Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-401/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6711/2023 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1076/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6711/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Fərhadov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6711/2023 saylı qətnaməsinin ləğv edilməsini və alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunununa əsasən uşaqların saxlanması üçün 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə isə azyaşlıların saxlanılması üçün müəyyən edilən məbləği nəzərə almamışdır. Bundan başqa məhkəmə qətnamədə qeyd edir ki, cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməmişdir. Baş verən dəyişiklik ortadadır və məhkəmə bunu göz ardı etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə, qanunun bu tələbinə əməl etməyərək ətraflı araşdırma aparmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1076/2022 saylı qətnaməsi ilə onun himayəsində olan 2 nəfər uşaq üçün, hər birinə 160 manat sabit pul formasında aliment müəyyən edilmişdir. Hazırda oğlu X2 Hərbi Akademiyada oxuyur. Qızı Ayla isə səkkizinci sinifdə oxuyur və hazırlıqlara gedir. O, hazırda kirayədə yaşayır, maddi imkanı aşağıdır. Cavabdeh isə həm Rusiyaya TİR yük maşını ilə yük daşıma ilə məşğul olur, həm də yaşadığı iki mərtəbəli evinin birinci mərtəbəsində yerləşən və üzü küçəyə baxan üç otağı satış mərkəzləri kimi kirayəyə verərək, yüksək gəlir əldə edir. Bununla bağlı fotoşəkilləri təqdim edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6711/2023 saylı qətnaməsinin ləğv edilməsini və alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün ayda 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6711/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(125)-1076/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 anası İddiaçı, atsı isə Cavabdehdur. Məhkəmə kollegiyasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1076/2022 saylı qətnaməsi ilə iddiaçının himayəsində olan 2 nəfər uşaq üçün, hər birinə 160 manat sabit pul formasında aliment müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi alimentin artırılmasına dair iddianı rədd edərkən, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməməsi əsası ilə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və qeyd edir ki, məhkəmə iddianı rədd etməsinin motivi kimi yalnız cavabdehin maddi vəziyyətinin dəyişməsi barədə iddiaçının hər hansı bir sübutu, dəlilinin mövcud olmamasına istinad etmişdir. Halbuki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Eyni zamanda uşağın yaşının zamanla artması, özü ilə birlikdə uşağın xərclərinin də artımına gətirib çıxarır ki, bu hal aliment məbləğinin dinamikasına da öz təsirini göstərməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Azərin Müqabil adlı övladının hazırda 17 yaşı vardır, Türkiyə Cümhuriyyətində Hərbi Akademiyada oxuyur. Ayla adlı övladı isə səkkizinci sinifdə oxuyur, hazırlıqlara gedir. Hər iki uşağın yaşının artması onların təhsil xərclərini, paltar, yemək, və s. xərclərini də artmışdır. Sonuncu məhkəmə qətnaməsi ilə həmin uşaqların saxlanması üçün təyin olunmuş aliment məbləği hər uşaq üçün 160 manatdır. Həmin uşaqlar tərəflərin ayrıldığı vaxtdan etibarən ananın yanında yaşadığından, onların qida, geyim, tibbi və digər xərclərinin mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin, yəni İddiaçı üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni Cavabdeh tutulmasına əsas verir. Digər tərəfdən, iş materialları ilə cavabdehin alimentdən savayı, uşaqların saxlanması üçün iddiaçı anaya hər hansı maddi köməklik göstərməsi halı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmasa belə, əvvəlki qətnamə ilə təyin edilmiş aliment məbləği ilə uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olmadığı üçün iddiaçı aliment məbləğinin artırılması barədə iddianı qaldırmaqda haqlı olmuşdur. Bununla belə məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də görünür ki, cavabdehin əlavə gəlirləri də vardır. Kollegiya hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, Müqabil adlı uşağın hazırda 17 yaşı olmaqla, Türkiyə Cümhuriyyətində Hərbi Akademiyada oxumasını, Ayla adlı uşağın isə səkkizinci sinifdə oxumaqla hazırlıqlara getməsini, hər iki uşağın geyim, qida və digər xərclərinin, o cümlədən gündəlik tələbatının artmasını, Cavabdeh uşaqların saxlanılması üçün ata kimi iddiaçıya alimentdən başqa heç bir maddi yardım etməməsini, həmçinin alimentin miqdarının müəyyən edilməsindən 1 ildən çox müddət keçməsini və həmin müddət ərzində minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsullarının dəyərinin dəfələrlə artmasını nəzərə alaraq, hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). “2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, alimentin əvvəllər müəyyən olunmuş miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manata çatdırılması həm Müqabil və Ayla adlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ailə qanunvericiliyinin tələblərindən də, görünür ki, valideynlər işləyibişləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. İddiaçı ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Milli və beynəlxalq qanunverilicik aktlarından göründüyü kimi, uşaqla bağlı bütün məsələlərdə bütün diqqət ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilir. Üstün maraqlar termini uşağın rifahını izah edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin: 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə görə, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və məhkəmə qanunu səhv təvsir etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6711/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1076/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməlidir. İddiaçı tərəfindən ilkin mediasiya sesiyasına ödənilmiş 55 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Müqabil və Ayla adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması barədə məhkəmə qətnaməsi mövcud olduğundan və hazırda iddiaçı həmin alimentin artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində müəyyən edilməsini tələb etdiyindən, iddiaçının hazırkı tələbinin məbləği 120 manat (440- 320=120) təşkil etdiyi üçün və aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyi üçün hazırkı işdə iddianın qiyməti 1440 manat təşkil edir (120x12=1440). Həmin məbləğ isə 5.000 manatdan az olduğu üçün hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384, 392- 393 və 402-406-cı addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6711/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1076/2022 qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment Cavabdeh alıanaraq İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ilkin mediasiya sesiyasına ödənilmiş 55 manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-401/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-401/2024
25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver