Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-477/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(044)-2587/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 25 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3031,25 ABŞ dolları əsas, 2005,28 ABŞ dolları faiz, 9463,19 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə gecikmiş vaxt üçün illik 5 faizlə hesablanmış 756,4 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 15256,12 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(044)-2587/2021 nömrəli (hakim R.Ələkbərli) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 iyun 2013-cü il tarixli 10-M-3-0-952-13 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 3031,25 ABŞ dolları, faiz borcu üzrə 2005,28 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 5046,53 ABŞ dolları borc ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli 2(104)-853/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(044)- 2587/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı ASC kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli 2(102)-4009/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli 2(104)-853/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilmiş və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 28 faiz olmaqla 5000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borclu kredit müqaviləsinin tələblərini pozmuş və nəticədə ödənilməmiş 3031,25 ABŞ dolları əsas, 2005,28 ABŞ dolları faiz, 9463,19 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə gecikmiş vaxt üçün illik 5 faizlə hesablanmış 756,4 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 15256,12 ABŞ dolları borc yaranmışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilsədə, sonuncu borcu ödəməkdən boyun qaçırmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Maddi imkanı olmadığına görə ödənişlərini dayandırmış, lakin iddiaçı 8 ildən sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi 3 il müddət ötürülməklə verilmişdir. Eləcədə məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş və yekun məhkəmə aktını poçt vaisitəsilə 13 dekabr 2021-ci il tarixdə əldə etdikdən sonra qətnamədən məlumatlı olmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: 30 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2013-cü ildə “Nikaoyl” İKB qızıl saatını girov qoyaraq kredit götürmüş, lakin kreditin dollar və ya manatla olması, eləcədə məbləği yadında qalmamışdır. Əflatun dostu Vüqarın dayısıdır. Sonuncu ona maşın gətirmiş, lakin maşını bəyənmədiyindən geri qaytarmışdır. Ona görə də Bankdan kredit götürməmişdir. 25 iyun 2013-cü il tarixli kredit müqaviləsindən məlumatı yoxdur. Eləcədə hazırkı iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən ona məlumat verilməmiş, istifadəsində olan mobil telefona SMS göndərilməmişdir. ***- ***-**-** və 050-643 93-93 mobil nömrələr adına qeydə alınsada, lakin o, həmin nömrələrdən istifadə etmir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(044)-2587/2021 nömrəli qətnaməsi 25 iyun 2013-cü il tarixli 10-M-3-0-952-13 nömrəli kredit müqaviləsi üzrə 3031,25 ABŞ dolları əsas, faiz borcu üzrə 2005,28 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 5046,53 ABŞ dolları kredit borcunun, eləcədə 30 manat dövlət rüsumunun ondan tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 30 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasına (4 nömrəli zalın qarşısında) gəlsələrdə, lakin məhkəmə prosesi başlanmamışdan əvvəl oranı tərk edərək getmişlər. Hər iki cavabdehin həmin tarixdə keçiriləçək məhkəmə iclasından məlumatı olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(044)-2587/2021 nömrəli qətnaməsinin 25 iyun 2013-cü il tarixli 10-M-3-0-952-13 nömrəli kredit müqaviləsi üzrə 3031,25 ABŞ dolları əsas, faiz borcu üzrə 2005,28 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 5046,53 ABŞ dolları kredit borcunun, eləcədə 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli 2(102)-4009/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli 2(104)-853/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Cavabdeh1 aid hissədə iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 25 iyun 2013-cü il tarixli 10-M-3-0-952-13 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 28 faiz olmaqla 5000 ABŞ dolları kredit verilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 399, 442, 445, 448, 467 maddələrinə istinadən Cavabdeh1 münasibətdə iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmununa görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi…. ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3. maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4. maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 25 iyun 2013-cü il tarixli 10-M-3-0-952-13 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 18 ay müddətinə, illik 28 faiz olmaqla 5000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, lakin borcalan müqavilə öhdəliklərinə vaxtında və lazımı qaydada əməl etməmişdir. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də 25 iyun 2013-cü il tarixli 10-M-3-0-952-13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 3031,25 ABŞ dolları əsas, 2005,28 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 5046,53 ABŞ dolları kredit borcunun ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Cavabdeh1 25 iyun 2013-cü il tarixli 10-M-3-0-952-13 nömrəli kredit müqaviləsindən məlumatsız olduğunu və həmin müqavilə üzrə bankdan 5000 ABŞ dolları kredit almadığını qeyd etsədə, lakin kollegiya sonuncunun bu dəlilini əsassız hesab edir. Belə ki, Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində, eləcədə iddia müddətinin tətbiqi barədə ərizədə onunla "xxxx" İKB ASC arasında 25 iyun 2013-cü il tarixli kredit müqaviləsi bağlandığını və həmin müqavilə üzrə bankdan illik 28 faiz olmaqla 18 ay müddətə 5000 ABŞ dolları almasını qeyd etmişdir. Göründüyü kimi Cavabdeh1 25 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən ona 5000 ABŞ dolları verilməsini apellyasiya şikayətində, eləcədə iddia müddətinin tətbiqi barədə ərizədə qeyd etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 25 iyun 2013-cü il tarixli 10-M-3-0- 952-13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 3031,25 ABŞ dolları əsas, 2005,28 ABŞ dolları faiz, 9463,19 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə gecikmiş vaxt üçün illik 5 faizlə hesablanmış 756,4 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 15256,12 ABŞ dolları borcu yarnmışdır. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 3031,25 ABŞ dolları əsas, 2005,28 ABŞ dolları faiz, cərimə borcunu isə 10 ABŞ dolları təmin edərək Cavabdeh1 cəmi 5046,53 ABŞ dolları alınıb İddiaçı ASC-nin xeyrinə verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə apellyasiya məhkəməsinə təqdim etdiyi ərizəyə münasibətdə isə kollegiya hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2. maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, hazırkı iş üzrə əsas borclu Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsində qətnamə çıxarılanadək verməmişdir. Ərizə apellyasiya icraatı zamanı verilmişdir. Birinci instansiya məhkəməsində işə baxılmasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh1 işdə olan poçt ünvanına, yəni Gəncə şəhəri A.A. ünvan 1ron məhkəmə” informasiya sistemi vastəsilə adına qeydə alınmış (istifadəsində olan) 050 *** ** ** və 051 *** ** ** nömrəli mobil telefonlara 10 avqust 2021-ci il tarixdə elektron qaydada SMS də göndərmişdir. İş materiallarına əlavə olunmuş “Çatdırıldı” qeydi yazılmış məlumatlardan müəyyən olunur ki, məhkəmə iclasında iştirakla bağlı SMS bildirişlər, yəni çatdırılma qeydə alınmışdır. Qanunvericiliyə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vastəsilə şəxsən təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab edilir. Digər tərəfdən Cavabdeh1 qeyd olunan ünvanda yaşamamasını qeyd etsədə, lakin MAPS arayışından müəyyən olunur ki, sonuncu Gəncə şəhəri A.A.Bakıxanov küçəsi döngə 3 ev 27A-da qeydiyyatdadır. Azərbaycan Rerspublikası Mülki Prosessual Məcəlləsinin 146-ci maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə işə işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi 03 sentyabr 2021-ci il tarixli məktubla cavabdehlərə ünvanlanmış bildirişin onlara çatdırılması üçün həm də İcra Hakimiyyəti başçısının Nizami rayon icra nümayəndəliyinə göndərmişdir. Cavabdehlərin faktiki yaşadığı yeri müəyyən etməyin mümkün olmaması barədə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 22 sentyabr 2021-ci il tarixli cavab məktubundan aydın olur ki, məhkəmənin bildirişi icra hakimiyyəti orqanına çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147ci maddəsinə əsaən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Həşçinin işdən müəyyən olunur ki, bank tərəfindən göndərilən xəbərdarlıq (pretenziya) məktubu da Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilmiş və həmin ünvanda poçt göndərişi “Mehdiyev” soyadlı şəxs tərəfindən imza olunaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında olmaları, lakin işə baxılmağa başlanana qədər sonuncuların məhkəmə iclasına girməmələri barədə iddiaçı tərəfin nümayəndəsinin əvvəlki apellyasiya icratı zamanı irəli sürdüyü dəlilinin araşdırılması məqsədilə 17 sentyabr 2021-ci il tarixdə saat 11-00-dan 13- 00-dək olan müddət ərzində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hazırda Gəncə Şəhər Məhkəməsi) inzibati binasında yerləşən 4 nömrəli zalın girişində olan kameralardakı video görüntülərin Gəncə Apellyasiya Məhkəməsinə təqdim olunması barədə sorğu verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli xxxx/2023 nömrəli sorğuya cavabdan müəyyən olunmuşdur ki, müşahidə kameralarının yaddaş kartlarında 17 sentyabr 2021-ci il tarixə aid görüntülər qalmamışdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılmasının vaxtı və yeri barədə malumatı olmamasına dair Cavabdeh1 dəlili əsaslı sayıla bilməz Belə ki, sonuncuya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat (bildiriş və SMS göndərişi) mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş, lakin o, hazırkı iş üzrə məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(044)-2587/2021 nömrəli qətnaməsi “25 iyun 2013-cü il tarixli 10-M-3-0-952-13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 3031,25 ABŞ dolları əsas, 2005,28 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 5046,53 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(044)-2587/2021 nömrəli qətnaməsi “25 iyun 2013-cü il tarixli 10-M-3-0-952-13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 3031,25 ABŞ dolları əsas, 2005,28 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 5046,53 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-477/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-477/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver