Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-442/2024 13.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(061)-1205/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçının təqdim etdiyi iki ədəd fotoşəkillərdən görünür ki, fotoşəkillərdə bir baş ölü şəkildə buzov, bir baş qara rəngdə, (xəstə halda) inək əks olunmuşdur.
2. Tərtər rayon prokuroru Əli Qurbanov tərəfindən İddiaçı ünvanlanmış 215Ş- 23 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciət mülki xarakterli olduğundan, mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1 baş boğaz iribuynuzlu inəyin və ya dəyəri 3500 manat, eləcədə ödənilmiş 55 manat dövlət rüsumunun alınıb ona verilmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mal bazarından 3500 manata aldığı, 1 baş, qara rəngli, diri çəkisi 250-260 kq. olan inək boğaz olduğundan və çətin doğduğundan xx.xx.2023-cü il tarixdə Tərtər rayonunun Kolanlı kəndində yaşayan özəl baytar həkim Cavabdeh evinə gətirib heyvana baxdırmışdır. Cavabdeh inəyin asanlıqla doğa bilməsi üçün özü ilə gətirdiyi bir-neçə iynə və sistemləri inəyə vurmuşdur. İki-üç gün sonra inək asan doğa bilmədiyi üçün telefonla Cavabdeh zəng edərək çağırsa da, o, müxtəlif bəhanələr edərək gəlməmişdir. Heyvanın vəziyyəti ağrlaşdığı üçün Tərtər rayonunun Qaradağlı kəndində yaşayan özəl baytar həkim X1 evinə gətirib heyvana baxdırmışdır. Həmin vaxt İlqar həkim demişdir ki, Cavabdeh vurduğu iynələr əks təsir göstərdiyi üçün inəyin balası qarnında ölmüş və bu səbəbdən inəyin qanına zəhərlənmə keçmişdir. İlqar həkim inəyin qarnından ölmüş balasını çıxardıqdan və zəhərlənməyə qarşı iynə vurduqdan iki-üç saat sonra inək ölmüşdür. O, telefonla Cavabdeh zəng edib inəyin öldüyünü deyərək, evinə çağırsa da, o, yenə də gəlməmişdir. Ona əvəzində bir baş boğaz inək alıb verməsini desə də, heç bir nəticəsi olmamış və bildirmişdir ki, hara şikayət edirsən et.
5. Tərtər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(061)-1205/2023 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 78.1, 106.1 184.2-ci maddələrinə istinad etmişdir
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inəyə iynə vurmasını və balasınının qarnında ölməsini etiraf etsədə buna hüquqi qiymət verilməmişdir. Qətnamədə qeyd edilənlər hamısı cavabdehin maraqlarının təmin edilməsinə yönəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia əzrisəinin məzmununa və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ekspertin rəyi ilə razılaşmır. Belə ki, inəyin ölümündə cavabdeh təqsirlidir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus bir baş boğaz inək qızdırmadan xəstələndiyi üçün onu müalicə etsədə, lakin inək bir neçə gün sonra ölmüşdür. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Hazırkı işin hallarından müəyyən olunur ki, İddiaçı təsərrüfatında olan 3500 manat dəyərində 1 baş boğaz inəyin baytar həkim, yəni hazırkı iş üzrə Cavabdeh tərəfindən düzgün müalicə aparılmaması səbəbindən ölməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
29. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparılmaması, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inəyə iynə vurmasını və balasınının qarnında ölməsini etiraf etsədə buna hüquqi qiymət verilməməsi, eləcədə qətnamədə qeyd edilənlər hamısı cavadehin maraqlarının təmin edilməsinə yönəlmişdir” dəlili qətnamənin ləğvi üçün əsas deyil.
30. Belə ki, apellyasiya icraatı zamanı “böğaz vəziyyətdə (doğuş ərəfəsində və və paralic vəziyyətdə) olan inəyiə kofein, kalbormaq, qlikoza, “C” və “B12” vitaminləri, atropin, analgin, dimedrol, prozerin, diklofenak və multivitaminlər (sistem qoşmaqla) vurulmaqla aparılmış müalicənin düzgün olub-olmamsını, eləcədə bu qaydada aparılmış müalicə düzgün olmadığı halda inəyin və qarnında olan balasının ölümünə səbəb ola bilməsini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Ağentliyinə həvalə edilmişdir.
31. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən daxil olmuş 05 aprel 2024-cü il tarixli, 3-22-1/2-537/2024 nömrəli rəydən müəyyən olunur ki, “heyvanın boğazlığının son dövrlərində sərbəst ayağa dura bilməməsi, yemədən imtina etməsi əsasən alimentar distrofiya (düzgün qidalanmanın olamaması), uzun müddət başı bağlı saxlanılaraq gəzintiyə buraxılmaması, balanın ana bətnində ölməsi, travmatik perikardit, plevropnevmoniya, plevrit, peritonit, ayaqlarda və oynaqlarda iltihabi proseslərin getməsi və s. səbəbdən baş verir ki, çox vaxt aparılan müalicələr effekt vermir. Lakin bütün hallarda, xüsusilə boğazlığın son dövrlərində balanın doğulması üçün bir kür müalicənin aparılması vacibdir. Boğazlıq və ya qısırlıq dövründə hət hansı səbəbdən heyvan yemədən imtina etdikdə, ayağa qalxa bilmədikdə, parez və zəhərlənmə əlamətləri göründükdə simptomatik müalicə olaraq Qlükoza, Kofein “C” “B12” vitaminləri və Cal-Bor-Mag-ın sistem halında vurulması düzgün müalicə metodlarından biridir. Mültivitamin vurulması üçün heç bir əks göstəriş yoxdur, heyvanlarda bütün yaş qruplarında tətbiq edilməsi yaxşı nəticə verir. Heyvan ayağa dura bilmədikdə ağrıların aradan qaldırılması üçün əlavə olaraq diklofenak, analgindimedrol vurulur, heyvanın ayağa qalxa bilməməsi və doğuşun tezləşdirilməsi üçün eninə zolaqlı və saya əzələlərin (sklet və daxili əzələlərin, həmçinin balağın) tonusunu artırmaq məqsədilə prozerinin tədbiqi düzgün sayılır. Yuxarıda göstərilən qaydada aparılmış müalicələr ananın və ana bətnində olan balanın ölümünə səbəb ola bilməz”.
32. Göründüyü kimi, ekspert rəyi ilədə təsdiq olunur ki, Cavabdeh apardığı müalicə düzgün olmuşdur. Bu da onu deməyə əsas verir ki, iddiaçıya məxsus 3500 manat dəyərində bir baş boğaz inəyin və onun qarnındakı balasının ölümündə Cavabdeh təqsiri yoxdur.
33. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(061)-1205/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.