Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-441/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakları ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-512/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia etmişdir ki, Cavabdehla iş yoldaşı olmuşlar. Cavabdeh iddiaçıdan borc pul istəmiş, yaxın münasibətdə olduqları üçün İddiaçı bankdan kredit olaraq 9800 manat pul götürüb Cavabdeh vermişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh 9800 manat məbləğində borcun 2800 manatını ödəmiş, geri qalan hissəsini isə ödəməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən iddiaçının nümayəndəsi - Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh iş yoldaşı olmuşlar. Cavabdeh 2019-cu ilin noyabr ayında İddiaçı borc pul istəmiş, yaxın münasibətdə olduqları üçün İddiaçı bankdan kredit olaraq 9800 manat pul götürüb Cavabdeh vermişdir. Cavabdeh həmin krediti hər ay özü ödəyəcəyini bildirmiş və 2019-cu ilin dekabr ayında 400 manat, 2020-ci ilin yanvar ayında 400 manat, 2020-ci ilin fevral ayında 400 manat ödəniş etmişdir. 2020-ci ilin fevral ayına kimi Cavabdeh borclu olduğu puldan ümumilikdə 2800 manat ödəmiş, sonradan qalan məbləğin ödənişini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 7000 manat borcu yaranmışdır. Borc ödənmədiyi üçün İddiaçı anası Ülviyyə və xalası Vüsalə Cavabdeh yaşadığı ünvana getmiş, onun ailə üzvləri ilə aralarında mübahisələri olmuşdur. Bu barədə Tərtər RPŞ-də araşdırma aparılmış və xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh oğlu Nurlan verdiyi izahatında atasının İddiaçı 9000 manat borc götürdüyünü bildirmişdir. İddiaçı məcbur olub bankdan götürdüyü krediti və faizini özü tam şəkildə ödəmişdir. Cavabdeh borcu qaytarmadığı üçün İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddia əsaslı və qanunidir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi qismində məhkəmədə izahat verən - Vəkil2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh əvvəllər bir yerdə işləmişlər. Ona görə də aralarında yaxın münasibətləri olmuşdur. Ola bilər ki, iddiaçı cavabdehə, cavabdehdə iddiaçıya nə vaxtsa borca pul verib, əl tutmuşdur. Lakin cavabdeh iddiaçının iddia etdiyi kmi ondan 2019-cu ilin noyabr ayında borc olaraq 9800 manat pul almamışdır. İddiaçı bu barədə məhkəməyə hər hansı bir yazılı sənəd (müqavilə, qəbz və s.) təqdim etməmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, borc məbləğinin üç min manatdan çox olduğu təqdirdə borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu qanunvericiliyin tələblərindən biridir. Borc müqaviləsində borcun məbləği, ödəniş qaydası və s. göstərilməlidir. Lakin tərəflər arasında belə bir müqavilə yoxdur. Müqavilə olmadığı üçün tərəflərin həqiqi öhdəliyini müəyyən etmək mümkün deyildir. Ümumiyyətlə iddiaçı sözügedən borcun olmasına, borcun məbləğinə dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilən DİSK-dəki məlumatlarda, eləcə də SMS məlumatlarında borcun məbləğinə dair dəqiq heç nə yoxdur. Həmin məlumatlar qeyrikonkret olmaqla, ümumi söz və fikirlərdən ibarətdir. Həmçinin qeyd etməyi lazım bilir ki, DİSK-dəki məlumatlar alınma mənbəyinə görə qanunsuzdur. Ona görə ki, işin məhkəmədə olduğunu bilə-bilə idddiaçının atası cavabdehin özünün razılığı və xəbəri olmadan onunla telefon danışığı zamanı yönəldici suallar verməklə cavabdehin səsini yazmışdır. Həmin səs yazısı konstitusiya və qanunların tələbini pozmaqla əldə olunduğu üçün sübutların siyahısına salına bilməz. Bundan başqa həmin səs yazısında belə konkret olaraq hansı borcdan və borc məbləğindən söhbət getdiyi məlum olmur. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı məhkəməyə şübhədənkənar olan hər hansı bir sübut təqdim etməmişdir. Sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Hesab edir ki, iddia əsaslı deyildir və sübuta yetirilməmişdir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-512/2023 saylı qətnamasi ilə (hakim T.Qubadov) İddiaçı cavabdeh X2 qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, predmetinə görə hazırkı iddia elə iddialardandır ki, burada sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı 2019-cu ilin noyabr ayında bankdan kredit olaraq 9800 manat pul götürüb Cavabdeh verdiyini, cavabdehin həmin borcdan ümumilikdə 2800 manat ödədiyini, nəticədə cavabdehin iddiaçıya 7000 manat borcu qaldığını iddia etsə də, iddiasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən DSK-dəki səs yazılarında, eləcə də Cavabdeh istifadə etdiyi mobil telefon nömrəsinə daxil olan və həmin nömrədən gedən yazı mətnlərindəki (SMSdəki) məlumatlarda iddianın təmin oluna bilməsi üçün hər hansı bir şübhədənkənar hüquqi əhəmiyyətli hal aşkar olunmadığı üçün məhkəmə hesab edir ki, həmin səs yazısı və SMS çıxarışları iddianın təmin edilməsi üçün əsas vermir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi hazırkı iddiaçının anasının şikayəti əsasında Tərtər RPŞ-də araşdırılmış material üzrə təhqiqtçı tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarda hazırkı Cavabdeh oğlu Nurlan Məhərrəmlinin material üzrə verdiyi izahatında göstərdiyi “atasının İddiaçı 9000 manat borc götürməsi” barədə izahatına tənqidi yanaşaraq hesab edir ki, həmin xüsusat da öz-özlüyündə iddianın təmin edilməsi üçün əsas vermir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırkı iddiaçının anasının şikayəti əsasında Tərtər RPŞ-də araşdırılmış material üzrə təhqiqtçı tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarla müəyyən edilmiş hallar məhkəmənin baxdığı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Ona görə də iddiaçının iddianın müdafiəsinə dair gətirdiyi dəlillər mülki prosesual qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun ümumi qaydada dəyərləndirilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və istinad olunan maddi hüquq normalarının müddəalarını rəhbər tutaraq qeyd etməyi lazım bilir ki, iddiaçının cavabdehə 9800 manat borc verməsinin iddia edilməsinə rəğmən qanunvericiliyin borc məbləğinin üç min manatdan çox olduğu təqdirdə borc müqaviləsinin yazılı formada bağlanmalı olmasına dair qanunvericiliyin tələblərinə əməl edilməməsi də, məsələnin həlli zamanı iddiaçının deyil, məhz cavabdehin dəlillərinin inandırıcı olmasına dəlalət edən faktor kimi çıxış edir. Tərəflər arasında borcla bağlı hər hansı bir yazılı sənəd (müqavilə, qəbz və s.) olmadığından onların həqiqi münasibətinin, hüquq və vəzifələrinin, qarşılıqlı öhdəliklərinin nədən ibarət olmasını məhkəmədə müəyyənləşdirmək mümkün olmadı. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələblərinə riayət etməyib, yazılı müqavilə bağlamadan hərəkət edərkən öz riski ilə hərəkət etmişdir və öz riski ilə də məsuliyyət daşımalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 qətnamənin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Bele ki, İddiaçı Cavabdeh dəfələrlə borclu olduğu 7000 manat pulu tələb etmiş, lakin cavabdeh her dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu iddiaçıya ödəməkdən boyun qaçırmışdır. Cavabdeh borclu olduğu pulu mobil telefonla "sms" yazışmalar ilə tam etiraf etmiş, borclu olduğu pulun maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, borclu olduğu pulu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bundan başqa iddiaçının atası X6 Cavabdeh mobil telefonla zeng edərək borcun qaytarılmasını teleb etmişdir. Cavabdeh borclu olduğu pulu qaytarcağına söz vermişdir. Həmin telefon danışıqları video çəkilişlə çəkilərək diskə köçürülmüş, hətta "Whatsapp" telefon danışığı zamanı Cavabdeh mexsus "***-***-**-**" mobil nömrə iddiaçının atası X3 məxsus "Samsunq" markalı telefonun ekranında açıqaydın şəkildə qeyd edilmişdir. Bundan əlavə iddiaçının atası X6 Cavabdehla görüşmüş Cavabdeh borclu olduğu pulu niyə ödəmədiyini soruşmuş, Cavabdeh həmin vaxt bildirmişdir ki, iş məhkəməyə verilib, Ülvi tərəfindən iş məhkəməyə verilməsə də borclu olduğu pulu (kredit məbləğini) son qəpiyinə kimi tam ödəyəcəkdir. Şəhruz adlı şəxsə borclu olduğu üçün pul kartını ona vermiş, Şəhruza borclu olduğu pul aprel-may ayında bitir, həmin gündən kartı Mehman dayı sənə verəcəm, Ülvi ilə özün haqq-hesab edərsən. Tərəflər arasında söhbət zamanı Mehman Cəbrayılov bildirmişdir ki, keçən müddət ərzində onları çox aldatdığından ona inanmır, zamin olsa oturub söhbət edərdik. Həmin vaxt belə razılığa gəlinmişdir ki, 10 may 2023-cü ildə görüşəcəklər və cavabdeh tərəfindən pul kartı iddiaçıya təqdim ediləcəkdir. Bundan əlavə Tərtər Rayon Polis şöbəsində dindirilmiş Cavabdeh oğlu X4 izahatında göstərmişdir ki, atası Cavabdeh İddiaçı 9000 (doqquz min) manat borc pul almışdır. Kredit borcdan atası ödəniş etmədiyi üçün xx.xx.2021-ci ildə Ülvinin anası Ülviyyə və xalası Vüsalə onların yaşadığı ünvana gəlmişlər və aralarında mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yalnız cavabdeh tərəfin formal izahatı nəzərə alınaraq iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Tərtər Rayon Polis şöbəsi tərəfindən araşdırılmış materialda olan Cavabdeh oğlu X1 borcla bağlı tam etirafı, həmin münaqişənin və mübahisənin Cavabdeh İddiaçı borclu olduğu səbəbindən yarandığı, mülki işdə olan Cavabdeh borclu olduğu pulu tam etiraf etməsi barədə SMS yazışmaları, telefon danışıqları və digər sübutlar təssüflər olsun ki, məhkəmə tərəfindən sübut kimi qəbul edilməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə iclas zalında iddiaçı tərəfindən təqdim edilmiş mobil telefon danışıqlarına dair 2 ədəd disk dinlənilərkən cavabdehin iddiaçıya borclu olduğu tam sübuta yetmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin səs yazısı da sübut kimi qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, iş üçün əhəmiyyətli olan hallar, sübutlar və faktlar əlaqəli şəkildə tam araşdırılmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiyada). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı 2019-cu ilin noyabr ayında bankdan kredit olaraq 9800 manat pul götürüb Cavabdeh verdiyini, cavabdehin həmin borcdan ümumilikdə 2800 manat ödədiyini, nəticədə cavabdehin iddiaçıya 7000 manat borcu qaldığını iddia etmişdir. İşin hallarından görünür ki, iddia tələbi 7000 manat borcun qaytarılması barədədir. İddiaçı tələbinin əsas kimi cavabdehə 2019-cu ildə bankdan kredit götürməklə 9800 manat borc verdiyini, cavabdehin həmin borcun yalnız 2800 manatını qaytardığını bildirmişdir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 739 və 740-cı maddələri təşkil edir. İddiaçının istinad etdiyi dövrdə Mülki Məcəllənin 740.2-ci maddəsinin qüvvədə olan redaksiyasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən məbləğdə borc verdiyini və cavabdehin ona borcunu qaytarmadığını iddia etsə də, lakin tələb etdiyi məbləğlə bağlı məhkəməyə hər hansı yazılı qəbz, iltizam və ya notarial razılaşmanı təqdim etməmişdir. Cavabdeh də belə münasibətin olmasını inkar etməklə, iddiaçıya 2800 manat məbləğində borcu olduğunu və həmin məbləği də geri ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı istinad etdiyi halları, yəni cavabdehə 9800 manat borc pul verməsini təsdiq edən sübutu – yazılı əqdi təqdim edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının dəlil kimi təqdim etdiyi səs yazıları və yazı mətnindəki məlumatlardan tərəflərin arasında olan borc məbləğinin hansı miqdarda olmasını və iş üzrə digər hüquqi əhəmiyyətli halları müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(061)-512/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Nəticəvi hissə: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(061)-512/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-441/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-441/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver