Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-474/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5489/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-də Cavabdeh1 verdiyi izahatın surətindən görünür ki, o, iddiaçı X1 1500 manat almış, həmin pulu qaytarmışdır. Ondan Nəhayət faiz dediyinə görə 200 manat faizə görə borcu qalmışdır.
2. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-də Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 iddiaçı X1 2500 manat borc almışdır. Həmin puldan 1000 manatını ona qaytardığını, 1500 manatını isə qaytarmamışdır. Nəhayət həmin pulu istədikdə aralarında mübahisə yaranmışdır.
3. Azərbaycan Beynəlxalq bankının X2 adına verilmiş çıxarışdan görünür ki, X3 xx.xx.2023-cü ildə 259.99 manat, xx.xx.2021-ci il tarixdə 260.00 manat pensiya almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 borclu olduğu 5275 manat pulun, Cavabdeh1 borclu olduğu 200 manat pulun və məhkəmə hesabına ödədiyi məhkəmə xərcinin tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 bacısıdır. Digər Cavabdeh1 isə onun qapı bir qonşusunun oğludur. Münasibətləri çox yaxşıdır. Aralarında bir-birlərinə qarşı inam olmuşdur. Bacısı ilə daim münasibətləri yaxşı olmuşdur. 2019-cu ildə bacısı evində tikinti və təmir işləri gördürmüşdür. O, bir bacı kimi onda saxlanc pul olmasını bilmişdir. xx.xx.2019-cu ildə Cavabdeh2 ona bildirmişdir ki, ustalara və materiallara pulu çatmır. Lotereya oynayır, növbəsinə hələ var, ona görə də, ona borc pul versin bu işlərini yoluna qoysun. Lotereyanı alanda ona olan borcunu qaytarar. Cavabdeh bacısı olduğundan bundan imtina edə bilməmişdir. Məcburiyyət qarşısında qalıb, razılaşmışdır. Həqiqət ondan 3500 manat borc almışdır. Bacısı elə onun yanında ustaların pulunu vermiş, qalanına da, material alacağını demişdir. Bundan sonra bacısı oğlu Rasimə və kürəkəni Tofiqə təcili pul lazım olduğundan ondan onların adından 500 manat pul almışdır. Həmin puldan 305 manatını bacısı ilə birlikdə kəndə gedən zaman yolda qaytarmışdır. 275 manatını bu günə kimi bacısı qaytarmamışdır. Hazırda bacısının ona ümumilikdə 5275 manat borcu vardır. 2019-cu ilin noyabr ayında iş üzrə digər cavabdeh olan, bacısı oğlu Rasimin qonşuluqda yaşayan dostu Cavabdeh1, bacısı və bacısı oğlu vasitəsi ilə ondan bir həftə ərzində qaytarmaq şərti ilə pul istəmiş və bildirmişdir ki, təcili ona pul lazımdır. O, vermək istəmədikdə bacısı demişdir ki, yaxşı insandırlar, bir həftəyə verəcək. O da, bacısının xətrinə razılaşmışdır. Elə həmin günü bacısı oğlu ilə Vüqar pulu gəlib evindən götürmüşdürlər. Pulu verəndə demişdir ki, bir həftəlik verir. Vüqar pulu qaytaran zaman 1500 manatını bacısı Həqiqətə vermişdir ki, ona versin. Həqiqət də, ona demişdir ki, həmin pulu xərcləmişdir. Lotereyanı alanda, aldığı borcla birlikdə hamısını qaytaracaqdır. O da, razılaşmışdır. Vüqarın ona verəcəyi 1000 manat pulu isə həm özü hissə-hissə olmaqla, həm də anasının pensiya kartını ona verdiyindən kartdan pul çəkmək şərti ilə 2023-cü ilin yanvar aından iyun ayına kimi 800 manata almışdır. Pulun 200 manatı qalanda Vüqarın anası kartı bağlatdırmış və özü də, pulu ödəməmişdir. Buna görə də, onlara gedib, anasına demişdir ki, Vüqara de, pulun 200 manatını da versin. Bu dəfələrlə təkrar olunsa da, Vüqar onun sözlərinə əhəmiyyət verməmiş, nə də telefonunun zənginə cavab verməmişdir. Məcbur olub bacısı Həqiqətin nömrəsi ilə elə bacısının yanında Vüqara zəng vurmuşdur. Telefonu açanda onun olduğunu bilən kimi, ona qarşı söyüşlər işlətdiyi üçün, o da, məcbur olub, 102 xidmətindən istifadə etmişdir. Sonradan polisə dəvət edilərək ondan ərizə, daha sonra isə izahatlarını almışlar. Araşdırmanın yekununda isə xx.xx.2023-cü il tarixli məktubla ona bildirmişlər ki, mülkü iş olduğundan bu barədə məhkəməyə iddia tələbi ilə müraciət etməlidir. Həmin vaxt Cavabdeh1 bildirmişdir ki, həqiqətən ona 200 manat borcu var, hissə-hissə ödəyəcək. Lakin bu günə kimi həmin borcu ödəməmişdir. O isə çıxılmaz vəziyyətdə qalmışdır. Bundan əlavə cavabdehlərin hərəkəti üzündən məhkəməyə dövlət rüsumu da ödəmişdir. Həmin məbləğin də, cavabdehlərdən alınıb, ona verilməsini istəyir.
6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5489/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev), iddianın qismən təmin edilməsi, Cavabdeh2 1500.00 (bir min beş yüz) manat pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilmənısi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1 və 739.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5489/2023 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissəsində də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh olan bacısı ondan evinin təmiri üçün, sonradan lotereya oynundan alacağı puldan qaytarmaq şərti ilə, əvvəl 3500 manat, sonra 500 manat borc pul almış, bundan sonra onun oğlunun dostu Vüqarın ondan aldığı 2500 manatdan qaytardığı 1500 manatı da alıb xərcləmiş, həmin 1500 manatı da, digər borcu ilə birlikdə lotereya pulu hesabına qaytaracağına söz vermiş və qaytarmamışdır. Yəni, cavabdeh aldığı borcu qaytarmaq barədə öhdəliyini icra etməmişdir. Belə ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırıb, təqdim edilmiş sübutların möhtəbərliyini qiymətləndirməmiş, cavabdehin etirazının əsası kimi istinad etdiyi halları sübut etməsini tələb etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara obyektiv, hərtərəfli və tam baxmamış, işin həqiqi hallarını müəyyən etməmiş, qətnaməni tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Birincisi bildirir ki, iddia tələbinin Cavabdeh1 2500 manat pul tələbi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə əsasən razılaşmaq olar. Belə ki, məhkəmə nəticəyə gəlmişdir ki, Cavabdeh1 2500 manat borcdan 1500 manatını bacısı Həqiqətə vermiş, digər 1000 manatını isə guya anasının kartı vasitəsi ilə ödəmişdir. Əslində isə o, 1000 manat deyil, 800 manat ödəmiş, həmin 800 manatın bir qismini hissəhissə ödəmiş, bir qismini isə kart vasitəsi ilə ödəmişdir. Ona görə də, o ərizəsində və məhkəmədə göstərmişdir ki, 800 manat ödənildikdən sonra Vüqar kartı bağlatmış, məhz bundan sonra onunla görüşüb mübahisə etmiş və sonra 102 xidmətinə zəng etmişdir. Vüqar isə ona və eyni zamanda məhkəməyə bildirmişdir ki, 800 manatdan sonra kartı ona görə bağlatdırmışdır ki, qalan 200 manat guya əsas borc deyil, sələmdir. Ona görə də, hesab edir ki, Cavabdeh1 ödəmədiyi 200 manat ondan xeyrinə alınmalıdır. Məhkəmə bacısı Cavabdeh2 ona olan 5275 manat (əslində isə 5195 manatdır, ərizə yazılarkən texniki səhvə yol verilmişdir) borcunun qaytarılması ilə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Bununla bağlı məhkəmə qətnamədə göstərmişdir ki, guya o bacısı Həqiqətə 5275 manat borc verdiyini qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə onun təqdim etdiyi şahidlərin ifadələri ilə bağlı qətnamədə qeyd etmişdir ki, guya həmin şahidlərin ifadələri inandırıcı deyildir. Hesab edir ki, aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticələr halda əsaslı hesab edilə bilməz. Birincisi, qətnamədə Cavabdeh2 ifadəsində də, qeyd edilmişdir ki, ondan pul almış, guya qaytarmışdır. Onun ifadəsində aldığı və qaytardığı məbləğin miqdarı göstərilməsə də, bu o deməkdir ki, cavabdeh iddianı əsasən etiraf etmişdir. Belə olan halda, onun cavabdehə borc pul verməyi barədə təsdiqləyəçək digər halları təqdim etməyinə ehtiyac yoxdur. Buna baxmayaraq məhkəmədə onun tərəfindən dindirilmiş, hər ikisinin yaxın qohumları olan şahidlər Mehman Abbasquliyevin, Şahid1 və Şahid2 məhkəmədə bacısı Həqiqətin ondan borc pul aldığı və qaytamadığı barədə məlumatları olduğunu dedikləri ifadələri, işin digər halları ilə tam təsdiq olunduğu üçün, tam inandırıcı dəlillər kimi qəbul olunmalıdır. Məhkəmə isə heç bir əsaslandırma olmadan, yalnız subyektiv mülahizə şəklində qeyd etmişdir ki, guya həmin ifadələr inandırıcı deyildir. Bundan başqa diqqətdən qaçırılmamalıdır ki, analoji işlər üzrə Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, cavabdeh iddianı etiraf edirsə, yəni pul aldığını bildirib, lakin qaytardığını iddia edirsə, bu halda sübut etmək yükü onun üzərinə düşür. Hazırki iş üzrə bacısı Həqiqət ondan borc pul aldığını etiraf edib, guya qaytardığını məhkəmədə bildirmiş və bu barədə qətnamədə qeyd edilmişdir. Ona görə də, məhkəmə cavabdehin guya borcunu qaytardığı barədə dəlilini sübut etməsini tələb etməli idi. Cavabdeh isə bunu sübut edə bilmədiyinə görə, artıq ona borc pul verməyi və onun qaytarmadığı barədə dəlilləri təsdiqedici sübutlar kimi qiymətləndirilərək iddiasını təmin edlməli idi. Ona görə hesab edirlər ki, məhkəmə tərəfindən onun təqdim etdiyi sübutlara obyektiv və tam baxılmamış, sübutlar düzgün qiymətləndirilməmiş və işin həqiqi halları müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmayan hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmayan hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Vüqarın verdiyi 1500 manatı qaytaracağını, iddiaçıya başqa borcunun olmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilməmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5489/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh2 5275 manat və Cavabdeh1 200 manat məbləğində borc pul verdiyini iddia edir. Lakin, cavabdehlər sonra borcunu geri qaytarmaqdan imtina etmişdir.
38. İş materiallarından göründüyü kimi, iddiaçı Cavabdeh2 3.775 manat və Cavabdeh1 200 manat məbləğdə olan borc pulu qaytarmadığını bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
40. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
41. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
42. Bu baxımdan iddiaçının təqdim etdiyi sübutlar işin digər halları ilə müqayisə edildikdə onun mövqeyini təsdiqləyən sübut kimi qəbul edilə bilməz. İlk növbədə iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş və məhkəmə tərəfindən dindirilmiş şahidlərin ifadəsi iddianın təmin edilməsi üçün kifayət qədər əsas vermir. Çünki, onların ifadəsindən görünür ki, onlar, tərəflər arasında pulun verilməsi hadisəsinin birbaşa şahidi olmamış, yalnız iddiaçıdan bunu eşitdiklərini bildirmişlər. Eyni zamanda, şahidlər iddiaçının yaxın qohumları olmuşdur. Belə olan halda onların qərəzsis olmasından, habelə iddianın təmin edilməsində maraqlı olmamasından söhbət gedə bilməz. Qeyd olunanlar isə şahid ifadələrinin sübut kimi qəbul edilməməsinə əsas verir.
43. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.1-ci maddəsi).
44. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-nin 106.1-ci maddəsi).
45. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
46. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
49. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
50. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın mübahisələndirilən hissəsi, yəni iddianın təmin edilməmiş 3.975 manat hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5489/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməmiş - hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.