Məhkəmə qərarları › İş №2(104)-47/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-47/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-47/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və Cavabdeh hüquqi varisi X1 iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-14/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 27 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC, Cavabdeh 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6 %-lə, 15000 manat məbləğində kredit vermişdir. Borc alan kreditin əsas məbləğini və hesablanmış faizləri xx.xx.2016-cı il tarixinədək hissə-hissə ödəməyi və kreditin və ona hesablanmış faizlərin məbləğinin tam ödənilməsi pozulduqda vaxtı ötmüş borc məbləği üçün illik 72 % dərəcəsi ilə cərimə ödəcəyinə vəd etmişdir. "xxxx" ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 081 saylı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əlavənin surətindən görünür ki, Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birgə 27 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 34000 manat müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya-RX № ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən fərdi yaşayış evinin 0.25 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli arayışında Cavabdeh 27 saylı xx.xx.2013-cü il tarixli krediti müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borc üzrə 2305.67 manat, müqavilə müddəti üçün hesablanmış faiz üzrə 23.78 manat, cərimə üzrə 372.15 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 376.21 manat, ümumilikdə isə 3077.81 manat kredit borcunun olduğu göstərilir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2018-ci il tarixli bildirişinin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı cavabdehin nəzərinə çatdırılmışdır. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Fondun Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən 0.25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair ipotekaqoyanlara çatdırılmış bildirişin qeydə alınmasını xahiş etdiyi həmin ərizə xx.xx.2018-ci il tarixdə ********** daxilolma sayı ilə qəbul edilmişdir. "xxxx" MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsinə dair xx.xx.2020-ci il tarixli, 0125/20/GB saylı hesabatında Cavabdeh mülkiyyətində olan Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən fərdi yaşayış evinin 0.25 ha torpaq sahəsi ilə pirlikdə bazar qiymətinin 35000 manat olduğu göstərilir. Apellyasiya baxışı zamanı tədqiq edilmiş: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 0045/23/GB saylı rəyindən görünür ki, Goranboy rayonu, Eyvazalılar kəndində Cavabdeh mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiymətilə likvid dəyəri 34.000 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2305.67 (iki min üç yüz beş) manat 67 qəpik məbləğində əsas borc, 23.78 (iyirmi üç) manat 78 qəpik məbləğində faiz borcu, 372.15 (üç yüz yetmiş iki) manat 15 qəpik cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 376.21 (üç yüz yetmiş altı) manat 21 qəpik, ümumilikdə isə 3077.81 (üç min yetmiş yeddi) manat 81 qəpik məbləğində vəsaitin, 31 (otuz bir) manat dövlət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan girovqoyan Cavabdeh məxsus olan Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birgə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birgə satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 (bir) ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(83)-736/2016 saylı qətnaməsi ilə "xxxx" ASC müflis elan edilmiş və həmin məhkəmənin 27 oktyabr 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə Cavabdeh ilə "xxxx" ASC arasında 27 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Borcluya 15000 manat məbləğində, 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh ilə bank arasında xx.xx.2013-cü il tarixdə 081 saylı 28 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə əlavə bağlanmış və Girovqoyana məxsus olan Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birgə ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2018-ci il tarixinə banka 2305,67 manat məbləğində əsas borc, 23.78 manat məbləğində faiz borcu, 372.15 manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 376.21 manat, ümumilikdə isə 3077.81 manat məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********198 nömrəli, 12211.2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-14/2020 saylı qətnaməsi ilə (hakim S.Mayılov) iddia tələbi təmin edilmiş, Cavabdeh 2305.67 manat məbləğində əsas borc, 23.78 manat məbləğində faiz borcu, 372.15 manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 376.21 manat, ümumilikdə isə 3077.81 manat məbləğində vəsaitin, 31 manat dövlət rüsumunun, 31 manat DƏDRX rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birgə yönəldilərək, 35000 manat ilkin satış qiyməti ilə açıq hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birgə satıldıqdan mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılması qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ipoteka predmetinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin rəyi əsassızdır. Çünki qiymətləndirmə metodu təsvir edilməmişdir. Məhkəməyə likvid dəyərin müəyyən edilməsi barədə tərəflərindən vəsatət verilsə də, məhkəmə ekspertiza keçirməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh hüquqi varisi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu Həmin qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.3-cü maddəsində həmçinin apelyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-14/2020 saylı qətnaməsi «ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməsi» hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 34.000 manat məbləğdə müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İşin faktiki hallarından da göründüyü kimi, aralarındakı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən "xxxx" ASC cavabdehə 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6 %lə, 15000 manat məbləğində kredit vermişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hissələrlə ödəməyi öhdəsinə götürmüş, öhdəliyini lazımınca icra etmədiyi təqdirdə cərimə ödəyəcəyini vəd etmişdir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 08İ saylı ipoteka müqaviləsinə əlavəyə əsasən Goranboy rayonu, Eyvazalılar kəndində yerləşən fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birgə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 34000 manat müəyyən edilsə də, ilkin satış qiyməti razılaşdırılmamış və bu qiymət müqavilədə öz əksini tapmamışdır. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2018-ci il tarixə əsas borc üzrə 2305.67 manat, müqavilə müddəti üçün hesablanmış faiz üzrə 23.78 manat, cərimə üzrə 372.15 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 376.21 manat, ümumilikdə isə 3077.81 manat kredit borcu yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklifetmiş, ona ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş və bu bildiriş iddiaçının ərizəsi əsasında ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. İddiaçı apellyasiya şikayətinin əsası kimi göstərmişdir ki, ipoteka predmetinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin rəyi əsassızdır. Çünki qiymətləndirmə metodu təsvir edilməmişdir. Məhkəməyə likvid dəyərin müəyyən edilməsi barədə tərəflərindən vəsatət verilsə də, məhkəmə ekspertiza keçirməmişdir. Hazırki iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti barədə tərəflər arasında mübahisə olduğuna görə məhkəmə tərəfindən sərbəst qiymətləndirici vasitəsilə ipotekanın qiymətləndirilməsi təyin olunmuşdur. «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 0045/23/GB saylı rəyindən görünür ki, Goranboy rayonu, Eyvazalılar kəndində Cavabdeh mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiymətilə likvid dəyəri 34.000 manat təşkil edir. Kollegiya bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 34.000 manat məbləğdə müəyyən edilməsi əsaslıdır. Çünki rəy kifayət qədər əsaslandırılmışdır və hazırkı reallığı əks etdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-14/2020 saylı qətnaməsi «ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməsi» hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 34.000 manat məbləğdə müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-14/2020 saylı qətnaməsi «ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməsi» hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti 34.000 manat məbləğdə müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar