Məhkəmə qərarları › İş №2(104)-415/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-415/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-415/2023 26.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-197/2022 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər "Azəriqaz" İB Gəncə RQİİ və X3 İstismar İdarəsinin xidməti sahəsinə qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və ona yazılmış 432 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(045)-748/2022 saylı gərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilmişdir. Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-197/2022 saylı qətnaməsi ilə (hakim T.Əliyev) iddianın qismən təmin edilməsi, İddiaçı adına **********00703 nömrəli abonent saldosuna qaz istehlakına görə cərimə olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonun, Yellicə kəndində anadan olmuşdur, İİ Vətən Müharibəsində iştirak etmişdir. Hal-hazırda Goranboy rayonu, Qaraçinar kəndində yaşayır. Evi qaz və işıq xətti ilə də təchiz edilmişdir. Qaz xəttinin sayğacı bir neçə ildir ki, normal işləyirdi, heç bir nasazlıq yox idi və o hər ay qaz sayğacının sərfiyyatına uyğun olaraq nəzarətçinin təqdim etdiyi bildirişlər əsasında qazın pulunu ödəmişdir. Bir müddətdən sonra "Azəriqaz" İB-nin Gəncə RQİİ Goranboy XS-nin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər qaz sayğacını istismar müddəti başa çatdığı üçün söküb aparmışlar. Bir müddət sonra əsassız olaraq sayğacın çıxış plas mas borusunun deşilməsi barədə akt tərtib edilmiş 432 manat cərimə edilmişdir. Mülki iş materiallarında olan: -xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, sayğacın çıxış plastmas borusu deşilmiş və dəymiş ziyan hesablanaraq dəyərinin ödənilməsi tələb edilmişdir. -Dəymiş ziyanın bərpasına dair 29 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, hesablanmış məbləğ cəmi 4320 m3-dir. -xx.xx.2021-ci il tarixli abonentin saldosundan görünür ki, qalıq və aktlar üzrə X1 432 (dörd yüz otuz iki) manat borc hesablanmışdır. -surəti iş materiallarına əlavə edilmiş Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, iddiaçının evinə quraşdırılmış köhnə qaz sayğacə yenisi ilə əvəz edimiş, yeni plomb vurulmuşdur. Aktın digər qeydlər hissəsində sayğacın kənardan müdaxilə nəticəsində içində deşik olması qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı xx.xx.2021-ci il tarixli, aktla sayğac dəyişdirilərək növbədən kənar dövlət yoxlamasına göndərilmiş və sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilməsi müəyyən olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan hallara qiymət verməməsi və müvafiq qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarından da göründüyü kimi iddiaçının qaz sayğacına müdaxilə etməsi və bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktda sayğaca müdaxilə edilməsi barədə kifayət qədər sübutlar vardır. Prosessual məsələlər İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Odur ki, iddiaçıya hesablanmış borcun silinməsi qanunidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-197/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar