi Cavabdeh tutumaqda düzgün nəticəyə gəlmişdir.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384, 392-393 və 402 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(058)-1630/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar