Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-404/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-1397/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qаrşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 900 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-1397/2022 nömrəli (hakim C.Quliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 400 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 14 manat, cəmi 414 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh xeyrinə tutulması; İddiaçı iddiası qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh anası 2019-cu ilin dekabr ayında vəfat etmişdir. Cavabdeh 2020-ci ilin yanvar ayında anasının qəbir daşının düzəldilməsi üçün ondan qısa müddət ərzində qaytarmaq şərti ilə 900 manat borc istəmiş, ağır maddi vəziyyətini nəzərə alaraq, cavabdehə 900 manat borc vermişdir. Borcun hissə-hissə qaytarılması məqsədi ilə cavabdeh özünə məxsus bank ödəniş kartını ona versədə, bir müddət sonra kartın işlək olmadığı müəyyən olunmuşdur. Cavabdeh müxtəlif bəhanələrlə ya kartın işlək vəziyyətə gətiriləcəyini, ya da ona olan borcunu bir dəfəyə tam ödəyəcəyini vəd etmişdir. Buna baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, eləcədə işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh məhkəmə iclaslarında iştirakı təmin olunmamış və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsində aparılmış araşdırma üzrə toplanmış materiallara baxış keçirilməmişdir. Eləcədə iddia ərizəsinə əlavə edilmiş 900 manat məbləğində borc ilə bağlı cavabdehin əlyazması və "xxxx" ASCnin kartının onda olması nəzərə alınmamışdır. Apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin təmin olunmaması hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəi təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 739-cu maddələrinə istinadən, iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2. maddəsinə görə isə borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (31 may 2016-cı il tarixli, 269-VQD nömrəli Qanunla maddənin mətninin yeni redaksiyası). Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Cavabdeh qısa müddətə qaytarmaq şərtilə 900 manat borc verməsini, lakin sonuncunun borcu qaytarmamasını əsas gətirərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, İddiaçı Cavabdeh 900 manat borc verməsini iddia etsədsə, lakin həmin məbləğdə borcun cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı işin 3-cü vərəqində olan əlyazma qeydə istinad etsədə, lakin həmin qeyd cavabdeh tərəfindən imzalanmamış, eləcədə qeyddəki may ayı qarşısında yazılan 375 manat rəqəmində düzəliş edilmişdir. Birinci instansiya məhkəməsində isə işə baxılarkən Cavabdeh məhkəməyə teleqram göndərərək iddiaçıdan 400 manat borc almasını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdır. Eləcədə, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehə 900 manat borcun verilməsi kimi iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi əlyazmadakı qeydlər sübut kimi qəbul oluna bilməz. Bu da onu deməyə əsas verir ki, iddia tələbini cavabdehin etirafı hissədə, yəni 400 manat təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1. maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-1397/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-404/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-404/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver