Məhkəmə qərarları › İş №2(104)-425/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-425/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-425/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Gəncə Sukanal” TSC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: sudan istifadəyə görə yaranmış borcun tutulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı “Gəncə Sukanal” TSC-nin etibarnamə üzrə nümayəndəsi X13 iştirakı ilə, İddiaçı “Gəncə Sukanal” TSC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(125)-3740/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Gəncə Sukanal” TSC ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır;

2. xx.xx.2024-cü il tarixli abonent kartının çıxarışından görünür ki, ünvan 1 ünvanında su təchizatı və kanalizasiya xidmətinə görə **********450 nömrəli abonent kodu üzrə abonent Cavabdeh sayğac olmadan 2012-ci il üzrə 86.40 manat, 2013-cü il üzrə 99 manat, 2014-cü il üzrə 108 manat, 2015-ci il üzrə 108 manat, 2016-cı il üzrə 102.15 manat, 2017-ci il üzrə 137.25 manat, 2018-ci il üzrə 136.35 manat, 2019-cu il üzrə 136.8 manat, 2020-ci il üzrə 136.35 manat, 2021-ci il üzrə 31.94 manat olmaqla, xx.xx.2011-ci ildən xx.xx.2024-ci ilədək cəmi 1029.7 manat borcu hesablanmışdır;

3. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və qeydiyyatdan çıxarılan şəxslər aşağıdakılardır: X20 xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək; X1 xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək; X3 xx.xx.2004-ü il tarixdən halhazıradək; X4 xx.xx.2005-ci il tarixdən hal-hazıradək; X11 xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixədək; X12 xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək; X5 xx.xx.2012-ci il tarixdən hal- hazıradək; X6 05.11,2014-cü il tarixdən hal-hazıradək; X8 xx.xx.2015-ci il tarixdən 22.11,2020-ci il tarixədək; X14 xx.xx.2015-ci il tarixdən xx.xx.2020- ci il tarixədək; X2 xx.xx.2005-ci il tarixdən xx.xx.2017-ci il tarixədək; X7, xx.xx.2023-cü il tarixdən hal-hazıradək.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “Gəncə Sukanal” TSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1029.70 manat borcun (abonent kodu: **********450) və 41 manat dövlət rüsumu üzrə xərclərin tutularaq «Gəncə Sukanal” TSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı “Gəncə Sukanal” TSC tələbini onunla əsaslandırmışdır ki, “Gəncə Sukanal” TSC Cavabdeh (abonent kodu **********450) su təhcizatı sistemindən su buraxılması və tullantı suların axıdılması xidməti göstərir. Cavabdeh əhali qrupu abonentə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024cü il tarixə 1029,70 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təhcizatı və kanalizasiya xidmətinin dəyəri ünvan 2 ünvanında ‘‘Sudan istifadə Qaydalarının" 7.4 bəndinə əsasən ailə tərkibi 5 nəfər olmaqla normativ qaydada hesablama yolu ilə xx.xx.2021-ci il tarixdən sayğacla müəyyən edilmişdir. “Gəncə Sukanal” TSC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu təqdim edilmişdir, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(125)-3740/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, Cavabdeh ünvan 4 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək **********450 nömrəli abonent kodu üzrə yaranmış 1029 (min iyirmi doqquz) manat 70 (yetmiş) qəpik borc, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat 29 (iyirmi doqquz) qəpik və xidmət haqqı olaraq 40 (qırx) qəpik pul tutularaq «Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1 və 448.2-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 30, 61 və 62-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.1, 7.2 və 7.3-cü bəndlərinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 9 Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ünvan 1 ünvanında yaşamamış, həmin evlə hər hansı bir formada əlaqəsi olmamışdır. “Gəncə Sukanal” TSC ilə aralarında təmiz su ilə təmin olunmağı, habelə tullantı sularla bağlı hər hansısa bir xidmət müqaviləsi bağlamamışdır. Qeyd edilən ünvanda yaşamamağı, iddiaçı təşkilat ilə onun arasında hər hansısa bir xidmət müqaviləsinin bağlanmaması onun iddiaçı qarşısında öhdəlik daşımalı olmadığını bildirir. Hətta iddiaçı təşkilat ilə aralarında müqavilə olsa belə, ən əsas şərt onun həmin ünvanda yaşamağı və sudan istifadə etməyidir. İddiaçı təşkilat hər ay istifadə olunan su ilə bağlı ödəniş tələb etməli idi, tələb vətəndaş tərəfindən təmin edilmədiyi halda məhkəmədə iddia qaldırılmalı idi. Lakin, iddiaçı təşkilat 2011-ci ildən keçən bu müddət ərzində heç bir tələb irəli sürməmişdir. Bu, isə iddia müddətinin keçməsi deməkdir. Birinci instansiya məhkəməsində iştirak etməməyi, iddia müddətinin tətbiqinə dair ərizə verməməyi ilə nəticələnmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı “Gəncə Sukanal” TSC-nin etibarnamə üzrə nümayəndəsi X22 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

13. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

14. Maddə 62.1. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”-nın 7.1, 7.2, 7.3-cü bəndlərinə əsasən, suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “Gəncə Sukanal” TSC ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. Tərəflər arasında olan mübahisə su təchizatı və tullantı suların axıdılması xidmətinin ödənilməsi ilə bağlı olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehə ünvan 1 ünvanında içməli su və çirkab suyun axıdılması üçün xidmət göstərmiş, lakin həmin xidmətə görə xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək **********450 nömrəli abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, qeyd olunan xidmət üzrə yaranmış borc cavabdeh tərəfindən tam ödənilməmiş, iddiaçı hesablanmış 1029.70 manat borcu cavabdehdən tələb etmişdir.

28. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Çünki, apellyator Gəncə şəhəri 4-cü mikrorayon bina 23-də yerləşən 45 saylı mənzildə yaşamadığı, həmin mənzillə onun hər hansı bağlılığı olmadığı barədə arqumentlər irəli sürsə də, lakin işdəki sənədlərdən göründüyü kimi iddiaçı təşkilatla cavabdeh arasında həmin mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2005-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh bu xidmətlərə görə yaranmış borcunu ödəməmişdir.

29. «İddiaçı təşkilat 2011-ci ildən keçən bu müddət ərzində heç bir tələb irəli sürməmişdir. Bu, isə iddia müddətinin keçməsi deməkdir. Birinci instansiya məhkəməsində iştirak etməməyi, iddia müddətinin tətbiqinə dair ərizə verməməyi ilə nəticələnmişdir» barədə apellyatorun dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır.

30. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin, mülki işin 23 və 42-ci səhifəsindəki məhkəmə iclasına dair SMS xəbərdarlıqlara, habelə mülki işin 24 və 30-cu səhifəsindəki poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmışdır. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə isə, Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən işə baxılması barədə məlumatlı olduğu halda, həmin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Ona görə də, iddia verilməsi üçün iddia müddətinin buraxılmış olması barədə apellyasiya şikayətinin dəlili əsassız sayılmışdır.

31. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin eidlməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(125)-3740/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar