Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-423/2023 16.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh Borclu iştirakları ilə, İddiaçı cavabdeh Borclu qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(125)-1171/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Borclu qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1100 manat maddi ziyanın və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(125)-1171/2022 nömrəli (hakim C.Quliyev) qətnaməsi ilə İddiaçı cavabdeh Borclu qarşı vurulmuş zərərin əvəzi qismində 1.100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat, cəmi 1131 manat vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-ci ildə istehsal olunmuş “Chevrolet Cruze” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil arvadı X2 məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 2022-ci ilin aprel ayında avtomobilin mühərrikində yaranmış nasazlığa görə mühərriki təmir etdirmək üçün Gəncə şəhəri Şəmkir yolunun üstündə yerləşən “Chevrolet servis” mərkəzinə getmiş və təmirlə bağlı Borclu ilə razılaşaraq sonuncuya 1100 manat ödəniş etmişdir. Halbu ki, bundan əvvəl 2020-ci ilin iyun ayında X3 avtomobilin mühərrikini sökdürüb yenidən yığdırmışdır. Avtomobilin mühərriki lazımi qaydada işləmədiyi üçün cavabdeh həmin avtomobilə başqa bir işlənmiş mühərrik yerləşdirməli olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və dörd aydan çox bir müddət keçsə də, avtomobilin mühərrikini dəyişməmişdir. Nəticədə ona 1100 manat maddi zərər vurmuşdur. Cavabdehin qanunsuz hərəkətlərindən Gəncə şəhəri Kəpəz Rayon Polis Şöbəsinə şikayət etsə də, şikayətinin mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olanlarla yanaşı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, avtomobilin mühərrikinin təmiri üçün Borclu 1100 manat vermiş, lakin sonuncu öhdəliklərini icra etməmişdir. Məhkəmə dəvət olunmuş şahidlərin hamısını dindirməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının içlasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, həyat yoldaşı X1 adına qeydə alınmış “Chevrolet Cruze” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikininin yeni mühərriklə əvəz edilməsi üçün 2022-ci ilin fevral ayında cavabdeh Borclu işlədiyi sexdə 1100 manat vermiş, sonuncu mühərriki dəyişsədə, lakin yoxlayarkən əyləc sistiminin işləmədiyi müəyyən olunmuşdur. Aralarında narazılıq olmuş və bu səbəbdən də cavabdeh avtomobili hal-hazıradək ona qaytarmamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının içlasında iştirak edən cavabdeh Borclu apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, “Chevrolet” servis mərkəzində işlədiyi zaman iddiaçının idarə etdiyi “Chevrolet Cruze” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etmişdir. Sonradan işlədiyi servizdən çıxmış və hazırda icarəyə götürdüyü sexdə fəaliyyət göstərir. İddiaçı idarə etdiyi avtomobildə nazaslıq olması səbəbindən ona müraciət etmiş, o da avtomobilə baxış keçirdikdən sonra, avtomobili təmir etdirməkdənsə, işlənmiş mühərriklə əvəz olunmasını sonuncuya bildirmişdir. Onlar avtomobilə işlək vəziyyətdə olan mühərrik qoyulması barədə 1100 manata, 100 manat isə əlmuzdu olacağı barədə razılşmışlar. Razılaşmaya əsasən avtomobilin yararsız vəziyyətdə olan mühərrikini işlək vəziyyətdə olan yeni mühərriklə əvəz etmiş və iddiaçının oğlu Arzunun iştirakı ilə birlikdə avtomobili idarə edərək yoxlamışlar.Ddəyişdirilmiş mühərrikdə nasazlıq aşkar olunmasada, lakin avtomobilin elektrik sistemində nasazlıqlar olduğu müəyyən edilmişdir. İddiaçı həmin nasazlığın da onun tərəfindən aradan qaldırılmasını tələb etmiş, o isə sonuncuya bu barədə elektrikə müraciət etməsini bildirmişdir. Buna baxmayaraq iddiaçı elektrik sistemində olan nasazlığın aradan qaldırılmasını təkidlə tələb etmiş, o da öz növbəsində iddiaçıdan dəyişdirilmiş mühərrikin pulunu, yəni 1100 manat və 100 manat zəhmət haqqını tələb etmişdir. İddiaçı 1200 manatı ödəməyəcəyini bildirdiyindən özünə məxsus mühərriki götürmüş və əvvəlki mühərriki yerinə qoymuş və avtomobili sexdən götürməsini iddiaçıdan tələb etmiş, lakin İddiaçı avtomobili aparmaqdan imtina etmişdir. Borclu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 16 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciəti üzrə araşdırma aparılmış və həmin müraciətə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 385, 386, 389, 752, 753, 757, 769, 1096 maddələrinə istinadən iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 753.1. maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 1096.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı istifadəsində olan “Chevrolet Cruze” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin yenisi ilə əvəz olunması üçün əvvəlcədən cavabdeh Borclu 1100 manat verməsini iddia etsədə, lakin sonuncu bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X8, X4 və X6 ifadələrində göstərmişlər ki, İddiaçı ilə Borclu arasında mübahisə olmasını bilsələrdə, lakin İddiaçı cavabdeh Borclu hansısa məbləğdə pul verməsini görməmişlər. Göründüyü kimi “Chevrolet Cruze” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin yenisi ilə əvəz olunması üçün İddiaçı əvvəlcədən (və ya sonradan) cavabdeh Borclu 1100 manat verməsi onun özünün deməsindən başqa digər sübutlarla təsdiq olunmur. Halbu ki, bundan əvvəldə qeyd olunduğu kimi mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab veribvermədiyinin yoxlanılması başa düşülür. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki yuxarıda da qeyd olunduğu kimi “Chevrolet Cruze” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin yenisi ilə əvəz olunması üçün İddiaçı əvvəlcədən (və ya sonradan) cavabdeh Borclu 1100 manat verməsi onun özünün deməsindən başqa digər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(125)-1171/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-423/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-423/2023
16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver