Məhkəmə qərarları › İş №2(104)-447/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-447/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-447/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(061)-1017/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 57.291.53 manat pulun, ödənilmiş 400 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə MMC aralarında 07 aprel 2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, cavabdeh həmin tarixdən 24 yanvar 2022-ci il tarixədək MMC-də satış təmsilçisi kimi işə götürülmüşdür. Sonra onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Cavabdeh MMC-də satış təmsilçisi kimi işləyərkən cəmiyyətdən aldığı qalıq borcları ödənilməmiş qalmışdır. Belə ki, qeyd olunan dövrdə cavabdeh satışdan əldə etdiyi pulları Cəmiyyətin kassasına təhvil vermiş və ya malları gaytarmışdır. Geri qalan məbləğlərin müəyyən edilməsi üçün 31 mart 2021-ci il tarixdə yoxlama aparılan zaman ümumilikdə 57.291.53 məbləğində borcun qalıq olması müəyyən edilmişdir. Cavabdeh dəfələrlə şifahi və rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin o, borc məbləğindən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq cavabdehə mediasiya qaydasında mübahisənin həlli təklif edilmiş, lakin həmin orqanda cavabdeh iştirak etməmiş, mübahisə öz həllini tapmamışdır. Hesab edirlər ki, cavabdeh bu hərəkətləri ilə MMC-yə ziyan vurmuşdur. Odur ki, Cavabdeh ümumilikdə 57.291,53 manat pul, 400 manat dövlət rüsumu kimi ödənilmiş məbləğ alınıb MMC-nin hesabına verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(061)-1017/2022 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. İşdə olan subutlar: Cavabdeh ilə İddiaçı MMC arasında 07 aprel 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, cavabdeh həmin tarixdən müddətsiz olaraq satış təmsilçisi işinə götürülmüşdür. Tam maddi məsuliyyət haqqında 07 aprel 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dəki fəaliyyətinə görə tam maddi məsluliyyət götürmüşdür. Əmək müqaviləsinə xitam verilməsi İlə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh aralarında əmək müqaviləsinə 24 yanvar 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. 31 mart 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC MMC-yə ümumilikdə 57.291.53 manat qalıq borcu qalmışdır. X1 06 iyun 2023-cü il tarixli, 4/571 nömrəli ekspert rəyindən görünür ki, 31 mart 2021ci il tarixli Qarşdıqlı üzləşmə aktından “Satış Nümayəndəsi: Cavabdeh” qarşısındakı imza – ehtimal ki, Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. 70 ədəd kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin kassasına 31 mart 2021-ci il tarixdən sonra təxminən 34000 manat məbləğində pul ödənilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Tərtər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(061)-1017/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə göstərmişdir ki, guya iddiaçının nümayəndəsi əsassız olaraq məhkəmə iclaslarında iştirak etməmiş, dəfələrlə məhkəmə iclasları təxirə salınmış və axırıncı dəfə sübutların kifayət olmaması səbəbindən təxirə salınan məhkəmə iclasında iddiaçının nümayəndəsinə 25 avqust 2022-ci il tarixli məktub göndərərək məhkəmə iclasında iştirakın məcburiliyi barədə xəbərdarlıq edilmiş, əks halda işə baxılmamış saxlanılacağı bildirilmişdir. Lakin məhkəmə tərəfindən qeyd edilənlər qismən həqiqəti əks etdirir. Belə ki, məhkəmə müki işi icraatına qəbul etdikdən sonra 21 iyul 2022-ci il tarixə saat 10:00-a ilk hazırlıq iclası təyin etmiş, iddiaçının nümayəndəsi üzrlü səbəbdən həmin məhkəmə iclasında iştirak edə bilmədiyindən xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqrama göndərilərək hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Növbəti hazırlıq iclası xx.xx.2022-ci il tarixə saat 11:10-a təyin edilmiş, hazırlıq iclasının iştirakları olmadan keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə teleqrama göndərilmiş, məhkəmə iclasının baxışa təyin edilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixdə mülki işə baxılması üçün məhkəmə baxışı iclası isə xx.xx.2022-ci il tarixə saat 10:40-a təyin edilmişdir. Baxış iclası təyin edilən gün Bakı şəhərində paralel başqa məhkəmə iclasları olduğuna görə üzrlü səbəbdən iştirakları mümkün olmamışdır. Ona görə də məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə tərəflərindən teleqrama göndərilmişdir. Qeyd edilən məhkəmə iclasları barədə bildirişlər tərəflərindən alınmış və iştirakları olmadan keçirilməsi və iddianın müdafiə edilməsi barədə məhkəməyə teleqramlar göndərilərək mövqelərini bildirmişlər. Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh iddia tələblərini rədd edir, onun şirkətə heç bir borcu qalmamış, götürdüyü malların pullarını şirkətə ödəmiş, aktda göstərilən imza isə ona məxsus deyildir. Cavabdehin izahatı həqiqəti əks etdirmir. Belə ki, cavabdeh şirkətdə işləyən zaman ona satış qaimələri ilə mallar təhvil verilmiş, həmin malların bir qismi onun tərəfindən təhkim olunduğu ərazidə şəbəkə mağazalara təhvil verilir, bir qismini isə cavabdehin özünun seçdiyi mağazalara pərakəndə satışını eyni zamanda səyyar satışını həyata keçirir. Şəbəkə mağazalara təhvil verilmiş mallara görə ödəniş həmin şəbəkə mağazaları ilə şirkət arasında bağlanmış müqavilələrə görə köçürmə yolu ilə, lakin pərakəndə və səyyar satılmış malların dəyərini isə cavabdeh tərəfindən yığılmalı və şirkətin kassasına təhvil verməlidir. Pərakənda mağazaların şirkət ilə birbaşa əlaqəsi olmadığından cavabdehin hansı mağazalar, dükanlar və baqqallar ilə pərakəndə satışın həyata keçirməsi şirkətin maraq xaricindədir. Cavabdeh şəbəkəyə nə qədər mal verirsə, şirkət həmin şəbəkədən gələn pul yalnız həmin verilmiş mallara görə hesablanmış məbləğdən çıxır, lakin pərakəndə verilən, şirkətə məlum olmayan mağazalara, səyyar satıcılara paylanmış malların məbləği isə ödənilməmiş qalmışdır. Cavabdeh pərakəndə satış həyata keçirən zaman həmin satış nöqtələr ilə şirkətin heç bir əlaqəsi olmur və hər hansı əqd bağlanmır. Pərakəndə satışda birbaşa mağazalar ilə əqd bağlayan şəxs satış təmsilçisi olur və həmin mağazalara payladığı mallara görə də maddi məsuliyyət daşıyır. Pərakəndə və səyyar satışdan əldə edilən pul vəsaiti cavabdeh tərəfindən yalnız nəğd şəkildə şirkətin kassasına keçirilir. Həmin satış qaimələr və nəğd kassa mədaxil orderləri, o cümlədən köçürmələr və silinmələr barədə bütün sənədlər şirkətdə mövcüddur, lakin məhkəmə tərəfindən əlavə sübutların təqdim edilməsinin vacibliyi barədə iddiaçıya xəbərdarlıq edilməmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixi üzləşmə aktı cavabdehin şirkətə olan borcun etiraf edilməsi barədə akt hesab edilir. Lakin məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh həmin aktın onun tərəfindən imzalanmadığını bildirmişdir. Məhkəmə isə bunun araşdırılması üçün ekspertiza təyin edə bilərdi. Cavabdehin özü ekspertizanı tələb etməyəcək, çünki bu onun əleyhinə ola bilər, məhkəmə də öz təşəbbüsü ilə ekspertiza təyin edə biləcəyi halda etməmişdir. Əsassız olaraq, sadəcə cavabdehin şifahi sözünə əsaslanaraq iddiaçının təqdim etdiyi cavabdeh tərəfindən borcun etiraf etməsi barədə mötəbər sübutların olduğu halda həmin sübutları heçə sayılaraq iddianı rədd etmişdir. Cavabdeh izahatında onun tərəfindən şirkətə pulların ödəməsini bildirsə də onu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə "Tam maddi məsuliyyət haqqında" müqavilə və "Vəzifə təlimatı" bağlanmış, cavabdeh həmçinin həmin müqavilələrin və təlimatın şərtlərini pozmuş, məhkəmə isə həmin sənədləri "işə əlavə edilmiş bir sıra lazımsız sənədlər" kimi qeyd etmişdir. Məhkəmə maddi hüquq normasının pozuntusuna yol verərək nəzərə almamışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 31 mart 2021-ci il tarixli "qarşılıqlı üzləşmə aktından" görünür ki, Cavabdeh işlədiyi dövrdə onun fəaliyyəti və borcu ilə bağlı daxili audit yoxlaması keçirilən zaman İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixə qalıq debet məbləği 57291,53 manat olmuşdur və cavabdeh həmin aktı imzalamışdır. Cavabdeh onun maddi məsuliyyətində olan və şirkət ilə birbaşa müqaviləsi olan şəbəkələrə və ya özü tərəfindən şifahi əqd bağlayaraq şirkətə məlum olmayan pərakəndə satış nöqtələrinə malların paylaması və həmin malların bir qisminin nəğd şəkildə şirkətin kassasına ödəməsi , digər qisminin isə ödəməməsi səbəbindən şirkətə xeyli miqdarda ziyan vurmuş, lakin məhkəmə isə buna əhəmiyyət verməmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən Cavabdeh onun təqsirin olmamasını sübut etməli olduğu halda məhkəmə onun şifahi izahatını əsas gətirmiş, işə əlavə edilmiş sübutu isə heçə saymışdır. İddiaçı iddiasını sübut edəcək sənədləri iddia ərizəsinə əlavə etməsinə baxmayaraq cavabdeh etirazın əsası kimi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh onun işlədiyi dövrdə qalıq borclarını ödədiyini bildirməsinə baxmayaraq bunu sübut etməmişdir. Məhkəmə isə bunu araşdırmamışdır. Cavabdeh "xxxx" MMC-də işləmiş dövrdə şəbəkə satışlarına görə ödəməli olan məbləğ köçürmə yolu ilə şirkətin hesabına daxil olmuş və ümumi borclarından silinmişdir. Qalıq qalan məbləğ 57291,53 manat təşkil etmiş və həmin məbləğlərin cavabdehin pərakəndə satışından qalan borcu olduğuna görə köçürmə yolu ilə şirkətin hesabına daxil olması qeyri-mümkündür. Çünki pərakəndə satış cavabdeh ilə həmin mağaza sahibləri arasında bağlanmış əqdlərə əsasən aparılır. Həmin pərakəndə satış nöqtələrə malların verilməsi və pulların yığılması artıq cavabdehin bir başa maddi məsuliyyətindədir. Pərakəndə satış üçün mağazaların müəyyən edilməsi də birbaşa cavabdehin marağı dairəsindədir. Şirkət üçün həmin pərakəndə satış nöqtələrində malların hansı məbləğdə satılması da maraqlı deyil, yəni cavabdeh onu özünə sərf edəcək qiymətə sata bilər. Şirkət üçün maraqlı olan sadəcə olaraq anbarından götürülmüş malların hesablanmış məbləğin şəbəkə satışı çıxıldıqdan sonra qalığın nəğd şəkildə kassaya mədaxil edilməsidir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o , şirkətin hesabına qalıq qalan nəğd mədaxil etmişdir, lakin məhkəmə bu hissəni araşdırmamış, bu barədə sübutların təqdim edilməsinin mümkün olub olmamasını araşdırmadan məhkəməyə kifayət qədər sübutların verilməməsi qənaətinə gəlmişdir. Həmin sübutların həcmi çox olduğuna görə iddia ərizəsinə əlavə edilməmişdir, lakin məhkəmə iddiaçıya bildiriş göndərərək sübutların təqdim edilməsini tələb edə bilərdi. Bir halda ki, Cavabdeh məhkəmə iclasında iddiaçının iddiasını əsaslandıran sübutların məhkəməyə təqdim edilməsini tələb etməsinə baxmayaraq məhkəmə belə bir şərait yaratmamış, eyni zamanda cavabdehdən də etirazın əsaslı olmasını sübut edilməsi tələb edilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kolelgiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, qarşılıqlı üzləşmə aktındakı imzanın ona məxsus olmasına dair ekspertin rəyi birmənalı deyildir. O da hesab edir ki, imza ona məxsus deyildir. Bundan başqa onun şirkətə borcu yoxdur. O işdən çıxarkən qarşılıqlı üzləşmə aparılmış, o cümlədən mağazalarda qalan mallar onun yerinə işə götürülən yeni satış təmsilçisinə həvalə edilmişdir. Bu barədə müvafiq aktlar tərtib edilsə də iddiaçı tərəf həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Onda isə həmin sənədlərin surətləri qalmamışdır. Bundan başqa iddiaçı şirkət nəiniki ona qarşı bildiyinə görə işdən çıxan bir çox işçilərə qarşı belə əsassız iddialar qaldırmışdır. İddiaçı qarşısında pul öhdəliyinin olmasının sübut olunmamasının nəzərə alaraq, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətanamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandıra bilməmiş, buna müvafiq olaraq isə maddi hüqqu normalarının tətbiqində səhvə yol vermişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan yeni qətnamə ilə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianın əsassızlığı ilə bağlı isə qeyd edir ki, iddiaçı cavabdehin pul öhdəliyinin olmasını məhkməyə təqdim etdiyi yalnız 31 mart 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə sübut etməyə çalışmışdır. Cavabdeh isə həmin aktdakı imzanın ona məxsus olmasına şübhə ilə yanaşdığından məhkəmə kollegiyası tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və X1 06 iyun 2023-cü il tarixli, 4/571 nömrəli ekspert rəyi ilə 31 mart 2021-ci il tarixli Qarşdıqlı üzləşmə aktındakı “Satış Nümayəndəsi: Cavabdeh” qarşısındakı imzanın – ehtimal ki, Cavabdeh tərəfindən icra olunmasına dair rəy verilmişdir ki, həmin ekspert rəyi də birmənalı və qəti olmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə imzanın cavabdehə məxsus olmasına dair qəti rəy verildiyi halda da iddia tələbi əsassız hesab olunacaqdı. Belə ki, iş materiallarından göründüyü kimi Qarşdıqlı üzləşmə aktı 31 mart 2021-ci il tarixdə imzalanmış, cavabdehlə isə əmək müqaviləsinə 24 yanvar 2022-ci il tarixdə xitam verilmişdir ki, həmin dövr aralığından cavabdeh həmin müəssisədə fəaliyyət göstərmiş, iddiaçıdan satış nümayəndəsi kimi mal götürmüş və götürdüyü mallara görə ödənişlər etmişdir. İşin qeyd olunan halları cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 70 ədəd kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 31 mart 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixinədək İddiaçı MMC-nin kassasına təxminən 34000 manat məbləğində pul ödənilmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş pərakəndə satışdan köçürmə yolu ilə gələn ödənişlərə dair 19 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, 31 mart 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tairxədək 18483,61 manat Cavabdeh satışlarından pul vəsaiti iddiaçının hesabına daxil olmuşdur. İddiaçı tərəfindən isə 31 mart 2021-ci il tarixdən sonrakı dövr cavadbehə verilən mallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o işdən çıxarkən qarşılıqlı üzləşmə aparılmış, o cümlədən mağazalarda qalan mallar onun yerinə işə götürülən yeni satış təmsilçisinə həvalə edilmiş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Lakin, iddiaçı tərəf həmin sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə iclaslarında nümayəndəsinin iştirakı təmin edilmədiyindən isə cavabdehin izahatına hər hansı bir münasibətdə bildirilməmişdir. Qeyd olunan halda isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlə əmək müqaviləsinə 24 yanvar 2022-ci il tarixdə xitam verildiyindən, onun müqavilə üzrə hər hansı bir funksiyanı həyata keçirməsi də mümkünsüz hesab olunmaqla, satış məntəqələrində qalan pulun yığmaq səlahiyyəti də mövcud olmur. Yəni, əmək münasibətlərinə xitam verildikdən sonra onun iddiaçını təmsil etmək, onun adından müəyyən tapşırıqları yerinə yetirmək səlahiyyətləri olmadığı üçün alıcılara qarşı tərəfi (satıcısı) olmadığı alğı-satqı müqaviləsindən irəli gələn tələblər irəli sürmək hüququ da olmur. Həmçinin, əmək münasibətlərinə xitam verildikdən sonra onun satış nöqtələrində (alıcılarda) qalmış və ya onlar tərəfindən qiyməti ödənilməmiş məhsulların dəyəri cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan hesab oluna bilməz. Həmçinin iddiaçı tərəfindən cavabdehin işlədiyi ticarət obyektləri tərəfindən məhsulların dəyərinin ona ödənildiyini, lakın iddiaçıya təhvil verilməməsi ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər ki, 72-ci maddədə sadalanan hallardan biri də işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasıdır. Lakin, işdən görünür ki, cavabdehlə bağlanmış müqaviləyə qeyd olunan əsasla xitam verilməmişdir. Həmçinin, cavabdeh işdən çıxarkən onun sonuncu haqq hesabın aparılması ilə bağlı da sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən fakt da cavabdehin iddiaçıya ziyan vurmasını istisna etməkdədir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdehin əmək funksiyalarının icrası ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulan hər hansı bir qanunazidd hərəkətin olması müəyyən edilməmişdir. Buna görə də Tərtər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(061)-1017/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qeyd olunan əsas görə təmin edilməməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Tərtər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(061)-1017/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(061)-1017/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat İddiaçı MMC-dən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar