Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-424/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(076)-2366/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kreditor "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə qalıq məbləğini ödəməsi məqsədi ilə illik 31.8 faiz ödəmək şərti ilə 18 ay müddətinə 1800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür.
2. Kreditor "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəlikləri üzrə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür.
3. xx.xx.2015-ci il tarixli kredit üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 iddiaçı kreditor "xxxx" MMC-dən götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2015ci ildən xx.xx.2016-cı il tarixə qədər ümumilikdə 2340.63 ABŞ dollarını qaytarmağı öhdəsinə götürmüşdür.
4. Maliyyə arayışından görünür ki, Cavabdeh1 31309 saylı kredit müqaviləsi üzrə 1292 ABŞ dolları əsas, 787 ABŞ dolları faiz, 323 ABŞ dolları cərimə olmaqla, cəmi 2402 ABŞ dolları borcu qalmışdır.
5. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, iddiaçı təşkilat cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
6. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 09 fevral 2023-cü il tarixli 6-1-16/2-597/2023 nömrəli məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh1 ilə BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC arasında bağlanmış xx.xx.2015-ci il yarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli fərmanının təsiri çərçivəsinə düşmüşdür. Belə ki, həmin müqavilə üzrə cavabdehə cəmi 775.20 manat kompensasiya məbləği hesablanmış və həmin məbləğin onun sərəncamına verilməsi müəyyən edilmişdir. Bununla bağlı kompensasiya məbləği vətəndaşa təqdim edilməsi üçün poçt rabitəsinin milli operatorunun ("xxxx" MMC-nin) hesabına köçürülmüşdür. Elektron portalda bu barədə məlumatlar əks edilsə də vətəndaş hazırki günə qədər vəsaitin alınması üçün "xxxx" MMC-yə müraciət etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. 12.02.2018-ci ildə ərizəçi kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1292 ABŞ dolları əsas, 787 ABŞ dolları faiz, 323 ABŞ dolları cərimə olmaqla, cəmi 2402 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1800 ABŞ dolları məbləğində illik 31.8% faiz olmaqla, 18 ay müddətinə 1800 ABŞ dolları məbləğində kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış eyni tarıxli və nömrəli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Cavabdehlər borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər.
9. 02.03.2018-ci ildə Şəmkir rayon Məhkəməsi xx.xx.1962-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan borclu Cavabdeh1 və xx.xx.1966-cı ildə ünvan 2 ünvanda qeydiyyatda olan borclu Cavabdeh2 müştərək qaydada 1292 ABŞ dolları əsas borc, 787 ABŞ dolları faiz borcu, 323 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2402 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumunun alınaraq Gəncə şəhəri Nəriman Nərimanov 207 ünvanında yerləşən kreditor BOKT Viator Mikrokredit Azərbaycan MMCnin xeyrinə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Cavabdeh1 etiraz verərək əmrin ləğv olunması, onun iştirakının təmin olunması barədə ərizə vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
10. Şəmkir Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(076)-2366/2022 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1292 ABŞ dolları əsas, 787 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 2109 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı kreditor "xxxx" MMC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı kreditor "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442.1, 448.1, 467, 739-cu maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(076)-2366/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, onun etdiyi iddiaçıya heç bir borcu qalmamışdır, çünki onun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli fərmanının təsir dairəsinə düşmüşdür. Məhkəmə bu halı nəzərə alınmamışdır. Həmçinin iş üzrə ekspertiza təyin edilməli olduğu halda birinci instansiya məhkəməsi bunu da etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Mərkəzin Bankın cavab məktubu ona aydındır, göstərilən məbləği əldə etmək üçün müvafiq quruma müraciət də edəcəkdir.
15. İş üzrə iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə 19 İ. Azərbaycan Respublikasının pul vahidi manatdır. İİİ. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
19. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarı:
10. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
22. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün, eləcə də iddia predmeti bölünməz olduğundan həm də digər Cavabdeh2 aid hissədə də, yəni apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin tərtibində yanlışlığa yol verərək xarici valyuta ilə tələb edilən borc məbləğinin Azərbaycan manatı ilə tutulmasını qət etməmişdir.
25. Cavabdeh apellyasiya şikayətinin dəlillərində borc məbləğinin düzgün hesablanmadığını bildirsə də buna dair sübut təqdim etməmişdir. Bundan başqa, məhkəmə kollegiyasının araşdırması ilə onun qeyd etdiyi fərmanın təsir dairəsinə düşmədiyini müəyyən edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müəyyən etdiyi həddə cərimə borcunu azaldaraq cavabdehin maddi vəziyyətini nəzərə almışdır. Odur ki, xarici valyuta ilə göstərilən borc məbləğinin dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Buna baxmayaraq göstərilən borc cavabdehlərdən müştərək qaydada Azərbaycan manatı ilə məzənnəsi ilə tutulmalıdır.
26. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır, bununla belə kollegiya işə baxarkən iddia tələbi xarici valyuta ilə göstərilsə də birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən alınması qət edilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməmişdir. Ona görə də qətnamə dəyişdirilərək borcun Azərbaycan manatı ilə tutulması əlavə edilməlidir.
27. Məhkəmə Kollegiyası qeyd edir ki, hazirkı iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 385, 386, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(076)-2366/2022 nömrəli qətnaməsi - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1292 ABŞ dolları əsas, 787 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 2109 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı kreditor "xxxx" MMC-yə ödənilməsi hissəsində dəyişdirilsin və göstərilən borc cavabdehlərdən müştərək qaydada Azərbaycan manatı ilə məzənnəsi ilə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldıgı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .