Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-440/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkməsinin 23 may 2022-ci il tarixli, 2(042)-403/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21500 ABŞ dolları borc məbləğinin, vəkilə ödənilmiş 1905 manat və dövlət rüsumu üçün ödənilmiş 200 manat olmaqla, cəmi 21500 ABŞ dolları və 2105 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X1 vətəndaşıdır. 2019-cu ilin əvvəllərində Bakı şəhərinə gəldiyi zaman Azərbaycan Respublikası vətəndaşı Cavabdeh ilə tanış olmuş və qısa vaxt ərzində aralarında yoldaşlıq münasibəti yaranmışdır. O Cavabdehla onun istifadə etdiyi ***-***-**-** nömrəsi ilə həm zənglər həm də Whatsapp proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Cavabdeh ona bildirmişdir ki, biznes fəaliyyəti ilə məşğul olmaq üçün ona pul lazımdır. 13 aprel 2019-cu il tarixdə öz imzası ilə təsdiq etdiyi əlyazma vərəqdə olan qeyd əsasında Cavabdeh ilkin olaraq ondan 5000 (beş min) ABŞ dolları, daha sonra isə 7500 ABŞ dolları almışdır. 5 oktyabr 2019-cu ilə qədər Cavabdeh cəmi 12500 ABŞ dolları pul ödəmişdir. 22 oktyabr 2019-cu ildə Cavabdeh Gürcüstandan mal alınması üçün 5500 dollar istəmiş və o da 5500 ABŞ dolları ona vermişdir. Nəticə etibarı ilə bu dövrə qədər verdiyi pulların ümumi məbləği 18000 ABŞ dolları etmişdir. Qarşılıqlı razılıq əsasında 01 noyabr 2019-cu il tarixdə Cavabdeh bir ildən sonra qaytarması şərti ilə 18000 ABŞ dolları pul verdiyini təsdiq edən əlyazma sənəd yazmışlar və və Cavabdeh bunu öz imzası ilə təsdiq etmişdir. Bundan bir müddət sonra Cavabdeh yenə pul lazım olduğunu demiş və 02 iyul 2020-ci il tarixdə ona pul köçürmə xidməti vasitəsi ilə 3500 ABŞ dolları pul göndərmişdir. Qeyd etmək istəyir ki, 29 aprel 2019-cu ildə Cavabdeh ona 55 ABŞ dolları, 04 oktyabr 2019-cu ildə 400 dollar, 07 oktyabr 2019-cu ildə 200 dollar pul göndərmişdir. 13 iyun 2021-ci il tarixdə Cavabdeh ilə əlaqəsi kəsilmiş, onu görə bilməmiş, telefon nömrəsinə zəng etdikdə isə nömrənin təyin edilmədiyi bildirimişdir. Hazırda Cavabdeh Rafıq oğlunun iddiaçıya qaytarmalı olduğu məbləğ 21500 (iyirmi bir min beş yüz) ABŞ dollarıdır və bu günə qədər ona qaytarmamışdır. Gədəbəy Rayon Məhkməsinin 23 may 2022-ci il tarixli, 2(042)-403/2022 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin təmin edilərək, Cavabdeh 21500 ABŞ dolları məbləğində borcun, vəkil xərci olaraq 1905 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 200 manat olmaqla, cəmi 21500 ABŞ dollarının ödəniş gününə manata olan məzənnə ilə və 2105 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sübutlar: Ödəniş təyinatları “587MUQAVİLE” olan “eManat” terminal qəbzlərindən görünür ki, ******************** nömrəli hesaba 1910 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh tərəfindən verilmiş 01 noyabr 2019-cu il tarixli, yazılı iltizamın tərcüməsindən görünür ki, Cavabdeh biznes məqsədilə borc olaraq BƏƏ vətəndaşı İddiaçı 18000 ABŞ dolları aldığını və bir il müddətində qeyd edilən borcu qaytaracağını, bundan əlavə əldə etdiyi mənfəətdən 50 faiz də ödəyəcəyini bildirmişdir. Cavabdeh tərəfindən verilmiş 13 aprel 2019-cu il tarixli, yazılı iltizamın tərcüməsindən görünür ki, Cavabdeh borc olaraq Dubay vətəndaşından İddiaçı 5000 ABŞ dolları aldığını bildirmişdir. 02 iyun 2020-ci il tarixli “X2” pul köçürülməsi barədə qəbzin tərcüməsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 3500 ABŞ dolları məbləğində pul köçürülmüşdür. “WhatsApp” proqramı vasitəsi ilə İddiaçı ilə Cavabdeh arasında aparılmış yazışmaların tərcüməsindən görünür ki, tərəflər arasında şərikli ticarət fəaliyyəti ilə məşğul olmaq üçün mağazasının açılması barədə və həmin mağazanın açılması məqsədi ilə İddiaçı müxtəlif vaxtlarda, 12500 ABŞ dollarının, 5500 ABŞ dollarının və 3500 ABŞ dollarının Cavabdeh göndərilməsi barədə yazışmalar aparılmışdır. Apellyasiya şikayətinin dəlilləri. Gədəbəy Rayon Məhkməsinin 23 may 2022-ci il tarixli, 2(042)-403/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(042)-403/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçı tərəfindən onun iddiaçıya borclu olmağı barədə sübutlar təqdim edilməli, həmin sübutlar əsasında qərar qəbul edilməli idi. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən sübutlar təqdim edilməməsinə baxmayaraq, iddia tələbi təmin edilmişdir. İddiaçı ilə o borc müqaviləsi bağlamamışdır. Lakin, Gədəbəy Rayon Məhkəməsində heç bir sübuta istinad edilmədən iddia tələbi təmin edilmişdir. Həmçinin məhkəmə iclasında “whatsapp” yazışmaları sübut növü kimi qəbul edilmişdir. Göründüyü kimi məhkəmə heç bir sübuta əsaslanmadan iddia tələbinin təmin edilməsi haqqında yanlış qənaətə gəlmişdir. Yəni, məhkəmə iclasında heç bir sübut, təqdim edilməmiş, ounu iddiaçıya hansı məbləğdə borcunun olması, ümumiyyətlə borcunun olub-olmaması barədə sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz: İddiaçı cavadbehin apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(042)- 403/2022 saylı qəmaməsi ilə Cavabdeh Rafıq oğlundan cəmi 21500 ABŞ dolları ödəniş gününə manata olan məzənnə ilə və 2105 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh Rafıq oğlu 22 noyabr 2022-ci il tarixli apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə iclası barədə ona məlumat verilməmiş və işə onun iştirakı olmadan baxılmış, iddiaçıya borclu olmasını təsdiq edən sübutlar təqdim edilmədən iddia tələbi təmin edilmiş, iddiaçı ilə borc müqaviləsi bağlanmamış, məhkəmə tərəfindən Whatsapp yazışmaları sübut kimi qəbul edilmişdir. Cavabdeh məhkəmə iclası barədə məlumat verilməməsi barədə apellyasiya şikayətində göstərdikləri əsassızdır. Bundan başqa Araz Nosibovun iddiaçıdan 21500 (iyirmi bir min beş yüz) ABŞ dolları pul almasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur və bu sübutlar iş materiallarına əlavə edilmişdir. Hazırda Cavabdeh Rafıq oğlunun ona qaytarmalı olduğu məbləğ 21500 (iyirmi bir min beş yüz) ABŞ dollarıdır və bu günə qədər qaytarmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan sonra cavabdehin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası 17 fevral 2023-cü ilə təxirə salınmışdır. Lakin, cavabdeh növbəti dəfə, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2023-cü il tarixdə yaxın qohumunun səhhəti ilə əlaqədar Rusiya Federasiyasında olacağını bildirib, məhkəmə iclasına gəlməməsinin üzrlü hesab olunması və məsləhət olarsa məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edə iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə qarşı yazılı etirazında göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gədəbəy Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(042)-403/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən Cavabdeh müxtəlif vaxtlarda ticarət məqsədi ilə iddiaçıdan faiz ödənilməsi şərti ilə hissə-hissə olmaqla, ümumilikdə 21500 ABŞ dolları məbləğində borc almış, lakin üzərinə götürdüyü öhdəliyi icra etməyərək borcu qaytarmamışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyini iddia etmişdir ki, onun bu dəlili əsassız olmuşdur. Belə ki, iddiaçı tərəfindən cavadbehə verilmiş borc məbləği iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 13 aprel 2019, 01 noyabr 2019-cu il tarixli yazılı iltizamlarla, 02 iyul 2020-ci il tarixli pul köçürmə sənədi ilə və tərəflər arasında “whatsapp” sosial şəbəkə vasitəsilə aparılan yazışmalarla öz təsdiqini tapmaqdadır ki, birinci instansiya məhkəməsi də məhz qeyd olunan sübutlara istinad edərək, iddianı təmin etmiş, cavabdeh isə məhkəmə kollegiyasının iclaslarına gəlməməməklə yanaşı apellyasiya şikayətində də qeyd olunan sübutların qeyri-mötbərliyinə dair hər hansı bir dəlil də irəli sürə bilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən “whatsapp” sosial şəbəkə vasitəsilə aparılan yazışmaların sübut kimi qəbul edilə bilməyəcəyini iddia etmişdir ki, onun bu dəlili də əsassız olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi “whatsapp” sosial şəbəkə vasitəsilə aparılan yazışmalar rabitə vasitəsilə aparılan yazışma olduğundan onların sübut növü kimi nəzərə alınması mümkündür. Həmin yazışmaların işdə olan digər yazılı sübutlarla qarşılqılı təhlili bu sübutun mötəbərliyini şübhə altına salmamaqdadır. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olsa da, tərəflər Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı deyil, şifahi qaydada bağlamışlar ki, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddəsinin tələbinə əsasən həmin müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğundan etibarsız olmuşdur. Tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsız əqd hesab olunsa da, cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda 21500 ABŞ dolları borc götürməsi iş materialları ilə təsdiq olunmaqla, cavabdehin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən etibarsız əqd üzrə aldıqlarını iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də Gədəbəy Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(042)-403/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gədəbəy Rayon Məhkməsinin 23 may 2022-ci il tarixli, 2(042)-403/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkməsinin 23 may 2022-ci il tarixli, 2(042)-403/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.