Məhkəmə qərarları › İş №2(104)-479/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-479/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-479/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: zərərin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-284/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan AD 493358 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ 21074 minik markalı, ** EP *** qeydiyyat nişanlı avtomaşın İddiaçı mülkiyyətindədir.

2. İşdə olan Ağcabədi Avtoservis və Ticarət MMC tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli rəydə göstərilmişdir ki, VAZ 21074 minik markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşın tamamilə istismara yararsız olduğu müəyyən edilmişdir, avtomaşının hal hazırda bazar pərakəndə satış qisməti 7500 manat təşkil edir.

3. İşdə olan Bərdə Rayon Məhkəməsinin 3(021)-1103/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli X3 iş üzrə qərarının surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir.

4. İş materiallarında olan X3 AP ******* nömrəli protokolun surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törtəmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin 26 iyul 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının surətindən müəyyən olunur ki, İddiaçı barədə cinayət təqibinin başlanmasının rədd edilməsi, Cavabdeh inzibati məsuliyyətə cəlb olunması və qərarın surətinin inzibati tənbeh tədbiri görülməsindən ötrü BDYPİ-yə göndərilməsi qərara alınmışdır.

6. İşdə olan Ağcabədi Avtoservis və Ticarət MMC tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli rəydə göstərilmişdir ki, VAZ 21074 minik markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 4677 manat müəyyən edilmişdir.

7. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli, 9/4171 nömrəli ekspert rəyi ilə VAZ 21074 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyişilməli hissələrinin qiyməti 2837,0 manat, təmir bərpa işlərinin qiyməti 1640,0 manat, ümumilikdə təmir bərpa xərci təxminən 4477,00 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus “VAZ-21074” minik markalı 90 EP-067 dövlət qeydiyyat nişanlı avtomaşına görə vurduğu 7500 manat maddi zərərin əvəzinin, həmçinin ödənilmiş 105 manat dövlət rüsumunun və ödənilmiş 30 manat hüquqi xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 iyun 2021-ci il tarixində saat 15:30 radələrində özünə məxsus “QAZ-24” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Mingəçevir-st Bəhramtəpə yolunun ərazisində keçən 54cü kilometrliyində hərəkətdə olarkən, qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn, ona məxsus “VAZ21074” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə ona məxsus avtomaşın tamamilə yararsız vəziyyətə düşüb, 7500 manat zərər dəymişdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomaşına Ağcabədi Avtoservis və Ticarət Müəsissəsində baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomaşın hadisə nətivəsində güclü deformasiyaya uğramış, hətta təmirdən sonra zavod standartlarına cavab verməyəcək və tamamilə istismara yararsız vəziyyətdədir. Avtomaşının hal-hazırda bazar pərakəndə satış qiymətinin 7500 manat olması müəyyən edilmişdir. Cavabdeh törətdiyi hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-İN Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, X2 tərəfindən araşdırma aparılmış və 26 iyul 2021-ci il tarixində cinayət işi başlanılmasının rədd edilməsi barəsində qərar çıxarmışdır. Həmin qərarda cavabdehin yol nəqliyyat hadisəsinə görə cavabdehin barəsində məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Bundan sonra cavabdehin barəsində 09 sentyabr 2021-ci il tarixində AP0165645 saylı X3 iş üzrə qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Lakin, Cavabdeh törətmiş olduğu hadisə ilə bağlı ona məxsus avtomaşının tam yararsız hala düşməsinin səbəbkarı olsa da, hal hazıra kimi vurduğu maddi zərərin əvəzini ödəməmişdir. Avtomaşın hazırda da onun yaşadığı ünvanda, yəni, Ağcabədi rayonu Hacıbədəlli kəndində istismara yararsız vəziyyətdə qalmaqdadır. Qeyd etmişdir ki, “VAZ-21074” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun mülkiyyətindədir və o dəfələrlə cavabdehdən vurduğu maddi zərərin əvəzini ödəməsini, yaxud başqa minik avtomaşın alıb ona verməsini tələb edib, lakin cavabdeh hazıra kimi bir manat da olsa həmin zərərdən ödəməmişdir. Yəni Orxanın vurduğu maddi zərərin əvəzini könüllü olaraq ödəmək fikri yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Bərdə Rayon Məhkəməsinin 2(021)-284/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 4477 (dörd min dörd yüz yetmiş yeddi) manat, dövlət rüsumuna görə 105 manat və hüquqi yardıma görə 30 manatın alınaraq, İddiaçı verilməsi, Cavabdeh ekspert rəyinə görə 100 (yüz) manatın tutularaq, X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ)**********0********) hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-284/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iş hərtərəfli araşdırılmamış, maşına baxış keçirilmədən bazar qiymətindən yuxarı ziyan vurulması hesablanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1096.1.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

28. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, Cavabdeh 19 iyun 2021-ci il tarixində saat 15:30 radələrində özünə məxsus “QAZ-24” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Mingəçevir-st Bəhramtəpə yolunun ərazisində keçən 54cü kilometrliyində hərəkətdə olarkən, qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn, İddiaçı məxsus “VAZ21074” minik markalı **-EP-*** qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə sonuncuya məxsus avtomaşın tamamilə yararsız vəziyyətə düşmüşdür. Baş vermiş hadisədə Cavabdeh təqsirli bilinmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan avtomaşına dəymiş ziyanı könüllü şəkildə ödəmədiyindən, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iddia tələbini qismən təmin etmişdir.

30. Apellyatorun şikayətinin əsas dəlili avtomaşına dəymiş maddi zərərin düzgün müəyyən edilməməyindəndir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus olan avtomaşına dəymiş zərərin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və rəy alınmışdır. Artıq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli, 9/4171 nömrəli ekspert rəyi ilə VAZ 21074 markalı, ** EP *** qeydiyyat nişamlı avotomobilin dəyişilməli hissələrinin qiyməti 2837,0 manat, təmir bərpa işlərinin qiyməti 1640,0 manat, ümumilikdə təmir bərpa xərci təxminən 4477,00 manat müəyyən edilmişdir. Həmin rəyin iddiaçıya məxsus olan avtomaşına dəymiş zərərin həddini müəyyən edən mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.

32. Kollegiya qeyd edir ki, cavabdehin baş vermiş hadisədə təqsirli olması işin mübahisəsiz halıdır və irəli sürülən iddianın təmin olunması üçün əsaslar mövcuddur.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan sənədlərdə bəzi yerlərdə İddiaçı məxsus “VAZ21074” minik markalı **-EP-*** qeydiyyat nişanlı avtomaşının qeydiyyat nişanı səhvən **-BD-*** kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası bu qeydi yol verilmiş texniki səhv kimi qiymətləndirir və hesab edir ki, yol verilmiş texniki səhv qətnamənin ləğvinə və yaxud dəyişdirilməsinə əsas vermir.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

35. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə isə iddianın qiyməti 5000 manatdan azdır və ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-284/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar