Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-470/2025 17.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(042)-914/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gədəbəy rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 02 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı, Gədəbəy rayonu, Qaradağ kənd sakini Cavabdeh 4 ton kartof məhsulu satması və ona 3051 manat borcunun olması barədə müraciətinin mülki xarakterli olması, bu barədə araşdırmanın polisin səlahiyyətinə aid olmaması və məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir.
2. 08 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Şəmkir rayon Vəkil Bürosunun hesabına 130 manat xidmət haqqı ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2671 manat, iddia ərizəsinin yazılmasına görə 130 manat vəkil xidmət haqqı, 50 manat nəqliyyat xərcləri olmaqla 2851 manat və ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaxın münasibətləri olmuşdur. Cavabdeh Gədəbəy bazarında həm alver, həm də fəhləlik etmişdir. 2021-ci ilin əvvəllərində hər kiloqramı 0,55 qəpik və 0,40 qəpikdən hesablamaqla cavabdeh ondan 4 ton kartof almışdır. Eyni zamanda cavabdehə çuğundur (pazı) toxumu və ot presi satmışdır. Nəticədə cavabdehin ona 2671 manat borcu yaranmışdır. Borcun qaytarılmasını cavabdehdən tələb etsədə, lakin müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə Gədəbəy rayon Polis şöbəsinə şikayət etmiş və cavabdeh ona olan borcunu etiraf etmiş və kartofu gördüyü işlərin əvəzində ona verildiyini bildirmişdir. Halbu ki, cavabdeh gördüyü işlərin haqqını ondan almış və onun cavabdehə heç bir borcu qalmamışdır.
5. Gədəbəy Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(042)-914/2024 nömrəli qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh alqı-satqı üzrə 1050 manat, vəkilə ödənilmiş xidmət haqqına görə 130 manat və ödənilmiş dövlət rüsmunun əvəzi 30 manat, ümumilikdə 1210 (bir min iki yüz on) manat alınıb İddiaçı verilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi; Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 385.1, 386.1, 567, 598, 600, 601 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.3, 119.1, 220.5, 217, 216-220, 227, 233, 360, 362 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı iddianın təmin edilməməsi hissədə qətnamədən apellyasiya şikayəti vermişdir.
8. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin olunmaması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi 4 ton çəkidə olan kartof məhsulunun hər kiloqramını 0,55 qəpik və 0,40 qəpik hesablamaq əvəzinə, cavabdehin izahatını əsas götürərək 4 ton çəkidə olan kartof məhsulunun 1 ton hissəsinin bir kiloqramını 0,30 qəpikdən, 3 ton hissəsini bir kiloqramını isə 0,25 qəpikdən hesablamışdır. Halbu ki, cavabdeh ona olan borcunu etiraf etmiş və ödəmək üçün ona vaxt verməsini xahiş etmişdir. Cavabdehin etirafı ilə bağlı səs yazısını məhkəməyə təqdim etsədə, nəzərə alınmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ona 4 ton toxumluq kartof vermişdir. Kartofun 1000 kq 0,30 manat, 3000 kq isə 0,25 manatdan almışdır. İddiaçıdan çuğundur (pazı) toxumu, eləcədə ot presi almamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə məhkəmə iclasına gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi səbəbindən işə baxılmasının təxirə salınmasını xahiş etsədə, lakin buna dair hər hansı subutu əlavə etməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Maddə 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 4 ton kartof, Çuğundur (pazı) toxumu və ot presi olmaqla, cəmi 2671 manat dəyərində məhsulu Cavabdeh nisyə satmasını, sonuncunun isə alqı-satqı müqavilə üzrə yaranmış borcu qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müarciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
32. Məhkəmə kollegiyasıda qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyil.
33. Belə ki, İddiaçı 4 ton kartof, çuğundur (pazı) toxumu və ot presi olmaqla, cəmi 2671 manat dəyərində məhsulu Cavabdeh nisyə satmasını iddia etsədə, lakin bu barədə məhkəməyə hər hansı möhtəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh da iddiaçıdan ümumiyyətlə çuğundur (pazı) toxumu və ot presi almadığını, yalnız 4 ton (1050 manat dəyərində, 1000 kq. 0,30 qəpik, 3000 kq. 0,25 qəpikdən) toxumluq kartof almasını etiraf etmiş və bu etirafını onunla əsaslandırmışdır ki, iddiaçı ona 3300 manat borcu olmuş və 4 ton kartofuda (1050 manat dəyərində,1000 kq. 0,30 qəpik, 3000 kq. 0,25 qəpikdən) borcun əvəzi qismində ona vermişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməsinə baxmayaraq Cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir.
34. İddiaçı Mayram qızının vermiş olduğu apellyasiya şikayətininə münasibətdə isə kollegiya qeyd edir ki, sonuncu 1000 kq. kartofun bir kiloqramını 0,55, 3000 kq. 0,40 manatdan cavabdehə nisyə satdığını bildirsədə, lakin tərəflər arasında göstərilən qiymətlə bağlı razılaşma olmasını, eləcədə cavabdehə hansı çəkidə və hansı qiymətə çuğundur toxumu, neçə sayda və hansı qiymətə ot presi verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
35. Halbu ki, mülki prosessual qanunvericiliyə görə də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Beləliklə kollegiya hesab edir ki, cavabdehin izahatına əsaslanaraq birinci instansiya məhkəməsi tələbi qismən təmin etməkdə düzgün nəticəuyə gəlmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(042)-914/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.