Məhkəmə qərarları › İş №2(104)-427/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-427/2025

03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-427/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin(bundan sonra- cavabdeh) qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işi üzrə Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1073 nömrəli, 05 iyul 2013cü il tarixli “Fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilməsi haqqında” sərəncamına əsasən Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində 200,0 kv.m torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyyələndirilməsinə) icazə verilmişdir. Yuxarıda adı qeyd olunan ünvanda yerləşən və iddiaçıya məxsus olan fərdi yaşayış evində 29 oktyabr 2022-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən, özünəməxsus olan fərdi yaşayış evinin yanması nəticəsində ona dəymiş 230.454,4 manat maddi ziyanın və mənzilin yanması nəticəsində onun keçirdiyi sarsıntıya görə cavabdehdən 20.000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən özünəməxsus olan fərdi yaşayış evini 2013-cü ildə inşa edərək həmin evdə yaşamışdır. 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində evin yataq otağında pəncərənin şüşəsinin partlaması nəticəsində yuxudan oyanmış və evin yanmasının şahidi olmuşdur. Yanğın nəticəsində evi və içərisində olan əşyalar yanaraq yararsız hala düşmüşdür. Yanğına səbəb cavabdehin yol verdiyi səhlənkarlıq olmuşdur. İddiaçının evinin yanması cavabdehin səhlənkarlığı nəticəsində baş vermişdir. Evində olan kamera çəkilişlərinə diqqət yetirdikdə yanğının məhz elektrik sayğacından baş verməsi aydın görünür. Evdə olan sayğac X3 işçiləri tərəfindən dəyişdirilmiş, lakin heç bir təhvil-təslim aktı tərtib edilməmişdir. Elektrik şəbəkəsinin işçisi Gülər Sadıqova ifadəsində bildirmişdir ki, yanğının elektrik enerjisi ilə heç bir bağlılığı yoxdur. Onun ifadəsində qeyd edilir ki, iddiaçı ondan smart kart ilə bağlı olan müqavilə tələb etmiş, lakin ərazidə olduğundan o, müqaviləni aparıb verə bilməmişdir. Sonra ünvanı soruşmuş, lakin ünvanı ona deməmişdir. Sonradan müqaviləni imzalatdırmağa gedən zaman yanğının olmasının şahidi olmuşdur. Bu ifadədə olan ziddiyyətlər onu deməyə əsas verir ki, elektrik enerjisində baş verən qüsur zamanı yanğın baş vermişdir. Bütün bunlar hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı nəticəyə gəlməyə əsas verir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyə əsasən yanğının baş verməsinin səbəbi elektrik naqillərində baş verən yüklənmə olmuşdur. X4 Nazirliyi DYNX-in Gəncə Regional DYNİ-nin xx.xx.2022-ci il tarixli X6 göstərilmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus yaşayış evində baş vermiş yanğına səbəb qonşunun kamera görüntülərinə əsasən elektrik paylayıcı qutusunda qısa qapanmanın yaranması qeyd edilmişdir. Fövqalədə Hallar Nazirliyi X7 Xidmətinin Yanğınların Təhqiqatı və Sınaq Laboratoriyasının xx.xx.2022-ci il tarixli, 573 saylı protokoluna əsasən yanğından sonrakı qalıqlar üzərində elektotexniki qəza hallarından olan artıq dövrə yüklənməsi işlərinə oxşar işlər aşkar edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən yanğın nəticəsində iddiaçıya dəymiş, əmtəə üzrə ziyanın məbləği 142.470 manat olduğu müəyyən edilmişdir. Bundan başqa, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən mənzilin təmir tikinti, usta fəhlə pulu ilə birlikdə evin əvvəlki vəziyyətə gətirilməsi üçün 87984,40 manat tələb olunur. Evinə elektrik sayğacının düzgün quraşdırılmaması və elektrik enerjisinin verilməsində baş vermiş qüsurlar nəticəsində iddiaçının mülkü onun gözləri qarşısında yanmış və yanğın baş verən zaman o qorxmuş, bu hal isə onda narahatlıq hissi yaratmış, məyusluq və stress hissləri yaşatmışdır. Bu narahatlıq və stress zamanı ona dəymiş mənəvi ziyanın dəyərini iddiaçı 20.000 manat məbləğində qiymətləndirir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evində 29 oktyabr 2022-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi ilə əlaqədar olaraq Gəncə şəhər DYMH-nin zənginə əsasən xətt açılmış, yanğın hadisəsi söndürüldükdən sonra xətt bərpa edilmişdir. Fərdi yaşayış evində baş vermiş yanğın hadisəsinin elektrik enerjisi ilə heç bir əlaqəsi olmamışdır. Dayaqdan sayğaca düşən 0,4 kv-lıq 2*10 SİP xəttində və sayğacda heç bir qüsur olmamışdır. Sayğacın işlək vəziyyətdə, istismara yararlı olduğu məlum olmuşdur (sayğacın şəkili əlavə edilib). Belə olan halda İddiaçı iddia edir ki, onun evinin yanması cavabdehin səhlənkarlığı nəticəsində baş vermişdir. Halbuki İddiaçı özünün evində təmir – bərpa aparan zaman ehtiyatsız davranması nəticəsində qəza baş vermişdir. Belə ki, evinin girişində yerləşən talvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halında yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində yanğın hadisəsi baş vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, istehlakçıların aylıq enerji sərfinin miqdarını, dəyərini və ödənişini özündə əks etdirən abunə haqqında dövriyyə cədvəlindən göründüyü kimi, abonent kodu **********0131317 olan İddiaçı Tasim qızının elektrik enerjisindən istifadə etməsi ilə bağlı fərdi yaşayış evinin elektrik sayğac uçot dəstinə baxış keçirilmiş, baxış keçirilən zaman abonent tərəfindən enerji sərfiyyatının göstərişini qəsdən azaltmaq məqsədi ilə sayğacdan “kənar xətt” aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı abonent İddiaçı barəsində “EEİQ” nin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli 179016 № li akt tərtib edilmiş və həmin akt dövriyyə cədvəlində öz əksini tapmışdır. "xxxx" ASC Qərb RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən tərtib olunmuş akta əsasən “Qaydalar”ın 8.17-ci bəndinin tələblərinə uyğun hesabat aparılmışdır. 3587,40 manat dəyərində borc məbləğini iddiaçı düz evi yanana qədər ödəmişdir, həmin məbləğdən 362,66 manat qalmışdır. Bu da onu göstərir ki, abonent kənar xəttdən istifadə edib, hesablanan cəriməylə razılaşıb və ödənişlər edibdir. xx.xx.2020-ci il tarixdə quraşdırılmış MP-106 tipli, zavod nömrəsi **********23 olan yeni sayğac baş vermiş yanğın hadisəsi ilə əlaqədər Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq idarəsinin tətqiqatçısı Zaur İslamova akt əsasında təhvil verilmişdir. İddiaçı çoxsaylı instansiyalara müraciətlər etmiş və hər bir quruma şikayət etdikdə əvvəlki iddiasından fərqli rəqəm qeyd etmişdir. Dəymiş ziyanın 7000 manat iddiasından başlayaraq, süni 230.454 manata qədər yüksəlməsiə əsas olmaması açıq-aydın görünür. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin katibliyinə ünvanladığı şikayət ərizəsində qeyd edir: “Mən demirəm ki, maddi kömək edilsin, heç olmasa inşaat materialları verilsin.” (H/5716/1 saylı, xx.xx.2022-ci il tarixli şikayət). Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin qərarından aydın görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsində evdə usta işləyən X1 və ehtiyatsızlığından baş vermişdir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-2896/2024 nömrəli iş üzrə qəbul etdiyi 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Şəhər Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində yanğın hadisəsinin baş verməsini sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçının iddiasının əsası kimi məhkəməyə təqdim etdiyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısının 30 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından aydın olur ki, cavabdeh "xxxx" ASC-nin təqsiri nəticəsində iddiaçıya zərər vurulmamışdır. Eyni zamanda, həmin materiallara əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6146 nömrəli yanğıntexniki ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin daxilində elektrik xətti yolverilməz üsullarla, yəni “Elektrik qurğularının qurlaşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15 və 2.1.2.10-cu bəndlərinin tələbləri pozulmaqla çəkilmişdir və baş vermiş yanğında cavabdehin təqsiri müəyyən edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçı irəli sürdüyü iddia tələbini sübut edə bilməmişdir. iddiaçının evinin yanması "xxxx" ASC-nin səhlənkarlığı nəticəsində baş vermişdir. Ərizəçinin evində olan kamera çəkilişlərinə diqqət yetirdikdə yanğının məhz elektrik sayğacından baş verməsi aydın görünür. Evdə olan sayğac X3 işçiləri tərəfindən dəyişdirlmiş, lakin heç bir təhvil-təslim aktı tərtib edilməmişdir. İbtidai araşdırma zamanı izahatı alınmış elektrik şəbəkəsinin işçisi Gülər Sadıqova ifadəsində bildirmişdir ki, yanğının elektrik enerjisi ilə heç bir bağlılığı yoxdur. Onun ifadəsində qeyd edilir ki, ərizəçi ondan smart kart ilə bağlı olan müqavilə tələb etmiş, lakin ərazidə olduğundan o, müqaviləni aparıb verə bilməmişdir. Sonra ünvanı soruşmuş, lakin ünvanı ona deməmişdir. Sonradan müqaviləni imzalatdırmağa gedən zaman yanğının olmasının şahidi olmuşdur. Bu ifadədə olan zidiyyətlər onu deməyə əsas verir ki, elektrik enerjisində baş verən qüsur zamanı yanğın baş vermişdir. Belə ki, ifadəyə diqqət yetirdikdə ərizəçi özü tələb edir ki, gətirin müqaviləni verin, gətirmirlər. Bildirirlər ki, ünvanı demədi, necə olur özü çağırır, lakin ünvanı demir. Sonda necə oldu ünvanı tapa bildi. Bütün bunlar hadisənin hansı səbəbdən verməsi ilə bağlı nəticəyə gəlməyə əsas verir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza idarəsinin verdiyi rəyə əsasən yanğının baş verməsinı səbəb elektrik naqiillərində baş verən yüklənmə olmuşdur. Bundan başqa FHN DYNX-in Gəncə Regional DYNİ-nin xx.xx.2022-ci il tarixli X6 göstərilmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri 3-cü mikrarayon, H.Arif küçəsində yerləşən, İddiaçı məxsus yaşayış evində baş vermiş yanğına səbəb qonşunun kamera görüntülərinə əsasən elektrik paylayıcı qutusunda qısa qapanmanının yaranmasından baş verdiyi qeyd edilmişdir. Azərbaycan Respulbikası Fövqalədə Hallar Nazirliyi X7 Xidmətinin Yanğınların Təhqiqatı və Sınaq Laboratoriyasının xx.xx.2022-ci il tarixli, 573 saylı protokluna əsasən yanğından sonrakı qalıqlar üzərində elektotexniki qəza hallarından olan artıqlıq dövrə yüklənməsi işlərinə oxşar işlər aşkar edilmişdir. Sonradan verilmiş ekspertiza rəyləri işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, video kamerada aydın sürətdə görünür ki, yanğın elektrik paylayıcı qurğudan başlamışdır. Bunu sonradan başqa istiqamətə yozulması özlüyündə cavabdeh orqanı məsuliyyətdən azad etmək məqsədi güdmüşdür. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və Rayon Məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı). İşdə olan Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1073 nömrəli, 05 iyul 2013-cü il tarixli “Fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilməsi haqqında” sərəncamına əsasən Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində 200,0 kv.m torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyyələndirilməsinə) icazə verilmişdir. İşdə olan "xxxx" ASC-nin 179016 №-li, xx.xx.2020-ci il tarixli aktına əsasən iddiaçıya məxsus, abonent kodu **********01317 olan ünvan üzrə evə aid elektrik sayğacına baxış keçirilmiş, yoxlama zamanı adı gedən ünvanda kənar xətt aşkarlanmış, “EEİQ”in tələblərinin pozulmasına görə hesabat naqilin en kəsiyinə görə aparılmışdır. Tələb, hesablanacaq məbləğin ödənilməsi, kənar xəttin ləğv edilməsi, əks halda EVX şəbəkədən açılması olmuşdur. Həmin aktdan görünür ki, aktda məişət abonenti kimi iddiaçının adı qeyd edilsə də, aktda iddiaçının imzası yoxdur. İşdə olan 336491 №-li, xx.xx.2023-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, akta əsasən abonentə məxsus mənzildə yanğın hadisəsi baş verdiyi üçün abonentin elektrik sayğacı sökülərək qutuya qablaşdırılmış və möhürlənmişdir. Sayğac qablaşdırılmış qutu FHN-in Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı Zaur İslamova təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası FHN-nin Əməliyyat-istintaq idarəsinin təhqiqatçısı Zaur İslamovun, Gəncə şəhər DYMX-nin müfəttişi Elmar Verdiyevin, X10 Təchizatı və Satışı İdarəsinin X3 baş mühəndisi Ramiz Allahverdiyevin, Gəncə şəhəri 3-cü mikrorayon, H.Arif küçəsində yaşayan iddiaçının və "Qərb" RETSİ-nin Sayğacquraşdırma və Uçota Nəzarət sektorunun texniki Şahin Həsənovun iştirakı ilə tərtib edilmiş xx.xx.2023cü il tarixli aktdan görünür ki, iddiaçının yaşadığı mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası FHN-nin Əməliyyat istintaq idarəsinin təhqiqat şöbəsində aparılan təhqiqatla bağlı zərurət yarandığından iddaiçının yaşayış evində quraşdırılmış MP-106 tipli, zavod nömrəsi **********23, göstəricisi ******* olan sayğac Sayğacquraşdırma və Uçota Nəzarət sektorunun texniki Şahin Həsənov tərəfindən çıxarılmış, möhürlənmiş və qablaşdırılaraq götürülüb FHN-nin İstintaq-əməliyyat idarəsinin təhqiqatçısı Zaur İslamova təhvil verilmişdir. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 06:00 radələrində Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən, İddiaçı (iddiaçıya) və Zakir Rzayevə məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində 1591 №-li material üzrə araşdırma aparılmışdır. Həmin araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6146 №-li, xx.xx.2023-cü il tarixli məhkəmə yanğın texniki ekspert rəyi alınmışdır. Sözügedən rəydə göstərilir ki, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus 2 mərtəbəli fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin girişində yerləşən talvarda olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər hissələrinə yayılmışdır. Hazırki iş üzrə təyin edilmiş ilkin ekspertiza rəyi verildikdən sonra təhqiqat tərəfindən müəyyən edilmiş halları, yanğından sonrakı qalıqların üzərində tez alışan neft məhsulları izlərinin aşkar edilmədiyini, hadisə yerindən nümunə kimi götürülmüş elektrik qurğularının üzərində elektrik təbiətli qəza izlərinin (artıq dövrə yüklənməsi) yaranmasını nəzərə aldıqda, yanğıntalvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halından yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. Fərdi yaşayış evinin elektrik xətti yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkildiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerləri sıxaclama üsulu ilə birləşdirilmədiyinə görə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma əsasında toplanmış 1591 №-li material üzrə müəyyən edilmişdir ki, X5 2014-cü ildə iddiaçıya məxsus fərdi yaşayış evində elektrik xətlərini çəkərək istismara vermişdir. 2022-ci ilin may ayında isə iddiaçıya məxsus həmin evdə elektrik yuvasını dəyişmişdir. xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. Beləliklə, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, yanğın haqqında aktla, ekspert rəyləri və həmçinin yoxlama zamanı toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, Faiq Hüseynov iddiaçıya məxsus fərdi yaşayış evində elektrik xətti yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkildiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerləri sıxaclama üsulu ilə birləşdirilmədiyinə görə elektrik xətlərini çəkən şəxs kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində fərdi yaşayış evinin girişində yerləşən talvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halından yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, iddiaçıya və Z.Rzayevaya dəymiş maddi ziyan ağır nəticə kimi qiymətləndirilməmişdir, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187-ci maddəsinin tərkib əlamətləri vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti başa çatır. Göründüyü kimi, Faiq Hüseynov 2014-cü ildə iddiaçıya məxsus fərdi yaşayış evində təmir-bərpa işləri aparan zaman ehtiyatsız davranma nəticəsində sonuncunun əmlakına maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Qeyd olunanları müəyyən edən və iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Faiq Hüseynovun əməlində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsini nəzərə alan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi diyindən toplanmış 1051 №-li material üzrə xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar hal-hazıra da qüvvədədir. Qeyd olunanlara əsasən Məhkəmə, səlahiyyətləri çərçivəsində tərəflərin təqdim etdiyi sübutları qiymətləndirərək, həmin sübutları iddianın təmin olunması üçün əsaslı hesab etmir. Belə ki, təqdim olunmuş sübutlarla iddiaçıya aid olan fərdi yaşayış evində yanğının cavabdehin təqsiri üzündən baş verməsi faktı öz təsdiqini tapmamışdır. Belə olan halda isə cavabdehin mülki məsuliyyətə cəlb olunmasına dair iddia tələbi əsassızdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin hər hansı bir təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlakın yanması və bununla da ona zərər vurulması sübut edilməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar