Məhkəmə qərarları › İş №2(104)-440/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-440/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-440/2024 26.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası-hakimlər Hüseynzadə Afıq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X3 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X3 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(013)-1794/2023 saylı qətnaməsindən ilk idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfındən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə cəmi 10.000 manat miqdarında pul vəsaiti tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh "xxxx" ASC-nin Ağdam Filialından 01 yanvar 2016-cı il tarixdə 14.000 manat kredit götürmüş və onunla bank arasında zaminlik müqaviləsi bağlanaraq bank qarşısında öhdəlik götürmüşdür. Cavabdeh banka olan borcundan bir müddət ödəniş etsə də, sonrada ödəniş edə bilmədiyindən kredit borcu restrukturizasiya edilmiş və xx.xx.2019-cu ildə yeni kredit və zaminlik müqaviləsi bağlanmışdır. Lakin o, yenidən kredit öhdəliyini yerinə yetirməmiş və zamin olduğu üçün borcun tutulmasını onun taqaüdünə yönədilmiş və bu günədək ondan Cavabdeh Banka olan borcuna görə 10.000 manat pul tutulmuşdur. Bu barədə Kapital Bankdan hesabdan çıxarış almışdır ki, həmin çıxarış ərizəyə əlavə olunur. Qeyd edir ki, Qarabağ müharibəsi əlilidir və aylıq təqaüdündən başqa qazancı yoxdur. Dəfələrlə Cavabdeh Banka olan borcunu onun əvəzindən ödədiyinə görə ona bu günə olan cəmi 10.000 manat pulunu geri istədikdə o, hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Bu ondan hər ay təqaüdündən pul tutulmaqda davam etmiş və Cavabdeh onun pulunu bu günədək qaytarmamışdır. Hazırki iş üzrə Cavabdeh hazırda (ANAMA) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində çalışır və yüksək maaş alır. Ancaq Bank onun borcunu onun pensiya məbləğindən tutur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və X5 cavabdeh İddiaçıdan ona borclu olduğu 14000 manat məbləğində pulu, anası X2 aldığı 9500 manat məbləğində pulun alınaraq ona və anasına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun qaynatası, anasının isə qudasıdır. O, İddiaçı qızı İlkanə Əliyeva ilə 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdular, birgə nikahdan 2 övladları var. Onların nikahı 2019-cu il tarixdə pozulmuş, lakin nikah pozulsada, bir müddət bir yerdə yaşamışdılar. Artıq bir evdə də qalmaq mümkün olmadığından 2022-ci ildən o yaşadığları 866 saylı qəsəbədəki 27 saylı evdən çıxmış və ata evinə köçmüşdür. Övladları İlkanənin yanında qaldığından o övladlarına görə hər ay aliment ödəyir. İddiaçı ondan 10.000 min manat məbləğində pul tələb etməsi ilə tamamilə razı deyil. Belə ki, o Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət aparmışdır. Xidmət zamanı mədəsində xəstəlik yaranmış, o mədə xorası xəstəliyindən əziyyət çəkmişdir. Qaynata isə onlara gəlib gedirdi, onun xəstəlikdən əziyyət çəkdiyini görüb ona demişdir ki, xəstəliklə hərbi hissədən təxris olunmaq çətin məsələdir, o isə onun xəstəliklə hərbidən təxris olunmağına kömək edə bilər, bunun üçün xərc çəkmək lazımdır. Bunun üçün o, xx.xx.2016-cı il tarixdə Kapital Bank ASC-nin Ağdam filialına müraciət etmiş, 14.000 (on dörd min) manat məbləğində pul götürmüş və həmin gündə elə İddiaçı özünə vermişdir. O qaynatasına inanmış və həmin məbləği ona vermişdir. O hərbidən xəstəliklə təxris olunmuş, lakin ona pensiya təyin olunmamışdır. Bundan sonra o kredit məbləğinin bir hissəsini ödəmiş, kredit məbləğinin aylığı 563 manat olduğundan, biraz isə borc yarandığından, yenidən kredit məbləğini dəyişdirtmək zərurəti yaranmışdır. xx.xx.2019-cu il tarixdə yeni kredit və zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra aylıq ödəniş 352 manat məbləği təyin olunmuşdur. Kredit müqaviləsi bağlandıqdan sonra Mərdanın pensiyasından pul tutulurdu. Ancaq bununla bərabər anası Afət tərəfindən həmin kredit məbləğinin 5 ayı, aylıq 300 manat olmaqla, cəmi 1500 manat şəxsən Mərdanın özünə verilmişdir. Bunu Mərdanın özü və İlkanə təsdiq edə bilərlər. Bundan sonra 2020-ci noyabr ayında anası Afət Əliyeva 8000 min manat (səkkiz min) manat pulun 4000 (dörd min) manatı anasının dayısı oğlu X1 borc olaraq almışdır. Mərdana 8000 (səkkiz min) manat pulu verilməsini anası Əbülfətə demiş, Əbülfət və Elman Bakı şəhərində, Koroğlu körpüsünün yanında həmin məbləği şəxsən Mərdanın özünə vermişdir. Məhz onlar Mərdandan qeyd olunan məbləğləri geri tələb etdikləri üçün, belə bir yola əl atmışdır. Hal-hazırda qarşılıqlı iddia tələbi onunla bağlıdır ki, iddia ərizəsində göstərilən cavabdeh İddiaçı Əli oğlunun onun ona verilmiş olduğu 14000 manat məbləğində pulu və anası X3 ona vermiş olduğu və qeri qaytarmaq öhdəlik daşıdığı 9500 manat məbləğində pulun alınaraq ona və anasına verilməsi barədə qətnamə çıxarılmalıdır. Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(013)-1794/2023 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 5796 (beş min yeddi yüz doxsan altı) manat 71 qəpiyin alınaraq İddiaçı verilməsi, Cavabdeh 78 manat dövlət rüsumunun tutulması, İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan 4203 (dörd min iki yüz üç) manat 29 qəpik tələbinə dair hissədə rədd edilməsi, Cavabdeh və X4 İddiaçı qarşı 14000 (on dörd min) manat və 9500 (doqquz min beş yüz) mnat pul tələbi barədə qarşılıqdi iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(013)-1794/2023 saylı qətnaməsindən ilk idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(013)- 1794/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin sözügedən qətnaməsindən narazıdırlar. Hesab edir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş əsassız və qanunsuz qətnamədir. Odur ki, aşağıda ətraflı şərh etdikləri səbəblərdən Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1794/2023 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən tam ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Ağdam Rayon Məhkəməsində aparılmış icraatla 2 həqiqət müəyyən olunmamış qalmışdır. Cavabdeh xx.xx.2019-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC-nin Ağdam filialından 14.000 manat kredit götürməsi, həmin pulu İddiaçı verməsi. Ağdam Rayon Məhkəməsində ümumiyyətlə həmin kreditdən bəhs edilmir və qarşılıqlı iddiaçılardan Cavabdeh sözügedən kredit müqaviləsi ilə götürdüyü 14.000 manatı İddiaçı ona hərbi əlil pensiyası düzəltmək üçün verməsinə dair qarşılıqlı iddia ərizəsində bildirilənlərə hüquqi qiymət verilməmişdir. 2(013)-1794/2023 saylı mülki iş üzrə aparılmış icraatla həmçinin Afət Əliyevanın xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənişlərə köməklik göstərmək məqsədi ilə İddiaçı 5 ay ərzində hər ay 300 manat, cəmi 1500 manat verməsi də işin həqiqi halı kimi müəyyən edilməmiş qalmışdır. Ağdam Rayon Məhkəməsi sübutların qiymətləndirilməsində də qanun pozuntularına, xüsusən də qərəzliliyə yol vermişdir. Belə ki, məhkəmə heç bir mötəbər – həqiqliyi şübhə doğurmayan sübutlar olmadan ilk iddiada Cavabdeh 5796 manat pulun tutularaq İddiaçı verilməli olmasını sübut olunmuş hesab etmişdir. Yaxud, qarşılıqlı iddiaçı Afət Əliyevanın ona həqiqətən 8000 manat pul verməsini qarşılıqlı iddiada cavabdeh İddiaçı etiraf etsə də, məhkəmə əsassız olaraq bu məbləğin ona borc olaraq verilməsini müəyyən olunmuş hesab etməmişdir. İddiaçı izahatında bildirdikləri heç bir yanaşı sübutlarla təsdiq olunmadığı halda, onun izahatı əsassız olaraq mötəbər sübut hesab edilmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, gizir kimi hərbi xidmətdə olarkən, səhhəti ilə bağlı problemi yaranmış, müayinə zamanı mədəsində xəstəlik olması müəyyən edilmişdir. Bu zaman keçmiş qayınatası İddiaçı ona 12000-13000 manat verəcəyi təqdirdə onu pensiyaya çıxardağacını bildirmişdir. Bundan sonra kredit götürmək üçün qayınatası ilə birlikdə "xxxx" ASC-yə getmiş, lakin həmin məbləğdə kredit götürmək üçün zamin lazım olduğundan İddiaçı ona zamin durmuşdur. O, bankdan 14000 manat kredit götürmüş və həmin gün pulu İddiaçı vermişdir. O, pulu verərkən İddiaçı onun əvəzindən pensiya ilə bağlı işləri görməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, o, 14000 manat pulu İddiaçı kredit götürdüyü gün maışnda vermişdir. Pensiya işi alınmadıqda ilk iddia üzrə iddiaçı onu başqa xəstəliklə pensiyaya çıxardacağını bildirib əlavə olaraq 8000 manat pul tələb etmişdir. Həmin məbləği isə anası borc alaraq ona vermişdir. Daha sonra isə ona pesniya düzəldə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı X5 izahat verib bildirmişdir ki, onlar İddiaçı 14000 manat və 8000 manat olmaqla iki dəfə pul vermişlər. Həmin pulu onlar oğluna pensiya düzəldilməsi üçün vermişlər. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. əlavə olaraq bildirmişdir ki, Cavabdeh xəstəxanada olan zaman iş qurmaq məqsədilə ona kredit götürmək istədiyini bildirmişdir. Ona görə də o, İlkinə zamin durmuş və o, 14000 manat kredit götürmüşdür. Həmin pul ilə o, oğluna kiçik toy etmiş və yerdə qalan məbləği isə özü xərcləmişdir. 2020-ci ildə xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğu üçün zamin qismində ödədiyi pulları cavabdehdən tələb etmiş, cavabdeh isə 8000 manat pulunu qaytarmışdır. Cavabdehlərin ona pensiya düzətlmək üçün pul verməsi, o cümlədən 1500 manat pul verilməsi ilə bağlı göstərdikləri yalandır. İşdə olan sübutlar: xx.xx.2019-cu il tarixli 060/80134893/000A saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh ilə kredit müqaviləsi və Cavabdeh illik 25.8 faiz olmaqla 60 ay müddətinə 11795.19 manat kredit verilmiş, İddiaçı isə zamin qismində öhdəliyin icrasına görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin Ağdam filialının xx.xx.2023-cü il tarixli 98 saylı arayışından görünür ki, xx.xx.2019-cu ildə Cavabdeh 11795,19 manat kredit verilmişdir. Müqavilədə zamin qismində İddiaçı çıxış etmişdir. xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilə qədər müqavilə üzrə Cavabdeh kart hesabından 3014,37 manat, İddiaçı kart hesabından 13796,71 manat vəsait tutulmuşdur. xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilə qədər ümumi ödəniş məbləği 17902,16 manat olmuş, xx.xx.2023-cü il tarixə qalıq borc 3522,46 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri: Məhkəmə kollegiyası tərəfindən Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(013)-1794/2023 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə yoxlanmışdır. Belə ki, Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(013)-1794/2023 saylı qətnaməsindən ilk öncə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X5 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır ki, sonradan isə apellyasiay şikayəti yalnız Cavabdeh tərəfindən verilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh 11795,19 manat kredit vermişdir. Cavabdeh öhdəliklərinin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə banka qaytarmamış və öhdəliyini lazımınca icra etməmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn 13796,71 manat məbləği zaminlik müqaviləsinə əsasən İddiaçı tərəfindən ödənilmişdir. Bundan sonra Cavabdeh və anası X9 Paşayevə 8000 manat ödəmişlər. Belə olan halda Cavabdeh İddiaçı bankda ödəmiş olduğu 8000 manat məbləğdən əlavə 5796,71 manat məbləği İddiaçı ödəməlidir. Cavabdeh İddiaçı əsassız varlanması, Cavabdeh və Afər Əliyevaya zərər vurması, onlara pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Bu səbəbdən qarşılıqlı iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iş materiallarında olan sübutlarla Cavabdeh bank qarşısında götürüdüyü kredit öhdəliklərini yerinə yetirmədiyi üçün, 13796,71 manat borc məbləğinin zamin qismində İddiaçı kart hesabından silinməsi, o cümlədən 8000 manatın cavabdeh tərəfindən ona ödənilməsi öz təsdiqini tapmışdır ki, bununla da ilk iddia üzrə iddiaçının Cavabdeh qarşı Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən 5796,71 manat məbləğində reqres hüququ yaranmışdır. Cavabdeh İlik Əliyev apellyasiya şikayətində "xxxx" ASC-dən götürdüyü 14000 manat məbləğində pulun İddiaçı verməsini qeyd etsə də bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, İddiaçı 8000 manatın banka ödənilmiş pulun əvəzi qismində deyil, digər məqsədlə verilməsini də sübut edə bilməmişdir. Buna görə də Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(013)-1794/2023 saylı qətnaməsindən ilk idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(013)-1794/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(013)-1794/2023 saylı qətnaməsindən ilk idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfındən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(013)-1794/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar