Məhkəmə qərarları › İş №2(104)-473/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-473/2024

14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-473/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, “alimentin artırılması və çəkilmiş əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(125)-5166/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 1001/2021 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-761/2021 saylı qətnaməsi əsasında tutulan 160 manat alimentin məbləği artırılaraq, hər ay 170 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı alimentin artırılması və çəkilmiş əlavə xərclərin ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 1001/2021 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilən 170 manat alimentin məbləğinin artırılaraq, hər ay 220 manat məbləğində alınaraq İddiaçı Füzuli qızının xeyrinə ödənilməsinə, uşağın müayinə və müalicəsi üçün onun tərəfindən çəkilmiş 1137,4 manat pulun birdəfəlik qaydada Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-761/2020 nömrəli qətnaməsi əsasında tutulan 160 manat alimentin məbləğinin artırılaraq, hər ay 170 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ərarvad uşaqlari ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. X8 Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, alimentin məbləği artırılaraq 220 manat müəyyən edilməlidir. Ötən müddət ərzində cavabdeh bir dəfə də olsun ki, uşaqları ilə maraqlanmamış, xəstəliyi ilə bağlı xərclərə köməklik göstərməmişdir. Uşağın müayinə və müalicəsinə 1137.44 manat xərcləmişdir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda Mediasiya Təşkilatına müraciət etmişdir. Qarşı tərəf İMS-də iştirak etmədiyinə görə xx.xx.2023-cü il tarixində müvafiq arayış verilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1001/2021 nömrəli qətnaməsi əsasında tutulan 170 manat alimentin məbləğinin artırılaraq, hər ay 220 manat məbləğində alınaraq İddiaçı xeyrinə ödənilməsinə, uşağın müayinə və müalicəsi üçün onun tərəfindən çəkilmiş 1137,44 manat pulun birdəfəlik qaydada Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(125)-5166/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1001/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin hər ay bir uşağa görə 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi, X3 müalicəsi üçün xərclənmiş vəsaitin 568.72 (beş yüz altmış səkkiz manat yetmiş iki qəpik) manatı, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir.

6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(125)-5166/2023 nömrəli qətnaməsini ləğv edib, alimentin məbləğinin 170 manat müəyyən olunması, iddianın qalan hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə nikahı qeydə aldırmadan 2015-ci ilin sentyabr ayında ailə qurmuşlar. xx.xx.2016-cı ildə Səlim adlı övladları anadan olmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə daha əvvəl təyin edilmiş alimentin məbləği artırılaraq 220 manat təyin edilməsi və əlavə xərclərə cəlb edilməklə 1137,44 manat pulun məndən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, alimentin məbləği artırılaraq 200 manat müəyyən edilmiş və əlavə borc kimi 568,72 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə işin faktiki hallarını müəyyən etməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, maddi vəziyyəti hər ay 200 manat aliment ödəməyə imkan verir. Lakin işin faktiki halı bundan ibarətdir ki, onun hər ay 200 manat aliment verməyi mümkün deyil. Onun maddi imkanı bu məbləğdə ödəməyə imkan vermir. Həmçinin məhkəmə iddiaçıya əlavə xərclə bağlı pul ödəməyi ilə bağlı müəyyən etdiyi halların da hüquqi əsası yoxdur. Maddi hüquq normalarının pozulması onda ifadə olunmuşdur ki, məhkəmə yüksək məbləğdə aliment təyin etməklə iddiaçının mənafelərinin təmin edilməsinə çalışmış, lakin onun ailənin digər üzvü kimi hüquq və qanuni mənafeləri pozulmuşdur. Məhkəmə iddia ərizəsinə etirazda qeyd edilənləri, heç bir yerdə işləməməyini, hər ay bu qədər pulu haradan və necə qazanacağını, bununla onu çətin həyat şəraitinə məruz qoymasını, gələcəkdə qətnaməni icra etməyəcəyi şəkildə gələcəkdə onun cinayət məsuliyyəti ilə üzüzə qoymasını nəzərə almamış və ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı İddiaçı Füzuli qızı tərəfindən etiraz verillmiş, etirazda göstərmişdir ki, o işləsə də, uşağın və özünün maddi tələbatını əmək haqqısı ödəmir. Uşaq bu gün yemək, gəzmək, əylənmək arzuları ilə həyata baxır. O, tək bu arzuları yerinə yetirə bilmir. Cavabdehdən aldığı aliment bu tələbi ödəmir. Buna görə də alimentin artırılaraq 220 manat olmasını tələb edir. Bundan başqa uşaq xəstə olduğundan müalicə alıb. Həmin müalicə xərcini kənar şəxslərdən borc almışdır. Cavabdeh az əmək haqqı alması barədə məhkəməyə arayış təqdim etsə də, əmək haqqı almaqdan başqa, o sənətkardır, gündəlik gəliri var. Bu gəliri məhkəmədən gizlədir. Uşağın müalicəsinin dövlət tərəfindən qarşılanmasına gəldikdə isə bildirir ki, uşağın müalicəsinə sərf olunan dərman preparatları çətinliklə tapıldığından müalicə olunması çətinləşir. Buna görə də müalicə olunması ilə bağlı 1137,44 manat xərc çəkməli olmuşdur. Bu məbləği sığorta qarşılaşmadığından məcbur olub, xərclədiyi məbləği cavabdehdən məhkəmə qaydasında tələb edib.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinin artırılaraq 200 manat müəyyən olunması hissəsindən narazı olmadığını, lakin müalicə üçün xərclənmiş vəsaitin 568.72 manat ondan tutulmasını əsaslı hesab etmədiyini bildirdi. Ona görə də iddianın həmin hissədə rədd olunmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

13. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqların haqqında” Konvensiya:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələri inzibati və ya qanunvericilik orqanları tərəfindən.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə valideynindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı: 8.13 Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Apellyasiya şikayətində cavabdeh tələbin rədd olunmasını xahiş etmiş, şikayətin dəlili kimi alimentin ödənilməsinə maddi imkanının yol verməməsini qeyd etmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə artırılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır.

21. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

22. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

23. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(125)-5166/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1001/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin hər ay bir uşağa görə 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi, X3 müalicəsi üçün xərclənmiş vəsaitin 568.72 (beş yüz altmış səkkiz manat yetmiş iki qəpik) manatı, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 24.İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 645/KEŞ saylı rəyindən görünür ki, X2 şəhər Birləşmiş Xəstəxanası PHŞ-də verilmiş 224 saylı xx.xx.2023-cü il tarixli arayışına əsasən “Talassemiya xəstəliyinin daşıyıcısıdır. Revmatik qızdırma ürəyin cəlb olunmaması, mürəkkəb hipermetropik astiqmatizm” diaqnozları ilə dispanserdə qeydiyyatdadır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X1laborator və instrumental müayinələrdən keçmiş, onun “Hipermetropik astiqmatizm” kimi xəstəlikdən əziyyət çəkdiyi müəyyən edilmişdir. Səlim Ələkbərovun hazırki sağlamlıq durumu ilə əlaqədar ona müvafiq laborator və instrumental müayinələrin aparılması Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəsissələrində mümkündür. Qeyd olunan tibbi xidmətin icbari tibbi sığorta paketinə daxil olub-olmamasının təyini məhkəmətibbi ekspertizanın səlahiyyətlərinə aid deyil. Səlim Ələkbərovun yaşadığı ərazi üzrə poliklinikada dispanserizasiyadan keçməsi məqsədə müvafiqdir. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyil.

25. Cavabdeh apellyasiya baxışı zamanı izahatında apellyasiya şikayəti üzrə tələbini dəqiqləşdirirək, iddianın alimentin məbləğinin artırılması hissəsində razılaşdığını bildirmiş, lakin müalicə üçün xərclənmiş vəsaitin 568.72 manat ondan tutulması hissəsində rədd olunmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyinin surətindən də göründüyü kimi X4 həqiqətən də qeyd olunan xəstəliklərdən əziyyət çəkir və bu xəstəliklər mütəmadi olaraq müayinə, müalicə xərcləri tələb edir. 27.Digər tərəfdən apellyasiya şikayətinin dəlili kimi cavabdehin maddi gəlirinin az olmasına münasibət bildirərkən məhkəmə kollegiyası qeyd edir ki, bu kimi hallar valideynin uşaq qarşısında öhdəliklərini istisna etməməlidir.

29. Tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehdən X3 müalicəsi üçün xərclənmiş vəsaitin 568.72 manat hissənin alınıb iddiaçıya verilməsində qanunauyğun və əsaslı nəticəyə gəlmişdir.

28. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(125)-5166/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar