Məhkəmə qərarları › İş №2(104)-467/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-467/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-467/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)- 907/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 14 yanvar 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 14600 manat məbləğində krеdit vеrilmişdir. Həmçinin Cavabdeh2 kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini eyni dərəcədə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

2. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASCyə 12111.55 manat əsas, 1642.14 manat faiz, 516.11 manat cərimə borcu vardır.

3. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş xx.xx.2025-ci il tarixli, 9/1601 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 12.134,30 manat (on iki min yüz otuz dörd manat otuz qəpik), faiz borcu üzrə 1.545,35 (min beş yüz qırx beş manat otuz beş qəpik) borcu müəyyən edilmişdir.

4. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 12111.55 manat məbləğində əsas borcun, 1642.14 manat məbləğində faiz borcunun, 516.11 manat məbləğində cərimə borcunun, cəmi 14269.8 manat borcun və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 14600 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

7. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-907/2024 saylı qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 12111.55 manat əsas borc, 1642.14 manat faiz borcu, 516.11 manat cərimə borcu olmaqla, cəmi 14269.80 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134 manat, ümumilikdə 14.403 (on dörd min dörd yüz üç) manat 80 (səksən) qəpik məbləğində pulun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun, cərimə borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 739, 425, 448 və 470-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-907/2024 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrası ilə bağlı zamin qismində iştirak etmişdir. Cavabdeh1 isə hal-hazırda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və cəzaçəkmə müəssisəsindədir. Onun isə maddi imkanı, əmlak vəziyyəti Gədəbəy Rayon Məhkəməsi tərəfindən ödənilməsi qət edilmiş məbləği ödəmək üçün kifayət deyildir. Həmin məbləği ödəmək onun maddi imkanı xaricindədir. Cavabdeh1 isə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə ödənilməsi qət edilmiş məbləğin tutulması üçün hər ay əldə edildiyi məvacib (pensiya) mövcuddur. Bu baxımdan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 12111.55 manat əsas borc, 1642.14 manat faiz borcu, 516.11 manat cərimə borcu olmaqla, cəmi 14269.80 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134 manat, ümumilikdə 14403.80 manat məbləğində pulun müştərək qaydada tutulmasını ədalətsiz hesab edir. Çünki, həmin məbləği ödəmək onun maddi imkanları xaricindədir və onun tərəfindən ödənilməsi qeyri-mümkündür. Bu baxımdan xahiş etmişdir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməsi zəruri olan əsas borcun, faizin və cərimənin məbləğinin azaldılması təmin edəsiniz, o cümlədən ödənilməsi qət ediləcək məbləğin Cavabdeh1 aylıq əldə etdiyi məvacibə (pensiyaya) yönəldilməsini təmin edəcək Qətnamə qəbul edilsin. Eyni zamanda bank azadlıqda olmayan bir şəxsdən külli miqdarda faiz borcu və cərimə tutulmasını tələb edir. Cavabdeh1 oğlu cəzaçəkmə müəssisəsində olduğundan banka olan borcunun ödəyə bilmir. Azadlıqda olarkən banka olan borclarının ödənməsindən yayınmamışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə faiz borclarının və cərimənin məbləğinin həddindən artıq şişirdildiyi qənaətindədir. Hesab etmişdir ki, əsas borca münasibətdə faizlər və cərimə tənasübsüz surətdə həddindən artıq hesablanmışdır.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, cavabdehlərə müqavilədə nəzərdə tutulmamış heç bir faiz və ya cərimə məbləği hesablanmamışdır.

14. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

18. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

19. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

20. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

21. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

22. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.

24. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

26. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Maddə 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır.

32. Maddə 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

33. Maddə 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

34. Maddə 477.0-ci maddəsinə görə, zaminliyə aşağıdakı hallarda xitam verilir:

35. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

42. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

43. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

44. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

45. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən artıq hesablanmış, əsas, faiz və cərimə borcu hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-907/2024 saylı qətnaməsi dəyişdirilməlidir.

50. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 14600 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh1 isə hal-hazırda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və cəzaçəkmə müəssisəsindədir. Cavabdeh (apellyator) Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasına zamin olmuşdur.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin faiz borclarının və cərimə məbləğinin həddindən artıq şişirdilməsi ilə bağlı dəlilini qismən əsaslı hesab edərək qeyd edir ki, hesablama əməliyyatları xüsusi bilik tələb etdiyindən məhkəmə kollegiyası iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə qərardad qəbul etmiş və əldə edilmiş xx.xx.2025-ci il tarixli, 9/1601 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 12.134,30 manat (on iki min yüz otuz dörd manat otuz qəpik), faiz borcu üzrə 1.545,35 (min beş yüz qırx beş manat otuz beş qəpik) borcu müəyyən edilmişdir. Ekspert rəyinin həqiqiliyi və düzgünlüyü kollegiyada şübhə doğurmamış, bunun əksini iddia edən heç bir dəlil işdə iştirak edən şəxslər tərəfindən təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi isə ekspert rəyini nəzərə almamış və nəzərə almamasını əsaslandırmamışdır.

52. Məhkəmə kollegiyası cərimə borcu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Qanunvericiliyin tələblərinə əsasən, mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Kollegiya iddiaçı Bankın əsas kredit və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə borcunun tutulması tələbi ilə bağlı qeyd edir ki, Bank tərəfindən gecikdirilmiş günlərə görə cavabdehlərə hesablanmış həmin cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Ona görə də, borclunun əsas və faiz borcunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını, həmçinin kreditorun da əmlak mənafelərini nəzərə alaraq, əsas və faiz borcuna adekvat məbləğdə, yəni cavabdehlərdən müştərək qaydada 30 manat məbləğində cərimə tutulmasını ədalətli və məqsədəmüvafiqdir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun müştərək qaydada tutulmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlamış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca icrasına dair öhdəlikləri üzərinə götürmüşdür. Cavabdeh müqavilə şərtləri ilə razı olarkən mövcud riskləri də, qəbul etmişdir. Onun öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi kreditorun hüquqlarını pozmaqla onun mənafeyinə cidd ziyan vura bilər.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu iş üzrə mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, cavabdehlərdən tutulmalı borc məbləği hissəsində səhvə yol vermişdir. Odur ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-907/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 12.134.30 manat (on iki min yüz otuz dörd manat otuz qəpik) əsas borc, 1.545,35 (min beş yüz qırx beş manat otuz beş qəpik) manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 13.709,65 (on üç min yeddi yüz doqquz manat altmış beş qəpik) manat məbləğində borc tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-907/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-907/2024 saylı qətnaməsi dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 12.134.30 manat (on iki min yüz otuz dörd manat otuz qəpik) əsas borc, 1.545,35 (min beş yüz qırx beş manat otuz beş qəpik) manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 13.709,65 (on üç min yeddi yüz doqquz manat altmış beş qəpik) manat məbləğində borc tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar