Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-439/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: pul tələbi, sübutetmə yükü Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3287/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə qudası Adil və Şəhla adlı şəxslərə verdiyi borcunu istəyən zaman söyülüb təhqir edildiyi və hədələndiyini bilirmişdir.
2. Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin HK-1/4802 NÖMRƏLİ material üzrə xx.xx.2024-cü il tarixli qərarla iddiaçının hədələnməsinin təsdiq olunmaması və bununla da cinayət hadisəsəsinin olmaması əsası ilə “cinayət işinin başlanılması” rədd edilmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, Gəncə şəhərində yaşayır. İddiaçı müraciəti ilə tanış olmuşdur. Sahilə onun qudasıdır. 2020-ci ildə qızı X2 ailə qurmuşdur. Günayla Elşən ailə qurduqdan sonra bir müdddət Sahiləyə məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonra Sahilə həmin evi satmış və almağa başqa ev axtarmışdır. Ona məxsus ünvan 1, ev 6 ünvanı var. Sahilə evi satan zaman evin 50.000 manatının Elşən və Günayın olduğunu demiş, həmin məbləğə ya ev alınmasını ya da özlərinə götürmələrini demişdir. Sənra Elşən və qızı Günay Sahiləyə, arvadı Şəhlanın adına olan ünvan 1, ev 6 ünvanı olduğunu demişdir. Sonra Sahilə həmin evə baxmış və ev xoşuna gəlmişdir. Həmin vaxt Elşən və Günay evi təmir edib yaşaya biləcəklərini demişlər. 2023-cü ilin may ayında Elşən ona zəng edərək Sahilənin 50.000 manat pul gətirdiyini və həmin pulu onun götürməyini və evi təmir etdirəcəyini bildirmişdir. Həmin vaxt Sahilə və Sahilənin Natəvan qəsəbəsində satdığı evi alan 2 nəfər şəxs yaşadığı evə gəlmişlər. Sahilə yaşadığı evdə olan zaman 50.000 manat pulu ona vermiş və o, həmin pulu saymış və 50.000 manat olduğunu görmüşdür. Sonra pulu səhərə kimi yaşadığı evdə saxlamış və Elşən gəlib evdən həmin pulu hissə-hissə götürmüşdür. Ev təmir olunan zaman təmir üçün olan materialların qiyməti baha olduğu üçün Günay və Elşən əlavə Sahilədən pul istəmişlər. Sahilə də əlavə 3000 manatı yaşadığı evə gətirmiş və pulu o, götürüb saymış və 3000 manatı olduğunu görmüşdür. Evi təmir etdikdən sonra Elşən və Günay həmin evdə yaşamağa başlamışlar. Evin təmiri qutardıqdan sonra Sahilə verdiyi 53.000 manatı qaytarmağını istəyir. Sahilə onlara pul verməmiş, həmin pul varis kimi Elşənə düşən puldur. Elşən işdə gecə növbəsində olduğu üçün ona zəng edərək anası Sahilənin 50.000 manat pul gətirdiyini və pulun evdə qalmasını, sabah götürəcəyini demişdir. O, Elşənin xahişinə görə yaşadığı evdə Sahilədən 50.000 manat pulu ona vermişdir. O, pulu sayıb götürmüşdür ki, səhəri gün Elşənə versin. İddiaçı düzgün məlumat verməmiş, onların həmin evi satmaq fikirləri olmamışdır. Material üzrə araşdırma zamanı izahatı alınmış Şahid1 göstərmişdir ki, Gəncə şəhərində yaşayır. İddiaçı müraciəti ilə tanış olmuşdur. Sahilə onun anası, Adil qaynatası, Şəhla qaynanası, Günay arvadıdır. 2020-ci ildə o, Günayla ailə qurduqdan sonra anası Sahiləyə məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində qalmışlar. Sonra anası Sahilə evi satmışdır. Onlar ev axtarmağa başlamışlar. Qaynatası Adillə söhbət zamanı Adil anası Sahilə ilə danışmaq istədiyini demişdir. Söhbət zamanı Adil anası Sahiləyə demişdir ki, 55000 manatı ver və qaynanası Şəhlanın adına olan ünvan 1, ev 6 ünvanını təmir edək və orda yaşasınlar. Sonra Adil anası Sahiləyə demişdir ki, həmin evi Elşənin adına keçirdərik. 2023-cü ilin may ayında o, Adilə zəng edərək anası Sahilənin 50000 manat pul gətirdiyini, həmin pulu sayıb götürməsini və evi təmir etməyi demişdir. Sonra anası Sahilə pulu Adilə vermişdir, həmin pulla evi təmir edib arvadı Günayla birlikdə yaşamışlar. Ev təmir olunan zaman anası Sahilə qaynanası Şəhla ya“evi nə üçün oğlum Elşənin adına keçirmirsiz” demişdir. Şəhla da anası Sahiləyə ev təmir olunduqdan sonra edərik demişdir. Lakin bu günə qədər ev Şəhlanın adınadır. Material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh2 oxşar izahat verərək əri Cavabdeh1 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 53522 manat (cavabdehlərdə olan 53000 manat, vəkilə ödənilən 322 manat, dövlətə ödənilən 260 manat) pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun oğlu Şahid1 oğulunun qayınatası və qayınanasıdır. Cavabdehlərlə o 2020-ci il tarixdə qohum olmuşdur. Belə ki, oğlu - Şahid1 cavabdehlərin qızı X4 ilə 2020-ci il tarixdə ailə qurmuşlar. Şahid1 və X4 ailə həyatı qurduqdan bir müddət sonra ona məxsus olan Gəncə şəhəri, Natavan qəsəbəsi, ev 1, mənzil 1-də yaşamışdırlar. Oğlu Şahid1 ev almaq və borclarının bir qismini qaytarmaq üçün onların yaşadığı Gəncə şəhəri, Natavan qəsəbəsindəki evini satmışdır. Evi satan dövrdə oğlu Elşən ona bildirmişdi ki, qaynatası Cavabdeh1 onunla danışmaq istəyir. O Adilin təklifi ilə Adilə məxsus evdə görüşmüşdür. Adil, söhbət əsnasında ona bildirmişdi ki, arvadı Cavabdeh2 adına ünvan 4da olan 6 nömrəli ev vardır, həmin evi satdığını, istərsə 55000 manata ona satacağı barədə təklif etmişdi. O, evə baxmış, ev təmirsiz olmasına baxmayaraq xoşuna gəlmişdir. O, Adil və Şəhla ilə evin qiymətini 55000 manata razılaşmışlar. Razılaşmaya əsasən 55000 manatın 50000 manatını Adilin ailə üzvlərinin yanında ona vermişdir. Bir müddətdən sonra Adilə qalmış 5000 borcunun 3000 manat hissəsini Adilə vermişdir. Adil pulu alandan bir neçə gün sonra bildirmişdir ki, ona verilmiş pulun qarşılığında ev təmir olsun və oğlu Şahid1 adına keçirilsin. O, Adilin bu təklifi ilə də razılaşmışdır. Sonradan dəfələrlə evi oğlunun adına keçirtməyi bildirsə də, Adil evi oğlunun adına evin təmirindən sonra keçirdəcəyini bildirmişdir. Hazırda evin təmiri bitməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evi oğlu Şahid1 adına keçirtməkdən yayınırlar. Cavabdehlərin hərəkətinə görə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən ona yazılı qaydada bildirmişlər ki, iş mülki iş olduğundan məhkəməyə müraciət etməlidir. Mülki iş üzrə cavabdehlər ona məxsus əmlakı ələ keçirtməklə əsassız varlanmışlar.
5. Cavabdehlər birinci instansiya məhkəməsində iddia tələbinə etirazla müraciət edərək bildirmişlər ki, İddiaçı qızları X3 qayınanasıdır. Belə ki, qızı 2020-ci ildə iddiaçının oğlu Şahid1lə ailə həyatı qurmuşdur. Bir övladları vardır. Onlar 2023-cü ilin mart ayınadək Şahid1 atasından qalma Gəncə şəhəri, Natavan qəsəbəsi ev 1, mənzil 1-də yaşamışlar. İddiaçı ərizəsində bildirmişdir ki, Natavan qəsəbəsindəki evini satan zaman onlara məxsus olan Azərbaycan bayrağı küçəsi, bina 6, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzili iddiaçıya 55000 manata satmağı təklif etmişlər. Hətta verilən pulun razılığında evi təmir etdirməli, oğlunun adına keçirməyi bildirmişlər. Halbuki, onlar heç vaxt ev satmaq fikrində olmamışlar və onunla bu barədə heç bir razılaşmaları olmamışdır. İddiaçının isə evi satma səbəbi odur ki, 2022-ci ildə iddiaçı evi öz adına sənədləşdirdikdən sonra (ev sənədsiz idi) oğlu Şahid1 bildirmişdir ki, onlarla yaşamaq istəmir, evi satışa çıxarır. Oğlu Şahid1 buna etiraz etmişdir. Çünki iddiaçı, Elşənin anası İddiaçı bundan əvvəl atasından övladına verilən 3 otaqlı bina evini və torpaq sahəsini satmışdır. İddiaçı irəli sürdüyü iddialardan biri də 53000 manatın cavabdehlərə verilməsidir. Halbuki, bu iddia həqiqəti əks etdirmir. Belə ki, İddiaçı oğlu Şahid1 bildirmişdir ki, 73000 manata satdığı mənzilin pulu ilə özü üçün 1 otaqlı mənzil alacaq, 53000 manatı isə oğluna verəcək. Lakin 2 ay pulu verməkdən imtina etmiş və oğluna ev alacağını bildirmişdir. Lakin evlərin qiyməti çox bahalaşdığı üçün münasib yaşayış üçün əlverişli ev ala bilməmişdir. 2023-cü ilin may ayında gecə Şahid1 onlara zəng edərək bildirmişdir ki, anası İddiaçı ona vəd etdiyi pulu qaytarır. Şahid1 isə anası İddiaçı bildirir ki, pulu onların yaşadıqları ünvana versin. Çünki Şahid1 yaşadıqları ev ( Natavan qəs. ev 1, mən.1) satıldıqdan sonra ailəsi ilə birlikdə onlarla yaşamışlar. Elşən onlardan xahiş etmişdir ki, pulu götürsünlər. Çünki həmin gecə Şahid1 bazarda işləyirdi. Ertəsi gün gəlib pulu onlardan götürmüş və xahiş etmişdi ki, onlara məxsus olan Azərbaycan bayrağı küçəsi, bina 6, ev 6 ünvanında olan evi onlara versin, təmir edib yaşasınlar. Onlar da razılaşmışlar. Çünki onların yeganə varisi qızları Məmmədova Günaydır. Şahid1 evi təmir etdirmiş, özləri üçün lazım olan əşyaları almışlar. Hazırda ailəsi ilə birlikdə Azərbaycan bayrağı küçəsi, bina 6, ev 6 ünvanında yaşayırlar.
6. Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 2020-ci il tarixdə X4 ilə ailə qurmuşdur. Bir övladları var. Həmin vaxtdan Gəncə şəhəri, Natavan qəsəbəsi ev 1, mənzil 1-də yaşamışlar. 2022-ci ildə anası İddiaçı evi öz adına sənədləşdirmiş, 2 ay sonra bildirmişdi ki, onlarla yaşamaq istəmir. Evi satıb iddiaçı özü üçün 1 otaqlı ev, onlara isə 50000 manat pul verəcəyini bildirmişdir. Ev 73000 manata satılmış, 50000 manatı onlara verməyi bildirsə də, 2 ay bundan imtina etmişdir. 2 aydan sonra ona bildirmişdir ki, pulu ondan götürsün. Həmin müddətdə o, ailəsi ilə birlikdə qayınatasıgildə yaşayırdı. Gecə bazarda işlədiyinə görə anasına bildirmişdir ki, pulu aparıb yaşadığı ünvana (qaynatasıgilə) versin. Belə də olmuşdu. Evlərin qiyməti çox bahalaşdığı üçün körpə uşaqla bərbad evlərdə yaşamaq istəməmişdir. Həyat yoldaşının (ailənin yeganə övladıdır) valideynlərindən xahiş etmişdir ki, onlara məxsus olan 3 otaqlı mənzillərini onlara versinlər, təmir elətdirib orada yaşasınlar. Onlar da razılaşmışdır. Anası İddiaçı ev alğı-satqısı barədə və 53000 manat pulu qaynatasına verməsi barədə qaldırdığı iddianın heç bir əsası yoxdur. Pul onun razılığı əsasında evə göndərilib. Evi də o, təmir etdirib, evə əşya almışdır. Müəyyən borclarını vermişdir. Bu gün də o, sözügedən evdə ailəsi ilə birlikdə yaşayır. Anasının məqsədinin nə olduğu hələ də ona aydın deyil.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş edərək, əlavə etmişdir ki, ev təmir olunarkən ustalarla heç bir əlaqəsi olmamışdır, cəmi bir dəfə ev təmir olunanda evə getmişdir. Şahid qismində oğlu Elşənin verdiyi ifadələrin hamısı yalandır. Əgər pulu oğlunun özünə verəsi olsaydı, cavabdehlərə yox, onun özünə təqdim edərdi.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, işin halları ilə tam müəyyən olunur və sübuta yetir ki, iddiaçı mülkiyyətində olan özünəməxsus evi 73000 manat məbləğində satmışdır, cavabdehlərin və şahidlərin izahatlarından, həmçinin polis orqanında verilən izahatlardan da görünür ki, iddiaçı özünə iki ay ev axtarmışdır. Cavabdehlər aralarındakı sövdələşməyə riayət etməyərək evi iddiaçının oğlu Elşənin adına keçirtməmiş, öhdəliklərini icra etməmişdir. Cavabdehlər tərəfindən pulun evin təmirinə xərclənməsinə dair heç bir məlumat yoxdur. Tərəflər arasında sövdələşmə baş tutmamışdır.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, bir otaqlı evdə yaşayır, 37 ildir ki, müəllim işləyərək 2015-ci ildə ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzili almışlar. İddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyildir. Onlar heç vaxt ev satmaq fikrində olmamışlar və iddiaçı ilə bu barədə heç bir razılaşmaları olmamışdır. Əgər həmin evi satmaq niyyətləri olsaydı, onu 55000 manata yox, 75000 manata satardı. İddiaçının isə evi satma səbəbi odur ki, 2022-ci ildə iddiaçı atasından qalma sənədi olmayan evi öz adına sənədləşdirdikdən sonra 2023-cü ildə oğlu Şahid1 bildirmişdir ki, onlarla yaşamaq istəmir, evi satışa çıxarır. Bundan əvvəl iddiaçı keçmiş həyat yoldaşından ayrılarkən atasından övladı Elşənə verilən 3 otaqlı bina evini və torpaq sahəsini satmışdır. İddiaçı sonuncu dəfə ünvan 3 də satarkən oğlu Elşən buna narazılığını bildirmişdir, çünki həmin evdə ailəsi ilə birgə yaşayırdı, ev satıldığı təqdirdə ailəsi ilə qalmağa yeri olmayacaqdı. Buna görə də iddiaçı ilə oğlu arasında müəyyən narazılıqlar yaranmışdır. İddiaçı oğlu Elşənə bildirmişdir ki, həmin evi hansı məbləğə satırsa-satsın, varis kimi oğluna 50000 manat verəcək, həmin məbləğə oğlu istəyir ev alsın, istəyirsə də özünə xərcləsin, özünə qalan pulla isə 1 otaqlı ev alacaqdır. Belə ki, iddiaçı evi 73000 manata satmışdır. Evi 2023-cü ilin mart ayında satdıqdan sonra iddiaçı 2 ay pulu özündə saxlamış, pulu oğluna verməkdən imtina etmiş, oğluna ev alacağını bildirərək 2 ay müddətində ev axtarmağa başlamışdı. Lakin evlərin qiyməti çox bahalaşdığı üçün münasib, yaşayış üçün əlverişli ev ala bilməmişdir. Gəncə şəhəri, Natavan qəsəbəsi ev 1, mənzil 1-də yerləşən ev satıldığı üçün iddiaçının oğlu Elşən öz ailəsi ilə birlikdə onların evində yaşayırdı. 2023-cü ilin may ayında gecə Şahid1 onlara zəng edərək bildirmişdir ki, anası İddiaçı ona vəd etdiyi pulu qaytarır. Şahid1 isə həmin gün gecə bazarda işlədiyi üçün anası İddiaçı bildirmişdir ki, pulu onların yaşadıqları ünvana versin. Ertəsi gün iddiaçı ünvan 3 satdıqları adam ilə onların yaşadığı ünvana gələrək oğlu Şahid1 çatacaq 50000 manat məbləğində pulu onlara vermişdir. Səhəri gün Elşən həmin pulu gəlib götürmüş, həmçinin cavabdehlərə bildirmişdir ki, şəhərdə 50000 manata iki otaqlı evlər var, ancaq təmirsizdir, onun da kifayət qədər pulu yoxdur ki, həmin evi təmir etdirsin, uşaqlar həmin təmirsiz evdə tez-tez xəstələnəcəklər, odur ki, cavabdehlər ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzili onun ailəsinə versinlər, həmin 50000 manat vəsaiti evin təmirinə xərcləsinlər. Cavabdehlər də razılaşmışlar. Səhəri gün Elşən usta gətirmiş, evin təmirinə 2023-cü ilin may ayının axırında başlanılmışdır, 4 ay müddətində ev təmir olunmuşdur, ev ən bahalı materiallarla təmir olunubdur və hazırda Elşən ailəsi ilə birlikdə 1 ildir ki, həmin evdə yaşayır. Təmir müddətində iddiaçı daim ustalarla telefon vasitəsilə əlaqə saxlayaraq öz göstərişlərini vermişdir. Elşən və qızı Günay 50000 manatın təmirə xərclənən puldan qalığı ilə özlərinə ev əşyaları (kondisioner, paltaryuyan və s.) almışlar. İddiaçı oğlu Elşənə pulu verəndə məqsədi o olmamışdır ki, həmin pulla ev alsın, məqsəd Elşənə varis qismində düşən pulu onun özünə qaytarmaq olmuşdur. İddiaçının oğlu Elşən hazırda cavabdehlərə məxsus evdə qeydiyyatdadır. İddiaçı özünə götürdüyü 20000 manatı xərcləyib, indi də pulu bitdiyi üçün oğluna verdiyi pulu onlardan tələb edir. O, heç vaxt iddiaçıya söz verməmişdir ki, evi oğlu Elşənin adına keçirəcək.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ustadır, 2023-cü ilin aprel ayının axırlarında Elşən onlara anbardar kimi gəlmişdir. Elşənin yuxusuz olduğunu görüb ondan səbəbini soruşduqda Elşən evi satdığını, ev almaq istədiyini, bir neçə gündür, maşında yatdığını bildirmişdi. O da Elşənə Poçt qəsəbəsində kirayə tutduğu mənzildə yaşadığını, Elşənə də onunla birgə qalmasını təklif etmişdi. Elşən 2023-cü ilin aprel ayının axırlarından iyun ayının ortalarına kimi onun yanında kirayədə yaşamışdır. Ev təmir olunmamışdan qabaq, yəni pul Elşənə verilən ərəfədə Elşən gecə növbəsində işləməmişdir, saat 18-00-dan sonra evdə olmuşdur. İddiaçı ona zəng edərək oğlu Elşənlə birlikdə evlərə baxmağı xahiş etmişdir. Bir neçə evə baxsalar da, həmin evi bəyənməmişlər. Sonda Cavabdeh1 ona zəng edərək özlərinə məxsus ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzilin təmir olunaraq Elşənə verilməsinə, həmçinin evin təmir olunması üçün 8000 manat qiymətinə razılaşmışlar. İşin başlanğıcında Cavabdeh1 ona 3000 manat vermiş, həmçinin işin gedişində santexnik ustasına da 200 manat verilmişdir. Evə üzlük vurulanda Cavabdeh1 pulun qalanını istəsə də, o pulunun kartda olduğunu bəhanə edərək qalan 5000 manat pulu verməkdən imtina etmişdir. Həmçinin Cavabdeh2 ustaların gec işlədiyini, işə gec gəldiyini bəhanə etmişdir, buna görə də aralarında narazılıqlar yaranmışdır. Cavabdehlər onun yanında Elşənə demişlər ki, təxminən 50000-55000 manat məbləğində olan pulu Elşən onlara versin, onlar isə Elşənə evi təmir edib versinlər. Sövdələşmə şənlik evində onunla cavabdehlər arasında olmuşdur. Materialları cavabdehlər, onların qızı və Elşən ilə birlikdə gedib almışlar. Elşən vasitəçi olmuşdur. İddiaçı onlara heç bir pul vəsaiti verməmişdir. Evin təmiri yarımçıq qalmışdır, evin təmirinin 60-70 faizi görülmüşdür, ona təmir müqabilində cəmi 3200 manat pul verilmişdir. Evin tam təmiri üçün lazım olan maksimum məbləğ 18000-20000 manat olmuşdur. Belə bir söhbət olmuşdur ki, cavabdehlər evi Elşənin adına keçirəcəklər.
12. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, iddiaçını və onun keçmiş həyat yoldaşını, həmçinin Elşəni tanıyır. Keçən ilin sentyabr ayında iddiaçı bir “ağsaqqal” kimi ona təklif etmişdir ki, cavabdehlərlə evlə bağlı mübahisə vardır, mübahisəni həll etmək, tövsiyyələrini vermək üçün onların evinə getsinlər. İddiaçı ilə birgə cavabdehlərin evinə getmişlər. Cavabdehlər təsdiq etmişdilər ki, iddiaçıdan həmin pulu almışlar, pulun bir hissəsi müqabilində evi təmir etmişlər, qalan hissəsinə isə ev əşyaları almışlar. Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onu aldadıb, həmin pulu almış, istifadə etmişdir, hara şikayət edir etsin, pulu qaytarmayacaq. Digər Cavabdeh1 da onu təsdiq etmişdir. Mübahisə ona görə yaranmışdı ki, ev niyə Elşənin adına keçirilmir. Cavabdehlər evi Elşənin adına keçirəcəklərinə söz verdiklərini etiraf etmişlər.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, cavabdehlərlə qudadır, iddiaçının keçmiş həyat yoldaşıdır, 2023-cü ilin aprel ayında ev satılıb, pul cavabdehlərə verilib ki, ev alınsın, lakin ev Elşənin adına rəsmiləşdirilmir. Nə pulu, nə də evi cavabdehlərdən geri ala bilmirlər. Hazırda beş adamın – özü, həyat yoldaşı Sahilə, oğlu Elşən, gəlini Günay və nəvəsinin qalmağa yerləri yoxdur. Həmin evdə ailəvi olaraq yaşayacaqdılar. Ev satılana qədər həmin evdə yaşayırdı. Evin alğı-satqısı zamanı orada olmasa da, məsələdən xəbərdar olmuşdur. Sonda evin nəvəsinin adına keçirilməsini təklif etsə də, cavabdehlər buna da razı olmamışlar. Onlar hesab edirdilər ki, ev Elşənin adına rəsmiləşdirilərsə, Sahilə evi satacaqdır. Pulun verilməsində məqsəd ailəvi yaşamaq üçün evin alınması olmuşdur, məqsəd o olmamışdır ki, ev təmir olunsun, əşyalar alınsın. Sahilə cavabdehlərdən niyə onu aldatdıqlarını soruşduqda cavabdeh Şəhla bildirmişdi ki, əgər onu aldatmasaydı, pulu ondan ala bilməyəcəkdi. Həmin ilin iyul-avqust aylarında “Sultan” marketin qarşısında oğlu Elşən və gəlini Günayla görüşmüşdür, gəlini Günaya şəxsən sual ünvanlamışdır ki, nəyə görə evi Elşənin adına rəsmiləşdirmirsiniz. Günay cavabında bildirmişdir ki, 10 günə evin təmiri bitir, ondan sonra evi Elşənin adına rəsmiləşdirəcəklər.
14. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı anasıdır, cavabdehlər isə onun qayınatası və qayınanasıdır. Hazırkı iddianın niyə verildiyini bilmir. Aralarındakı razılığa əsasən anası evin satışından əldə olunan 73000 manat puldan 53000 manatı varis qismində ona vermişdir. 53000 manatı evin təmirinə və evin çatışmayan zəruri əşyalarına xərcləmişdir. Pul verilərkən gecə “Dubay” kafesində işdə olduğundan həmin pulun qayınatası Adilə verilməsini xahiş etmişdir. Səhərisi gün həmin pulu qayınatası Adilin özündən götürmüşdür. Gəncə şəhəri, Natavan qəsəbəsindəki ev satılandan sonra, həmçinin hazırda yaşadıqları ev təmir olunduğu ərəfələrdə həm qayınatasının, həm usta Asifin, həm də atasının yanında qalmışdır. Usta Asifə təmir zamanı pulu həm özü, həm də qayınatası Adil vermişdir, büdcələri bir olmuşdur. Evin onun adına keçirilməsi ilə bağlı söhbət olmayıb. Lakin anası Sahilə ilə qayınanası Şəhla arasında evin nə üçün onun adına keçirilməməsi ilə bağlı mübahisənin olmasından xəbərdardır. Həmçinin polisdə verdiyi izahat ona məxsus deyil.
15. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3287/2024 nömrəli qətnaməsi (hakim Fuad Fərhadov) ilə, iddia tələbi rədd edilmişdir.
16. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1, eləcə də digər cavabdehin məhkəmə iclasında verdikləri izahatlarından, habelə işin digər materiallarından müəyyən edilir ki, Cavabdeh1 2023-cü ilin may ayında kürəkəni Şahid1 xahişi ilə iddiaçının hissə-hissə ona verdiyi 53000 manat məbləğində pulu Şahid1 çatdırmışdır. Şahid1 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində də bu halları, yəni anasının (iddiaçının) ona verməli olduğu 53000 manat məbləğində pulun qaynatası Cavabdeh1 vasitəsi ilə ona çatdırıldığını təsdiq etmiş, həmin məbləğin bir hissəsinə sözügedən evi təmir etdirdiyini, bir hissəsinə ev üçün əşyalar aldığını bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiaçının verdiyi pulu Şahid1 çatdırmaqla iddiaçının tapşırığını da icra etmişdir.
17. Məhkəmə, MPM-in 77.1 və 14.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, sözügedən evin Şahid1 adına alğı-satqı edilməsini tapşırma faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı Cavabdeh1 aralarında olan şifahi tapşırıq müqaviləsi üzrə sözügedən məbləğdə pulun müqabilində digər cavabdehin adına olan evi Şahid1 adına sənədləşdirməsi barədə hər hansı tapşırıq verdiyini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Ümumiyyətlə, başqasının mülkiyyəti barədə belə tapşırığın olması özü-özlüyündə əhəmiyyətsizdir. Həmçinin, sözügedən evin mülkiyyətçisi olan, iş üzrə digər Cavabdeh2 ilə aralarında evin Şahid1 adına sənədləşməsi, ümumiyyətlə hər hansı tapşırıq, alğı-satqı və ya digər öhdəlik münasibətinin olması barədə mötəbər sübutlarını da iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
18. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı şahid ifadələrinə istinad edir. Lakin məhkəmə, iddiaçının təqdim etdiyi və məhkəmənin iclasında dindirilmiş şahidlərin bəzilərinin ifadələrinə tənqidi yanaşaraq onları mötəbər sübut kimi qəbul etmir. Məhkəmə bununla bağlı nəzərə almışdır ki, MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biridir. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə bununla bağlı mövqeyini əsaslandırmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər də MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz. Hakim şahid ifadəsinə tənqidi yanaşmaqla bağlı mövqeyini, həmçinin digər hallarla: şahid ifadələrinin qeyri-səmimiliyi, dolğun olmaması, işə aid olmaması, işdə olan digər sübutlarla zidiyyət təşkil etməsi və sair hallarla əsaslandırmalıdır.
19. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
20. Bütün bu göstərilənləri nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, sözügedən evin təmirində usta işləmiş Şahid3 ifadəsinə ona görə tənqidi yanaşılmalıdır ki, o, ifadəsində evin təmirini cavabdehlərin yarıda saxladığını, onun işindən narazı qaldıqlarını bildirir, bu isə onun cavabdehlərə qarşı qərəzli olmasına əsas verir. Digər Şahid4 isə ifadəsində bildirmişdir ki, iddiaçını və onun keçmiş həyat yoldaşını, həmçinin Elşəni tanıyır. Keçən ilin sentyabr ayında iddiaçı bir “ağsaqqal” kimi ona təklif etmişdir ki, cavabdehlərlə evlə bağlı mübahisə vardır, mübahisəni həll etmək, tövsiyyələrini vermək üçün onların evinə getsinlər. Göründüyü kimi, həmin şahid hadisəni sonradan öyrənmişdir, yəni 2023-cü ilin may ayında, tərəflər arasında yaranan münasibətin birbaşa şahidi olmamışdır. Digər Şahid2 isə iddiaçının keçmiş əridir, iddiaçının keçmiş qohumu kimi onun xeyrinə hərəkət edə bilər və yalnız onun ifadəsi hazırkı iddia tələbinin təmin edilməsi qənaətinə gəlinmək üçün yetərli əsas deyil.
21. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 157.2, 181.4, 385.1, 386.1, 777.1, 779.1 və 1091.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 77.1, 119.1, 194.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
22. Birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hüseyn oğlundan ünvan 1, ev 6 yerləşən mənzilin ona satılması müqalibində 53000 manat pulu onlara verməsini, şahid ifadələri və cavabdehlərin polis şöbəsində və məhkəmədə verdikləri ifadələri ilə sübuta yetirmişdir. Cavabdehlər öz növbəsində həmin pulu Şahid1 vermələri üçün İddiaçı aldıqları barədə məhkəməyə hec bir sübut təqdim etməmişlər. Belə olan halda onlar üzərilərinə vəzifə kimi qoyulmuş MPM-nin 77.1-ci maddəsinin tələblərini yerinə yetirməmişlər. Cavabdehlər heç bir sübut təqdim etmədiklərinə baxmayaraq öz mülahizələrinə uyğun yanaşmış, heç bir sübut və dəlilə istinad etmədən əsasız yekun qərar qəbul etmişdir. İş üzrə cavabdehlər polis şöbəsində ifadə vermiş və ifadələrində pulu götürməklərini etiraf etmişlər. Bundan sonra məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hüseyn oğlundan ünvan 1, ev 6 yerləşən mənzilin ona satılması müqalibində 53.000 manat pulu onlara vermişdir. Cavabdehlər öz növbəsində həmin pulu Şahid1 verməkləri üçün İddiaçı aldıqları barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Məhkəmə iddiaçı tərəfin sübutlarını və dəlilllərini obyektiv, qərəzsiz və hərtərəfli yoxlamamış və qiymət verməmişdir. İş üzrə şahidlər məhkəmə iclasında ifadələr vermiş və həmin ifadələrdən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 vermiş olduğu pul, onlara məxsus ünvan 1, ev 6-cı mənzilin alınması üçün olmuşdur. Şahid ifadələrində İddiaçı həmin pulu verməsinin səbəbi evin alınması olduğu təsdiqini tapmışdır. Həmin şahidllərin qərəzli və yaxud yalan ifadə verməsi barədə cavabdeh tərəfindən heç bir sübut və dəlil təqdim edilməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə sübutları qiymətləndirməmiş və nəticədə yekun məhkəmə aktı qəbul edərkən düzgün nəticəyə gələ bilməmişdir. İş üzrə iddiaçı iddiasında göstərmişdir ki, ev almaq üçün cavabdehlərə 53.000 manat miqdarında pul vermişdir. Onun pulu evin alınması üçün verdiyini şahidlər təsdiq etmişdir. Şahidlər həmin evin alınması üçün 53.000 manatın verilməsini təsdiq etsədə işə baxan məhkəmə həmin sübutları qəbul etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun oğlu Şahid1 oğulunun qayınatası və qayınanasıdır. Özlərinə ev almaq və borclarının bir qismini qaytarmaq üçün yaşadığı Gəncə şəhəri, Natavan qəsəbəsindəki evini satmışdır. Adil, söhbət əsnasında ona bildirmişdir ki, arvadı Cavabdeh2 adına ünvan 4-da olan 6 nömrəli ev vardır, həmin evi satdığını, istərsə 55000 manata ona satacağı barədə təklif etmişdir. O, evə baxmış, ev təmirsiz olmasına baxmayaraq xoşuna gəlmişdir. O, Adil və Şəhla ilə evin qiymətini 55000 manata razılaşmışdır. Razılaşmaya əsasən 55000 manatın 50000 manatını Adilin ailə üzvlərinin yanında Adilə vermişdir. Bir müddətdən sonra Adilə qalmış 5000 borcunun 3000 manat hissəsini Adilə köhnə evini satdığı şəxs 3000 manatını Adilə vermişdir. Adil pulu alandan bir neçə gün sonra bildirmişdir ki, Adilə verilmiş pulun qarşılığında ev təmir olsun və oğlu Şahid1 adına keçirilsin. O, Adilin bu təklifi ilə də razılaşmışdır. Sonradan dəfələrlə evi oğlunun adına keçirtməyi bildirs də, Adil evi oğlunun adına evin təmirindən sonra keçirdəcəyini bildirmişdir. Hazırda evin təmiri bitməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evi oğlu Şahid1 adına keçirtməkdən yayınırlar. Cavabdehlərin hərəkətinə görə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən ona yazılı qaydada bildirmişlər ki, iş mülki iş olduğundan məhkəməyə müraciət etməlidir. Mülki iş üzrə cavabdehlər ona məxsus əmlakını ələ keçirtməklə əsassız varlanmışlar. O evi müqavilə ilə 73.000 manata satmış, 8.500 manat məbləğində olan borclarını qaytarmışdır. Bundan sonra Cavabdeh2 ilə bir yerdə 1 ay ev axtarmışdır ki, alsınlar həmin evə hamısı yaşasın. O Adilin evinə gedərək 50.000 manatı şəxsən Adilə onun yoldaşı Şəhlanın yanında pulu vermişdir. Bundan sonra Adilə 5000 manat borcu qalmış, bir müddət sonra köhnə evi satdığı Etibar adında şəxsin ona 5000 manat borcu qalmışdır. Etibar da 3000 manat həmin puldan Adilə qaytarmışdır. Adilə pulu 3-4 may 2023-cü il tarixdə vermişdir. Apellyasiya şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
25. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə şikayətini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı özünə məxsus evi 73000 manata satmışdır. Həmin pul ilə ev almaq üçün maklerlərlərlə birgə ev axtarmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şahid1la sövdələşməyə girərək, Cavabdeh2 evini İddiaçı 55000 manat qarşılığında satması ilə razılaşmışlar. İddiaçı onlarla razılaşdığından ev almağı üçün ev axtarmağı dayandırmışdır. İddiaçı onların evini almaq məqsədi ilə Adilin evinə getmiş puldan 50000 manat Cavabdeh1 vermişdir. Sahilənin Alğı-satqı üzrə 5000 manat borcu qaldığından alğısatqını həyətə keçirməmişdirlər. Bir necə gündən sonra qalan borcdan 3000 manatını İddiaçı evi satdığı Etibar adında şəxs həmin puldan 3000 manat Cavabdeh1 vermişdir. Cavabdehlər Sahilədən pulu alsa da evi Sahilənin mülkiyyətinə verməmiş və sövdələşməyə uyğun hərəkətə etməmiş, İddiaçı əmlakını ələ keçirmiş və əsasız varlanmışdırlar. Qətnamədə göstərilmişdir ki, İddiaçı 50000 manatı Cavabdeh1 vermiş, bununla da tapşırıq müqaviləsi yaranmışdır. Belə olan halda Sual yaranır, əgər İddiaçı 50000 manatı Cavabdeh1 verməklə tapşırıq vermişdirsə, bəs onda sonrakı 3000 manatı nəyə vermişdir, iş üzrə 3000 manatın hansı səbəbə verilməsi barədə cavabdehlər tərəfindən məhkəməyə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
26. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, kürəkəni Elşən və qızı bir yerdə birinci dəfə avtozavoddan 46000 manata 2 otaqlı ev bəyənib tapmışdılar. Sonra İddiaçı gəldi həmin evə baxdı bəyənmədi, evi almaq fikrindən daşındılar. Sahilə istəyirdi ki, 3-4 otaqlı ev alsın əşyalarını o evə qoysun və özüdə orda yaşasın. Sahilə onun qudasıdır. 2020-ci ildə qızı X2 ailə qurmuşlar. Günayla Elşən ailə qurduqdan sonra bir müddət Sahiləyə məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonra Sahilə həmin evi satmış və almağa başqa ev axtarmışdır. Onlara məxsus ünvan 1, ev 6 ünvanında yoldaşı Cavabdeh2 adına evləri var. Sonra Elşən və qızı Günay Sahiləyə, arvadı Şəhlanın adına olan ünvan 1, ev 6 ünvanı olduğunu demişdir. Sonra Sahilə həmin evə yoldaşı Cavabdeh2 ilə bir yerdə baxmış və ev Sahilə Nəbiyevanın xoşuna gəlmişdir. Kürəkəni Elşən ona zəng edərək anası Sahilənin 50.000 manat pul gətirdiyini və həmin pulu onun götürməyini bildirmişdir. Həmin vaxt Sahilə yaşadığı evdə olan zaman 50.000 manat pulu ona vermiş və o, həmin pulu saymış və 50.000 manat olduğunu görmüşdür. Ev təmir olunan zaman Sahilənin Natəvan qəsəbəsində satdığı evi alan Etibar və onun arvadı yaşadığı evə gəlmişlər. Etibar yaşadığı evdə olan zaman 3000 manat pulu ona vermişdir. Heç özüdə başa düşməmişdir ki Etibar 3000 manatı niyə ona vermişdir. Oda pulu Elşənə vermişdir. Evi təmir etdikdən sonra Elşən və Günay həmin evdə yaşamağa başlamışlar. İddiaçı həmin evə yoldaşı Cavabdeh2 ilə bir yerdə baxmış və ev Sahilə Nəbiyevanın xoşuna gəlmişdir. Bundan sonra 55000 manata razılaşmışlar. Kürəkəni Elşənin zəngi əsasında Sahilənin 50000 manat pulu gətirib onun yaşadığı evdə ona vermişdir. Həmin ev təmir olunarkən Etibar və yanında arvadı o yaşadığı evə gələrək ona 3000 manat vermişdir. Həmin vaxtı evdə onun yanında arvadı Cavabdeh2 olub pulu o özü götürmüşdür. Onların evi təmirsiz vaxtı qiymətini ev alğı-satqısına baxanlar gəlib 75000 manat qiymət qoymuşdular. Təmirdən sonra yenə də ev alğı-satqısına baxanlar 90000-95000 qiymət qoyublar evə. 1995-ci ilin oktyabr ayında arvadı ilə evlənmişlər. 3 otaqlı evi təxminən 2015- 2016-cı illərdə almışlar. Pulu o, götürmüşdür və yoldaşı evdə olmuşdur. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, iddiaçı Sahilə ilə oğlu arasında müəyyən narazılıqlar yaranmışdır. Sahilə oğlu Elşənə bildirmişdir ki, həmin evi hansı məbləğə satırsa-satsın, varis kimi oğluna 50.000 manat verəcək, həmin məbləğə oğlu istəyir ev alsın, istəyirsə də özünə xərcləsin, özünə qalan pulla isə 1 otaqlı ev alacaqdır. Belə ki, iddiaçı evi 73.000 manata satmışdır. Evi 2023-cü ilin mart ayında satdıqdan sonra iddiaçı 1 ay müddətində ev axtarmağa başlamışdır. Lakin, evlərin qiyməti çox bahalaşdığı üçün münasib, yaşayış üçün əlverişli ev ala bilməmişdir. Gəncə şəhəri, Natavan qəsəbəsi ev 1, mənzil 1-də yerləşən ev satıldığı üçün iddiaçının oğlu Elşən öz ailəsi ilə birlikdə onların evində yaşayırdı. 2023-cü ilin may ayında gecə Şahid1 əri Adilə zəng edərək bildirmişdir ki, anası İddiaçı 50.000 manat pulu gətirib verəcək sizə, 50.000 manat məbləğində pulu Sahilə gətirmiş və onların evində əri Adilə vermişdir. Onlar da həmin 50.000 manatı ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzilin təmirinə xərcləmişlər. Səhəri gün Elşən usta gətirmiş, evin təmirinə 2023-cü ilin may ayının axırında başlanılmışdır, 4 ay müddətində ev təmir olunmuşdur, ev ən bahalı materiallarla təmir olunubdur və hazırda Elşən ailəsi ilə birlikdə 1 ildir ki, həmin evdə yaşayırlar. İddiaçı evi satanda borcları varıydı onu qaytarmış və oğlu Elşənə maşın almışdır. Onun adına olan evə onunla bir yerdə baxmış və ev Sahilə Nəbiyevanın xoşuna gəlmiş və evi almaq qərarına gəlmişdir. Həmin 3 otaqlı evi 2015-ci ildə birgə nikah dövründə 47000 manata mənim adıma alğı-satqı ilə almışlar. Birinci dəfə İddiaçı 50000 manatı gətirib onların yaşadıqları evdə əri Cavabdeh1 verib, 1 ay sonra Etibar adında şəxs arvadı ilə bir yerdə gətirib əri Cavabdeh1 3000 manat pul vermişlər. Sahilə 50000 manatı 27-28 may 2023-cü il tarixdə Adilə vermişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
29. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
35. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
48. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
53. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
55. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
56. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının oğlu Şahid1 qayınatası və qayınanasıdır. İddiaçının oğlu Şahid1 və X4 nikha girdikdən bir müddət sonra ona məxsus olan Gəncə şəhəri, Natavan qəsəbəsi, ev 1, mənzil 1-də yaşamışdırlar. İddiaçı özünə yeni ev almaq və digər şəxslərə olan borclarını qaytarmaq üçün Gəncə şəhəri, Natavan qəsəbəsindəki evini 73000 manata satmışdır.
57. İddiaçı 3-4 otaqlı ev almaq istəmişdir ki, özüdə həmin evdə yaşasın. Bu hal Cavabdeh1 tərəfindən məhkəməyə bildirilmişdir. Bundan sonra bir müddət ev almaq üçün axtarışlar nəticə verməmiş, nəticədə iddiaçı qudalarına məxsus ünvan 1, ev 6 ünvanında yerləşən mənzilə baxış keçirdərək bəyənmişdir.
58. Eyni zamanda müəyyən edilmişdir ki, ünvan 1, ev 6 ünvanında yerləşən mənzil cavabdehlər tərəfindən Cavabdeh2 adına 2015-2016-cı illərdə satın alınmış və həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır. Belə ki, cavabdehlərin izahatı ilə müəyyən edilmişdir ki, onlar 1995-ci ilin oktyabr ayında evlənmişlər.
59. ünvan 1, ev 6 ünvanında yerləşən mənzil iddiaçı tərəfindən bəyənildikdən sonra 2023-cü ilin may ayında cavabdehlərin evində iddiaçı tərəfindən 50000 manat pul cavabdehlərin iştirakı ilə Cavabdeh1 verilmişdir. Bir müddət sonra isə iddiaçıya məxsus evi satın almış Etibar adlı şəxs daha 3000 manat pulu Cavabdeh1 vermişdir. ünvan 1, ev 6 ünvanında yerləşən mənzil təmir olunmuş və hazırda iddiaçının oğlu arvadı və uşağı ilə həmin mənzildə yaşayırlar.
60. Məhkəmə tərəfindən müəyyən edilmiş qeyd edilən hallar işin mübahisəsiz halı olmaqla proses iştirakçıları tərəfindən mübahisələndirilmir.
61. İşin mübahisəli halları iddiaçının ünvan 1, ev 6 ünvanında yerləşən mənzilin satın alınması üçün 53000 manat pul verdiyi, cavabdehlərin isə onlar arasında mənzilin satışı ilə bağlı razılığın olmaması və verilmiş pulun iddiaçı tərəfindən oğluna bağışlaması iddialarından ibarətdir.
62. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, sözügedən evin Şahid1 adına alğı-satqı edilməsini tapşırma faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı Cavabdeh1 aralarında olan şifahi tapşırıq müqaviləsi üzrə sözügedən məbləğdə pulun müqabilində digər cavabdehin adına olan evi Şahid1 adına sənədləşdirməsi barədə hər hansı tapşırıq verdiyini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Ümumiyyətlə, başqasının mülkiyyəti barədə belə tapşırığın olması özüözlüyündə əhəmiyyətsizdir. Həmçinin, sözügedən evin mülkiyyətçisi olan, iş üzrə digər Cavabdeh2 ilə aralarında evin Şahid1 adına sənədləşməsi, ümumiyyətlə hər hansı tapşırıq, alğı-satqı və ya digər öhdəlik münasibətinin olması barədə mötəbər sübutlarını da iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
63. Məhkəmə sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
64. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
65. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
66. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
67. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
68. Hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun hansı məqsədlə verilməsi isə cavabdehlər sübut etməlidir. Belə ki, cavabdehlər verilmiş 53000 manat pulu onlara evin dəyəri olaraq verilmədiyini və 53000 manat pulun iddiaçı tərəfindən oğluna bağışlandığı, onlara verilmiş 53000 manat pulu Elşənə verdiklərini iddia edirlər ki, bu halları sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür.
69. İddiaçının iddia tələbindən və məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, borclarını bağlamaq və özünə yeni mənzil almaq üçün yaşadığı mənzili satmış və Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 6 nömrəli evi almaq istəmişdir. Belə ki, həmin zaman evin alınmasını və bunun üçün də alğı-satqı yolu ilə onun adına rəsmiləşdirilməsini istəmişdir. Mübahisə predmeti olan əmlakı 55.000 manata razılaşmışlar və 53.000 manat pulu vermiş, hazırda isə 2000 manat borcu qalmışdır. Lakin, 53.000 manat pulu verdikdən sonra alğı-satqı müqaviləsi bağlanmamışdır.
70. İddiaçının 53000 manat pulu oğluna bağışlamadığı, əksinə ev almaq niyyətində olduğu Cavabdeh1 izahatı ilə təsdiq olunur. Belə ki, cavabdeh məhkəmə iclasında izahatında bilrimişdir ki, kürəkəni və qızının 46000 manata tapdıqları 2 ataqlı evi iddiaçı bəyənməmişdir. Bunun səbəbi isə iddiaçının 3-4 otaqlı ev axtarması olmuşdur ki, əşyalarını qoysun və özüdə orada yaşasın.
71. Göründüyü kimi Cavabdeh1 verdiyi izahatlarla iddiaçının haqlı olduğunu və 53000 manat pulu məhz evin alınması ilə bağlı verildiyini dolayısı ilə etiraf edir. Belə ki, iddiaçı 73000 manata evini satmış 8500 manat borclarına verdikdən sonra 64500 manat pulu qalmış, bu puldan da 53000 manatı oğluna bağışlayacağı təqdirdə özünə 11500 manat pulu qalmış olur ki, həmin pula isə Gəncə şəhərində 1 otaqlı mənzilin alınması belə mümkün deyildir.
72. Cavabdeh1 izahatında müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçı oğlu və onun ailəsi ilə yaşamaq üçün 3-4 otaqlı evin axtarışında olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı yaşamaq üçün ev axtarışında olmuş və onun oğluna pul bağışlamaq niyyəti olmamışdır.
73. Məhkəmə qeyd edir ki, cavabdehlər məhkəmə iclasında verdiyi izahatda iddiaçıdan 53.000 manat məbləğdə pul almasını etiraf edirlər. Belə ki, ilk növbədə 50.000 manat məbləğində pulu, daha sonra isə 3.000 manat məbləğində pulu almışlar. Bununla yanaşı Cavabdeh1 həmin pulları iddiaçının oğlu və onun kürəkəni olan Elşənin yaşadığı mənzilin təmirinə sərf edildiyini və hətta buna görə mənzilin bazar dəyərinin də yüksəldiyini bildirir. Lakin, sonuncular ünvan 4 ünvanda yerləşən 6 nömrəli evi alğı-satqı yolu ilə satmamış və mübahisə predmeti olan əmlak iddiaçının mülkiyyətinə keçməmişdir.
74. Eyni zamanda, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda, ilk növbədə iddiaçı tərəfindən verilmiş 50.000 manat pulu kürəkəni Elşənə vermək üçün evdə servanta qoyduğunu, lakin daha sonra izahatında isə kürəkəni ona “sizin ev xoşuma gəlir. İstəyirəm ki, sizin evi təmir edib ora köçüm” demişdir.
75. Göründüyü kimi, Cavabdeh1 izahatları biri-birinə ziddiyətli olsa da bildirdikləri 53000 manat pulun ona evin alınması məqsədi ilə verildiyini təsdiq edir. Belə ki, o, 50000 manatı iddiaçının oğluna vermək üçün ona verildiyi iddia etsə də bu halı sübut edə bilməmişdir. Əksinə bir müddət sonra iddiaçının evini satdığı Etibar adlı şəxsin də 3000 manatın ona verməsi bir daha təsdiq edir ki, pul cavabdehə iddiaçının oğluna veriməsi üçün deyil onun özünə verilmişdir. 3000 manatı cavabdehə verən Etibar cavabdehin dediyi kimi olsaydı pul iddiaçının oğluna və ya iddiaçıya verə bilərdi.
76. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
77. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
78. Göründüyü kimi, cavabdeh (Cavabdeh1) bir-biri ilə əlaqəli olmayan ziddiyyətli izahatlar vermiş, əslində pulun kürəkəni Elşənə verilməsi görüntüsü yaratmaqla, əsil niyyətlərinin kürəkəni ilə birlikdə iddiaçıdan pulu alaraq öz mülkiyyətlərində olan evin təmirinə sərf edilməsini istəmişlər. Daha sonra isə kürəkənin (iddiaçının oğlu Elşənin) həmin evdə yaşamaq istədiyini, artıq yeni evin alınmasına ehtiyac olmadıqlarını bildirmişlər.
79. Məsələ ilə bağlı cavabdehlərin təqdim etdiyi izahatlar göstərir ki, iddiaçının oğlu Elşən bu prosesdə bilavasitə iştirak edib.
80. Belə ki, Cavabdeh1 izahatında qeyd edir ki, Elşən ona “sizin ev xoşuma gəlir, istəyirəm ki, evi təmir edib ora köçüm” deyib. Digər cavabdeh isə bildirir ki, pulu iddiaçının oğlunun yaşadığı mənzilin təmirinə xərcləyib.
81. Bu hallar göstərir ki, iddiaçının oğlu Elşən cavabdehlərlə birlikdə hərəkət edərək iddiaçının əmlak almaq üçün verdiyi puldan qanunsuz istifadə ediblər. Əgər, cavabdehlər həqiqətən də evi satmaq fikrində olsaydılar, alğı-satqı müqaviləsi bağlanardı və mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçərdi. Lakin, bu baş verməmiş və cavabdehlər müxtəlif bəhanələrlə pulu qaytarmamağa çalışmışlar.
82. Bu ziddiyyətli ifadələr cavabdehlərin məqsədinin iddiaçıya əmlakı satmaq deyil, onu aldatmaq olduğunu göstərir. Onlar ilkin olaraq iddiaçının inamından sui-istifadə edərək evin satılacağına inandırıb, lakin sonradan müxtəlif bəhanələrlə pulu geri qaytarmamaq üçün fərqli izahatlar veriblər.
83. İddiaçı ilə cavabdehlər arasında 55.000 manat dəyərində əmlakın alğı-satqısı barədə razılaşma olmuş və iddiaçı bunun üçün 53.000 manat ödəmişdir. Hətta cavabdehlər məhkəmə iclasında da bu məbləği aldıqlarını etiraf etmişlər. Bu isə o deməkdir ki, iddiaçı pul vəsaitini əmlakın alınması məqsədilə vermiş və yalnız tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır.
84. Birinci instansiyası məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd edilməlidir ki, şahid işin nəticəsində marağı olmayan və iş üçün əhəmiyyət kəsb edən hallar barədə məhkəməyə məlumat verən şəxsdir.
85. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının oğlu və cavabdehin kürəkəni Şahid1 polis orqanlarında verdiyi izahatla məhkəmə araşdırması zamanı verdiyi ifadə biribirinə ziddir. Belə ki, polis orqanlarına verdiyi izahatında iddiaçının, məhkəmədə verdiyi ifadəsində isə cavabdehlərin dediklərinə uyğun məlumatlar vermişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının oğlu işin nəticsində maraqlıdır və hazırda ailəsi ilə mübahisə predmeti olan mənzildə yaşadığından cavabdehlərin mənafeyinə ifadə verməsi labüddü. Bu səbəbdən də Elşənin ifadəsini məhkəmə sübut qismində qəbul etmir və onun ifadəsi əsasında hazırki mübahisə həll oluna bilməz.
86. Məhkəmə, digər Şahid3 ifadəsini sübut qismində qəbul edir və birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, şahid mübahisəli mənzildə usta işlədiyini, pulun ona Cavabdeh1 tərəfindən verildiyini və Elşənin ev təmir olunmamışdan qabaq, yəni pul Elşənə verilən ərəfədə Elşənin gecə növbəsində işləməməsini, saat 18-00-dan sonra evdə olduğunu bildirmişdir. Şahidin bildirdikləri bu halların mötəbər olmamasına dair cavabdehlər tərəfindən irad bildirirlməmişdir. Şahidin evin Elşənin adına keçiriləcəyi ilə bağlı bildirdikləri isə cavabdeh Adil Məmədovun məhkəmə iclasında veridiyi izahatı ilə təsdiq olunduğundan şahidin ifadəsinə inanılmaması üçün əsaslar yoxdur. Belə ki, cavabdeh izahatında iddiaçının özünün yaşaması və əşyalarının yığılması üçün 3-4 otaqlı ev axtardığını bildirmişdir.
87. Şahid3, “Cavabdeh1 pulun verildiyi zaman Elşənin gecə növbəsində işləməməsi” barədə ifadəsini təkzib edən hal mövcud olmamaqla yanaşı bu hal Elşənin, Cavabdeh1 zəng edərək anasının ona vəd edilmiş pulun Cavabdeh1 tərəfindən götürməsinə və sonradan ona verməsi ilə bağlı cavabdeh tərəfin dəlillərini təkzib edir. Bu hal isə onu deməyə bir daha əsas verir ki, iddiaçının cavabdehlərlə razılaşması məhz mənzilin alğısatqısı ilə bağlı olmuşdur.
88. Digər Şahid2 ifadəsinə münasibətdə qeyd olunmalıdır ki, şahid iddiaçının əri olmuş və Elşənin atasıdır. O, cavabdehlərlə olan hər hansı anlaşmalarda iştirak etməmiş və onun başqalarının bildirdiklərindən verdiyi məlumatlar işin həllində sübut qismində qəbul oluna bilməz.
89. Digər Şahid4 ifadəsində bildirmişdir ki, iddiaçını və onun keçmiş həyat yoldaşını, həmçinin Elşəni tanıyır. Keçən ilin sentyabr ayında iddiaçı bir “ağsaqqal” kimi ona təklif etmişdir ki, cavabdehlərlə evlə bağlı mübahisə vardır, mübahisəni həll etmək, tövsiyyələrini vermək üçün onların evinə getsinlər. İddiaçı ilə birgə cavabdehlərin evinə getmişlər. Cavabdehlər təsdiq etmişdilər ki, iddiaçıdan həmin pulu almışlar, pulun bir hissəsi müqabilində evi təmir etmişlər, qalan hissəsinə isə ev əşyaları almışlar.
90. Şahidin bildirdikləri cavabdehlər tərəfindən işin qəbul olunan hallarıdır və şahidin “Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onu aldadıb, həmin pulu almış, istifadə etmişdir, hara şikayət edir etsin, pulu qaytarmayacaq. Digər Cavabdeh1 da onu təsdiq etmişdir. Mübahisə ona görə yaranmışdı ki, ev niyə Elşənin adına keçirilmir. Cavabdehlər evi Elşənin adına keçirəcəklərinə söz verdiklərini etiraf etmişlər” deməsi işin halları ilə uyğunluq təşkil etdiyindən məhkəmə şahidin ifadəsini sübut kimi qəbul edir.
91. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı evini satdlqdan sonra özünündə yaşaması üçün ev axtarmış və ilkin olaraq 50000 manat və daha sonra 3000 manat pulun Cavabdeh1 verilməsi bir daha təsdiq edir ki, tərəflər arasında cavabdehlərə məxsus evin iddiaçıya və ya onun oğluna satılması ilə bağlı razılaşma olmuş, iddiaçı razılaşmaya uysada cavabdehlər sonuncunun etibarından suiistifadə etmişlər.
92. Qeyd olunmalıdır ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
93. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).
94. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır ki, daşınmaz əmlakın alğısatqısına dair müqavilənin notarial qaydada bağlanması qanunvericiliyin tələbidir və əqdin qanunvericiliklə müəyyən olunmuş formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur.
95. Tərəflər arasında şifahi bağlanmış alğı-satqı müqaviləsi qanunveiciliyin tələblərinə zidd olduğundan etibarsız əqddir ki, Azərbaycan Republikası Mülki Mücəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
96. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlər arasında Cavabdeh1la birgə nikah dövründə Cavabdeh2 adına satın alınmış ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzilin alğı-satqısı ilə bağlı şifahi münasibətlər formalaşsa da tərəflər arasında qanunvericiliyin tələbləri baxımından notarial qaydada alğı-satqı müqaviləsi bağlanmadığından tərəflərin şifahi razılaşmasına dair şifahi əqd etibarsız olmuşdur.
97. Etibarsız əqdin nəticəsində isə cavabdehlər əsassız varlanmışlar və özlərinin də etiraf etdikləri kimi əmlaklarının dəyəri təmirdən sonra artmışdır.
98. Məhkəmə hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak (pul) əldə etmə ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.
99. Məhkəmənin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
100. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 101.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
102. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmasın. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
103. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı borclarını ödəmək və yeni mənzil almaq üçün mülkiyyətində olan mənzili 73000 manata sataraq, cavabdehlərə ümumilikdə 53.000 manat vermiş, lakin sonradan cavabdehlər alğı-satqı müqaviləsinin bağlanmasından yayınmış və cavabdehlər tərəfindən götürülmüş 53.000 manat məbləğində pul geri qaytarılmamış, nəticədə isə iddiaçıya maddi ziyan dəymişdir. Buna görə də cavabdehlər iddiaçıya məxsus pulu qaytarmamaqla əsassız varlanmışdır.
104. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir.
105. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.
106. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
107. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
108. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
109. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
110. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur.
111. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
112. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır.
113. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır.
114. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
115. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir illik kəsiçi müddəti ərzində irəli sürülə bilər.
116. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddətin kəsiçi və ya iddia müddətinin olması ilə bağlı qeyri-müəyyənliyə B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli Qərarında aydınlıq gətirilmişdir.
117. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.
118. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.
119. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
120. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
121. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad olunan qərarında ifadə etdiyi hüquqi mövqeyə əsaslanan hazırki məhkəmə qeyd edir ki, iddiaçının bildirdiklərinə görə iddiaçı 50000 manat məbləğində pulu Cavabdeh1 3-4 may 2023-cü il tarixdə vermişdir. Lakin Cavabdeh2 pulun verilməsinin ilk dəfə 27-28 may 2023-cü il tarixdə baş vediyini məhkəmə iclasında bildirmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
122. Belə olan halda iddiaçı əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı kəsiçi müddəti ötürməmişdir.
123. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
124. MPM-nin 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edilərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
125. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
126. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
127. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
128. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
129. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
130. 53000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı 50000 manat pulu cavabdehlərin yaşadığı evdə hər ikisi evdə və bir yerdə olduğu zaman Cavabdeh1 vermişdir. Eyni zamanda müəyyən edildiyi kimi, mübahisə predmeti olan mənzil cavabdehlərin birgə nikah dövründə Cavabdeh2 adına satın alınmış və iddiaçı ilə evin satılması ilə bağlı hər iki cavabdehin razılaşması mövcud olmuşdur. Bu səbəbdən də pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
131. İş üzrə prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə 260 manat dövlət rüsumu ödəmiş və həmin pulu cavabdehlərdən tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş 260 manat dövlət rüsumu cavabdehlərdən iddiaçıların xeyrinə ödənilməlidir.
132. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
133. Məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 322 manat pulun cavabdehlərdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
134. İş materiallarında vəkilə hüquqi xidmətlərin göstərilməsi üçün 322 manat pulun ödənilməsini təsdiq edən sübut mövcud olmadığından həmin vəsait cavabdehlərdən tutulmamalıdır.
135. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilə bilər.
136. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3287/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 53.000 (əlli üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 260 (iki yüz altmış) manat olmaqla, cəmi 53.260 (əlli üç min iki yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.