Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-408/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Yusif qızına qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul tələbinə” dair iş üzrə Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(070)-116/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları xx.xx.2020-ci il tarixli, AL/53100/73/23 nömrəli “Kredit Sazişi”nə əsasən, İddiaçı ASC tərəfindən X5 illik 25 faiz dərəcəsi ilə “Bolkart” kredit kartı təqdim edilmiş və kredit xəttindən ilkin olaraq istifadə etmək üçün 200 manat məbləğ müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 5006 nömrəli “Balansdankənar məxaric orderi”nə əsasən, 1 ədəd “X11 Credit” kartı X5 verilmişdir. xx.xx.2020-ci il tarixli, CP/72184/73/23 “Kredit sazişi”ndən əsasən, İddiaçı ASC tərəfindən X5 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, DK/83170/72/73 nömrəli “Kredit sazişi”nə əsasən, İddiaçı ASC tərəfindən X5 illik 36 faiz dərəcəsi ilə “Dostlar Klubu” kredit kartı verilmişdir. xx.xx.2020-ci il tarixli, 5005 nömrəli “Balansdankənar məxaric orderi”nə əsasən, 1 ədəd “X9” kartı X5 verilmişdir. X6 xx.xx.2020-ci ildə ölmüş və Bakı şəhəri 8 nömrəli notariat ofisinin xüsusi notarisu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə” verilmişdir. Şəhadətnaməyə əsasən xx.xx.2020-ci ildə ölmüş X1 qalmış arvadı Cavabdeh nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə dair mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AC358882 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NT30014834, mühərrik nömrəsi və buraxılış ili 2001-ci il olan “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Ölmüş ərin (arvadın) ümumi əmlakdan payı “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. Bakı şəhəri 8 nömrəli notariat ofisinin xüsusi notarisu tərəfindən xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir. Şəhadətnaməyə əsasən xx.xx.2020-ci ildə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdehdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AC358882 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NT30014834, mühərrik nömrəsi və buraxılış ili 2001-ci il olan “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AL/53100/73/23 nömrəli müqaviləyə əsasən sonuncunun İddiaçı ASC-yə 66,13 manat əsas, 0,35 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, CP/72184/73/23 nömrəli müqaviləyə əsasən 8589,11 manat əsas, 95,5 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, DK/83170/72/73 nömrəli müqaviləyə əsasən 85 manat əsas, 4 manat faiz borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli, 9/6155 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 2001-ci il buraxılışlı, “NİSSAN X-TRAİL” minik markalı avtomobilin normal vəziyyətdə 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 12000 manat məbləğində müəyyən olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AL/53100/73/23 saylı, xx.xx.2020-ci il tarixli, CP/72184/73/23 saylı və xx.xx.2020-ci il tarixli, DK/83170/72/73 saylı müqavilələrə əsasən bank tərəfindən ona ümumilikdə 10300 manat məbləğində kredit verilmişdir. Hazırda X2nun banka ümumi olaraq 8840,09 manat borcu vardır. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh (arvadı) X4 qanuni vərəsəsidir. X6 tərəfindən vərəsələrinə qalan miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, AC 358882 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NT30014834, mühərrik nömrəsi və buraxılış ili 2001-ci il olan “X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iş üzrə ekspertiza rəyi ilə razıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir, ki, o, əri X4 yeganə vərəsəsidir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ərindən ona buraxılış ili 2001-ci il olan “X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmış və o, həmin avtomobili satmışdır. Cavabdehə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Xocalı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli e-2(070)-116/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdehdən xx.xx.2020-ci il tarixli, AL/53100/73/23, CP/72184/73/23 DK/83170/72/73 nömrəli kredit müqavilələri üzrə ümumilikdə 6000 (altı min) manat məbləğində vəsait, həmçinin 80 (səksən) manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 3 kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ümumilikdə 8840,09 manat borcu yaranmışdır. X3 vərəsəsi Cavabdeh miras qalmış əmlak - buraxılış ili 2001-ci il olan “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsidir. Belə ki, həmin əmlak X6 və Cavabdeh ümumi birgə mülkiyyəti olmuş və sözügedən əmlakın ½ hissəsi Cavabdeh mülkiyyətində olmuşdur. Nəzərə alınmalıdır ki, bu halda vərəsə Cavabdeh miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, Cavabdeh çatan miras payının dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertiza təyin etmiş və həmin əmlakın dəyərinin miras açıldığı vaxta olan dəyərinin 12000 (on iki min) manat olması müəyyən edilmişdir. Həmin əmlakın ½ hissəsinin Cavabdeh mülkiyyətdə olmasını, əmlakın qalan ½ hissəsinin Cavabdeh miras qalmasını, əmlakın ümumi dəyərinin mirasın açıldığı vaxt 12000 (on iki min) manat olmasını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, X4 vərəsəsi kimi Cavabdeh İddiaçı ASC qarşısında ona çatan miras payı həcmində, yəni 6000 (manat) məbləğində məsuliyyət daşımalıdır. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448, 558, 743.1, 1151.1, 1146, 1153, 1255, 1306, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(070)-116/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri X2 xx.xx.2020-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra qanun üzrə vərəsə kimi ona Ban nömrəsi NT30014834 olan, 2001-ci il buraxılışlı “NissanX-Trail”minikmarkalı, **-DN-*** dövlət qeydiyyat nişanlıavtomobildən ½ hissə pay müəyyən edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək mərhumun vərəsəsi olan ondan X4 banka olan borcu tələb olunmuşdur. Mərhumdan miras qalan “Nissan X-Trail” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəmə tərəfindən ekspertiza təyin olunaraq orta bazar qiyməti 12000 manat müəyyən edilmişdir. Ekspert rəyi ilə razı olmayaraq onu bildirmək istəyir ki, ekspert mərhumdan qalan avtomobilin usta işləri olduğunu, bir neçə yerdən vurularaq yararsız hala düşdüyünü və avtomobilin motor hissəsində problemlər olduğunu nəzərə almayaraq ümumi orta bazar qiyməti çıxardaraq rəy hazırlamışdır. Halbuki avtomobilin problemlərini həll etdikdən sonra isə onu təxminən 5500 manat qiymətinə satmış və mərhumun yas mərasimləri və məzarı üçün xərclənmişdir. Yəni qeyd edilən hallar nə ekspertiza nə də məhkəmə tərəfindən araşdırılmamış və o, maşından heç bir mənfəət əldə etmədən yalnızca mərhumun vəfatından sonraki xərclərə istifadə etmişdir. Avtomobilin o dövrki vəziyyəti ilə bağlı şəkillər apellyasiya şikatinə əlavə olunmuşdur. X2 məcburi köçkün olmaqla yanaşı, həmçinin birinci Qarabağ Müharibəsi zamanı müddətsiz 2-ci qrup əlil olmuş, medallarla təltif olunmuşdur. Ancaq birinci instansiya məhkəməsi vicdanlılıq prinsipinin şərtlərini kobud şəkildə pozaraq qeyd etdiyi xüsusatı düzgün qiymətləndirməmiş, tamamilə onların zərəri nəticələnəcək bir qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyildir. Hazırkı iş üzrə düzgün və ədalətli qərarın qəbul edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi olduqca zəruridir. İşin halllarından açıq-aşkar görünür ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sanki qabaqcadan müəyyən etdiyi qərarı məhkəmə zalında elan etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, əri Qarabağ qazisi olmuş, sonradan ayağının birini itirmişdir. Əri banklardan daima kredit götürmüş həmişə vaxtı-vaxtında ödəmişdir. Lakin sonuncu götürdüyü krediti ödəyə bilməmişdir. O, 220 manat pensiya alır, özü şəkər xəstəsidir və oğlu heç bir yerdə işləmir və həmin krediti onu ödəmək imkanı yoxdur. Ərindən qalan maşın olmuş həmin maşınıda 12 min manata yox 7500 manata satmışdır. Hesab edir ki, həmin ərinin götürdüyü krediti Bank özü və yaxud Dövlət ödəməlidir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, Cavabdeh birinci instansiya məhkəməsində avtomobili 7500 manata satdığını bildirmiş, lakin apellyasiya şikayətində isə qeyd edir ki, avtomobili 5500 manata satmışdır. Birinci instansiya məhkəməsində tərəfin özü iştirak edəndə bildirmişdir ki, miras əmlak kimi avomobil ona qalmış və həmin avtomobili cavabdeh özü satmışdır. Apellyasiya şikayətinin təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir və iddianın rədd olunmasını xahiş etsə də, əslində o, qətnaməni ondan 6000 manat pulun tutulması hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını cavabdehdən 6000 manat pulun tutulması hissəsində yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Apellyasiyanın həddini nəzərə alan məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(070)-116/2024 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan “6000 manat pulun tutulmaması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları ilə müəyyən edildiyi kimi, cavabdehin mərhum ərinin iddiaçıya kredit müqavilələrindən irəli gələn 8840,09 manat borcu qalmış və o, xx.xx.2020-ci ildə ölmüşdür. Miras qoyanın ölümündən sonra vərəsəlik işin açılmış və miras qoyandan qalmış miras “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarət olmuşdur. Həmin miras əmlak cavabdeh tərəfindən qəbul edilmiş və Bakı şəhəri 8 nömrəli notariat ofisinin xüsusi notarisu tərəfindən xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmiş və cavabdeh nəqliyyat vasitəsinin tam pay haqqı ilə mülkiyyətçisinə çevrilmişdir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı və cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, miras əmlakın dəyəri 12000 manat olmamış və miras qoyan müharibə iştirakçısı olduğundan onun iddiaçıya olan borcu bank və ya dövlət tərəfindən ödənilməlidir. Qeyd olunmalıdır ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu isə onu ehtiva edir ki, miras qoyanın miras açıldğı zamand malik olduğu maddi nemətlər, o cümlədən alacaqları və verəməli olduğu borcları miras qoyanın mirası qəbul edən vərəsəsinə keçir ki, hazırki iş üzrə miras qoyanın vərəsəsi olan cavabdeh ölmüş ərinin aktvi olan nəqliyyat vasitəsinə haqqı çatdığı kimi sonuncunun borclarınıda qəbul etdiyi miras həcmində ödəmək vəzifəsi daşıyır. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi müharibə iştirakçısı olan miras qoyanın passivlərinin dövlət və ya bank tərəfindən ödənilməli olmasına dair qanunvericiliyin tələbləri mövcud deyildir və apellyatorun bununla bağlı dəlilləri hər hansı hüquqi əsasa söykənmir. Bundan başqa miras əmlakın dəyərinin 12000 manat təşkil etməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən müvafiq ekspertizanın keçirilməsi təmin edilmiş və miras əmlakın dəyərinin təqribən 12000 manat təşkil etməsinə dair ekspert rəyi mövcuddur. Cavabdeh nəqliyyat vasitəsinin yararsız vəziyyətdə olmasını və təmir edildikdən sonra 5500 manat satıldığını iddia etsə də nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olmasına dair sübutlar mövcud deyildir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin ön və arxa qoruyucularının (bufer) yerindən aralanmış foroşəkillərini təqdim etsə bu zədələr nəqliyyat vasitəsinin dəyərini böyük həcmdə azaldan zədələr deyildir. Nəqliyyat vasitəsinin mühərrikinin isə yararsız vəziyyətdə olmasına dair iş materiallarında sübut mövcud deyildir. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi halların araşdırılması üçün əmtəəşünaslıq ekspertizasının keçirilməli olmasını iddia etsə də bununla bağlı vəsatət verməmiş, ilkin ekspert rəyi ilə razılaşılmamasının təsdiqinə dair sübutları və nəqliyyat vasitəsinin dəyərinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavanbdeh nəqliyyat vasitəsini 5500 manata satdığını iddia etsə də bununla bağlı alğı-satqı müqaviləsi belə məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də birinci instansiyası məhkəməsində icraat zamanı keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyi ilə razılaşılmaması üçün əsaslar mövcud olmadığından birinci instansiyası məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul etmişdir. Bunlardan başqa qeyd edilməldir ki, cavabdehin mərhum ərindən miras olaraq yalnız nəqliyyat vasitəsinin miras qaldığına dair sübutlar mövcud deyildir. Belə ki, sonuncunun başqa daşınar əmlaklarının olması və ya birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakının olub-olmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh miras qoyandan miras kimi qalmış əmlakların siyahısını tərtib etməyərək məhkəmələrə təqdim etməmişdir. Belə olan halda isə miras qoyanın borcları cavabdehdən tam tutula bilər ki, hazırki vəziyyətdə iddiaçı tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilmədiyindən iddianın rədd olunmuş hissəsinə münasibət bildirilməsi mümkün deyildir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, iddiaçının iddianın rədd olunmamış hissəsində şikayət verməmiş və iddianın rədd olunmuş hissəsi 5000 manatdan azdır. Cavabdeh tərəfindən mübahisələndirilən hissə isə 5000 manatdan çox olduğundan cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2239/2024 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan “cavabdehdən 6000 anat pulun tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.