Məhkəmə qərarları › İş №2(104)-43/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-43/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-43/2023 01.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Niyazova Səkinə Mirzə qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(066)-53/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 9 faiz olmaqla 180 ay müddətinə 150000 manat kredit verilmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2020-ci il tarixli 4887 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Gəncə Bank” SKB ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2011ci il tarixli 31 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 4/1764 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 57-61ci vərəqələrində olan 27 dekabr 2011-ci il tarixli 31 nömrəli “Kredit müqaviləsi”nin 1-5-ci vərəqlərində “Borcalan” qrafalarında olan imzalar-Cavabdeh tərəfindən icra olunmuş; Mülki işin 134-136-cı vərəqlərində olan 27 iyun 2014-cü il tarixli 31 nömrəli, 30 iyul 2014-cü il tarixli 99 nömrəli, 30 sentyabr 2014-cü il tarixli 79 nömrəli “Xəzinə mədaxil orderlərin”də “İmza” qrafalarında olan imzalar-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli 4/130 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 24-cü vərəqəsində olan 27 dekabr 2011-ci il tarixli 47 nömrəli xəzinə məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasındakı imza ilə 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsində (i.v. 57-61) “Borcalan” qrafalarında olan imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsinə əsasən 126836,97 manat əsas, 39731,47 manat faiz, 309,78 manat cərimə olmaqla, cəmi 166878,22 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsi bağlanmış sonuncuya illik 9 faiz olmaqla 180 ay müddətinə 150000 manat kredit verilmişdir. Bundan sonra Cavabdeh 27 dekabr 2011-ci il traixdə "xxxx"MMC ilə yaşayış sahəsinin alınmasına dair 14 nömrəli müqavilə bağlanmış və sonuncu tərəfindən Gəncə şəhəri Gülüstan qəsəbəsi Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra ikinci binanın birinci mərtəbəsində yerləşən sahəsi 140 kv.m ibarət qeyri yaşayış sahəsi alınmışdır. Bank müqavilə üzrə öhdəlikləri tam icra etsədə, borclu Cavabdeh müqavilə şərtlərini pozmuş və 126836,97 manat əsas, 39731,47 manat faiz, 309,78 manat cərimə olmaqla, cəmi 166878,22 manat borc yaranmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş, lakin Cavabdeh borcu ödəməmişdir.

7. Göygöl Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(066)-53/2020 nömrəli (hakim Q. Abbasov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 126836,97 manat əsas kredit borcu, 39731,47 manat faiz borcu, 03 manat cərimə üzrə borc, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 0.00 manat, cəmi 166571,44 manat məbləğində vəsait və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması; İş üzrə 127 manat ekspertiza xərcinin Cavabdeh Əgər oğlundan tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 müxbir hesaba ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 462.1, 462.3, 466.2.3, 467, 739.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 191.3, 217.4, 216-220, 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, bankla onun arasında bağlanmış kredit müqaviləsi üzrə borcun verilməsinə dair məxaric orderinin əsli yoxdur. Sadəcə tərəflər arasında bağlanmış kredit müqaviləsi var. Eləcə də kredit müqaviləsindəki imza ona məxsus deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları,

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2011-ci ildən əvvəl arvadı İddiaçı ASC-dən kredit götürmüş, lakin öz adına kredit almamışdır. Arvadının adına götürdüyü kreditə görə sonradan ona sənədlərə imza etdirmişlər. 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsi üzrə bank tərəfindən ona pul verilməmiş, eləcədə "xxxx"MMC-dən ona ipotekaya mənzil verilməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmişdir. Kredit dosyesi isə prokurorluğa təhvil verilmişdir. X2 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

25. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

27. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh kredit müqaviləsi üzrə cəmi 166571,44 manatı İddiaçı ASC-nin xeyrinə tutmaqda düzgün nəticəyə gəlməmişdir.

32. İşin halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədə sonuncuya illik 9 faiz olmaqla 180 ay müddətinə 150000 manat kredit verildiyi qeyd olunmuşdur. Müqavilə öhdəliyi barcalan tərəfindən vaxtında və lazımi qaydada yerinə yeterilmədiyindən kreditor hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2020-ci il tarixli 4887 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş İddiaçı SKB ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur. Halbu ki, ekspertiza keçirilərkən Cavabdeh ekspremental imza nümunələri götürülməmişdir. Ekspertiza işin 80-ci vərəqində olan 07 sentyabr 2009-cu il tarixli 67 saylı kredit müqaviləsində olan imza nümunəsi əsasında aparılmışdır.

34. Apellyasiya icraatı zamanı Cavabdeh alınmış sərbəst xətt və imza nümunələri əsasında iş materiallarında olan 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsində “Borcalan”, eləcədə iddiaçı tərəfin təqdim etdiyi 27 iyun 2014 (1522 manat ödəniş), 30 iyun 2014 (1521,40 manat ödəniş) və 30 sentyabr 2014 (1521 manat ödəniş) xəzinə mədaxil orderində “İmza” sözlərinin qarşısındakı imzaların Cavabdeh və ya kənar şəxs (şəxslər) tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün məhkəmə-xətşunaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 4/1764 nömrəli ekspert rəyi ilə mülki işin 57-61-ci vərəqələrində olan 27 dekabr 2011-ci il tarixli 31 nömrəli “Kredit müqaviləsi”nin 1-5-ci vərəqlərində “Borcalan” qrafalarında olan imzalar-Cavabdeh tərəfindən icra olunmuş; Mülki işin 134-136-cı vərəqlərində olan 27 iyun 2014-cü il tarixli 31 nömrəli, 30 iyul 2014-cü il tarixli 99 nömrəli, 30 sentyabr 2014-cü il tarixli 79 nömrəli “Xəzinə mədaxil orderlərin”də “İmza” qrafalarında olan imzalar-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

35. Eləcədə apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsindən daxil olmuş 19 sentyabr 2022-ci il tarixli ********* nömrəli məktubda İddiaçı ASC ilə Cavabdeh oğ lu arasında bağlanmış 27 dekabr 2011-ci il tarixli 31 saylı kredit müqaviləsi üzrə digər sənədlərin istintaqa təqdim edilməsi qeyd olunsada, lakin həmin kredit müqaviləsi üzrə kassa məxaric orderinin təqdim edilmədiyi bildirilmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, məhkəmə-xətşunaslıq ekspertizasi keçirilməklə işin 24-cü vərəqində olan kserosurət kassa məxaric orderindəki alanın imzası qrafasındakı imza ilə işin 57-61-ci vərəqində olan 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsində borcalan sözlərinin qarşısındakı imzaların eyniliyi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli 4/130 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 24-cü vərəqəsində olan 27 dekabr 2011-ci il tarixli 47 nömrəli xəzinə məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasındakı imza ilə 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsində (i.v. 57-61) “Borcalan” qrafalarında olan imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

36. Ekspert rəylərindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsini Cavabdeh imza etsədə, lakin həmin müqavilədə nəzərdə tutulan pulun borcalana verilməsinə dair 27 dekabr 2011-ci il tarixli 47 nömrəli xəzinə məxaric orderinə Cavabdeh imza etməmişdir.

37. Halbu ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. Göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsi bağlansada, lakin həmin müqavilə üzrə 168000 manat (47 nömrəli xəzinə məxaric orderində qeyd olunan məbləğ) borcalana verilməmişdir. Buda öz növbəsində onu qeyd etməyə əsas verir ki, tərəflər arasında bağlanmış 27 dekabr 2011-ci il tarixli 31 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh həmin müqavilə şərtlərinin icrası ilə bağlı kreditor qarşısında öhdəlik daşımır.

38. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə tam əsaslı olduğundan təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(066)-53/2020 nömrəli qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.

39. İşdən müəyyən olunur ki, hazırkı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümümilikdə 375 manat (127+124+124=375) təşkil edir. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 375 manat iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(066)-53/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının ümumi dəyəri 375 manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar