Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-466/2024 27.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(062)-2240/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı adından cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abdulhəsən oğluna qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edilərək Tovuz şəhəri X1 küçəsində yerləşən ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evində inşaat işlərinə, evin sökülərək yenidən inşa edilməsinə göstərilən qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, reyestr nömrəsi **********66-10301 olan çıxarışa əsasən, tərəflərin adına paylı mülkiyyət kimi fərdi yaşayış evi və torpaq sahəsi qeydə alınmışdır. Fərdi yaşayış evinin 42.2 kv metr hissəsi İddiaçı məxsusdur. Yaşayış sahəsi Tovuz Rayon Məhkəməsinin qətnaməsinə əsasən, naturada İddiaçı verilmişdir. Fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi ştrixlənmiş formada texniki pasportda göstərilmişdir. Onlar özlərinə məxsus giriş-çıxış yollarını dəyişmişlər. Mübahisə olunan fərdi yaşayış evini 1947-ci ildə tikdirmişlər, ev çiy kərpicdən tikilmiş, dam örtüyü köhnəlmiş, bina istismar müddətini başa vurmuşdur. Millər çürümüşdür, dam örtüyündən yağış suları evə dolur, evin uçmaq təhlükəsi vardır. Binanın tikintisinə, yenidən qurulmasına ehtiyac olsa da, cavabdehlər buna imkan vermir. İnşaat işlərinin görülməsinə maneə yaradırlar. Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(062)-2240/2023 nömrəli (hakim Qafil Baxşıyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abdulhəsən oğlu tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında xüsusi mülkiyyətində olan Tovuz şəhəri X1 küçəsində yerləşən özünə məxsus ümumi sahəsi 75,60 kv metr, 38 nömrəli fərdi yaşayış evinin 42,2 kv metr hissəsində söküntü, tikinti işlərinin aparılmasına göstərilən qanunsuz müdaxilələrə son qoyulması; İddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddia hüququ olmayan şəxs tərəfindən verilmişdir və belə olan halda məhkəmə MPM-nin 152.1.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərər qəbul etməliydi. Hazırkı iddianı qaldıran şəxs İddiaçı 2021-ci ildə vəfat etmişdir. İddiaçı əvəzinə məhkəmədə iştirak edən etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı Nümayəndə1 olmuşdur ki, sonuncuya etibarnamə İddiaçı sağlığında verilmişdir və qanunun tələblərinə ğörə həmin etibarnaməyə onun ölümü ilə xitam verilmişdir. Digər tərəfdən hesab edirik ki, məhkəmə işə mahiyyəti üzrə baxsa belə düzğün nəticəyə gəlməmişdir. Belə ki, iddia olunur ki, tərəflərin ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evində iddiaçıya inşaat işlərinə, evin sökülərək yenidən inşa edilməsinə cavabdehlər tərəfindən maneəçilik törədilir. Lakin məhkəmə nəzərə almamışdır ki, tərəflərin ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evi naturada ayrılsa da, bir dam örtüyünün altında yerləşir və iddiaçı tərəf yalnız öz tərəfində deyil bütün evi uçurtmaq istəyir. Belə olan halda işlərin harada aparılması, maneələrin nədən ibarət olması, cavabdehlərin evin hansı hissəsində aparılan işlərə maneəçilik törətmələri barədə məsələlər araşdırılmalıydı. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsinə icraat zamanı nümayəndəsi olduğu şəxsin məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Həmçinin iddiaçı qismində göstərilən İddiaçı 2014-cü ildən ölkədən gedib. İş materiallarındakı etibarnamə də həmin vaxt verilib. Lakin hazırkı iddia ərizəsindən görünür ki, ərizə İddiaçı tərəfindən imzalanmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarının ərizənin baxılmamış saxlanılması barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Hazırkı iş üzrə apellyasiya şikayətinin başlıca dəlili “İddiaçı əvəzinə iddia ərizəsini etibarnamə əsasında nümayəndəsi, bacısı Nümayəndə1 səlahiyyəti olmadan imzalamasından” ibarətdir. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və şikayətin dəlillərində göstərilən dəlillərin araşdırılması zəruri olduğundan apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Nümayəndə1 istifadəsində olan (051) 729-55-56 nömrəli mobil telefon vasitəsilə sonuncuyla əlaqə saxlanılmış və verilmiş suala cavab olaraq bildirmişdir ki, o İddiaçı bacısıdır, qardaşı İddiaçıla 2014-cü ildən əlaqəsi yoxdur. İddia ərizəsi etibarnamə əsasında özü tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsində təsbit edilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Göründüyü kimi iddia ərizəsi iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmışdır. Lakin mülki işin 20-ci vərəqəsində olan iddiaçının adından Nümayəndə1 adgna verilmiş xx.xx.2014-cü il tarixli ƏN-İ 459327 nömrəli etibarnamədə iddia ərizəsinin imzalanmaq səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində isə təsbit olunmuşdur ki, iddia ərizəsinin imzalanması səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Nümayəndə1 adına verilmiş etibarnamədə iddia ərizəsinin imzalamaq səlahiyyəti xüsusi olaraq göstərilmədiyindən, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.3-cü maddələrinin tələblərinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan prosessual normalarının tələblərinə əsasən iddia ərizəsini imzalamış nümayəndənin buna səlahiyyəti olmadığından, ərizə baxılmamış saxlanılmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-266, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(062)-2240/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abdulhəsən oğluna qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-466/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-466/2024
27.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver