Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-447/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2477/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013cü il tarixli, №10-M-3-0-68-13 Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, illik 30% dərəcəsi tətbiq edilməklə 5000 (beş min) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013cü il tarixli №10-M-3-0-68-13 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor İddiaçı İKB ASC qarşısında borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, №10-M-3-0-68- 13 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənilməmiş 3153.73 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu, 2612.18 (25% miqdarında) ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1181.15 ABŞ dolları məbnləğində əldən çıxmış fayda olmaqla, cəmi 6952.06 ABŞ dolları təşkil edir. Cavabdehin müqavilə üzrə son ödənişi xx.xx.2014-cü il tarixdə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3153.73 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu, 2612.18 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1181.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6952.06 ABŞ dolları borcun və ödənilmiş 125.46 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya 24 ay müddətinə illik 30% olmaqla 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 banka xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3153.73 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu, 2612.18 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1181.15 ABŞ dolları məbnləğində əldən çıxmış fayda olmaqla, cəmi 6952.06 ABŞ dolları borcu vardır. Ağdam Rayon Məhkəməsinin 2(013)-2477/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: R.Məmmədov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-2477/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafıq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafıq qrafık üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan əlavə şərti olaraq hesab edilsə ki, öhdəliyin icrası vaxtı xx.xx.2015-ci ildə başa çatmışdır, ona görə də, birinci instansiya məhkəməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır ki, onda məhkəmə yenə də maddi hüquq normasının pozuntuna yol vermişdir. Belə ki, iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1181.15 ABŞ dolları məbləğində zərər təşkil etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə də 3 illik müddəti tədbiq edərək iddianı rədd etmişdir. Halbuki, birinci instansiya məhkəməsi də qətnaməsində göstərdiyi kimi kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hesab edirlər ki, iddiaçı olaraq tələb etdikləri illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddasinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə "gecikdirilmiş vaxt üçün faizi" eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə birbaşa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarında göstərilmişdir ki, qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanm) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifık xüsusiyyətləri nəzərə alnmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarındanməhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borcun faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Hesab edirlər ki, "gecikdirilmiş vaxt üçün faiz" tələbi kredit müqaviləsindən irəli gələn hüquq deyil, bu hüququ birbaşa qanunun özü kreditora həvalə etməsi kreditorun bu tələbi irəli sürməsi müqavilədən yox, qanundan irəli gəlmişdir. Göründüyü kimi iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbinin rəddi üçün heç bir əsas olmadan məhkəmə düzgün olmayaraq iddianı rədd etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya icraatı zamanı iştirakçılıq Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələblər üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik və.s) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri: MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, mərizəçi hakimi, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh aldığı borcdan hər hansı ödəniş etməmiş, öhdəliyini tam və vaxtında icra etməmişdir. Bununla yanaşı, cavabdehlər iddia müddətinin keçməsinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddəti xx.xx.2015-ci il tarixdə başa çatmışdır. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da xx.xx.2015-ci il tarixdən başlanmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə 29 avqust 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddətinin axımının xx.xx.2015-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. İddia müddətinin kəsilməsinə və ya dayandırılmasına səbəb olan hal aşkar edilməmişdir. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin 5.1-ci maddəsində göstərilir ki, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Məhkəmə həmin bəndi zaminliyin müddətini müəyyən edən şərt kimi qəbul etmir. Zaminliyin təmin etdiyi öhdəliyin icrasının son vaxtı xx.xx.2015-ci il olmuşdur. İddiaçı zaminə qarşı öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2015-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə də iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı). İşin hallarından göründüyü kimi, tərəflər arasında borc müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış, müqavilə üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2015-ci il tarixinədək şərtləndirilmişdir ki, iddiaçı tərəfindən isə 29 avqust 2023-cü il tarixdə iddia qaldırılmaqla, 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 399.3-cü maddəsi müqavilədə nəzərdə tutulduğu halda müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamını, belə şərt olmadığı halda isə müqavilənin öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə olmasını müəyyən etməkdədir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhədliyin icrası müddəti xx.xx.2015-ci il tarixinədək şərtləndirilmişdir ki, hazırkı iş üzrə mübahsiə müqavilənin qüvvədə olma müddəti və ya müqavilənin qüvvədə olan müddətinin bitməsi ilə əlaqədar öhdəliyə xitam verilib-verilməməsi ilə bağlı deyil, müqavilə üzrə öhdəliyə müddətin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsi olmuşdur. Məhkəmə kollegiyası iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi ilə bağlı iddianın təmin edilməli olması ilə bağlı şikayətinin dəlilini də əsassız hesab eddir. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər( girov, dəbbə pulu və s) üzrə də iddia müddəti keçir. Bundan başqa, Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən, əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir ki, iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi də məhz əsas tələbdən irəli gəlmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı normalara istinad etməklə iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə mövcud sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-2477/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 384.0.1 və 405-407-ci maddələrini rəhbər tutaraq Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2477/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-447/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-447/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver