Məhkəmə qərarları › İş №2(104)-451/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-451/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-451/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan «X6» ASC-nin nümayəndəsi X1, Cavabdeh1 və onun nümayəndəsi olan Vəkil iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan «X6» ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «X6» ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış 43999,08 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 59154,55 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 7224,77 manat cərimə və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə hesablanan 3177 manat faiz borcu, iş üzrə ödənilmiş 404 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan «X7» ASC-yə təhvil verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddiaçı ləğv prosesində olan «X6» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi” barədə iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan «X6» ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 113,555,60 manat məbləğdə borcunun olması LPO «X6» ASC tərəfindən təqdim edilən maliyyə arayışı, hesabdab çıxarış, ipoteka müqaviləsi və digər kredit sənədləri ilə təsdiq edilir. Digər tərəfdən ən mötəbər sübut olan kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 013-İ saylı ipoteka müqaviləsinə dair notariat işi məhkəməyə təqdim edilmişdir. Həm də, qətnamədə qeyd edildiyi kimi Cavabdeh1 öz izahatında qeyd etmişdir ki, qardaşı borcalan Cavabdeh2 Eıbrus oğlu ilə bank arasında kredit müqaviləsi bağlanmışdır və həmin kreditinin təminatı qismində ona məxsus evi ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Lakin o həmin kredit müqaviləsi üzrə Cavabdeh2 heç bir vəsaitin ödənilməməsini bildirmişdir ki, bu da absurddur.Beləliklə, bank məhkəməyə kredit müqaviləsinin əslini təqdim edə bilməsə belə, faktiki halların mövcudluğunu təsdiq edən digər sənədləri təqdim etmişdir.Kredit müqaviləsinin əsli mövcud olmasa belə Bank əmliyyat sistemində mövcud kreditlə bağlı bütün məlumatlar hal-hazırda da mövcuddur. Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan «X6» ASC-nin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, kredit müddətində cavabdeh tərəfindən qismən ödənişlər edilmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, qardaşı Cavabdeh2 bundan əvvəl “X7” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işləmişdir. İşlədiyi dövrdə bank ilə qardaşı Mehman arasında kredit müqaviləsi görünüş üçün bağlanmış, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit verilmişdir. Faktiki olaraq qardaşına həmin məbləğdə pul vəsaiti verilməmişdir. Qardaşı Cavabdeh2 uzun müddətdir ki, Azərbaycan hüdudlarından kənarda yaşayır və onun harada olması barədə dəqiq məlumatı yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi olan Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi uydurma əqddir. Hazırda da, iddiaçı tərəf nə kredit müqaviləsinin əslini, nə də həmin pul məbləğinin həqiqətən də Cavabdeh2 verilməsini təsdiq edən heç bir sübutu təqdim edə bilmir Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: «X6» ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ saylı saylı ipoteka müqaviləsininin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, 013-İ saylı kredit kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndində ipotekanın predmeti 70000 manat dəyərində qiymətləndirilmişdir. 3 M-2-271 saylı Notariat işinin təsdiq edilmiş qovluğuna əlavə edilmiş: «X6» ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013- İ saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən sonuncuya 60 ay müddətinə illik 6% ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,036 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 2 otaqlı, 54,8 kv.m yaşayış, 62,6 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. «X6» ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ saylı saylı ipoteka müqaviləsininin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, 013-İ saylı kredit kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmişdir. X2 ərizəsindən görünür ki, o, əri Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Ləğv prosesində olan «X6» ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 həmin tarixə 43999 manat əsas, 59154 manat faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 3177 manat faiz borcu, 7224 manat cərimə borcu olmaqla, cəmi borcu 113555 manat təşkil etmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 1 və 2 mərtəbəli, 2 otaqlı, 54,8 kv.m yaşayış, 62,6 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birlikdə «X6» ASC-nin xeyrinə yüklü edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 1 və 2 mərtəbəli, 2 otaqlı, 54,8 kv.m yaşayış, 62,6 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə 0,036 ha torpaq sahəsi ilə birlikdə tuttmanın yönəldilməsinə dair bildiriş xx.xx.2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 3 saylı Əİ-də qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 1 və 2 mərtəbəli, 2 otaqlı, 54,8 kv.m yaşayış, 62,6 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə 0,036 ha torpaq sahəsi ilə birlikdə tuttmanın yönəldilməsinə dair bildiriş xx.xx.2022-ci il tarixli reyestrli sifarişli məktubla Cavabdeh1 göndərilmiş və həmi bildiriş xx.xx.2022-ci ildə ona təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/2255 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə 43.999.07 manat əsas borc, 51,508,24 manat faiz borcu, 3.159,38 manat illik 5% borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 111000 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, «X6» ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ saylı saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 60 ay müddətinə illik 6% ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi «X6» ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 013-İ saylı saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndində ipotekanın predmeti 70000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit borcunu müəyyən olunmuş ödəniş qrafikinə uyğun olaraq qaytarmaq barədə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçı Banka borclu qalmışdır. Məhkəmə kollegiyasının iclasında həmçinin, müəyyən edildi ki, iddiaçı Bankın xx.xx.2022-ci il maliyyə arayışında Cavabdeh2 həmin tarixə 43999 manat əsas, 59154 manat faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 3177 manat faiz borcu, 7224 manat cərimə borcu olmaqla, cəmi borcu 113555 manat təşkil etməsi göstərilmişdir. Məhkəmə kollegiyasının qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəyə əsasən, Cavabdeh2 xx.xx.2020-ci il tarixə 43.999.07 manat əsas borc, 51,508,24 manat faiz borcu, xx.xx.2022-ci il tarixə isə 43.999.07 manat əsas borc, 51,508,24 manat faiz borcu, 3.159,38 manat illik 5% borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh2 iddiaçı Bankla kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə 43.999.07 manat əsas borc, 51,508,24 manat faiz borcu, 3.159,38 manat illik 5% borcu qalmışdır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 3.177 manat faiz borcunun tutulması tələbini də əsaslı sayır. Belə ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərində onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdur. Həmin müqavilənin 6.1-ci bəndində müqavilənin tərəflərin imzaladığı andan hüquqi qüvvəyə minməsi və tərəflərin bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin tam icra edilməsinə qədər qüvvədə olması müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 60 ay müddətinə bağlanmaqla, kredit müqaviləsi üzrə ödənişlərin son tarixi xx.xx.2020-ci il müəyyən edilməsinə baxmayaraq, cavabdeh həmin müddət bitdikdən sonra da öhdəliyini icra etmədiyindən iddiaçı Bank cavabdehdən öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi nəzərdə tutur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin: 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, borclunun maddi vəziyyətini, onun cərimə pulunu ödəmək iqtidarında olmamasını, yüksək dəbbə pulunun borclunun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi halları, həmçinin kreditorun əmlak mənafelərini nəzərə alaraq, əsas və faiz borcunun ödənilməsinin gecikdirildiyi günlər üçün iddiaçı Bank tərəfindən 7224,77 manat məbləğində hesablanmış cərimə borcunu azaldaraq 100 manat məbləğində müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəlləsinin 317-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən, öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Həmin Qanunun 36-cı maddəsinə görə isə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 37-ci maddəsinə əsasən, ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmuş, cavabdehə vaxtı keçmiş borcların ödənilmədiyi halda, tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılması barədə məlumatlandırılmış və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş müvafiq Ərazi İdarəsində qeydiyyata alınmışdır. Tutmanın ipoteka predmətinə yönəldilməsi barədə bildirişdən qanunda müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin 2.1-ci bəndində ipoteka predmeti 70.000 dəyərində qiymətləndirilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyi ilə ipoteka predmetinin likvid dəyərini 111.000 manat məbləğində müəyyən etmişdir. Cavabdeh1 qardaşı Cavabdeh2 “X7” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işlədiyi dövrdə bank ilə arasında kredit müqaviləsinin görünüş üçün bağlanması, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit verilməsi, faktiki olaraq isə qardaşına həmin məbləğdə pul vəsaitinin verilməməsinə dair dəlilləri öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi onun tərəfindən heç bir vaxt mübahisələndirilməmiş və həmin müqavilənin təminatı kimi, hətta onun doğma qardaşı tərəfindən ailə üzvlərinin razılığı ilə qeyd edilən mənzil ipoteka qoyulmuşdur. Ona görə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh2 43999,07 manat məbləğində əsas, 51508,24 manat məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% həcmində olmaqla 3159,38 manat məbləğində gecikdirilmiş faiz, 100 manat məbləğində cərimə borcu, cəmi 98766,69 (doxsan səkkiz min yeddi yüz altmış altı manat 69 qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumun Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan «X6» ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə yönəldilməli, əmlakın ilkin satış qiyməti 111.000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsait kredit borcuna yönəlməli, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan «X7» ASC-yə təhvil verilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 150 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əldə edilmiş ekspert rəyi ilə iddiaçı Bank tərəfindən cavabdehə hesablanmış əsas və faiz borcu arasında çox cüzi fərq olduğundan, iş üzrə ekspertiza xərci cavabdehlərə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli manat) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mü.tərək qaydada alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 43999,07 manat məbləğində əsas, 51508,24 manat məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% həcmində olmaqla 3159,38 manat məbləğində gecikdirilmiş faiz, 100 manat məbləğində cərimə borcu, cəmi 98766,69 (doxsan səkkiz min yeddi yüz altmış altı manat 69 qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsum Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan «X6» ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 111.000 manat müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsait kredit borcuna yönəldilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan «X7» ASC-yə təhvil verilsin. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehlərə aid edilərək, ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar