Məhkəmə qərarları › İş №2(104)-409/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-409/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-409/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiаçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiаçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin (bundan sonra KB ASC) Cavabdeh qarşı kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış «kredit borcunun ödənilməsi» tələbi barədə Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)- 2456/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1224,31 AZN əsas, 31,31 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1255,62 AZN borcun, 0,40AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 32,56 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2456/2022 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 1224,31 manat əsas, 31,31 manat faiz - cəmi 1255 (bir min iki yüz əlli beş) manat 62 (altmış iki) qəpik, 0,40 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumu əvəzində 32,56 manat tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum Sarıyeva Leyla Həsən qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 27% olmaq şərtilə 84 ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 1000 manat təyin edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Bərdə regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubu ilə Cavabdeh olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında olan: xx.xx.2014-cü il tarixli, 3045tkBRD/14 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Sarıyeva Leyla Həsən qızına 84 ay müddətinə illik 27 faizlə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Sarıyeva Leyla Həsən qızı iddiaçıya olan asas borcu 1224,31 manat, faiz borcu 31,31 manat, cərimə borcu 0 manat, komisyon haqqı 0 manat təşkil edir. "xxxx" ASC tərəfindən 04 iyun 2021-ci il tarixli (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Sarıyeva Leyla Həsən qızına kredit borcunun olması barədə xəbərdarlıq məktubu gondərilmiş və borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. AZ-İİ seriyalı, 138755 nömrəli ölüm haqqında şəhadətnamənin sürətində görünür ki, Sarıyeva Leyla Həsən qızı xx.xx.2020-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12 ayının 09 günündə № 926 ilə qeyd edilmişdir. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və ünvan 2 ünvanında qeydiyyatda olan X2 Leyla Həsən qızının qanun üzrə vərəsələri olaraq sonuncun adına olan əmlakları (2014-cü il buraxılışlı, Ford EDGE markalı 99 DF077 qeydiyyat nişanlı minik avtomobil və 996,98 manat pul məbləği) qəbul etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(104)-3170/2022 saylı qərardadı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə əsassız olaraq ondan pul tutumuşdur. Çünki, kredit müqaviləsi üzrə borcalan onun həyat yoldaşı Sarıyeva Leyla Həsən qızıdır. İşdə iştirak edən şəxsin apelyasiya məhkəməsində verdiyi izahatı Cavabdeh nümayəndəsi (vəkili) X3 etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsinin və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiаçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" KB ASC tərəfindən borcalan Sarıyeva Leyla Həsən qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə illik 27 % olmaqla 84 ay müddətinə kredit ayrılmış və kreditin ilkin limiti 1000 manat təyin edilmişdir. Lakin, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə onun kreditora 1224,31 manat əsas, 31,31 manat faiz olmaqla, cəmi 1255,62 manat borcu yaranmışdır. Ancaq, borcalan Sarıyeva Leyla Həsən qızı xx.xx.2020-ci il tarixdə ölmüşdür. Həmçinin, Elektron notariat” X1 Çıxarışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və ünvan 2 ünvanında qeydiyyatda olan X2 Leyla Həsən qızının qanun üzrə vərəsələri olaraq sonuncun adına olan əmlakları (2014-cü il buraxılışlı, Ford EDGE markalı 99 DF077 qeydiyyat nişanlı minik avtomobil və 996,98 manat pul məbləği) qəbul etmişlər. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və bank hesabı müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası 20 avqust 2014-cü il tarixli, 3045tkBRD/14 nömrəli “kredit xətti və bank hesabı” müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan 20 avqust 2014-cü il tarixli, 3045tkBRD/14 nömrəli “kredit xətti və bank hesabı” müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə mərhum Sarıyeva Leyla Həsən qızının kreditora borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır Məhkəmə kollegiyası qeyd edir ki, Sarıyeva Leyla Həsən qızının "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 1255,62 manat pul onun mirasını qəbul etmiş vərəsəsindən tutmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun vərəsədən tutulması əsaslıdır. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir. Bununla bağlı diqqətə çatdırılmalıdır ki, hazırki mübahisə Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsində bəhs olunan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdır. Həmin normada təsbit edilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsində göstərilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göründüyü kimi bu növ icraata tərəfləri çağırılmadan baxılır və bu hal qanunvericiliyin özündə təsbit edildiyindən çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2456/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar