Məhkəmə qərarları › İş №2(104)-408/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-408/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-408/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhraman və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(013)-1831/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o Ağdam rayonu, Alıbəyli kəndində yaşayır. Həyətində heyvan bəsləyib sataraq ailəsini dolandırır. Tanıdığı şəxslər olduqda heyvanları nisyə olaraq da verir. Cavabdeh ilə qardaşı Zaminin vasitəsi ilə Bərdə rayonu, mal bazarında tanış olmuşdur. Bəhruz ilk vaxtlar ondan nağd qaydada alış-veriş etmişdir. Həmçinin, əvvəllər aralarında nisyə alış-veriş də olmuş, ancaq sonra pulu ödəmişdir. Cavabdeh 2021-ci ilin iyul ayının axırlarında ondan nisyə olaraq tezliklə pulunu ödəmək şərti ilə ondan 3000 manat dəyərində iribuynuzlu heyvan almışdır. Cavabdeh həmin pulun 1000 manatını ona qaytarsa da 2000 manatını qaytarmamışdır. Dəfələrlə pulu istəmək üçün cavabdehin ünvanına gedib-gəlmişdir. Nəticəsi olmadığına görə sonda o Bərdə Rayon Polis şöbəsinə müraciət etmişdir. Cavabdeh təhqiqat orqanında borcu olduğunu etiraf etmişdir. Bərdə Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X2 tərəfındən təhqiqat aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmiş və tələbləri mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi izah olunmuşdur. Çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görədə hesab edir ki, Cavabdeh cəmi 2000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada almıb ona verilməlidir. Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(013)-1831/2022 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, Cavabdeh 2000 (iki min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı Cavabdeh pul tələb etməsi barədə şikayəti əsasında toplanmış material üzrə Bərdə Rayon Poliş Şöbəsinin xx.xx.2022-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və Cavabdeh izahatından görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə Bərdə Rayon Polis Şöbəsinə izahat verərkən İddiaçı qarşısından 2000 manat pul öhdəliyinin olmasını etiraf etmişdir. Apellyasiya şikayətinin dəlilləri. Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(013)-1831/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(013)-1831/2022 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ona qarşı pul tələbinə dair Ağdam Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun etiraz etməyinə baxmayaraq məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul etmişdi. 2021-ci il tarixdə o iddiaçıdan iribuynuzlu heyvan almış, aldığı iribuynuzlu heyvanın pulunu iddiaçıya tam şəkildə ödəsə də sübutları olmadığından Agdam Rayon Məhkəməsi iddiaçının xeyrinə 2000 (iki min) manat borcu olduğunu qeyd edərək onun xeyrinə qətnamə qəbul olunmuşdu. Hesab edir ki, onun ödədiyi məbləğlər nəzərə alınacaqdır. Bunun üçündə Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(013)-1831/2022ci il tarixli qətnaməsi Gəncə Apeliyasiya Məhkəməsində ləğv olunaraq yeni qətnamə qəbul edilməlidi. İştirakçılıqla bağlı prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin faktiki hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında malqaranın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, iddiaçı alqı-satıq müqaviləsində nəzərdə tutulmuş malı cavadbehə vermiş, cavadbeh isə aldığı malın dəyərini tam ödəməməmiş və 2000 manat məbləğində iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya olan borcunu ödədiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Hərçənd ki, cavadeh apellyasiya şikayətində sübutunun olmamasını etiraf etmişdir. Buna görə də apellyasiya şikayəti əsassız hesab olunaraq, təmin edilməməli Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(013)-1831/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(013)-1831/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(013)-1831/2022 saylı qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar