Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-457/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-999/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, borcludan İddiaçı ASC ilə Ələkbərov Anar Nizam oğlu arasında bağlanmış 07 sentyabr 2012-ci 987 saylı kredit müqaviləsinə və Cavabdeh ilə bağlanmış 07 sentyabr 2012-ci 987 saylı zaminlik müqaviləsinə əsasən 304 (üç yüz dörd) manat əsas borc, 195 (yüz doxsan beş) manat faiz, 50 (əlli) manat cərimə olmaqla cəmi 549 (beş yüz qırx doqquz) manat borcun, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Ələkbərov Anar Nizam oğlu arasında bağlanmış 07 sentyabr 2012-ci 987 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. X5 Nizam oğlu 02 iyul 2013-cü il tarixdə vəfat etmişdir. Eyni zamanda Cavabdeh ilə bank arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli 987 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanla birlikdə 07 sentyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh zaminlik müqaviləsinin tələblərini pozaraq öhdəlikləri icra etməmişdir. Boclunun 304 (üç yüz dörd) manat əsas, 195 (yüz doxsan beş) manat faiz, 50 (əlli) manat cərimə olmaqla cəmi 549 (beş yüz qırx doqquz) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli, 2(040)-466/2015 saylı məhkəmə əmri ilə borclu – 03 avqust 1981-ci ildə Ağdərə rayonunun Maqavuz kəndində doğulmuş, Kəlbəcər rayonu Ağdaban kəndində daimi qeydiyyatda olan və Tərtər şəhəri, C.İsmayılov küçəsi, 11 saylı evdə məskunlaşan Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 304,0 (üç yüz dörd) manat əsas, 195,0 (yüz doxsan beş) manat faiz, 50,0 (əlli) manat cərimə borcu və 20,0 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 569,0 (beş yüz altmış doqquz) manat məbləğində pul vəsaitinin tutulmasına dair məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh 23 avqust 2024-cü il tarixdə məhkəmə əmrinə etiraz ərizəsi təqdim edərək, Kəlbəcər Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli 2(040)-466/2015 saylı məhkəmə əmrindən məlumatının olmadığını, yalnız 2024-cü ilin avqust ayında icraçı onu çağıran vaxt məhkəmə əmrindən məlumatı olduğunu və həmin vaxt məhkəmə əmrinin surətini aldığını qeyd etmişdir. Həmçinin etirazda əsas borclu Ələkbərov Anar Nizam oğlunun kredit götürdüyü vaxtı kredit məbləğinin sığortalandığını, sonradan Anar Ələkbərovun qətlə yetirildiyini və onun borcunun sığorta tərəfindən ödənildiyini, buna baxmayaraq bankın ondan qanunsuz və əsassız olaraq artıq pulun tələb etdiyini bildirmişdir. O, məhkəmə əmrinin ləğv edilərək onun iştirakı ilə ümumi iddia icraatı qaydasında işə baxılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(040)-999/2024 saylı qərardadı ilə etiraz təmin edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli 2(040)-466/2015 saylı məhkəmə əmrinin ləğv edilərək ümumi iddia icraatına keçirilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-999/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Həsən Qəniyev) iddia qismən təmin edilmiş, Cavabdeh 304 (üç yüz dörd) manat əsas borc, 195 (yüz doxsan beş) manat faiz, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 529 (beş yüz iyirmi doqquz) manat kredit borcu, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 549 (beş yüz qırx doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-999/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəl iştirak etdiyi məhkəmənin 30 sentyabr hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etmədiyini, iddiaçının kredit borcunu iddia müddətini ötürməklə tələb etdiyini, kredit müqaviləsinin müddətinin 07 mart 2014-cü il tarixdə bitdiyini, iddiaçının borc tələbinin məhkəməyə 22 aprel 2015-ci il tarixində daxil olduğunu və buna görə iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Lakin bu hallarda lazımınca araşdırlmadan hüquqi qiymət verilməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, zamindir, əsas borclu Anar 2013-cü ildə qətlə yetirilmişdir. Hesab edir ki, zaminlik üçün müddət ötürülmüşdür. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-999/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-999/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-999/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Ələkbərov Anar Nizam oğlu arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, borcalana 18 ay müddətinə illik 28 faiz olmaqla, 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kreditor”a qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh Bank qarşısında 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli kredit müqaviləsi üzrə Ələkbərov Anar Nizam oğlunun öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. LPO İddiaçı ASC tərəfindən verilmiş 09 aprel 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Ələkbərov Anar Nizam oğlunun 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli kredit müqaviləsi üzrə borcu 304 manat əsas borc, 195 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 549 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, cavabdeh (zamin) Cavabdeh zaminlik müqaviləsinə əsasən 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranmışdır. Buna baxmayaraq, zamin öz öhdəliklərini icra etməmişdir. Odur ki, iddiaçı cavabdehdən borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia müddətinin tətbiqinə gəlincə məhkəmə hesab edir ki, hazırki halda iddia müddəti ötürülmüş hesab edilə bilməz. Belə ki, iddiaçı ilə mərhum Ələkbərov Anar Nizam oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin bitdiyi 07 mart 2014-ci il tarixdə başlamış və 07 mart 2017-ci ildə bitmişdir. İddiaçı 20 aprel 2015-ci ildə məhkəməyə müraciət etmiş və həmin vaxtdan Mülkü Məcəllənin 380.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı kəsilmişdir. Odur ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0-ci maddəsinə görə, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, mülki qanunvericilikdə zaminliyin qüvvədə olma müddətinin başa çatması zaminliyin ləğv edilməsinə dəlalət edən hallardan biri kimi qəbul edilmişdir. Bu ondan irəli gəlir ki, zaminlik müddətli öhdəlikdir. Lakin zaminlik müddətsiz (qeyri-müəyyən müddətli) öhdəlik də ola bilər. Müddətsiz zaminlik odur ki, bu cür zaminlikdə onun hansı müddətə qüvvədə olması göstərilmir, yəni zaminlik müqaviləsində onun verilmə müddəti nəzərdə tutulmur. Bu cür zaminliyə bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. Bir illik müddət əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanır. Hazırkı iş materialları ilə müəyyən olunur ki, « Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli zaminlik müqaviləsinin 7.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə 18 ay müddətinə bağlanmış və müqavilə müddəti bitənədək qüvvədə qalır. Kollegiya qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli zaminlik müqaviləsinə əsasən, zaminlik müqaviləsinin müddəti 18 ay müddətinə müəyyən edildiyindən, əsas öhdəliyin icrası xx.xx.2014-cü il tarixdə başa çatmış, lakin kreditor tərəfindən həmin vaxtdan etibarən bir il ərzində zaminə qarşı iddia irəli sürülməmişdir. Həmin bir illik müddət hüququn həyata keçirilməsi üçün nəzərdə tutulmuş kəsici müddət olmaqla, onun tətbiq edilməsi üçün ərizə verilməsinə ehtiyac yoxdur. Belə ki, mülki hüquqların həyata keçirilmə müddəti odur ki, bu müddət ərzində səlahiyyətli şəxs (kreditor, subyektiv hüquq daşıyıcısı) özünün subyektiv hüquqlarını həyata keçirmək imkanına malik olur. Həmin hüquqlar öhdəlik hüquq münasibətlərindən (öhdəliklərdən) əmələ gəlir və tələb hüquqları adlanır. Əgər səlahiyyətli şəxs (kreditor) həmin müddət ərzində bu hüquqları həyata keçirməsə, onda onlara xitam verilir. Başqa sözlə, həmin müddət ötürülərsə, kreditor tələbi, yəni borclu şəxsdən müəyyən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququnu itirir və buna görə də o ləğv edilir. Ona görə də, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli zaminlik müqaviləsində zaminlik müqaviləsi əsas öhdəliyin icrası müddətin başa çatdığı xx.xx.2014-cü il tarixdən etibarən bir il ərzində kreditor tərəfindən Cavabdeh qarşı iddia irəli sürülmədiyi üçün sonuncunun zaminliyinə xitam verilmiş və bununla da iddiaçı Bank zaminə qarşı tələb hüququnu itirmişdir. Azərbaycan Respublikası MPM-nin: 385.1, 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edulməmidir. Ona görədə, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-999/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-999/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-457/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-457/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver