Məhkəmə qərarları › İş №2(104)-432/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-432/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-432/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1807/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pulun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışdır. 2013-cü ildən həmin qəsəbədəki, Mənzil Kommunal İstismar Sahəsində qeydiyyatçı vəzifəsində işləyir. Cavabdeh onunla “sahə nəzarətçisi” olaraq iş yoldaşı olmuşdur. O, 2021-ci ilin may-iyun ayları ərzində ümumilikdə 4200 manat pulu yaxın müddət ərzində qaytarmaq şərtilə ondan borca istəmişdir. Cavabdeh ondan pulları istəyərkən anasının xəstə olmasını bildirmişdir. Ailəsində xəstəsi olduğundan bunun nə qədər çətin hal olduğunu nəzərə alaraq özün də olmasa da qohumlarından və "xxxx" ASCdən hissə-hissə ümumilikdə 4200 manat pulu alaraq cavabdehə borca vermişdir. Cavabdeh isə ona banka olan pulları hər ay özü ödəyəcətini ona bildirmişdir. Lakin, bundan bir neçə gün sonra bankdan ona borcun ödənilməsi barədə bildiriş gəlmişdir. Bu barədə cavabdehə bildirdikdə o yaxın günlərdə pulları ödəməsinə söz versə də ona heç nə qaytarmamışdır. Bu barədə sonradan polisə müraciət etmiş, şikayəti əsasında Bakı şəhəri Qaradağ rayonu RPİ-nin 10-cü Polis Bölməsinə çağırılan Cavabdeh ona olan borcunu etiraf etsə də bu günə kimi olan borcunu ödəməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Ağdam Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, Cavabdeh 4200 (dörd min iki yüz) manatın alınaraq, İddiaçı verilməsi və Cavabdeh 62 (altmış iki) manat dövlət rüsumunun tutulması qət edilmişdir. İşdə olan sübutlar: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin baş təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən və Cavabdeh polis idarəsində verdiyi yazılı izahtından görünür ki, Cavabdeh İddiaçı 4200 manat borcunun olduğunu bildirərək həmin məbləği ilin sonundək qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh polis idarəsində verdiyi yazılı izahtlardan görünür ki, o, İddiaçı 2021-ci ilin aprel və may ayları ərzində 1000, 2700 və 500 manat olmaqla, ümumilikdə 4200 manat borc aldığını bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri. Ağdam Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının iddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri Qaradağ rayonu 10-cu PB-də toplanmış cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı sübut kimi götürmüşdür. İddiaçının Kapital bankdan 4200 manat kredit götürməklə ona verməsini təsdiq edən kredit müqaviləsini nəzərdən keçirməmişdir. Belə ki, Cavabdeh araşdırma zamanı verdiyi izahatında 2500 manat borca pul aldığını qeyd etmiş, həmin məbləğ iddiaçının Kapital Bankdan aldığı 2700 manatlıq kreditin məbləği olmuşdur. Qeyd olunan borcun 1000 manatını araşdırma getdiyi zamanı iddiaçıya ödədiyi üçün cinayət işinin başlanamsı haqqında qərar qəbul edilmişdir. Hazırda iddiaçıya 1500 manat borcu vardır. Məhkəmə hesab edir ki, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında tələb olunan borc cavabdeh tərəfindən etiraf olunduğundan iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə həmin qərarın mətinin həqiqətə uyğun olub olmadığını araşdırmamış, araşdırma materiallarında olan cavabdehin izahatını tələb etməmiş və araşdırmamışdır. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna qeyd olunur və etiraf edən tərəf protokolu imzalayır. Lakin o məhkəmə iclasının protokolunu imzalamamışdır. Məhkəmə iddia tələbinə baxarkən sübut kimi təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın həqiqətə uyğunluğunu araşdırmamıdşır. Yoxlama materialında olan onun izahatını nəzərdən keçirməmişdir. Ağdam Rayon Məhkəməsi qətnamə qəbul edərkən iddiaçının iddia ərizəsində qeyd etdiyi "Kapital bankdan" kredit götürməklə ona verməsi xüsusatını araşdırmamış, kredit müqaviləsini iddiaçıdan tələb etməmişdir. Belə ki, həmin məbləğ iddia tələbində göstərildiyi kimi 4200 manat deyil, faktiki olaraq 2700 manat olmuş, həmin məbləğin 2500 manatı ona borc kimi verilmişdir. Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı: İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, şikayətdə qeyd olunanlar tam yalandır. Cavabdeh özü də ona 4200 manat borclu olduğunu, həmin pulları başqa şəxslərdən və bankdan borca və kreditə götürməyini bilməsini etiraf etmiş və həmin vaxtdan sonrada bu günədək 1 manat da olsa ödəniş etməmişdir. İştirakçılıla bağlı prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizəsində yolun uzaqlığı, məhkəməyə gəlmək üçün maddi imkanının olmaması və səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətini təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1807/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci ilin aprel və may ayları ərzində şifahi qaydada bağlanmış borc müqavilələrinə əsasən iddiaçı cavadbehə 1000, 2700 və 500 manat olmaqla, ümumilikdə 4200 manat borc vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyək aldığı borc pulu iddiaçıya qaytarmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilinə müvafiq olaraq məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri BPİ Qaradağ RPİ-nin 10-cu polis bölməsindən İddiaçı müraciəti əsasında toplanmış HK-1-2795 saylı material sorğu əsasında əldə edilmiş və materialda olan cavadbehə məxsus izahatlar iş materiallarına əlavə edilmişdir. Həmin izahatlarla da cavadbehin 2021-ci ilin aprel və may ayları ərzində iddiaçıdan 1000, 2700 və 500 manat olmaqla, ümumilikdə 4200 manat borc alması öz təsdqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin iddiaçının "Kapital” bankdan kredit götürməklə ona verməsi ilə bağlı xüsusatın araşdırılmaması ilə bağlı şikayətinin dəlilini isə əsassız hesab etmişdir. Belə ki, borc məbləğinin ona verilməsi sübut olunduğundan iddiaçının ona verdiyi pulu haradan əldə etməsinin iş üçün hər hansı bir əhəmiyyəti olmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1807/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmli, Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1807/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1807/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1807/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar