Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-427/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «pul» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(062)-879/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12400 (on iki min dörd yüz) manat borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Düyərli kəndində yaşayır və xırda meyvə biznesi ilə məşğul olur. Mövsümdən mövsümə xurma yığımı ilə məşğul olur. Tovuz rayonundan olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3 ilə yaxındır ki, tanıyır. Belə ki, onlar həmişə yaşadıqları kəndlərdə kimdə xurma olması barədə ona məlumat vermiş, o da gedib bağ sahibləri ilə görüşüb, danışıb onlardan meyvələrini almışdır. Bununla da cavabdehlərə onun etibarı yaranmışdır. 2021-ci ildə də cavabdehlər ilə razılaşaraq onlara 2021-ci ilin avqust- sentyabr ayında 12400 manat beh vermiş, cavabdehlər isə bunun qarşılığında Tovuz rayonu ərazisində yerləşən xurma bağlarından xurma yığıb ona satmalarını öhdələrinə götürmüşlər. Məhsul yığımı ərəfəsində cavabdehlər müxtəlif bəhanələr gətirərək xurmanı yığmamış, həmçinin bağ sahiblərinin xurma qutusunu 5 manatdan aşağı verməmələrini də bəhanə etmiş, eyni zamanda verdiyi beh pulu da ona qaytarmamış. Cavabdehlərin onu aldatması ilə bağlı Şəmkir rayon Polis Şöbəsi X16 müraciət etmiş, orada cavabdehlər pulu qaytaracaqlarını öhdələrinə götürmüş, lakin hələ də pulunu qaytarmamışlar. Odur ki. Cavabdeh1 və Cavabdeh2 12400 manat pulun və ödənilmiş 127 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(062)-879/2022 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11300 manat məbləğində pulun və ödənilmiş 123.9 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: “Şəmkir rayon Polis şöbəsinin ”Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından və həmin polis şöbəsində verilmiş izahatlardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı beh verilməsi üçün 11300 manat aldıqlarını etiraf etmişlər. İş materiallarına əlavə edilmiş siyahıda cavadebhlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən 16 adda şəxsə 13830 manat məbləğində behin verilməsi qeyd olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri. Tovuz Rayon Məhkməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(062)-879/2022 saylı qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh1 və X5 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(062)-879/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, hakim öz qətnaməsinin əsası kimi onu qeyd etmişdir ki, guya onlara verilmiş tapşırığın icrasını vicdanla yerinə yetirmədikləri üçün cavabdehə dəymiş zərərə görə məsuliyyət daşıyırlar. Lakin hakim işin əsl mahiyyətini nəzərə almamışdır. Onlar Tovuz rayonunda alıcılar üçün bələdçilik edərək, ayrı-ayrı şəxslərin bağlarında yetişdirdikləri xurma meyvələrini tapıb alaraq bunun müqabilində hər qutu üçün 0,50 manat pul alırlar. İddiaçıla da şifahi razılaşmalarına görə onun üçün də xurma meyvələri tapıb, ayrı-ayrı şəxslərdən almışlar. Lakin İddiaçı ayrı-ayrı şəxslərdən toplanan xurma meyvələrini vaxtında almamışdır. Bu səbəbdən də mal sahibləri ilə onlar arasında narazılıqları yaranmışdır. Mal sahiblərinin bir çoxu da xurma meyvələrini başqasına mal xarab olmasın deyə başqasına yarı qiymətə satmışlar, bir çoxu isə mal artıq xarab olduğu üçün tökmüşlər. Məhkəmə isə qeyd olunan hala qiymət verməmişdir. Belə ki, məhkəmə nəzərə almalı idi ki, əgər tərəflər arasında şifahi tapşırıq müqaviləsi formasında yanaşılsa belə xurma meyvələrinin iddiaçı tərəfindən alınmamasına onlar öhdəlik daşımırlar. Digər tərəfdən onlar göstərdiklərinin sübutu kimi məhkəməyə bağ sahiblərini şahid qismində təqdim etmişlər. Məhkəmə iclasında həmin şahidlər dindirilmiş və şahidlərin hər biri onların göstərdiyi xüsusatları təsdiq etmişlər. Hakim isə öz qətnaməsində həmin şahidlərin ifadələrini yazmaqla kifayətlənmişdir. Yəni qətnamədə şahid ifadələrinə hüquqi qiymət verilməmişdir. Bu hal isə prosessual hüquq normalarının pozulması deməkdir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğvi üçün əsasdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarla müəyyən edilmişdir ki, guya onlar iddia tələbini etiraf etmişlər. Halbuki, etiraf ərizəsi yazılı formada olmalıdır və bu etiraf məhkəmə tərəfindən təsdiq edilərək, məhkəmə iclas protokolunda göstərilməlidir. Onların isə İddiaçı borcu olmasına dair hər hansı bir etiraf ərizələri olmamışdır. Qətnamədə qeyd edilmişdir ki, onlar qeyd etdikləri ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişlər. Məhkəmədə 9 nəfər şahidin ifadəsi niyə mötəbər sübüt kimi qəbul edilməmişdir. Qeyd olunan şahidlər özlərinə məxsus olan bağ sahələrinin Dövlət aktlarını, həmin torpaq sahələrində xurma ağaclarının olmasına dair icra nümayəndəliyinin müvafiq arayışlarını da məhkəməyə təqdim etmişlər. Bu sübutlar da məhkəmə tərəfindən izahsız və cavabsız qalmışdır. Əslində isə iddiaçı tərəfindən istinad etdiyi halların sübutu olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də hesab edirlər ki, sözügedən Tovuz Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qətnamədə hakim Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, və 779.1-ci maddələrinə istinad etsə də qeyd olunan maddələri tələb və prinsipləri işin həqiqi halları ilə uzlaşmır. Belə ki, İddiaçıla onlar arasında hər hansı yazılı tapşırıq müqaviləsi mövcud olmamışdır. Əgər mübahisəyə onların arasında şifahi tapşırıq müqaviləsi formasında olması baxımından yanaşılsa belə xurma meyvələrinin iddiaçı tərəfindən alınmamasına onlar öhdəlik daşımırlar. Onlar şifahi olaraq öhdələrinə götürdükləri tapşırığı lazımı qaydada və vicdanla yerinə yetirmişlər. Qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 88, 191 və 217.4-cü maddələrinin tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, onlar yuxarıda göstərdiklərinin sübutu kimi məhkəməyə bağ sahiblərini şahid qismində təqdim etmişlər. İddiaçıla da şifahi razılaşmaya görə onun üçün də xurma meyvələri tapıb ayrı-ayrı şəxslərdən almış İddiaçı ayrı-ayrı şəxslərdən toplanan xurma meyvələrini vaxtında almamışdır. Bu səbəbdən də mal sahibləri ilə onlar arasında narazılıqları yaranmışdır. Onlar da xurma meyvələrini başqasına satmışdırlar. Məhkəmə isə qeyd olunan hala qiymət verməmişdir. Aralarında olan mübahisə mülki mübahisədir, eyni zamanda iddiaçı özü etiraf edir ki, bağlardan yığılan xurma meyvələri alınmamışdır. Yəni onlar xurma meyvələrini tapıb alsalar da iddiaçı tərəfindən həmin meyvələr aparılmamışdır. Ona görə də hesab edirlər ki, sözügedən Tovuz Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə etiraz: İddiaçı X13 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, əslində məsələ cavabdehlərin göstərdikləri kimi deyildir. Belə ki, o, xırda meyvə biznesi ilə məşğul olur. O, cümlədən mövsümdən mövsümə xurma yığımı ilə məşğul olur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3 ilə yaxındır ki, tanıyır. Onlar həmişə yaşadıqları kəndlərdə kimdə xurma olması barədə ona məlumat vermiş, o isə gedib bağ sahibləri ilə görüşüb, danışıb onlardan meyvələrini almışdır. Bununla da cavabdehlərə onun etibarı yaranmışdır. Ona görə də 2021-ci ildə də cavabdehlərlə razılaşaraq onlara 2021-ci ilin avqust-sentyabr ayında 12400 manat beh vermiş, cavabdehlər isə bunun qarşılığında Tovuz rayonu ərazisində yerləşən xurma bağlarından xurma yığıb ona satmalarını öhdələrinə götürmüşlər. Məhsul yığımı ərəfəsində cavabdehlər müxtəlif bəhanələr gətirərək meyvəni yığmamışlar, həmçinin bağ sahiblərinin xurma qutusunu 5 manatdan aşağı verməmələrini də bəhanə etmişlər, eyni zamanda verdiyi beh pulunu da ona qaytarmamışlar. O, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mövsümü meyvənin yığılması məqsədi ilə tapşırıq vermiş və bununla əlaqədar 12400 manat məbləğində pul vermişdir. Cavabdehlər həmin pulu beh olaraq meyvə sahiblərinə vermələrini birinci instansiya məhkəməsində verdikləri izahatlarında göstərsələr də, həmin şəxslərdən nə meyvə təhvil götürməmiş, nə də verdiyi beh özümə qaytarılmamışdır. Əsil həqiqəti öyrənməyi üçün mal sahibləri ilə görüşməyinə mane olmaq üçün məqsədəyönlü həmin şəxslərin hətta adlarını belə cavabdehlər ona bildirməmişlər. Beləliklə cavabdehlər onun tapşırığını yerinə yetirməmiş və onlara beh verdiyim pulu geri qaytarmamışlar. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara verdiyi tapşırığın icrasını vicdanla icra etməmişlər. Bu səbəbdən ona dəymiş zərərə görə cavabdehlər məsuliyyət daşıyırlar. Cavabdehlərin onu aldatması ilə bağlı ərizə ilə Şəmkir rayon Polis şöbəsinin X16 də müraciət etmiş, orada cavabdehlər ondan aldıqları pulu ona qaytarmadığı öhdələrinə götürmüşlər. Lakin, hələ də pulunu qaytarmamışlar. Odur ki, iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12400 manat pulun və ödədiyi 127 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarımasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair 6-cı bəndində Mülki Məcəllənin 777.1, 777.2, 779.1 -ci maddələrini qeyd edərək borc müqaviləsinin tərəflər arasında notariat qaydasında bağlanmalı olmasını, işin hallarına əsasən iddiaçı tərəfindən cavabdehə borc verilməsini, ancaq heç bir faizin şərtləndirilməməsini qeyd etmişdir. Cavabdehlə aralarında olan şifahi müqavilə üzrə ona verdiyi pulların məbləği üzrə notarial qaydada müqavilə bağlamağı zəruri hesab etməmişlər. Məhkəmə də cavabdehlərin etirafına istinad edərək cavabdehlə aralarında şifahi olaraq bağlanmış borc müqaviləsi üzrə heç bir mübahisənin olmamasını, aralarında borc müqaviləsinin bağlanması kimi qiymətləndirmişdir. Həmçinin məhkəmənin məlum qətnaməsində istinad etdiyi maddi hüquq norması olaraq MM-nin 351.2-ci maddəsinin mənasına görə əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Deməli, aralarındakı şifahi borc müqaviləsini cavabdehlərin etiraf etməsi halı həmin müqavilənin onun tərəfindən əlavə sübutlarla təsdiq etməyə ehtyac duyulmamasını məhkəmə nəzərə almışdır. Cavabdehlərin şikayətlərində göstərdiklərinin əksinə olaraq məhkəmə hər iki tərəfə tələblərini sübut etməyə tam imkan vermişdir. Ancaq, cavabdehlər məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Oqtay adlı şəxs onun qaynı, iş materiallarına əlavə edilmiş beh verilmiş şəxslərin siyahısında Zərifə adlı şəxs isə onun anasıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş beh verilmiş şəxslər barədə məlumatlar doğrudur. Belə ki, həmin şəxslərə beh verilməsi ilə bağlı məlumatları onlar iddiaçıya vermişlər. İddiaçı beh verilmiş şəxslərdən malın bir yeşiyini 5 manatdan aşağı istədiyindən alqı-satqı baş tutmamış və verilmiş behlər satıcılar tərəfindən geri qaytarılmamışdır. Beh verilərkən satıcılarla belə razılaşdırılmışdır ki, alış qiyməti məhsul yığımı zamanı bazarda mövcud ola biləcək qiymətlə müəyyənləşdirləcəkdir. Beh verilməsini yazılı qaydada icra etməmişlər. Malın yığılması üçün Rizvana 520 ədəd yeşik vermişdir ki, həmin yeşiklər ona məxsus olmuşdur. Həmin yeşikləri Turalın xahişinə əsasən etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etirazında göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, cavadebhlərə əslində 23000 manatdan yuxarı məbləğdə beh verilməsi üçün pul vermiş, məhkəməyə təqdim etdiyi siyahıda göstərilən şəxslərdən və ondan artıq olan məbləğlərə görə malları vətəndaşlardan almışdır. Lakin, məhkəməyə təqdim etdiyi siyahıda olan şəxslərə də cavabdehlər beh verdiyini bildirmiş, lakin məhsul yığımı zamanı həmin şəxslərlə onu tanış etdirməyərək, məhsulun yığılmaqla alınmasını qarşısını almışlar. Buna baxmayaraq onun özü araşdırma apararaq, cavadebhlərin vasitəsi ilə deyil özünün axtarışı ilə siyahıda qeyd olunan Zilman adlı şəxsin telefonunun tapmış və onunla danışmışdır. Həmin şəxs həqiqətən də cavadbehlərdən 1000 manat beh aldığını ona bildirmiş, onun xırda malı 2 manatdan, böyük malı isə 4 manatdan alması təklifinə razı olmadığını, belə olduğu təqdirdə isə 1000 manat behi geri qaytarmalı olduğunu bildirdikdə isə, Zilman ona onu tanımadığını, razılaşmanı cavabdehlərlə etdiyini, buna görə də malı onlara verəcəyini demişdir. Zilmanın malının 80 faizi xırda məhsul olmuş, behinin batmaması üçün qeyd olunan təklifi vermişdir. X19 kimi qeyd olunmuş şəxsin telefonunu tapmış ona zəng edib, cavadbehlərin ona beh verib-verməməsini maraqlandıqda həmin şəxs ona 200 manat beh verdiyini bildirmişdur. Halbuki, cavabdehlər həmin şəxsə 1530 manat beh verdiklərini bildirmişdir. Zərifə adlı şəxsin isə sonradan cavadbeh Vüqarın anası olmasını bilmişdir. Azər adlı şəxsə isə beh verilməsi üçün cavadbehlər ondan 5000 manat almış, lakin ona 4000 manat vermiş, 1000 manat isə özlərinə götürmüşlər. Sonradan Azəri taparaq ondan 4000 manatını geri almışdır. Belə olduğu təqdirdə isə o, cavadbehlərin onu müxtəlif şəxslər vasitəsi ilə aldatdığını və onun verdiyi pulu mənimsədiklərini başa düşmüşdür. Baboş adlı şəxsə isə özü cavadebhlərlə birlikdə beh verdiyindən, həmin 1000 manat beh məbləğini isə siyahıdakı 13830 manatdan çıxmışdır. Siyahıda qeyd olunan 1600 manat isə cavadbehlərə verilmiş borc məbləği olmaqla, onların xurma alması ilə bağlı razılaşmalarına aidiyyəti yoxdur. Siyahıda olan digər şəxsləri isə tanımır və cavadbehlər onlarla onu malın alınması üçün tanış etdirməmişdir. X17 ifadəsinə münasibətdə isə qeyd etmişdir ki, Zilman ona malı 4 manatdan almağı mövsüm qurtarandan sonra demişdir. Malın yığılması üçün Rizvana yeşik verilməsinin xahiş eləməsi ilə bağlı cavadbeh Sadinin ifadəsi yalandır. O, aldığı bütün malların yeşiyini özü vermişdir. Cavadbehlərə satıclarla qiymət razılaşmasını aparmasını deməmişdir. Belə ki, cavabdehlər malı tapdıqdan sonra özü gedib məhsula baxıb qiymət razılaşması aparmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X14 izahat verib bildirmişdir ki, o, tərəflərdən yalnız cavabdehləri tanıyır. Belə ki, cavabdehlərlə həmkəndlli olmaqla, həm də onları xırda meyvə ticarətində vasitəçi kimi tanıyır. Belə ki, cavabdehlər ondan xurma alacaqlarını bildirmiş, 2021-ci ilin avqust ayında ona 1000 manat beh vermişlər. Mal yığımı zamanı malın bazarda dəyəri 5 manata olsa da, cavadbehlər 3 manata ala biləcəklərini bildirmiş, o isə malın 1 yeşiyinin bazarda dəyəri 5 manata olduğundan bu təkliflə razılaşmamışdır. Bundan sonra malının yarısı xarab olmuş, yarısını isə 2-3 manatdan satmışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçı Turalı tanımır, onunla hər hansı bir danışığı olmamışdır. Malının bir hissəsinin xarab olmasına, bir hissəsinin isə 2-3 manata satmasına baxmayaraq, malını cavadbehlərə satmamasının səbəbi onlarla arasında mübahisənin olması olmuşdur. Malın bazarda dəyərinin 5 manat olmasına baxmayaraq, 2-3 manata başqa şəxslərə verməsinin səbəbi isə malının köhnəlməsi olmuşdur. Beh yazılı qaydada verilməmişdir, həmkəndli olduğundan cavadbehlərə etibarı olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X10 izahat verib bildirmişdir ki, Sadiq və Vüqarla həmkəndlidirlər. 2021-ci ilin avqust ayında cavabdehlər ondan xurma alacaqlarını bildirib ona 700 manat beh vermişlər. Behi aldıqdan sonra isə o, məhsulu yığımı ilə əlaqədar onları gözləmişdir. Malı 2021-ci ilin oktyabr ayında yığmış, cavabdehlər sonrdan ona məhsulu 5 manat deyil 3 manata alacaqlarını bildirdiklərindən məhsulu onlara satmamış, məhsulu xarab olmuş və 402 yeşik məhsulu arxa atmışdır. Məhsulu başqasına da sata bilməmişdir. Sadin ona təxminən malın yığılması üçün 500 yeşik vermişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 izahat verib bildirdi ki, cavabdehləri 4-5 ildir ki, vasitəçilik edib mal yığıan şəxs kimi tanıyır. Onun 3 hektar ərazisi olan bağı vardır. Onlar onun bağına gələrək ondan xurma alacaqlarını bildirərək ona 1000 manat beh vermişlər və malın qiymətini yığım zamanı bazar qiymətinə uyğun razılaşmışlar. 1000 manat beh onun bağında olan məhsula görə kiçik məbləğ olmuşdur. Onlar xurmanı 5 manata almağa razılaşmışlar. Daha sonra Tural adlı şəxs ona zəng edərək behi onun göndərdiyini bildirmişdir. Tural ona bağa baxmaq istədiyini bildirmiş, o da etiraz etməmişdir. Tural məhsulu görəndən sonra xırda malı 2 manatdan, böyük malı isə 4 manatdan alması təklifini vermiş, o isə razılaşmamışdır. 4 manatlıq təklifi mövsüm müddətində verilmişdir. Bir müddətdən sonra onun özü malı Turala məhsulu 4 manata almasını təklif etsə də Tural məhsulu almaqdan imtina etmişdir. Buna görə də malının yarısı itkiyə getmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 izahat verib bildirmişdir ki, tərəflərlə heç bir qohumluq əlaqəsi yoxdur. Onun meyvə bağı vardır. Cavabdeh1 və Cavabdeh2 2021-ci ilin avqust ayında ona 1500 manat beh vermişlər. Həmin məbləğin 300 manatını onların əvvəldən gilasa görə olan borcuna çıxmış, qalan 1200 manatı isə beh kimi qəbul edərək, Cavabdeh2 bazar qiymətinə xurma verməyə razılşamışlar. Daha sonra cavabdehlər xurmanı ondan bazar qiymətinə deyil, 3 manata alacaqlarını bildirəndə o bununla razılaşmamış və meyvəni 4,50 manatdan başqasına satmışdır. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, Tural adlı şəxs ona zəng etmiş, cavabdehlərin ona nə qədər beh verdiklərini soruşmudur. Lakin, o, həmin şəxsi tanımadığından cavabdehlərin ona 200 manat beh verdiklərini bildirmişdir. Amma cavadbehlər ona 300 manat gilasa olan borcundan çıxmaq şərti ilə 1200 manat beh vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1-ci maddəsinə əsasən, Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781.Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 492.1-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri və .ahidləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, Tovuz Rayon Məhkməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(062)-879/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanaraq, iddiaçı tərəfindən cavadbehlərə xurma məhsulunun alınması üçün satıcıların müəyyən edilməsi və mövsüm zamanı xurmanının alınması üçün beh verilməsi ilə bağlı müvafiq tapşırıq verilmiş, hər yeşik xurmaya 50 qəpik muzd verilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş siyahıda cavadebhlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən 16 adda şəxsə 13830 manat məbləğində behin verilməsi işin mübahisəsiz halı olmuşdur ki, cavadbehlər həmin məbləğdə behin siyahıda göstərilən şəxslərə yetişdirikləri xurmanın mövsüm vaxtı alınması üçün beh olaraq verdiklərini, lakin iddiaçının mövsüm vaxtı məhsulu bazardan aşağı qiymətə almaq istədiyi üçün alqı-satqıların baş tutmadığını əsas gətirərək behlərin satıcılar tərəfindən geri qaytarılmadığını iddia etmişlər. Məhkəmə ilk öncə qeyd edir ki, cavadbehlər iddiaçının tapşırığına əsasən ondan alıdğı pulu malın alınması üçün beh olaraq, adları siyahıda qeyd olunan şəxslərə beh qismində verdiklərini iddia etməklə, behə dair razılaşmanın alıcılarla yazılı qaydada bağlanmadığını bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavadbehlərin iddia etdiyi kimi qeyd olunan məbləğdə pul vəsaiti beh qismində verildiyi təqdirdə cavabdehlərlə həmin şəxslər arasında bağlanmış beh razılaşması yazılı qaydada bağlanmadığından yuxarıda qeyd olunan Mülki Məcəllənin 329.1 və 491.2-ci maddələrinin tələbləri baxımından əhəmiyyətsiz əqd olmuşdur. Behə dair razılaşmaların şifahi qaydada bağlandığı qəbul edildiyi halda cavabdehlər qanunvericiliyin tələbinə riayət etməməklə behə dair razılaşmaları yazılı qaydada bağlamaqla, həmçinin Mülki Məcəllənin 781-ci maddəsinin tələbini pozaraq mövsüm zamanı həmin şəxslərin əksəriyyəti ilə bağlı lazımı məlumatları iddiaçıya təqdim etməmişlər ki, bununla da vəkalət verən qismində iddiaçının verdiyi tapşırığı icra etməmiş hesab olunmaqla yanaşı, işin qeyd edilən halları ümumiyyətlə cavabdehlərin siyahıda göstərilən şəxslərə beh vermələrini şübhə altına alımışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəməyə təqdim edilmiş siyahıda göstərilən beh verilmiş şəxslərdən yalnız şahid qismində Zilman Əliyev adlı şəxs dindirimiş, cavabdeh tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş digər şahidlərin adı isə qeyd olunan siyahıda olmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsində cavabdehlərə siyahıda qeyd olunan 16 nəfər şəxsin şahid qismində məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdehlər isə məhkəməyə həmin şəxslərdən yalnız X12, X6, X7, təkrar olaraq isə X4 şahid qismində məhkəməyə təqdim etməklə, digər şəxsləri məhkəməyə təqdim edə bilməmişlər. Təqdim edilmiş şahidlərdən X2 başqa digər şahidlər isə iddiaçını tanımadığını bildirmişlər. Şahidlərin ifadəsi isə ziddiyyətli olmaqla, mötəbər hesab olunmamaqdadır. Belə ki, şahidlər cavabdehlərin onlara beh verdiklərini, lakin məhsulu bazar dəyərindən aşağı qiymətə almaq istəmələri səbəbindən razılaşmanın pozulduğunu və məhsullarının əksər hissəsinin məhv olduğunu iddia etmişlər ki, şahidlərin malın bir yeşiyinin 5 manata alan başqa alıcıların olmamasına baxmayaraq, məhsulun bir yeşiyini cavabdehlərin təklif etdiyi 3 manata satmağa razı olmamaqla, mallarının xarab olmasına rəvac vermələri inandırıcı olmamışdır. Bundan başqa yuxarıda qeyd olunan Mülki Məcəllənin 492.2-ci maddəsinin tələbindən də göründüyü kimi beh müqaviləsinin tərəflərindən hər hansı biri əsas müqavilənin icra edilməməsinə görə məsuliyyət daşıdığı halda beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Hazırkı işdə isə iş üzrə dindirilmiş şahidlər cavadbehlərin təqsiri üzündən müqavilənin icra edilmədiyini və buna görə də məhsullarının xarab olmasını bildirsələr də xarab olmuş məhsullarına görə onlara dəymiş zərəri də indiyədək tələb etməmişlər. Digər tərəfdən məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində cavadbehlərdən 1500 manat beh almasına baxmayaraq, iddiaçının ona zəng vurduğu zaman cavabdehlərin ona 200 manat beh verməsi ilə bağlı doğru olmayan məlumatı iddiaçıya bildirməsini etiraf etmiş, bunu isə ağlabatan hesab olunmayan, iddiaçının tanımaması arqumenti ilə əsaslandırmışdır ki, bu hallar həmin şahidlərin ifadəsinin mötəbər olmamasını təsdiq etmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş siyahıda 500 manat beh verilməsi göstərilən Zərifə adlı şəxs cavabdehlərdən Cavabdeh1 anası, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Oqtay adlı şəxs isə qaynı olmuşdur ki, yuxarıda qeyd olunan və bu faktlar da iddiaçının cavadbehlər tərəfindən tapşırıq müqaviləsinin icra edilməməsi ilə əlaqədar ona zərər vurması ilə bağlı iddiasının əsaslı olmasını təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də Tovuz Rayon Məhkməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(062)-879/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavadbehlər onlardan tutulan məbləğdə pul vəsaitini beh qismində müxtəlif şəxlərə verdiklərini iddia etdiklərindən behlərin onlara geri qaytarılması ilə bağlı həmin şəxslərə qarşı tələb irəli sürmək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Tovuz Rayon Məhkməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(062)-879/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(062)-879/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.