Məhkəmə qərarları › İş №2(104)-436/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-436/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-436/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(021)-2528/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 04 may 2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcı Cavabdeh müəyyən müddətə nisyə satmış alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi, habelə borcu satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

2. 04 may 2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən və 04 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 449 manat dəyərində 1 ədəd “ARÇELİK A32M4920 4B” markalı televizor "xxxx" MMC-dən qəbul etmişdir.

3. 20 noyabr 2023-cü il tarixli pretenziya məktubundan və ona əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borc barədə xəbərdar olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur.

4. 28 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 may 2021-ci il tarixli müqavilə üzrə 169 manat əsas, 15 manat cərimə olmaqla, cəmi 184 manat borcu yaranmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 169 manat əsas, 15 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 214 manat alınaraq "xxxx" MMC-nəverilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 may 2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, dəyəri 449 manat olan “ARÇELİK A32M4920 4B” markalı televizor satılmışdır. Cavabdeh hər ay ödəniş cədvəli üzrə borcu ödəməyi öhdəsinə götürsədə, müqavilənin şərtlərini pozmuş və xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 faizi miqdarında dəbbə pulu ödənilməlidir. 28 mart 2024-cü il tarixə 1 faizlə hesablanmış cərimə (dəbbə pulu) 15 manat təşkil etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.

7. Bərdə Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(021)-2528/2024 nömrəli (hakim F.Babaşov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi rədd edilməsi; Ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1, 375.2, 385.1, 386.1, 390.1, 405.1, 567, 600 maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4, 216-220, 222, 284-1-284-6, 357, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 04 may 2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin icra müddəti 12 ay müəyyən olunmuşdur. Belə olan halda da hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Eyni zamanda, cavabdeh 2021-ci ilin noyabr ayına kimi müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında icra etmiş və heç bir gecikməsi olmamışdır. Sonuncu 40 manat ödəniş 15 noyabr 2021-ci il tarixdə olmuş və növbəti ödəniş 04 dekabr 2021-ci ildə olmalıdır. Belə olan halda, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu tarix 2024-cü ilin dekabr ayının 5-idir. Hazırki iddia isə, məhkəməyə 04 iyul 2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, 3 illik iddia müddəti ötürülməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

12. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

14. Maddə 372.1. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

16. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

17. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

18. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

19. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

31. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04 may 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış və qeyd olunan müqaviləyə 1 saylı əlavə, eləcədə 04 may 2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 449 manat dəyərində 1 ədəd “ARÇELİK A32M4920 4B”markalı televizoru "xxxx" MMC-dən qəbul etmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə iddia müddətinin keçməsi əsası ilə iddianı təmin etməmişdir.

38. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddianı rədd etməkdə (iddia müddətinin keçməsi əsası ilə) birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Həmin qərarda Mülki Məcəllənin 380-ci maddəsinə şərh verilərkən Konstitusiya Məhkəməsi göstərmişdir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. ... Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

40. Yuxarıda da qeyd olunduğu kimi 04 may 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi 12 ay müddətə bağlanmış və sonuncu ödəniş tarixi 04 may 2022ci il tarix müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2. maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Belə olan halda iddiaçının həmin müqavilədən irəli gələn öhdəliklərin icrasını 04 may 2025-ci il tarixədək tələb etmək hüququ yaranır. "xxxx" MMC isə 04 iyul 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia qaldırılarkən üç illik iddia müddəti keçməmişdir. İşə baxan birrinci instansiya məhkəməsi isə heç bir hüquqi əsas olmadan iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir.

41. 04 may 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirməməsi səbəbindən "xxxx" MMC-yə 169 manat əsas və 15 manat cərimə borcunun yaranması iş materialları ilə təsdiq olunur.

42. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(021)-2528/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı nisyə alqısatqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməli, 04 may 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 169 manat əsas, 15 manat cərimə borcu Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-nə verilməlidir.

43. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 385, 392-393 və 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(021)-2528/2024 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilsin. 04 may 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 169 manat əsas, 15 manat cərimə borcu Cavabdehundan alınıb iddiaçı "xxxx" MMC-nə verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar