Məhkəmə qərarları › İş №2(104)-483/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-483/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-483/2025 25.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi; tutmanın ipoteka predmetinə yönəldilməsi; ipoteka predmetinin ilkin satış qiyməti Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, İddiaçı X7 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(062)-1735/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana illik 8 faiz olmaqla 300 ay müddətinə 48000 manat məbləğdə kredit verilmişdir;

2. Kreditor X7 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borcalan Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcalana kredit borcunun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir;

3. Kreditor X7 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 manat borcu vardır;

4. X1, ipotekasaxlayan İddiaçı ASC və ipotekaqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 67 kv.m. olan daşınmaz əmlakı alıcı – ipotekaqoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın dəyəri 80000 manatdır. Həmin pulun 32000 manatını alıcı ilkin ödəniş kimi özü vermiş, geri qalan 48000 manat isə kreditor – ipoteka saxlayan İddiaçı ASC tərəfindən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi əsasında verilmişdir. Alıcı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi aldığı daşınmaz əmlakı İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir;

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 67 kv.m olan daşınmaz əmlak xx.xx.2017-ci ildə xx.xx.2042-ci ilə kimi İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqları yüklü edilən şəxs Cavabdehdur;

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/3261 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 47691,55 manat əsas, 18896,43 manat faiz borcu mövcuddur;

7. “X6” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 002/2025/DƏQ/SBG nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 kv.m. olan yaşayış sahəsinin likvid qiyməti 90000 manatdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X7 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 manat rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 292,89 manat pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən 67 kv.m yaşayış sahəsinə yönəldilməsi, əmlakın likvid satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərrracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmeti satışından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 48000 manat kredit verilmişdir. Verilən kreditin təminatı kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli çıxarış əsasında cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən 67 kv.m yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq ödəməli olduğu pul vəsaitini geri qaytarmamışdır. Bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilsə, habelə xx.xx.2023-cü il tarixli bildiriş göndərilsə də cavabdeh buna məhəl qoymamışdır. Hazırda cavabdehin banka xx.xx.2023-cü il tarixə 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 manat borcu vardır. Bundan başqa «İpoteka haqqında» Qanunun tələblərinə müvafiq olaraq bank tərəfindən cavabdehə bildiriş göndərilmiş və həmin bildiriş müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmışdır.

10. Tovuz Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(062)-1735/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 (altmış yeddi min altı yüz otuz bir manat beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı X7 İddiaçı ASC-yə verilməsi; Tələbin ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 kv.m. olan yaşayış sahəsinə yönəldilməsi; Həmin əmlakın ilkin satış qiymətinin 80000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına X7 İddiaçı ASC-yə ödənilməli olan kredit müqaviləsi üzrə borc məbləği və dövlət rüsumları ödənilməsi; İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 292,89 manat və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat pulun əvəzinin Cavabdeh alınaraq iddiaçı X7 İddiaçı ASC-yə verilməsi; İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 269.1, 317.1, 385, 386.1, 390.1, 425.1, 442, 448.1, 449 və 739-cu maddələrinə, həmçinin “İpoteka haqqında” Qanunun 1.0.6, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 33, 34.1.1, 34.1.2, 36.2, 39.3.2, 39.3.3, 59.3 və 59.4-cü maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, kredit muqaviləsi uzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yonəldilməsi, ipoteka predmetinin acıq hərracda satılması barədə tələblər uzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək ücün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla muəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipoteka qoyanla ipoteka saxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka muqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cu maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cu maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cu maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Göründüyü kimi, məhkəmə məhz sözügedən qərardadı əsas tutaraq əmlakın likvid dəyərini müəyyən edə bilərdi. Lakin, əmlakın ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına X7 İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışını əsas tutaraq iddianı təmin etmişdir. Halbuki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yəni, məhkəmə həmin arayışla kifayətlənməyərək əlavə olaraq ekspertiza təyin edə bilərdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

17. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

18. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

22. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 38.2.2. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.

25. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

26. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

27. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, qətnamə kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissələrdə mübahisələndirilmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 (altmış yeddi min altı yüz otuz bir manat beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı X7 İddiaçı ASC-yə verilməsi; İpoteka predmeti olan Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 kv.m. olan yaşayış sahəsinin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi» hissədə dəyişdirilməli, kredit müqaviləsi üzrə əsas borc 47691,55 manat, faiz borcu 18896,43 manat, cəmi borc 66587,98 manat müəyyən edilməli, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 kv.m. olan yaşayış sahəsinin ilkin (likvid) satış qiyməti 90000 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

40. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 8 faiz olmaqla 300 ay müddətinə 48000 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə X1, ipotekasaxlayan İddiaçı ASC və ipotekaqoyan Cavabdeh arasında xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və əmlak İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əmlakın ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

41. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və qeyd edir ki, qətnamənin yoxlanılan hissələri üzrə ayrıayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilk nöcbədə qətnamənin kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi hissəsinə hüquqi qiymət verilməlidir.

42. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2017-ci il tarixli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas və ona hesablanmış faiz borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir; apellyator isə kredit borcun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir.

43. İşin halları əsasında məlum olmuşdur ki, iddiaçı bank məhkəməyə xx.xx.2023-cü il tarixli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışı əsasında birinci instansiya məhkəməsi cavabdehdən kredit müqaviləsi üzrə əsas və faiz borcu tutmuşdur. Halbuki, iş materiallarından aydın olur ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Buna baxmayaraq, həmin müddətdən sonra da faiz borcu hesablanmağa davam etmiş və xx.xx.2023-cü il tarixə maliyyə arayışında göstərilən 47692,08 manat əsas, 19938,97 manat faiz borcu cavabdehdən tələb edilmişdir.

44. Məhkəmə kollegiyası şərh olunan halları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli maliyyə arayışı əsasında cavabdehdən əsas və faiz borcu tutmaqda haqlı olmamışdır.

45. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

46. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-X8 qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

47. Yuxarıda da göstərildiyi kimi cavabdehə kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissə-hissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.

48. Nəzərə alınsa ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər; bu halda, iddiaçı bank cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2023-cü il tarixədək faiz borcu hesablamaq hüququna malik olmuşdur.

49. Kredit müqaviləsinin qüvvədə olduğu müddətə (xx.xx.2023-cü il) hansı məbləğdə borcun hesablanmasının aydınlaşdırılması məqsədilə apellyasiya baxışı zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış rəylə müəyyən edilmişdir ki, qeyd edilən xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə əsas borc 47691,55 manat, faiz borcu isə 18896,43 manat təşkil edir.

50. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

51. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir.

52. Göründüyü kimi, kredit müqaviləsi üzrə əsas borc məbləği 47691,55 manat, faiz borc məbləği isə 18896,43 manat olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən 47692,08 manat əsas, 19938,97 manat faiz borcu tutulmuşdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas və faiz borcuna dair hissədə dəyişdirilməli və müqavilə üzrə əsas borc məbləği 47691,55 manat, faiz borc məbləği isə 18896,43 manat məbləğdə müəyyən edilməlidir. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği dəyişdirildiyindən cəmi borc məbləği hissədə də qətnamə dəyişdirilərək kredit müqaviləsi üzrə cavabdehdən iddiaçı bankın xeyrinə tutulan cəmi borc məbləği 66587,98 manat məbləğdə müəyyən edilməlidir.

54. Kollegiya həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən tərəflər arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsində göstərilən məbləği əsas götürmüşdür.

55. Halbuki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, ekspertiza təyin olunması zərurətini doğurur.

56. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya baxışı zamanı ipoteka predmetinin ilkin (likvid) satış qiymətinin müəyyən olunması üçün iş üzrə qiymətləndirmə təyin edilmiş və alınmış rəylə ipoteka predmetinin likvid dəyərinin 90000 manat olduğu müəyyən edilmişdir. Rəylə bağlı tərəflərin hər hansı arqumenti olmamış, habelə kollegiya da rəyi mötəbər sübut kimi qəbul etmişdir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə də dəyişdirilməli və ipoteka predmetinin ilkin satış qiyməti rəyə uyğun olaraq 90000 manat müəyyən edilməlidir.

57. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat, qiymətləndirmə fəaliyyətinin dəyəri isə 300 manat təşkil edir. Kollegiyanın qənaətinə görə, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Bununla belə, cavabdeh qiymətləndirmə fəaliyyəti üçün 300 manat xidmət haqqını ödəmişdir. Mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat da cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(062)-1735/2024 nömrəli qətnaməsi «Cavabdeh 47692,08 manat əsas, 19938,97 manat faiz borcu olmaqla cəmi 67631,05 (altmış yeddi min altı yüz otuz bir manat beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı X7 İddiaçı ASC-yə verilməsi; İpoteka predmeti olan Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 kv.m. olan yaşayış sahəsinin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi» hissədə dəyişdirilsin. Kredit müqaviləsi üzrə əsas borc 47691,55 (qırx yeddi min altı yüz doxsan bir manat əlli beş qəpik) manat, faiz borcu 18896,43 (on səkkiz min səkkiz yüz doxsan altı manat qırx üç qəpik) manat, cəmi borc 66587,98 (altmış altı min beş yüz səksən yeddi manat doxsan səkkiz qəpik) manat müəyyən edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 kv.m. olan yaşayış sahəsinin ilkin (likvid) satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar