Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-436/2023 26.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-сi il tarixli, 2(062)-2091/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq kredit borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-сi il tarixli, 2(062)-2091/2022 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddianın təmin edilməsi, Cavabdeh 21 iyun 2019-cu il tarixli, GTKR0185386A182 saylı kredit müqaviləsinə əsasən 5128,84 manat əsas, 1084,47 manat faiz olmaqla, cəmi 6213,31 manat borc pulun və dövlət rüsumu hesabına ödənilmiş 82,13 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini və iddia tələbinin ekspertiza rəyinə uyğun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı ASC iddia onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2019-cu il tarixli GTKR0185386A182 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 26,84 faizlə 48 ay müddətinə 9300 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Ona dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 22 iyul 2022-ci il tarixinə cavabdehin iddiaçı təşkilata 21 iyun 2019-cu il tarixli GTKR0185386A182 saylı kredit müqaviləsinə əsasən cəmi 6213,31 manat borcu vardır. Ona görə də 5128,84 manat əsas, 1084,47 manat faiz, cəmi 6213,31 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 82,13 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsasını təşkil etmişdir: - İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 135000/2672 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli, GTKR0185386A182 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5128.84 AZN əsas; 1084.47 AZN faiz; cəmi 6213,31 AZN borcu yaranmışdır. - İş materiallarında olan xx.xx.2019-cu il tarixli, GTKR0185386A182 kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 26,84 faizlə 48 ay müddətinə 9300 manat kredit verilmişdir. - İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh 9300.00 məbləğində kredit verilmişdir - İş materiallarında olan Cavabdeh tərindən verilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, bağlanılmış kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin onun kart hesabına köçürülən əməkhaqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. - İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 16/6978 saylı bildirişin surətindən görünür ki, borclanana kredit müqaviləsinə uyğun ödəniş aparmadığı üçün vaxtı keçmiş borc yaranması bildirilmiş və 1102,39 manat məbləğində gecikmə borcunuzun ödənilməsini 5 təqvim günü ərzində təmin edilməsi tələb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, "xxxx" ASC tərəfindən irəli sürülmüş iddiada qeyd edilən faiz məbləği həddin artıq şişirdilimişdir. Cavabdehin "xxxx" ASC-yə ödədiyi pulların hamısı faiz borcuna silinib. Belə ki, o, 2019-cu ilin iyun ayında 48 ay müddətinə 9300 manat kredit almışdır. Həmin kredit borcunun bir hissəsinin ödəmişdir. Kredit ödənişinin ilk aylarında ödənilən məbləğin çox hissəsinin faiz borcuna çıxıldığını nəzərə alınsa "xxxx" ASC hazırda ondan tələb etdiyi 1084,47 manat faiz borcunun həddindən artıq şişirdilməsinin şahidi olunur. Belə ki, "xxxx" ASC tərəfindən ödənilən məbləğlər bilərəkdən artıq hesablanmış faizlərə silinərək onun əsas kredit borcunun qalmasına gətirib çıxarmışdır. Prosessual məsələlər İddiaçı ASC tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 15/3202 saylı ərizə göndərilərək məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh illik 26.84 faizlə, 48 ay müddətinə 9300.00 manat kredit verməklə üzərinə düşən öhdəlikləri tam içra etmiş, qarşı tərəf isə 5128.84 manat əsas, 1084.47 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, borcla (kredit) bağlı yarandığına görə işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqavilələri iddia tələbi üzrə borcalanın hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Sadalanan bu normalara əsasən kreditorun borc müqaviləsi üzrə borcun ödənilməsi barədə tələb irəli sürmək hüququ vardır və borcalan kredit müqaviləsinin şərtlərini pozduğu üçün yaranmış 5128.84 manat əsas, 1084.47 manat faiz borcu, 82.13 manat dövlət rüsumunu kreditora ödəməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Apellyator şikayətində göstərmişdir ki, Kapital Bank" ASC tərəfindən irəli sürülmüş iddiada qeyd edilən faiz məbləği həddin artıq şişirdilimişdir. Cavabdehin "xxxx" ASC-yə ödədiyi pulların hamısı faiz borcuna silinib. Birinci instansiya məhkəməsi isə həmin halları nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator şikayətinə həmin dəlillərə uyğun sübutlar təqdim etməmişdir. Göründüyü kimi apellyatorun dəlili əsassızdır və yalnız onun formal mülahizəsinə əsaslanır. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-сi il tarixli, 2(062)-2091/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-436/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-436/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver