Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-443/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5358/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3052,76 (üç min əlli iki manat yetmiş altı qəpik) manat əsas, 258,17 (iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat faiz, 77 (yetmiş yeddi) manat cərimə olmaqla, cəmi 3387,93 (üç min üç yüz səksən yeddi manat doxsan üç qəpik) manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 54,28 (əlli dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun alınaraq BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Azərbaycan MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadət etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə təşkilat arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövrü olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydadaicra etməmişlər. Nəticədə cavabdehlərin təşkilata 3052,76 manat əsas, 258,17 manat faiz, 77 manat cərimə olmaqla cəmi 3387,93 (üç min üç yüz səksən yeddi manat doxsan üç qəpik) manat borcu yaranmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5358/2023 saylı qətnaməsi ilə (sədrlik edən Zaman İmanov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3052,76 (üç min əlli iki manat yetmiş altı qəpik) manat əsas, 258,17 (iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat faiz, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 3312,93 (üç min üç yüz on iki manat doxsan üç qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 53,12 (əlli üç manat on iki qəpik) manatı tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5358/2023 saylı qətnaməsinin ləğv edilərək, borc məbləğinin düzgün müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından yayınmamışdır, sadəcə olaraq maddi vəziyyətinin ağırlığı, övladının ödənişli təhsil alması, yoldaşının işsiz olması səbəbindən onun kredit müqaviləsi üzrə borcu ödəməyə maddi imkanı çatmamışdır. Onun məhkəmə iclasından məlumatı olmadığından məhkəmə işinin gedişində kredit borcuna görə ödədiyi məbləğlərə dair qəbzləri məhkəməyə təqdim etmək imkanı olmadığından, hazırki apellyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzlərindən göründüyü kimi, xx.xx.2023-cü il tarixdə 173 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, 100 manat məbləğində cəmi 473 manat ödəmələri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hesab edir ki, borcun məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmiş, onun işdə iştirakı təmin edilməmişdir. Belə ki, o, bir müddətdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ona görə də, onun Gəncə şəhərində qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilsə də, orada yaşamadığından onun məlumatı ola bilməzdi. Hazırki qətnamədən yalnız icra məmuru ona zəng edəndən sonra, xx.xx.2023-cü il tarixdə məlumat almış və apellyasiya şikayəti vermişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5358/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5358/2023 saylı qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti versə də, şikayət qərarın ləğv edilməsinə yönəldiyindən və mübahisənin predmeti bölünməz olduğundan, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən götrünür ki, o, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5358/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 26510 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. 22 aprel 2022-ci il tarixli, 26510/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli, 26510 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. 22 aprel 2022-ci il tarixli, 26510/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli, 26510 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 26510 saylı kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3052,76 manat əsas, 258,17 manat faiz, 77 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 3387,93 manat borcu vardır. 22 aprel 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 imza edərək 12500 (on iki min beş yüz) manat məbləğində pulu Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürmüşdür. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 28 mart 2023-cü il tarixli, 27 aprel 2023-cü il tarixli və 12 may 2023-cü il tarixli kredit üzrə hesablanmış əsas və faiz borcunun qaytarılmasına dair xəbərdarlıqlardan görünür ki, borcluların Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan qalıq borcunun ən qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün məcburi tədbirlərin həyata keçirilməsi üçün addımlar atılacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 müqavilə üzrə öhdəliyini pozaraq qrafik üzrə ödənişləri yerinə yetirməmişdir. Buna görə də iddiaçının müqaviləni ləğv etmək, borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Maliyyə arayışına əsasən borclunun indiki tarixə 3052,76 manat əsas, 258,17 manat faiz, 77 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 3387,93 manat borcunun olduğu müəyyən olunmuş, məhkəmə dəbbə pulunu azaldılaraq 2 (iki) manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 26510 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya Bank tərəfindən illik faiz dərəcəsi 36 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmiş, borclu Bankdan götürdüyü 12500 manat əsas krediti ona hesablanmış 6113,78 manat faiz borcu ilə birlikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 517 manat məbləğində olmaqla Banka geri qaytarmağı öhdəsinə götürmüşdür. Borclunun öhdəliklərinin təmini üsulu kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımınca icra etməmiş, nəticədə iddiaçı Banka 3052,76 manat əsas, 258,17 manat faiz, 77 manat cərimə olmaqla, cəmi 3387,93 manat borcu yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq, təmin etmişdir. Cavabdeh1 apellyasiya şikayətində Bankın borcun məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunması və ekspert rəyinə uyğun olaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında olan maliyyə arayışındakı hesablamaların əsaslılığını və mötəbərliyini şübhə altına alan ciddi əsaslar mövcud olmamışdır. Cavabdehin dəlilləri yalnız formal mülahizədən ibarət olmuş və o, istinad etdiyi hallara dair sübutlarını, o cümlədən ödəniş barədə qəbzlərinin əsllərini apellyasiya şikayətinə əlavə etməmiş, dəlillərini sübuta yetirməyə, ödəmə barədə sənədlərini təqdim etməyə cəhd göstərməmiş, həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə kifayət qədər məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzləri kserosurət olmaqla, xx.xx.2023-cü il tarixli ödəniş qəbzi isə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qətnaməsi qəbul olunduqdan sonrakı tarixə aiddir və həmin ödəniş icra zamanı nəzərə alınacaqdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya həmçinin cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməməsi və onun iştirakı olmadan işə baxılaraq əsassız qətnamə qəbul edilməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında cavabdehin rəsmi qeydə alındığı yer kimi Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 31 göstərilmiş və işə baxan məhkəmə tərəfindən cavabdehə ünvanlanmış bildirişlər həmin ünvana göndərilmişdir. Ona görə də, kollegiya cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmamasına istinad edərək qətnamənin ləğvini tələb etməsini əsaslı saymır və bu əsasla qanuni olan məhkəmə qətnaməsinin ləğv edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5358/2023 saylı qətnaməsi iddianın qismən təmin olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5358/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-443/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-443/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver