Məhkəmə qərarları › İş №2(104)-428/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-428/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-428/2023 23.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(062)-1864/2022 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 13798 manat və ödənilmiş 132 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(062)-1864/2022 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnaməninin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər X7 və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulmasl və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair 17 iyul 2018-ci il tarixli 2(006)-208/2018 nömrəli qətnamə qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. 17 iyul 2018-ci il tarixli 2(006)-208/2018 nömrəli qətnamə ilə cavabdeh üzərinə qoyulmuş öhdəliklər vaxtında icra edilməmiş və həmin öhdəliklərin ödənilməsi gecikdirilmişdir. 27 may 2022-ci il tarixli arayışa əsasən, 2(006)-208/2018 nömrəli qətnamə ilə X9 öğlunun əsas borc üzrə olan 44509,60 manat, 1 il ərzində 7.75 faiz, 3449.50 uçot dərəcəsi təşkil edir. Belə olan halda qətnamənin qanuni qüvvəsini aldığı tarixdən borcun ödənildiyi 06 may 2022-ci il tarixədək olan 4 il müddətinə nəzərə almaqla borclu X3 İddiaçı ASC-yə 13798 manat borcu yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsiişə əlavə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, həmin sübutları qərəzli tətbiq edərək hüquq normalarına uyğun qiymətləndirməmişdir. Eləcədə məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməli olduğu halda təyin etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 17 iyul 2018-ci il tarixli 2(006)-208/2018 nömrəli qətnamə üzrə banka olan 54875 manat borc kreditorun razılığı əsasında 2022-ci ilin may ayında ipoteka ilə yüklü edilmiş əmlakın notarial qaydada satışından əldə olunmuş vəsait hesabına 06 may 2022-ci il tarixdə bankın hesabına köçürülmüşdür. Buna baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti əsassız olaraq ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lətif Abdıyev sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli 2(103)-534/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, kredit müqaviləsi üzrə 44509,60 manat əsas, 13273,67 manat faiz, müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış 2060,78 manat və dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi kimi 30 manat, cəmi 59874,05 manat borcun tutulması, tutmanın ipoteka predmenti olan ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 335000 manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra boşaldılması qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilmiş, həmin hissədə ipoteka predmetinin ilkin satış qiyməti 360000 manat müəyyən edilmiş qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kreditor İddiaçı ASC tərəfindən təqdim edilmiş 27 may 2022-ci il tarixli arayışdan görünür ki, borcalan X4 7,75 fazi uçot dərəcəsi ilə bir il üçün 3449,50 manat olmaqla qətnamə qəbul edildiyi gündən borc ödənildiyi 06 may 2022-ci il tarixə 13798 manat (4x3449,50) borc hesablanmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 449-cu maddələrinə istinadən iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1. maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə`və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan maddənin mənasına görə, borclu şəxs qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə və başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə yolu ilə özgənin pul vəsaitindən faydalanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu 09 iyul 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1. maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.3. və 449.4. maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1. maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Mülki Məcəllənin 449.1. maddəsinə əsasən iddia irəli sürmüş şəxs, öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetrməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin üzərinə qoyulmuş öhdəliklər vaxtında icra edilməməsi nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1. maddəsində nəzərdə tutulan əsaslarla X3 İddiaçı ASC-yə dörd il müddətində 13798,50 mnanat borcunun yaranmasını iddia etsədə, lakin kreditor baxılan işdə cavabdehin bu cür faydalandığı barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Halbu ki, bundan əvvəldə qeyd olunduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Əksinə işdən müəyyən olunur ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış 17 may 2013-cü il tarixli kredit müqaviləsi təminatlı olmuş və kreditin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 724, ev 7də yerləşən 4 nömrəli mənzil kreditorun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh X3 məhkəmə kollegiyasına təqdim etdiyi İddiaçı ASC-nin X10 müavini Samir İsmayılovun Notariat ofisinə ünvanladığı 29 aprel 2022-ci il tarixli məktubdan isə müəyyən olunur ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış 17 may 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi X1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 724, ev 7-də yerləşən 4 nömrəli mənzil girovda qalmaq şərtilə dövlət reyestrindən arayış (Forma 1) alınmasına, Bakı şəhərinin xüsusi Notariusu tərəfindən alqı-satqının aparılmasına, eyni zamanda 54875 manat məbləğində hissəsinin banka olan borcunun ödənilməsi məqsədilə X5 verilməsinə və mülkiyyətçinin dəyişdirilməsinə etiraz olunmamışdır. Eləcədə təqdim olunmuş pul köçürülməsinə dair 06 may 2022-ci il tarixli 100 nömrəli ödəniş tapşırığından görünür ki, X7 tərəfindən 54875 manat İddiaçı ASC-nin hesabına ödənilmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi 17 may 2013-cü il tarixli kredit müqaviləsi təminatlı olmuş və X3 həmin müqavilə üzrə 54870 mant kredit borcu da ipoteka predmetinin 2022-ci ilin may ayında satışından əldə olunmuş vəsait hesabına ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, sonuncunun hərəkətləri qətnamə çıxarıldıqdan icra olunduğu günədək pul vəsaitini qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirməklə kreditorun pul vəsaitindən faydalanmasnı özlüyündə istisna edir. Ona görə də kollegiya hesab edir ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarılması, işə əlavə edilmiş sübutların tam, hərtərəfli və obyektiv araşdırılmaması, sübutların qərəzli təqiq edilərək hüquq normalarına uyğun qiymətləndirilməməsi barədə apellyasiya şikayətinin dəlili əsaslı hesab oluna bilməz və həmin dəlil məhkəmə qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılrkən prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Kredit müqaviləsi üzrə cavabdehdən 44509,60 manat məbləğin əsaslı və yaxud əsasız olduğunu müəyyənləşdirmək üçün məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etməli olduğu halda təyin etməyərək yekun məhkəmə aktının qəbul etməsi əsassız və qanunsuzdur dəlilinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 17 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcalan X3 əsas borc üzrə kreditora 44509,60 manat borcunun olması Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə görə isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosessində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(062)-1864/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar