Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-463/2024 26.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi zərərin ödənilməsi və fərdi yaşayış evinin arxa divarının sökülməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-212/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən görünür ki, İddiaçı adına ünvan 1 ünvanında xüsusi mülkiyyət hüququ ilə 139.4 kv.m fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkzəsi tərəfindən verilmiş 10/16xx-xx/1648 nömrəli, 20 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan fərdi yaşayış evində (B literli tikilidə) mövcud olan qüsurları nəzərə alaraq, həmin fərdi yaşayış evinin içərisinə yağış və qar sularının axması nəticəsində ziyan dəymişdir. Eyni zamanda qeyd olunur ki, İddiaçı məxsus olan fərdi yaşayış evində yaranmış qüsurlar həmin tikilinin dam örtüyünün düzgün vurulmaması nəticəsində yaranmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının “B” tikilisinin dam hissəsinin mailliyi düzgün qurulmamışdır. Aparılmış eksperiment zamanı “B” literli tikilinin dam hissəsinin orta hissəsində su yığıldığı müəyyən edilmişdir. Tədqiq olunan İddiaçı məxsus olan fərdi yaşayış evində (B literli tikilidə) yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4956 manat məbləğində müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan fərdi yaşayış evi (B literli tikilidə) ilə Cavabdeh inşa etdirdiyi tikilinin arasında olan ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Cavabdehin inşa etdirdiyi evin hündürlüyü 6 metrdir və evlərin xarici divarlar arasındakı məsafə (6 x 0,6)= 3,6 metr olmalıdır.Cavabdeh evinin arxa divarının İddiaçı məxsus fərdi yaşayış evinin arxa divarına bitişik olduğu halda İddiaçı evinin ikinci mərtəbəsini inşa etdirməsinin mümkün olubolmaması layihə sənədlər olduqdan sonra müəyyən oluna bilər. İddiaçı məxsus fərdi yaşayış evinə ziyan vurulmasında Cavabdeh hər hansı təqsiri (hüquqazidd hərəkəti) olub-olmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyətlərinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan fərdi yaşayış evinin cavabdehin qanunsuz əməli nəticəsində yararsız hala düşməsinə görə yenidən təmiri üçün tələb olunan 9600 manat, fərdi yaşayış evinə daman yağış və qar suyunun təsiri ilə yararsız hala düşmüş ev əşyalarının ümumi dəyəri olan 2370 manat, ümumilikdə 11970 manat pulun, iddianın qaldırılması və hüquqi xidmətə görə vəkilə ödəmiş olduğu 550 manat xidmət haqqının və 46 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi və cavabdeh tərəfindən onun evinin arxa divarına bitişik vəziyyətdə özbaşına inşa edilmiş fərdi yaşayış evinin arxa divarının cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən ona məxsus evinin qonşuluğundakı, valideynlərindən miras qalmış və heç bir hüquqi qeydiyyatı olmayan evdə yaşayır. Gədəbəy rayonu AİK-nın xx.xx.1997-ci il tarixli 13 saylı qərarı və JN-016D saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun və ailə üzvülərinin ümumi paylı mülkiyyətinə verilmiş, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsində inşa etdirərək ailəsi ilə birlikdə yaşadıqları fərdi yaşayış evini dövlət qeydiyyatına aldıraraq həmin evin üzərində mülkiyyət hüququna dair DƏDR-dən qeydiyyat nömrəsi ********** olan Çıxarış almışdır. O, ailəsinin maddi təminatı üçün xeyli vaxtdır ki, Rusiya Federasiyasında işləyir. Arvadının isə bir müddət qaynanasının hüzr mərasimində olmasından suiistifadə edən cavabdeh, atasından miras qalmış və özünün də faktiki olaraq yaşadığı mülkdə yeni fərdi yaşayış evi inşa etdirmişdir. Ancaq, həmin evin arxa divarı onun mülkiyyətində olan fərdi yaşayış evinin arxa divarına bitişik olmaqla evinin üst örtüyünü özbaşına sökmüş, həmin damdan evinin arxa divarını inşa etdirdirməsi üçün ayaqaltı kimi istifadə etmiş, sonunda evin dam örtüyünü yararsız vəziyyətə salaraq guya yerinə bərkitmiş, ancaq nəticədə evimin dam örtüyündən axmalı olan yağış və qar suyunun axması üçün quraşdırılmış su noyunu götürmüş və şiferini kəsib gödəldərək yerinə beton salmış, nəticədə evinin içərisindəki 2000 manatlıq mətbəx mebel dəsti, 270 manat dəyərində divan, 100 manat dəyərində stol dəsti istifadəsi üçün yararsız hala salınmış, həmçinin evinin içərisinə daman yağış və qar suyunun təsirindən evinin təmiri tamam bərbad hala düşmüşdür ki, evinin yenidən təmiri üçün ustanın əmək haqqı və təmir üçün zəruri olan materiallarla birlikdə cəmisi 9600 manat məbləğində pul vəsaiti tələb olunur. Həmçinin cavabdehin özbaşına inşa etdirdiyi fərdi yaşayış evinin arxa divarı Azərbaycan Respublikası «Şəhərsalma və Tikinti» Məcəllənin 9.2 və 69-cu maddəsinin tələbləri pozulmaqla inşa etdirildiyindən cavabdehə məxsus evin arxa divarı sökülərək evlərinin arasında ara məsafəsi saxlanmadığı halda evinin üstündən 2-ci mərtəbənin qaldırmasına maneə yaradacaq, evinin təmir edilməsindən sonra da evinə yağacaq yağış və qar suyunun təsiri ilə evinin yenə də istifadəsi üçün yararsız hala düşməsinə gətirib çıxaracaqdır. Ona görə cavabdehə qarşı evinin arxa divarına bitişik vəziyyətdə özbaşına inşa etdirdiyi fərdi yaşayış evinin arxa divarının cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin təqsiri hesabına evinə daman yağış və qar sularının təsiri ilə yarasız hala düşmüş ev əşyalarının dəyərinin və evinin yenidən təmiri üçün tələb olunan pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia qaldırmalı olmuşdur. Məhkəmədə İddiaçı vəkili Vəkil iştirak etmiş, iddia ərizəsində göstərilənlərə oxşar məzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, o, iddiaçı ilə qonşudur. Özünə məxsus torpaq sahəsində tikinti inşa etmişdir. Tikinti işləri gedən zaman iddiaçının həyat yoldaşı Gülnaz Bayramova gələrək xeyir dua vermiş, onu yaşadıqları evə dəvət edərək evin damında olan qüsurla əlaqədar yağış sularının onlara məxsus evin içərisinə axdığını bildirərək, ona məxsus evin damını da düzəltməsini xahiş etmiş və çəkəcəyi xərci ona verəcəyini bildirmişdir. O, isə iddiaçıya çəkiləcək xərc az olarsa verilməsinə ehtiyac olmayacağını, əgər çox olarsa verəcəklərini bildirmişdir. Bundan sonra onun evində çalışan ustalarla iddiaçının evinin damının (üst örtüyünün) təmir edilməsi ilə bağlı danışmış, həmçinin iddiaçının arvadı Gülnaz Bayramovanın özü ustalardan onun evinin damının (üst örtüyünün) təmir edilməsini xahiş etmişdir. Ustalar evin təmiri üçün 400 manata razılaşmışlar. Ustalar tərəfindən iddiaçının evininin damı təmir edilmiş, şiferi vurulan zaman Gülnaz Bayramova gələrək nə üçün onun evinin damını sökdürdüyünü bildirərək, onunla mübahisə etməyə başlamışdır. İddiaçının evinin damında suyun axını üçün nov olmamış, o təmir zamanı iddiaçının evinin damına nov quraşdırmışdır. İddiaçının evinə yağış sularının axması özlərinə məxsus evin damında olan qüsurla əlaqədar olmuşdur. Onun inşa etdiyi tikilinin iddiaçıya məxsus evə ziyan vurması ilə əlaqəsi yoxdur. O, özünə məxsus torpaq sahəsində və əvvəllər mövcud olmuş torpaq sahəsinin sərhəddinə çəkilmiş hasarın üzərində tikinti inşa etmişdir. İddiaçıya məxsus evə ziyan vurulmasında onun heç bir təqsiri yoxdur. Məhkəmədə şahid X3 ifadə verərək bildirmişdir ki, o, Şəmkir rayonu, Könüllü kəndində yaşayır. Ustalıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən evinin tikintisində işləmişlər. İddiaçının arvadı onlara cavabdehin qonşuluğunda yerləşən, onlara məxsus fərdi yaşayış evinin novunu düzəltməsini xahiş etmiş, bundan sonra cavabdeh də həmin evin novunun düzəltmələrini bildirmişdir. Həmin evin novlarının düzəldilməsi üçün cavabdehlə 400 manata razılaşmışlar. Həmçinin, novun düzəldilməsi üçün materialı da cavabdeh almışdır. Onlar cavabdehin evinin tikilisini torpaq sahəsinin sərhədlərində yerləşən hasarın üzərində inşa etmişlər. İddiaçıya məxsus evin novunun düzəldilməsini iddiaçının arvadı onlardan xahiş etmişdir. Məhkəmədə digər şahid X2 da şahid X3 ilə oxşar məzmunlu ifadə vermişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-212/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Kazımov) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-212/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, cavabdeh iddiaçının valideynlərindən ona miras qalmış hazırda ona məxsus evin qonşuluğunda yerləşən həyətyanı torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin yan divarını onun B literli tikilinin arxa divarına bitişik vəziyyətdə, yəni ara məsafəsi qoymadan inşa etdirmişdir. İnşaat işlərini aparan ustalar tərəfindən ona məxsus B literli tikilinin dam örtüyü sökülüb ayaqaltı kimi istifadə edilmiş və nəticədə B literli evinə yağan yağış, qar suları evi və evdəki əşyaları yararsız vəziyyətə salmışdır. Nəticdə ona 11970 manat maddi ziyan dəymişdir. Məhkəmə qeyd edilən halları araşdırmadan, əsassız olaraq iddianı rədd etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh öz evini özünə aid olan torpaq sahəsində inşa etdirsə də, evi iddiaçının evinə bitişik inşa etdirməkdə tikinti qaydalarını pozmuşdur. Sonda nümayəndə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, birinci insansiya məhkəməsində vermiş olduğu izahatında göstərdiyi xüsusatlara uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı neçə il bundan əvvəl öz evini inşa edərkən evini özünün mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa etməmiş, onun sahibliyində olan torpaq sahəsi ilə ara məsafəsini pozmuş və onun sahibliyində olan torpaq sahəsinə keçmişdir. Bunu ev tikiləndən sonra görmüş, ancaq, həmin vaxt aralarında yaxşı münasibətləri olduğu üçün evin sökülməsini tələb etməmişdir. İddiaçının evinin tikintisi zamanı evin çardağı düzgün vurulmadığından uzun illər yağan yağış və qar suları evin içərisinə dolmuş və onun evində görülən təmir işlərini yararsız hala salmışdır. Sonda cavabdeh şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2.) Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (Maddə 21.3.) Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (Maddə 152.2. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (Maddə 152.3.) Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Maddə 1096.2.) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi M a d d ə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2.kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; Maddə 80.1.Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. M a d d ə 95.Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, irəli sürülən iddianı təmin etməyərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya vurulmuş ziyanın cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulması ekspert rəyi, işdə olan sübutlar, işdə iştirak edən şəxslərin izahatı və şahid ifadələri ilə müəyyən edilmir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evinə vurulmuş ziyan ilə cavabdehin əməli arasında səbəbli əlaqə müəyyən edilmir. Məhkəmə həmçinin cavabdehə məxsus fərdi yaşayış evinin arxa divarının sökülməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi “ qaydalarının 1.1-ci bəndindən görünür ki, Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir.[1] 1.2. Bu Qaydaların məqsədi Məcəllənin 75-ci və 80-ci maddələrinin tələbləri pozulmaqla aparılan tikinti işlərinin qarşısını almaqdan, şəhərsalma və tikinti qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra – normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuları aradan qaldırmaqdan ibarətdir. 1.3. Nazirlik bu Qaydalara uyğun olaraq öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X4 (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə X4nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. 1.4. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndlərində nəzərdə tutulmuş və Məcəllənin 95.2-ci maddəsinə əsasən yan divarlarının və dam örtüyünün tikintisi başa çatdırılmamış tikilən obyektin sökülməsi barədə qərarı Agentlik qəbul edir. 1.5. Məcəllənin 95.5-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin sökülməsi (bu Qaydaların 5-ci hissəsində və 6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) obyektin sifarişçisi tərəfindən icra olunmadığı halda, bu işi Agentlik həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə məxsus fərdi yaşayış evinin bir hissəsinin sökülməsini tələb edərkən əsas kimi tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmadığını göstərmişdir. Qeyd edilən hüquq normalarına əsasən Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmayan tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin və ya onun hissəsinin sökülməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə məxsus fərdi yaşayış evinin bir hissəsinin sökülməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, irəli sürülmüş iddianın iddiaçının evinə dəyən maddi zərərin əvəzinin ödənilməsi tələbi hissəsini onun sübut olumaması əsası ilə təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla iddiaçının evinə cavabdeh tərəfindən maddi zərər vurulduğu təsdiq edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh izahatında qeyd etmişdir ki, iddiaçının evinin tikintisi zamanı evin çardağı düzgün vurulmadığından uzun illər yağan yağış və qar suları evin içərisinə dolmuş və onun evində görülən təmir işlərini yararsız hala salmışdır. Kollegiya cavabdehin bu dəlillərini iddiaçı tərəfindən iş materiallarına əlavə edilən, evin içəri hissəsinin fotoşəkilləri ilə də təsdiq olunduğu qənaətindədir. Belə ki, həmin fotoşəkillərdən görsənir ki, evin divarları nəmişlikdən hətta qaralma həddinə çatmışdır ki, bu hal yalnız evin içərisinə uzun illər daxil olan sular nəticəsində əmələ gələ bilər. Alınmış ekspert rəyində də bu xüsusat öz əksini tapmışdır. Həmçinin, ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının “B” tikilisinin dam hissəsinin mailliyi düzgün qurulmamışdır. Aparılmış eksperiment zamanı “B” literli tikilinin dam hissəsinin orta hissəsində su yığıldığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası irəli sürülmüş iddianın iddiaçının evinə dəyən maddi zərərin əvəzinin ödənilməsi tələbi hissəsində birinci instansiya məhkəməsinin qənaətləri ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, irəli sürülmüş iddianın cavabdeh tərəfindən iddiaçının evinin arxa divarına bitişik vəziyyətdə özbaşına inşa edilmiş fərdi yaşayış evinin arxa divarının cavabdehin vəsaiti hesabına sökülməsi tələbi hissəsini də təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İşin araşdırılması zamanı işin mübahisəsiz faktiki halları kimi müəyyən edilir ki, iddiaçı öz evini illər öncə inşa etdirmişdir və bu zaman evini qonşu torpaq sahəsi ilə heç bir ara məsafəsi saxlamadan inşa etdirmişdir. Belə ki, iddia ərizəsindən və iddiaçı tərəfin məhkəmədə verdiyi izahatlardan cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilməklə tikinti aparması iddia edilməmişdir. Cavabdeh isə izahatında qeyd etmişdir ki, iddiaçı öz evini onun sahibliyində olan torpaq sahəsinin ərazisinə keçməklə inşa etdirmişdir. Bunu ev tikiləndən sonra görmüş, ancaq, həmin vaxt aralarında yaxşı münasibətləri olduğu üçün evin sökülməsini tələb etməmişdir. Hazırda cavabdehin inşa etdirdiyi ev iddiaçının evinə bitişik inşa edilmişdir və alınmış ekspert rəyinə görə evin tikintisi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Buna baxmayaraq, kollegiya hesab edir ki, işin bütün faktiki halları məcmu halında qiymətləndirildikdə həmin evin bir hissəsinin sökülməsi tələbi qanuni əsaslı sayıla bilməz. Kollegiya ilk öncə diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Artıq yuxarıda qeyd edildiyi kimi, hazırki işin faktiki hallarına görə, iddiaçı öz evini daha əvvəl inşa etdirmişdir və bu zaman qonşu torpaq sahəsi ilə heç bir ara məsafəsi saxlamamış bununla da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə və Mülki Məcəllənin 170.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, cavabdeh öz evini inşa etdirməzdən əvvəl bu barədə iddiaçının ailəsinə məliumat vermiş, öz növbəsində iddiaçının ailəsi də buna etiraz etməmişdir. Bundan başqa, evlərin xarici divarlarının ara məsafəsinin 3,6 metr müəyyən edildiyi hissədə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkzəsi tərəfindən verilmiş 10/16xx-xx/1648 nömrəli, 20 iyul 2023-cü il tarixli ekspert rəyini kollegiya işin hallarının müəyyən edilməsində əsaslı rəy kimi qəbul etmir. Belə ki, həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin inşa etdirdiyi evin hündürlüyü 6 metrdir və evlərin xarici divarlar arasındakı məsafə (6 x 0,6)= 3,6 metr olmalıdır.. Kollegiya hesab edir ki, baxılan işdə tərəflərin evlərinin xarici divarlarının ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1.-ci maddəsinə uyğun qaydada müəyyən edilməlidir. Həmin qanun norması ilə müəyyən edilmişdir ki, ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qədər müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir Qeyd edilən qanun normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, tərəflərin evlərinin xarici divarlarının ara məsafəsi (6x0.3)=1.8 metr qədər olmalıdır və hazırki işdə bu ara məsafəsinin saxlanılmamasında hər iki tərəfin məsuliyyəti var. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Həmin Məcəllənin 95.3-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 95.1.3-1-ci 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Məcəllənin 95.3-1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Artıq yuxarıda qeyd edildiyi kimi həmin müvafiq icra hakimiyyəti orqanı barədə birinci instansiya məhkəməsinin qərarında aydın şəkildə izah verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası irəli sürülmüş iddianın cavabdeh tərəfindən iddiaçının evinin arxa divarına bitişik vəziyyətdə özbaşına inşa edilmiş fərdi yaşayış evinin arxa divarının cavabdehin vəsaiti hesabına sökülməsi tələbi hissəsində də birinci instansiya məhkəməsinin qənaətləri ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərərk hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPMin 372.1, 385.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-212/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-463/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-463/2024
26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver