Məhkəmə qərarları › İş №2(104)-462/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-462/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-462/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, “borc tələbinə” dair mülki iş üzrə Xocalı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(070)-124/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. 09 oktyabr 2017-ci il tarixli, KM034T10170001 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçıASC tərəfindən Cavabdeh bank tərəfindən illik 28 faizlə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir.

2. 25 fevral 2022-ci il tarixli, **********822 nömrəli maliyyə arayışında qeyd olunur ki, Cavabdeh 09 oktyabr 2017-ci il tarixli, KM034T10170001S01 nömrəli kredit müqaviləsi üzrə 2712,12 manat əsas borc, 3147,71 qəpik faiz borcu, 2570,61 manat cərimə borcu, 398,62 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 398,62 manat faiz borcu olmaqla, ümumilikdə 8829,06 manat borcu vardır.

3. 08 fevral 2022-ci il tarixli, **********899 nömrəli bildiriş məktubundan görünür ki, borclu yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdir.

4. Azərbaycan Respublikası Mərkəzi Bankının 06 sentyabr 2022-ci il tarixli, 01.16-2- 2022-12692 nömrəli məktubda qeyd edilir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, Fərmanın qüvvəyə mindiyi günəxx.xx.2019-cu il tarixə sözügedən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 2712,12 manat təşkil etdiyindən həmin borcun restrukturizasiyası nəzərdə tutulmuşdur.

5. Cavabdeh aid hesabdan çıxarışdan görünür ki, borclu kredit müqaviləsi üzrə sonuncu ödənişi (210 manat) 07 dekabr 2017-ci il tarixdə icra etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2,712.12 manat əsas, 3,147.71 manat faiz, 2,570.61 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum qərarına əsasən hesablanmış 398,62 manat faiz borcu və iş üzrə ödənilmiş 108,30 manat dövlət rüsumunun cavabdehdən tutularaq LPD İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasnda bağlanmış 09 oktyabr 2017-ci il tarixli KM034T10170001S01 nömrəli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə 28 faizlə 3 000 AZN kredit verilmiş, müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.

8. Xocalı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(070)-124/2022 nömrəli qətnaməsi ilə (hakim T.Əliyev) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 09 dekabr 2017-ci il tarixli, KM034T10170001S01 nömrəli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3000 manat kredit verilmiş, müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə sonuncu ödəniş isə 2017-ci ilin dekabr ayında olmuş, lakin iddia ərizəsi 12 aprel 2022-ci il tarixdə məhkəməyə verilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3 və 375-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

11. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən iş üzrə dəlilləri araşdırmamış, yalnız cavabdehin ifadəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, iddia müddətinin axımı müqavilədə müəyyən edilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanılır. Sözügedən müqavilə üzrə icra müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, iddiaçı tərəf isə ərizə ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. 13.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. 14.İş üzrə iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, apellyasiya şikayətinə əlavə olunan "xxxx" MMC-nin qəbzindən göründüyü kimi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər xx.xx.2022-ci il tarixdə kuryer şirkətinə verilmiş və sonuncu tərəfindən sənədlər xx.xx.2022-ci il tarixdə məhkəməyə çatdırılmışdır. Belə olan halda iddia müddəti ötürülməmişdir. 15.İş üzrə cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasına xahiş etdi. 16.İş üzrə cavabdeh və nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə nəlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 17.5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 18.16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 19.372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 20.372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

22. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

24. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 25.554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. 26.739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 27.739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı:

28. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

29. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 34.372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 35.Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalıdır. 36.İş materiallarını nəzərdən keçirərkən müəyyən olunur ki, 09 oktyabr 2017-ci il tarixli, KM034T10170001 nömrəli kredit müqaviləsinə əsasən İddiaçıASC tərəfindən Cavabdeh illik 28 faizlə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən öhdəliyi tam icra olunmamış, sonuncu ödəniş xx.xx.2017-ci ildə aparılmışdır. Bank hazırki iddia tələbinə dair ərizəni xx.xx.2022-ci il tarixdə poçt məntəqəsinə təqdim etməklə məhkəməyə müraciət etmişdir. 37.Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni əsaslı hesab edərək kredit müqaviləsinin müddətinin 18 ay müəyyən olunması və müqavilənin müdddətinin 2019-cu ildə artıq bitməsi əsası ilə iddia müddəti tətbiq etməklə iddia tələbini rədd etmişdir. 38.İddiaçı bununla razılaşmayaraq apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlili kimi müqavilənin icra müddətinin tam bitməsindən sonra üç illik iddia müddətinin axımının başa çatması tarixi ilə əsaslanmış və qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə kuryer şirkətə verildiyindən tərəflərindən iddia müddəti ötürülməmişdir. 39.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 40.Göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 09 aprel 2019-cu il tarixinədək şərtləndirilmiş, cavabdeh olan borclu müqavilə üzrə üzərinə düşən öhdəliyin icrasına dair sonuncu dəfə dekabr 2017-ci il tarixdə hərəkətlilik göstərmişdir. Bu zaman kəsiyindən sonra vaxtaşırı icra edilməli olan tələb üzrə hər hansı icra hərəkətləri olmamışdır. Həmçinin, kreditor müqavilə üzrə öhdəliklərinin icrasının borclu tərəfindən yerinə yetirilməməsi əsası ilə məhkəmə müdafiə mexanizmindən 12 aprel 2022-ci ildə Bakı şəhəri poçt mərkəzinə müraciət etməklə istifadə etmişdir. 41.İş materiallarında olan "xxxx" MMC-nin 07 mart 2023-cü il tarixli, 3-27-109-2/392 nömrəli məktubunda qeyd olunur ki, SS680732431AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub xx.xx.2022-ci il tarixində 2 saylı Poçt filialının 9 saylı poçt şöbəsində qəbul olunmuş, xx.xx.2022-ci il tarixində xidmət ərazisi üzrə Goranboy RF-nin Ağcakənd PŞ-nə daxil olmuş və xx.xx.2022-ci il tarixində ünvanı üzrə çatdırılmışdır. 42.İş materiallarında olan Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7 nömrəli məktubundan məlum olur ki, LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» barədə 1 ədəd mülki iş 29 aprel 2022-ci il tarixdə Xocalı Rayon Məhkəməsinə daxil olmuşdur. Bundan başqa Cavabdeh barəsində başqa heç bir sənəd məhkəməyə daxil olmamışdır. 43.Beləliklə, iddiaçının apellyasiya şikayətinin iddia müddətinin ötürülməməsi, cavabdehin ərizəsinə əsasən iddia müddətinin tətbiq olunmasının əsassız olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını, o cümlədən qalıq kredit borcunu tələb etmək üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməsi, cavabdeh müddətin tətbiqi barədə ərizə verdiyindən iddianın rədd edilməli olması barədə birinci instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. 44.Belə ki, xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldıran LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 3 il 3 gün, sonuncu ödəniş tarixi nəzərə alınsa belə ondan 4 ildən artıq müddətdən sonra məhkəməyə müraciət etmişdir. 45.Belə olan da məhkəmə kollegiyası hesab edir ki, birinci instasiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(070)-124/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar