Məhkəmə qərarları › İş №2(104)-414/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-414/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-414/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(015)-1786/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Bəhmən oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadbehdən 34100 manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(015)-1770/2015 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bəhmən oğlundan 34130 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qiyabi qətnamə icra olunmuş, lakin cavabdehin ərizəsi üzrə Ağstafa Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(015)-1770/2015 saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(015)-1770/2015 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı Sadıxov X3 Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(015)- 1770/2015 saylı qiyabi qətnaməsinin ləğv edilməsi ilə əlaqədar icrada dönüş barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin icrası ilə əlaqədar Cavabdeh Bəhmən oğlunun xeyrinə ondan alınan pulun ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(015)-1770/2015 saylı qiyabi qətnaməsinə əsasən cavadbeh Cavabdeh Bəhmən oğlundan 34.130 manatın alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədinə əsasən xx.xx.2016-cı il tarixdə Ağstafa Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı borcluda tələbin yönəldilə biləcəyə gəlir, elcədə yaşadığı ünvanda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Ağstafa Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli, 2(015)-1770/2015 saylı qərardadı ilə X4 mülkiyyətində olan Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi 179,4 kv.m, yardımçı sahəsi 81,5 kv.m, ümumi sahəsi 260,9 kv.m olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC tərəfindən borclunun əmlakının qiyməti 40000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli məktubuna əsasən əmlakın satılmadığı müəyyən edilmiş, bu səbəbdən borclu Cavabdeh məxsus Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi 179,4 kv.m, yardımçı sahəsi 81,5 kv.m, ümumi sahəsi 260,9 kv.m olan fərdi yaşayış evi ona təklif olunmuş və təklifi qəbul etmişdir. Evin dəyəri ilə borc arasında fərq olan 5870 manat pul onun tərəfindən Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmişdir. Bundan sonra həmin evə öz adına çıxarış almışdır. Lakin Ağstafa Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(015)-1770/2015 saylı qərardadı ilə Məhkəmənin 14 dekabr 2015-ci il tarixli 2(015)-1770/2015 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Bundan sonra tələbkar onun adına olan çıxarışın ləğv edilməsi barədə iddia vermiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-531/2018 saylı 01 mart 2018-ci il tarixli qətnaməsi ilə onun adına verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamədən apelyasiya və kassasiya şikayəti versə də şikayətləri təmin olunmamışdır. İcra və Probasiya şöbəsinin depozit hesabına ödədiyi 5870 manat puldan 2387 manat ona qaytarılmış, qalıq 3483 manat isə Cavabdeh digər tələbkara - Maarif Osmanova olan borcu ödənilmişdir. Ona görə də icrada dönüş edilərək həmin 3483 manat pulun ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(015)-1786/2016 saylı qərardadı ilə (hakim N.Abbasov) ərizə təmin olunaraq, ləğv edilmiş Ağstafa Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(015)-1770/2015 saylı qiyabi qətnaməsinin icrasında dönüş edilərək Cavabdeh Bəhmən oğlundan 3483 (üç min dörd yüz səksən üç) manat pulun alınaraq, X1 verilməsi qərara alınmışdır. Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(015)-1786/2016 saylı qərardadından narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bundan əvvəl İddiaçı ona və qeyrilərinə qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Ağstafa Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə ondan Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmiş 5870 manat, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin hesabına ödənilmiş 172 manat, "xxxx" MMC-nə çəkilən 715 manat, "xxxx" ASC-nə ödənilmiş 1096 manat faiz İddiaçı xeyrinə tutulsa da, Gəncə Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş və İddiaçı iddiası təmin edilməmişdir. Lakin, İddiaçı əsassız olaraq yenidən icrada dönüş barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İcra və Probasiya şöbəsinin depozit hesabına ödədiyi 5870 manat puldan 3483 manatın onun borcuna görə digər tələbkar Maarif Osmanova ödənilməsi gülüncdür. Hesab edir ki, 5870 manat İcra şöbəsinin depozit hesabına qoyulduğundan pulu da həmin orqan geri qaytarılmalıdır. Buna görə də qeyd etdiklərinin nəzərə alınaraq, Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(015)-1786/2016 saylı qərardadının ləğv edilməsini və İddiaçı tərəfindən verilmiş ərizənin təmin olunmamasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(015)-1786/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(015)-1786/2016 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, olan Ağstafa Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(015)-1770/2015 saylı qiyabi qətnaməsinə əsasən Abış Bəhmən oğlun Əsgərovdan 34130 manatın alınaraq İddiaçı xeyrinə tutulması qət edilmiş, həmin icra sənədi üzrə tələb Ağstafa Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli, 2(015)- 1770/2015 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş X4 mülkiyyətində olan Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi 179,4 kv.m, yardımçı sahəsi 81,5 kv.m, ümumi sahəsi 260,9 kv.m olan fərdi yaşayış evinin hərraca çıxarılması ilə icra olunmuşdur. Belə ki, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC tərəfindən borclunun əmlakının qiyməti 40000 manat müəyyən edilmiş, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli məktubuna əsasən əmlakın satılmadığı müəyyən edilmiş, bu səbəbdən borclu Cavabdeh məxsus Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi 179,4 kv.m, yardımçı sahəsi 81,5 kv.m, ümumi sahəsi 260,9 kv.m olan fərdi yaşayış evi tələbkar İddiaçı təklif olunmuş və sonuncu təklifi qəbul etmişdir. Evin dəyəri ilə borc arasında fərq olan 5870 manat pul İddiaçı tərəfindən Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmişdir. Bununla yanaşı, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Cavabdeh 7830 manat pulun alınıb tələbkar Maarif Osmanova ödənilməli idi. Həmin icra sənədi üzrə 3483 manat pul İddiaçı Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəmiş olduğu 5870 manat puldan Maarif Osmanova ödənilmişdir. İddiaçı həmin qiyabi qətnamə əsasında Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh məxsus olmuş fərdi yaşayış evinə dair çıxarış almış, lakin bundan sonra Ağstafa Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(015)-1770/2015 saylı qərardadı ilə qiyabi qətnaməsi ləğv edilmişdir. Eyni zamanda Tovuz Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi ilə Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh məxsus olmuş fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş çıxarış ləğv edilmiş və evə dair Cavabdeh adına olmuş ilkin sənədlər bərpa edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, 18 iyul 2016-cı il tarixli qəbzdən görünür ki, 3486,5 manat pul məbləği İddiaçı tərəfindən Ağstafa rayon İcra şöbəsinin hesabına köçürülmüşdür. X2 Ağstafa rayon İcra şöbəsinə ünvanladığı ərizədən isə görünür ki, o, 2(015)-369/2013 saylı, 14 may 2013-cü il tarixli icra sənədinə əsasən Cavabdeh Bəhmən oğlunun ona ödənilməli olan 7830 manat pul məbləğindən 3486 manat onun "xxxx" ASC-də açılmış bank hesabına Ağstafa rayon İcra şöbəsinin depozit hesabından ödəniş edilmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş Ağstafa rayon İcra və Probasiya şöbəsinin 09 fevral 2021-ci il tarixli məktubu ilə də təsdiqini tapmaqdadır. Göründüyü kimi iş materialları ilə Ağstafa Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(015)-1770/2015 saylı qiyabi qətnaməsinin icrası ilə əlaqdəar olaraq İddiaçı tərəfindən əldə edilmiş evin dəyəri arasındakı fərq məbləği üzrə onun tərəfindən Ağstafa rayon İcra şöbəsinin hesabına ödənilmiş pul məbləğindən Cavabdeh digər icra sənədi üzrə borcunun ödənilməsi təsdiq olunmaqdadır. Məhkəmə kollegiyası Cavabdeh Bəhmən oğlundan Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmiş 5870 manat, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin hesabına ödənilmiş 172 manat, "xxxx" MMC-yə çəkilən 715 manat, "xxxx" ASC-yə ödənilmiş 1096 manat faiz məbləğinin İddiaçı xeyrinə tutulmasına dair Ağstafa Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsinin Gəncə Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilməsi və İddiaçı iddiasının təmin edilməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, həmin qətnamə hazırkı iş üzrə hər hansı bir preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, hazırkı iş, tərəflər arasında hər hansı bir yeni mübahisənin deyil, icra olunmuş qətnamənin ləğv edilməsi nəticəsində icrada dönüş edilməsi ilə əlaqədar olmuşdiur. Hazırkı iş üzrə müəyyən edilməli olan hal isə qətnamənin icrası ilə əlaqədar bir tərəfin digərinin xeyrinə hər hansı bir pul məbləği ödəməsinin müəyyən edilməsi olmuşdur ki, bu fakt da yuxarıda göstərilənlərlə öz təsdiqini tapmışdır. Həmin qətnamənin mövcudluğu digər iş üzrə çıxarılmış qətnamə üzrə icrada dönüş edilməsini istisna etməməkdədir. Buna görə də birinci instasniya məhkəməsi haqlı olaraq Ağstafa Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(015)-1770/2015 saylı qiyabi qətnaməsinin icrasında dönüş edərək, Cavabdeh Bəhmən oğlundan 3483 (üç min dörd yüz səksən üç) manat pulun alınaraq, X1 verilməsini qərara almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kolegiyası hesab edir ki, şikayət təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(015)-1786/2016 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 398, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(015)-1786/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(015)-1786/2016 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar