Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-438/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin 8 nömrəli Regional Sukanal idarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları AN-İ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi ilə müəyyən olunur ki, satıcılar Cavabdeh1 və Cavabdeh2(hazırki iş üzrə cavabdehlər) alıcı X3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147.4 kv.m olan fərdi yaşayış evini 52.000 manata satmışlar. Satıcılar daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdələrinə götürmüşlər( Müqavilə bənd 11). Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4(dörd) tonluq dəmir su çəninin dəyəri olan 800 manat pulun, 2 ay müddətində evdə yaşadıqları müddət üçün 600 (altı yüz) manat kirayə haqqının və ödənilmiş 36 dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən "Satıcı" adlanan Cavabdeh1 və Cavabdeh2, onlara məxsus olmuş və ünvan 2 fərdi yaşayış evini ona satmışlar. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 fərdi yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Cavabdehlər xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanan zaman müqaviləyə əsasən evi bir ay müddətində ona təhvil verəcəkləri barədə öhdəlik götürmüşlər. Həmçinin şifahi razılaşmaya əsasan evin həyətində yerləşən 4 (dörd) tonluq su çəni ona verilmişdir. Lakin cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında icra etmǝyǝrǝk evi 1 (bir) ay ərzində ona təhvil verməmişlər. Buna görə də cavabdehlərlə aralarında narazılıq yaranmışdır. Cavabdehlər evi ona 18 iyun 2023-cü il tarixdə, yəni müqavilə bağlanıldıqdan 3 ay sonra təhvil vermişlər. Evi təhvil alarkən cavabdehlərlə razılaşdığı kimi onda qalmalı olan 4 (dörd) tonluq dəmir su çəninin həyətdə olmadığını görmüşlər. O, cavabdehlərə su çəninin onda qalacağı ilə bağlı razılaşma olduğunu və dəmir su çəninin geri verilməsini tələb etmişdir. Lakin cavabdehlər onun tələbinə əhəmiyyət verməmişlər və bu günədək su çənini geri qaytarmamışlar. Hazırda 4 (dörd) tonluq dəmir su çəninin bazar dəyəri 800 (səkkiz yüz) manatdır (1 tonluq dəmir su çəninin alınması 200 manatdır). Cavabdehlərə dəfələrlə su çəninin qaytarılmasına və ya dəyərinin verilərək yenisinin alınması barədə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Həmçinin o, xx.xx.2023-cü il tarixdə evi təhvil alarkən Cavabdeh2, onun oğlu X4 və digər şəxslərin iştirakı ilə evdə yerli baxış aktı tərtib etmişlər və iştirakçılar imza etmişlər. Baxış zamanı dəmir su çəninin olmamasını Cavabdeh2 öz imzası ilə təsdiq etmişdir. Su çənin ünvanında olmasını təsdiq edən video çəkiliş, foto və sputnik peyk vasitəsi ilə çəkilmiş foto şəkilləri də vardır. Bundan başqa cavabdehlərlə alğı-satqı müqaviləsi bağlamamışdan əvvəl cavabdehlər ona su sayğacının yararsız olduğunu və evi təhvil verənə qədər təmir etdirəcəklərini və təmirlə bağlı yarana biləcək xərcləri qarışlayacaqlarını bildirmişlər. Lakin cavabdehlər evdə yaşadıqları müddətdə su sayğacı yararsız olduğundan kənar xətdən istifadə etmişlər. Buna görə də "xxxx" ASC tərəfindən cavabdehlərə qanunsuz istifadəyə görə 144 manat məbləğində cərimə məbləği hesablanmışdır. Lakin cavabdehlər həmin borcu ödəmədikləri üçün su sayğacı əvəzlənməyərək su təchizatı bərpa olunmamışdır. Cavabdehlərdən evi təhvil aldıqdan sonra su sayğacının və su təchizatının bərpa olunması üçün "xxxx" ASC-nin Şəmkir rayon idarəsinə müraciət etmişdir. İdarədən 144 manat borcu ödənildikdən sonra su sayğacının əvəzlənəcəyi və su təchizatının bərpa olunacağı ona bildirilmişdir. Cavabdehlər xx.xx.2023-cü il tarixli müqavilənin 10-cu bəndi üzrə üzərlərinə düşən öhdəliklərini icra etməkdən yayınırlar. xx.xx.2023-cü il tarixli 4Ə- 380 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 10-cu bəndində göstərilir ki, "Alıcı”-nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi "Satıcı”-nın üzərinə düşür. Bundan başqa cavabdehlər alğı-satqı müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi vaxtında icra etməyərək evi ona 1 ay müddətində deyil 3 ay müddətində təhvil vermişlər. Cavabdehlər əlavə olaraq 2 ay müddətində evdən qanunsuz istifadə edərək yaşamışlar. Cavabdehlər tərəfindən ona 2 aylıq kirayə haqqı ödənilməldir. Hazırda Şəmkir şəhər ərazisində həyət yanı 3 (üç) otaqlı fərdi yaşayış evinin bir aylıq kirayə haqqı orta hesabla 300 (üç yüz) manat təşkil edir. Cavabdehlərin alğı-satqı müqaviləsi üzrə və digər qaydada üzərlərinə götürdükləri öhdəlikləri icra etməməsi barədə Şəmkir RPŞ-nə yazılı qaydada şikayət vermişdir. Lakin xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunması haqqında qərarla cavabdehlərlə aralarında olan mübahisə mülki xarakterli olması ilə əlaqədar şikayət rədd olunmuşdur. Cavabdeh1 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 20 oktyabr 2015-ci ildən ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2179/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ünvan 2 fərdi yaşayış evindən onun və Cavabdeh2 payı 1/2 hissədə müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən onlara məxsus olmuş və ünvan 2 fərdi yaşayış evini İddiaçı satmışlar və mübahisəli fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Onlar evi satdıqdan sonra Cavabdeh2 3 ay müddətində həmin evdə yaşamışdır. O özü ev satıldıqdan sonra orada yaşamamışdır. Onlar evi satarkən həyətdə onun tərəfindən alınmış 4 tonluq su çəni olmuşdur. Həmin çəni Cavabdeh2 götürmüşdür. Cavabdeh2 iddia tələbinə qəbul etməyərək, izahatında bildirmişdir ki, keçmiş əri Cavabdeh1 ilə birlikdə onlara məxsus olmuş ünvan 2 fərdi yaşayış evini İddiaçı 52.000 manata satmağa razılaşmışlar. Alğı-satqı müqaviləsini Tovuz rayon Asan Xidmət Mərkəzində xx.xx.2023-cü il tarixli, 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirmişlər. O, evi İddiaçı satarkən həyətdə olan su çənini satmağa dair onlar arasında razılaşma olmadığından su çənini iddiaçıya verməmişdir. İddiaçı evi satın aldıqdan sonra onunla aralarında olan razılaşmaya əsasən həmin evdə 3 ay yaşamışdır. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(076)- 768/2024 nömrəli iş üzrə qəbul etdiyi 13 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 və X1 800 (səkkiz yüz) manat dəyərində 4 (dörd) tonluq dəmir su çəni, özü olmadıqda isə onun dəyəri olan 800 (səkkiz yüz) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olmuş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı satarkən evin həyətində yerləşən 4 tonluq dəmir su çəni olmuş, lakin cavabdehlər sonradan evi iddiaçıya təhvil verərkən, həmin su çəni Cavabdeh2 tərəfindən götürülmüş və iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 onlara məxsus fərdi yaşayış evini satarkən iddiaçı ilə aralarında 4 tonluq dəmir su çəninin də ona satılmasına dair hər hansı razılaşma olmadığını göstərmiş olsa da, fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi ilə birlikdə iddiaçıya bütövlükdə satıldığı halda həmin torpaq sahəsində yerləşən, satılan daşınmaz əmlakın bir hissəsini təşkil edən 4 tonluq dəmir su çəninin satılmaması barədə Cavabdeh2 izahatını inandırıcı hesab etmir. Həmçinin, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 11-ci bəndində də alıcının qiymətini bəyənib razılaşdığı vəziyyətdə daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının faktiki sahibliyinə verməyi öhdələrinə götürmələri qeyd olunmuşdur. Məhkəmə Cavabdeh2 izahatı fonunda iddiaçının və onun təqdim etdiyi şahidlərin izahatını daha inandırıcı hesab edir və sübut kimi qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin alğı-satqı müqaviləsindən sonra fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini təhvil verərkən orada yerləşən 4 tonluq dəmir su çənini iddiaçıya təhvil verməmələri kimi hərəkətləri onların iddiaçı qarşısında mülki məsuliyyətin yaranmasına səbəb olan, təqsirli, hüquqazidd əməl kimi qəbul edilməli və mülki hüquq pozuntusu kimi qiymətləndirilməlidir. İddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2 ay müddətində evdə yaşadıqları müddət üçün 600 (altı yüz) manat kirayə haqqı hissəsində məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçıya satıldığı, həmin alğı-satqı müqaviləsində cavabdehlərin 1 ay müddətinə daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə iddiaçının faktiki sahibliyinə verməyi öhdələlərinə götürmələri, buna baxmayaraq 18 iyun 2023-cü il tarixdə, yəni 3 ay sonra iddiaçıya təhvil vermələri müəyyən edilmiş olsa da, məhkəmə hesab edir ki, tərəflər arasında fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlərin həmin evdə müvəqqəti yaşamaları ilə bağlı kirayə müqaviləsi mövcud olmadığından və ya kirayə müqaviləsi ilə bağlı tərəflər arasında hər hansı öhdəliklər yaranmadığından hazırda iddiaçının cavabdehlərdən ona məxsus evdə yaşamaqlarına görə 2 aylıq kirayə haqqını tələb etmək tələbi əsaslı sayıla bilməz. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 568.2, 646.1, 646.2, 675, 1096.1, 1097.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ona aid hissədə dəyişdirilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Ev özgəninkiləşdikdən sonra Cavabdeh2 iddiaçının evində qalmasından, su çənini kimə satmasından, evin kommunal xərcinin yığılmasından, ümumiyyətlə ev satıldıqdan sonra iddiaçı və Raisa Qarayeva ilə bağlı hər hansı məlumatı olmamışdır. İddiaçı məhkəmə zalında bildirmişdir ki, iddia səhv yazılıb. Onun Cavabdeh1dən heç bir şikayəti yoxdur. Cavabdeh2 Su çənini də apardığını etiraf etmişdir. Bu sözlərini də apellyasiya məhkəməsində gəlib təsdiq edə biləcəyini bildirmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçının tələbi qismən təmin edilsə də, iddiaçı qətnaməni mübahisələndirməmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnaməni özünə aid hissədə mübahisələndirildiyindən Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,4 kv.m olan fərdi yaşayış evinə hazırki cavabdehlərin bərabər şəkildə(1/2 hissə) paylı mülkiyyət hüquqları olmuş və sonuncular sözügedən əmlakı iddiaçıya 52.000 manata satmışlar. Tərəflər həmin əmlaka aid olan su çənini də iddiaçıya vermələri barədə öhdəlik götürsələr də, bu öhdəliklərini icra etməmişdirlər. Belə ki, Cavabdeh2 su çənini iddiaçıya satmadıqlarını və bu səbəbdən də su çənini iddiaçıya vermədiyini bildimişdir. Cavabdeh2 göstərdiyi dəlillərə qiymət verildiyini və Məhkəmənin birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Cavabdeh1 apellyasiya şikayətində su çəninin onda olmadığını və Rayisə Qarayevə tərəfindən götürüldüyünü əsas gətirərək ona münasibətdə iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdehin dəlilinə münasibətdə Məhkəmə bildirir ki, iddiaçının tələb etdiyi su çəni cavabdehlərin ümumi mülkiyyətində olan əmlakın ləvazimatı olduğundan və həmin əmlakın satılması nəticəsində iddiaçı tərəfindən ödənilmiş məbləğ cavabdehlərə müştərək qaydada ödənildiyindən, həmin ləvazimatın və ya onun dəyəri olan pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması qanunun tələblərinə zidd olmamışdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-438/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-438/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver