Məhkəmə qərarları › İş №2(104)-462/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-462/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-462/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-439/2011 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(021)-439/2011 saylı məhkəmə əmri ilə "xxxx" QSC-nin borclular Cavabdeh2, X3,X5, X10, X12, X16, X13, X6, X7, X17, X11 və X4 qarşı pul tələbi təmin edilmişdir. Borclular Cavabdeh2 və Cavabdeh2 qeyd edilən məhkəmə əmrinə xx.xx.2023-cü ildə etiraz vermişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-439/2011 nömrəli qərardadı ilə borclular Cavabdeh2 və X1 həmin məhkəmənin xx.xx.2011-ci il tarixli 2(021)-439/2011 saylı məhkəmə əmrinə verdiyi etirazın təmin edilməməsi qət edilmişdir. Borclu Cavabdeh2 həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-439/2011 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsi etirazın təmin edilməməsi barədə qərardad qəbul edərkən, məhkəmə əmrinə etirazın əsaslarını obyektiv və hərtərəfli araşdırmamış, məhkəmə əmrinin rəsmi qaydada alınmasını və etirazla bağlı müddət axımının borclunun məhkəmə əmrini aldığı gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı olmasını nəzərə almamışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-439/2011 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-439/2011 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 etiraz vermək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddəti ötürmüşdür. Borclu Cavabdeh2 məhkəmə əmrinə etiraz verərkən müddətin bərpa olunmasına dair vəsatət verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(021)-439/2011 saylı məhkəmə əmrinin surəti xx.xx.2011-ci ildə tələbkara və borclulara, o cümlədən Cavabdeh2 göndərilmiş, məhkəmə əmrinə etiraz verilmədiyindən onun surəti icra edilməsi üçün xx.xx.2011-ci ildə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2011-ci ildə icra məmuru X8 icraata başlamaq haqqında qərar qəbul etmişdir. İşə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 439 nömrəli məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(021)-439/2011 saylı məhkəmə əmrinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və X2 bildiriş göndərilmişdir. Borclular tərəfindən könüllü müddətdə icra sənədi icra edilmədiyindən, adlarına aidiyyəti orqanlara sorğular verilmişdir. Baş Dövlət Yol Polis İdarəsindən əldə edilmiş sorğunun cavabından müəyyən olunmuşdur ki, borclu Cavabdeh2 adına “LAND ROVER RANGE ROVER VELAR” minik markalı ** DU ***, “BMW 528l” minik markalı ** RL ***, “BMW 528l” minik markalı ** RU *** ,“LEXUS LX 570” minik markalı ** VE ***, “HYUNDAİ SONATA” minik markalı ** XK ***, , “KİA OPTİMA” minik markalı ** UO ***, “BMW 428İ” minik markalı ** BP ***, “KİA OPTİMA” minik markalı ** BC ***, “Mercedes Benz G500” minik markalı ** VU ***, “Hyundai Avante” minik markalı ** HC ***, “DODGE DURANGO” minik markalı ** XY *** və “Hyundai Sonata” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil və borclu X1 adına isə “CHEVROLET NİVA” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçir. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə sözügedən avtomobillərin üzərinə həbs qoyulmuşdur. Həmçinin, iş materiallarında olan Yelobank ASC-nin Bərdə rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun sürətindən də görünür ki, cavabdehlər mənkəmə qərarı üzrə qalıq borc ümumilikdə 742,47 ABŞ dolları ödəniş etmişlər. Hal-hazırda məhkəmə qərarı üzrə qalıq borc ümumilikdə 4391,44 ABŞ dolları və 10 manat dövlət rüsumu təşkil edir və məktuba əlavə edilmiş ödəniş edənlərin siyahısında Cavabdeh2 adı mövcüddur. Göründüyü kimi, borclular Cavabdeh2 və X1 icra işindən və məhkəmə qərarından məlumatlı olduqları göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «Ryabıx Rusiya Federasiyasına qarşı» 24 iyul 2003-cü il tarixli (şikayət № 52854/99) qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir və həmin prinsip məhkəmə tərəfindən qəbul olunmuş sonuncu qərarın mübahisələndirilməsinə yol vermir («Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il 61-ci paraqfar). Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi hər bir şəxs özünün hüquq və vəzifələrinin məhkəmədə mübahisələndirilməsi hüququna malikdir. Bu qayda məhkəmə araşdırması hüququnu özündə ehtiva edir. Bu hüquq illyuziya olardı, əgər razılığa gələn tərəflərin hüquq sistemində qanuni qüvvəsini almış məhkəmə qərarının məcburi qüvvəsi bir tərəfin mənafeyinə ziyan vurmuş olmasın. 6-cı maddənin 1-ci bəndində qeyd olunmuş tərəflərə verilmiş ədalətli, aşkar və təxirəsalınmaz məhkəmə prosesi hüququnu məhkəmə qərarının icra olunmaması hüququndan ayrılıqda təsəvvür etmək mümkün deyildir. 6-cı maddənin məzmununda yalnız ədalət mühakiməsinə müraciət etmə və məhkəmə baxışı prosesi nəzərdə tutulmuş olsaydı, onda hüququn aliliyi prinsipi pozulmuş olardı, halbuki həmin prinsiplər konvensiyanı ratifikasiya etmiş tərəflər razılaşaraq qeyd edilən qaydaları qorumağı üzərlərinə öhdəlik kimi götürmüşlər («Xornsbi Yunanıstana qarşı» Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İş materialları ilə müəyyən edilir ki, borclular Cavabdeh2 və X3 mübahisələndirilən məhkəmə əmrinin qəbulundan 12 il keçdikdən sonra, həmin əmrə qarşı etiraz etmiş, halbu ki, həmin əmr üzrə icra sənədi üzrə icra hərəkətlərindən məlumatlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-439/2011 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-439/2011 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar