Məhkəmə qərarları › İş №2(104)-458/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-458/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-458/2023 10.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(015)-847/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 7143.8 manat əsas, 1512.08 manat faiz borcu olmaqla, cəmi 8655.88 manat borcun və ödənilmiş 106.55 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR2488496A152 saylı kredit müqaviləsinə əsasən ona illik 26.4 faiz dərəcəsi ilə 35 ay müddətinə 10.000 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə 7.143,80 manat əsas, 1.512,08 manat faiz borcu olmaqla, cəmi 8.655,88 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Ona görə də Cavabdeh "xxxx" ASC-nin xeyrinə 7.143,80 manat əsas, 1.512,08 manat faiz borcu olmaqla cəmi 8.655,88 manat məbləğində vəsaitin və 106,55 manat dövlət rüsumunun tutlması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(015)-847/2022 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilərək, Cavabdeh 7.143,80 manat əsas, 1.512,08 manat faiz borcu olmaqla cəmi 8.655,88 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,55 manat məbləğində pulun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İşdə olan sübutlar: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR2488496A152 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 35 ay müddətinə, illik 26.4 faiz ödənilməsi şərti ilə 10.000 manat məbləğində borc pul verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2020-ci il tarixli GTKR2488496A152 saylı kredit müqaviləsinə əsasən 7.143,80 manat əsas, 1.512,08 manat faiz borcu olmaqla cəmi 8.655,88 manat borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri. Ağstafa Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(015)-847/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi ilə razı deyil. Belə ki, iddia ərizəsində göstərilən məbləğdə banka borcu yoxdur. Bundan başqa o məhkəmə iclasında borcun düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etsə də məhkəmə sözgedən qətnaməni qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılma aparılmamışdır. Məhkəmə iclaslarında ona qarşı qaldırılmış iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, 7143,80 manat borc ilə razı olmamışdır. Çünki onun banka ödədyi pullarla bağlı nə bank, nə də məhkəmə heç bir araşdırma aparmamışdır. 1512,08 manat faiz borcu ilə narazı olduğu halda məhkəmə heç bir araşdırma apamamış, iddiaçı bankın təqdim etdiyi sənədlərlə kifayətlənmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabeh məhkəməyə teleqram ünvanlayaraq iddiaçı "xxxx" ASC ilə razılaşdığını və məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nini nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və Ağstafa Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(015)-847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(015)-847/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apelyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsi tərəfindən elspertiza təyin edilməməsi və tələb edilən əsas borc məbləğinin və ona hesablanmış faizlərin düzgün olmaması ilə bağlı olmuşdur ki, məhkəmə kollegiyası cavadbehn apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Belə ki, cavabdeh hansı əsasla ekspertiza təyin edilməli olmasını əsaslandıra bilməmiş, hər hansı bir ödənişinin iddiaçı bank tərəfindən nəzərə alınmaması və ya düzgün nəzərə alınmamsı ilə bağlı da konkret dəlil irəli sürməmişdir. Cavabdehdən tələb edilən borc məbləğinin düzgün hesablanmaması ilə əlaqədar isə hər hansı bir şübhə olmamamaqla yanaşı, buna dair də cavadbeh tərəfindən hər hansı bir arqument irəli sürülməmişdir. Hərçənd ki, iddia tələbi ilə iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin qarşılıqlı təhlilindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə hər ay 412,68 manat məbləği ödəməyi öhdəsinə götürmüş və ödəniş cədvəli üzrə 12 ay, yəni xx.xx.2021-ci il tarixdək ödəniş etmiş və həmin tarixə 7143,80 manat borcu yaranmışdır. Ödəniş cədvəlinə əsasən 7143,80 manat qalıq borc məbləğinə hesablanmalı olan aylıq faiz məbləği 151,92 manat təşkil etmişdir ki, 05 avqust 2021-c il tarixdən maliyyə arayışının verildiyi tarixədək, yəni 06 iyul 2022-ci il tarixinədək olan 11 aylıq müddət üzrə 1512,08 manat faiz məbləğinin hesablanması realdır. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində borcu etraf etməsi ilə bağlı izahat vermədiyini bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə əsasən onun protokola qeyd vermək hüququ olmuşdur. Lakin iş materiallarından da görünüdüyü kimi cavabdeh bu hüququndan istifadə etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağstafa Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(015)-847/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(015)-847/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar