Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-400/2025 08.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2488/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Kapital Bank ASC-nin xeyrinə 10150.44 AZN əsas, 798.12 AZN faiz, cəmi 10948.56 AZN pul vəsaitinin və 122.85 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-2488/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK3778357B218 saylı kredit müqaviləsinə əsasən 10150.44 manat əsas, 798.12 manat faiz. cəmi 10948.56 manat pul və ödənilmiş 122.85 dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda şikayətə prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin barəsində qətnamə qəbul etdiyini qətnamə qəbul edildikdən sonra onunla əlaqə saxlanıldıqda məlumatı olmuşdur. Bundan sonra Bərdə Rayon Məhkəməsinə qətnamənin alınması ilə bağlı müraciət olunmuş və qətnamə rəsmi olaraq ona verilmişdir. Qətnamədən narazı olduğundan apellyasiya şikayəti verilmək zərurəti yaranmışdır. Odur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-2488/2024 nömrəli qətnaməsindən şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edərək şikayəti icraata qəbul edərək Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-2488/2024 saylı qərardadı ilə apellyasiya şikayətində qanunvericliyin tələbləri gözlənilməməsi səbəbindən iddiаçı İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2(021)-2488/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyəti və müddətin bərpasına dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək Bərdə Rayon Məhkəməsinin 2(021)- 2488/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, ötürülmüş prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətini icraata qəbul edərək müvafiq instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2488/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh vaxtında çatdırılmamışdır. Özü həmin qətnaməni iş materiallarına əlavə olunmuş ərizəyə əsasən şəxsən məhkəmədən gedib götürmüşdür. Qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən çatdırılmadığı üçün məcbur olaraq ötürülmüş prosessual müddətin bərpa olunması ilə bağlı vəsatət əlavə olunmaqla həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Lakin Bərdə Rayon Məhkəməsinin 2(021)-2488/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)- 2488/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi geri qaytarılmışdır. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə və 2 saylı əlavəyə uyğun tərtib olunmamışdır. Həmçinin məhkəmə bildirmişdir ki, o, məhkəmə aktında düzgün hesab etmədiyi konkret əsasları istinad olunan fakt və halları, onları təsdiq edən sübutları göstərməmiş, maddi və prosessual pozuntuların izahını konkret əsasları ətraflı və dolğun müəyyən etməmişdir. Məhkəmə tərəfindən yuxarıda göstərilən terminləri o, birinci dəfədir ki, eşidir, orta məktəbi çətinliklə bitirmişdir, Universitet təhsili yoxdur, maddi və prosessual pozuntu deyəndə konkret olaraq nəyin nəzərdə tutulmasını öyrənmədiyi üçün hesab edir ki, ona 5 il ali məktəb təhsili lazımdır, sübutlar təqdim etmək üçün peşəkar vəkilə müraciət etməlidir, onun üçün də ona çoxlu pul lazımdır. O, isə hazırda kirayələrdə yaşayır və gündəlik fəhlə kimi ağır işlərlə çörək qazanmaq məcburiyyətində qaldığı üçün yuxarıda göstərilən nöqsanların aradan qaldırılması gücünə malik insan deyil. Məhkəmənin mövqeyi ilə razılaşsaq gərək bir şikayəti yazmaq üçün hər hansı ali məktəbə daxil ola və orada hüquq təhsili ala ki, ən azından hələ məhkəmə deyənləri başa düşə. Bu fikirlə yanaşsaq gərək onun kimi insanlar heç şikayət haqqını məhkəməyə belə çatdıra bilməkdən məhrum olacaqlar. Hesab edir ki, məhkəmənin yuxarıda göstərdiyi iradlar əsassızdır, onun savadsız olmağı, şikayəti əsasalandıra bilməməyi onu konstitusion hüquqlarından məhrum edə bilməz. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-2488/2024 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2488/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 2488/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən göründüyü kimi, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2(021)-2488/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixli məktubla tərəflərə, o cümlədən Cavabdeh göndərilmiş, sonuncu isə xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə qətnaməni almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmə aktında düzgün hesab etmədiyi konkret əsaslar, istinad olunan konkret fakt və hallar, habelə onları təsdiq edən sübutları göstərməmiş, əlavəyə uyğun olaraq hansı maddi və prosessual pozuntunun olması, həmin pozuntunun izahına dair konkret əsasları ətraflı və dolğun müəyyən etməmişdir. Buna görə də, apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi buraxılmış prosessual müddətin bərpasına dair ərizə birinci instansiya məhkəməsinə verilsə də apellyasiya şikayəti qanunvericiliyə uyğun tərtib edilməmişdir. Belə ki, 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-in 361.1-ci maddəsinə görə müəyyən edilmiş formada (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; - şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Hazırki iş üzrə apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, həmçinin cavabdehin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmişdir. Digər tərəfdən işdən göründüyü kimi Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-2488/2024 saylı qətnaməsini xx.xx.2024-cü ildə almış, apellyaisya şikayəti verərkən müddəti ötürməmiş, lakin buna baxmayaraq prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunvericilikdə göstərilən qaydada tərtib edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq prosessual müddətin bərpasına dair ərizəni və apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin ali təhsilinin olmaması, bu səbədən də şikayəti qanunvericiliyin tələbinə uyğun tərtib edilməməsinə dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, şikayətin məzmunundan göründüyü kimi həmin şikayət qanunvericiliyin tələblərindən məlumatlı olan şəxs tərəfindən tərtib olunmuşdur. Digər tərəfdən apellyasiya şikayətinin MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuş formada və məzmunda tərtib edilməsi MPM-in 361-ci maddəsinin imperativ tələbidir. Əks halda verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılır. Odur ki, məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2488/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-400/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-400/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver