Məhkəmə qərarları › İş №2(104)-472/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-472/2023

08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-472/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(125)-256/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli Gəncə şəhər, BPİ-nin DYP-si polis kapitanı X1 inzibati xəta haqqında tərtib etdiyi protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

2. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 14:00-da VAZ 21099 markalı, K648-AC-05 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir.

3. xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, **-SZ-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobilə baxış keçirilmiş və həmin avtomobilə cəmi 2105 manat zərər dəydiyi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 2105 manat maddi zərərin və ödənilmiş 42 manat dövlət rüsumunun sonuncudan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 yanvar 2022-ci il tarixində saat 14:00 radələrində “CHEVROLET CRUZE” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Heydər Əliyev prospektində yol kənarında dayanmışdır. Bu vaxt Cavabdeh idarə etdiyi “VAZ 21099” markalı K 648-AC-05 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman özü ilə eyni istiqamətdə hərəkət edən “GREAT WALL” markalı **-DN-*** dövlət nömrə nişanlı avtomobili ötmək istəyərkən toqquşmuş, bundan sonra idarəetməni itirərək yolun kənarında dayanmış onun avtomobilinə dəymişdir. Həmin hadisə sırf cavabdehin təqsiri üzündən baş vermişdir. Hadisə nəticəsində onun avtomobilinə 2105 manat zərər dəymişdir. Lakin cavabdeh inzibati məsuliyyətə cəlb olunsa da, bu günə kimi ona vurduğu maddi zərəri ödəməmişdir. Bununla bağlı o, dəfələrlə cavabdehə müraciət etmiş. Ancaq sonuncu müxtəlif bəhanələrlə bundan yayınmışdır. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir.

6. Gəncə şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(125)-256/2022 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddianın qismən təmin edilməsi, Cavabdeh 2055 (iki min əlli beş) manat məbləğində pul vəsaitinin və ödənilmiş 42 manat dövlət rüsumunun 40 (qırx) manatının tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin 95 (doxsan beş) manatının Cavabdeh, 5 (beş) manatınən isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

7. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, iddia ərizəsində tələb olunan zərərin əvəzinin ödənilməsi 2105 manat göstərilsə də, ekspert rəyində zərərin əvəzi 2055 manat müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, ekspert rəyinə uyğun olaraq avtomobilə dəymiş zərərin əvəzi 2055 manat müəyyən olunmalıdır. Həmçinin cavabdeh iddiaçının avtomobilinə maksimum 1000 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 1096.1, 1096.2 və 1108.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(125)-256/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin 1000 manat həcmində təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, işi düzgün araşdırmamışdır. Belə ki, o, iddiaçıya avtombili aşağı qiymətə təmir etdirə biləcəyini bildirsə də iddiaçı razılaşmamışdır. Ekspert rəyi ilə müəyyən edilmiş təmir xərci şişirdilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir.

13. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

15.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri 16.MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 18.Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 19.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(125)-256/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 20.İşin halları ondan ibarətdir ki, İddiaçı 14 yanvar 2022-ci il tarixində saat 14:00 radələrində “CHEVROLET CRUZE” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Heydər Əliyev prospektində yol kənarında dayanmışdır. Bu vaxt Cavabdeh idarə etdiyi “VAZ 21099” markalı K 648-AC-05 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman özü ilə eyni istiqamətdə hərəkət edən “GREAT WALL” markalı **- DN-*** dövlət nömrə nişanlı avtomobili ötmək istəyərkən toqquşmuş, bundan sonra idarəetməni itirərək yolun kənarında dayanmış onun avtomobilinə dəymişdir. İddiaçının iddiasına görə hadisə nəticəsində onun avtomobilinə 2105 manat zərər dəymişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq ekspertiza təyin edilərək dəymiş zərər 2055 manat müəyyən olunmuşdur. Buna görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspert rəyinə uyğun olaraq avtomobilə dəymiş zərərin əvəzi 2055 manat müəyyən olunmalıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının avtomobilinə dəymiş maddi ziyanın düzgün müəyyən edilmədiyini, şişirdildiyini bildirsə də buna dair sübut təqdim etməmişdir.

21. Hazırki iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 22.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil. 23.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(125)-256/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar