Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-485/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: babanın nəvəsi ilə ünsiyyətdə olmaq üçün maneələrin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 1556/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağdam Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli 79 saylı qərarından görünür ki, komissiya xx.xx.2016cı il təvəllüdlü X5 babası İddiaçı ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-a kimi ünsiyyətdə olmasını məqsədə müvafiq uyğun hesab etmişdir.
2. Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 5-31/2-741-2023 saylı rəyindən görünür ki, komissiya İddiaçı Banu adlı uşaqla ünsiyyətdə olmasını məqsədə müvafiq hesab etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-a kimi ünsiyyətdə olan maneənin Cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X1 Günel Elşad qızı ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir övladları var: 25 dekabr 2016-cı il təvəllüdlü X7. Ağdam Rayon Məhkəməsinin 2(013)- 2090/2018 saylı 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 25 dekabr 2016-cı il təvəllüdlü X5 anasının yanında qalması və birgə nikahlarından olan 25 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay oğlunun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Həmçinin, birgə nikahlarından olan 25 dekabr 2016-cı il təvəllüdlü X5 3 yaşı tamam olana kimi hər ay oğlundan 50 manat alınaraq Cavabdeh verilməsi də qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin 2(013)-39/2020 saylı 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə oğlu X3 öz övladı ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-a qədər ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Qanunun tələbinə görə onun da öz nəvəsi ilə ünsiyyətdə olmaq hüququ var. Lakin, Cavabdeh onu nəvəsi ilə görüşməyə qoymur. Ona görə də o Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edərək, nəvəsi 25 dekabr 2016-cı il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 20:00-a kimi ünsiyyətdə olmağının təmin edilməsini xahiş etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli 79 saylı qərarından görünür ki, komissiya xx.xx.2016-cı il təvəllüdlü X5 babası İddiaçı ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-a kimi ünsiyyətdə olmasını məqsədə müvafiq uyğun hesab etmişdir. Lakin, cavabdeh isə uşaqla görüşməsinə maneə yaradır və qərarı icra etmir.
5. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1556/2023 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev), iddianın təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-a kimi babası İddiaçı ilə ünsiyyətdə olmasına Cavabdeh tərəfindən olan maneənin aradan qaldırılması qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62.1, 62.2, 62.3 və 62.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220,227,233 və 357-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1556/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, nikah pozulduqdan sonra Azər Şirinov alimenti ödəməmiş, ümumiyyətlə həm Azər Şirinov, həm də onun ata və anası uşağı 2016-cı ildən görməmişlər, uşaqla ünsiyyət qurmamışlar. Uşaq ata tərəfdən heç kimi tanımır. Bu səbəbdən o valideynlik hüququndan məhrumetmə tələbi ilə mediasiyaya müraciət etmişdir. Azər Şirinov mediasiyaya dəvət olunmuş, onun tələbi ilə razılaşdığından aralarında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Azər Şirinov birgə nikahdan anadan olmuş Banu Şirinovaya olan valideynlik hüquqlarından imtina etmək barədə və uşağın mənafeyinə toxunan halların baş verə biləcəyini nəzərə alaraq uşağın Azər Şirinovun ata və anası, eyni zamanda digər yaxın qohumları ilə ünsiyyətdə olmayacaqları barədə öhdəlik götürmüşdür. O da uşağa görə Azər Şirinovdan hər hansı aliment və başqa tələblər etməyəcəyi barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. O, barışıq sazişinin təsdiq olunması tələbi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(008)-3996/2022 saylı qətnaməsinə əsasən ərizəsi təmin edilmiş, mediasiya prosesi nəticəsində X6 ilə aralarında 01 mart 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Sonradan qaynatası İddiaçı, oğlu Azər Şirinovla aralarında olan barışıq sazişini, qanuni qüvvəsini almış dövlət adından çıxarılmış qətnaməni nəzərə almayaraq əsassız iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi isə iddianı əsassız olaraq təmin etmişdir. Məhkəmə qətnaməsindən görünür ki, Ağdam Rayon İcra xx.xx.2023-cü il tarixli rəy vermiş, rəyə əsasən komissiya İddiaçı Banu adlı uşaqla ünsiyyətdə olmasını məqsədə müvafiq hesab etməmişdir. Bundan əlavə komissiyanın nümayəndəsi Taleh Tanrıverdiyev məhkəmə iclasında izahat verərək İddiaçı Banu adlı uşaqla görüşməsinin məqsədə müvafiq olmadığını göstərmişdir. Hesab edir ki, Qəyyumluq və Himayəçilik Komissiyası vəziyyəti düzgün qiymətləndirmiş və tam obyektiv rəy vermişdir. Belə ki, uşaqla söhbət aparan zaman, uşaq atası və ata valideynlərini tanımadığından görüşmək, onlarla ünsiyyətdə olmaq istəmədiyini israrla bildirir. Hətta bu barədə eşitmək istəmir, eşitdikdə isə stress, əsəb keçirir. Uşaq bir daha qeyd edir ki, atasını, baba və nənəsini tanımır. Bu hal qarşı tərəfə də məlumdur. Məhkəmə tərəfindən sübutlar düzgün araşdırılmamış, barışıq sazişi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və rəy sübut kimi qəbul edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının oğlu X6 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 25 dekabr 2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlmədiyi üçün 2016-cı il tarixdə faktiki olaraq ayrılmışlar və Ağdam Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(013)- 2090/2018 nömrəli qətnaməsi ilə, onların arasında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 25 dekabr 2016-cı il təvəllüdlü X5 anasının yanında qalması və birgə nikahlarından olan 25 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay X2 qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Azər Şirinov mediasiyaya dəvət olunmuş, onun tələbi ilə razılaşdığından aralarında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Azər Şirinov birgə nikahdan anadan olmuş Banu Şirinovaya olan valideynlik hüquqlarından imtina etmək barədə və uşağın mənafeyinə toxunan halların baş verə biləcəyini nəzərə alaraq uşağın Azər Şirinovun ata və anası, eyni zamanda digər yaxın qohumları ilə ünsiyyətdə olmayacaqları barədə öhdəlik götürmüşdür. Həmin barışıq sazişi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(008)-3996/2022 nömrəli qətnaməsi ilə, ərizəsi təmin edilmiş, mediasiya prosesi nəticəsində X6 ilə aralarında 01 mart 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Uşaq isə atasını, baba və nənəsini tanımır. Uşağın atası və babası indiyədək uşaq ilə görüşməmişdir. O, bu səbəbdən Banunun babası ilə görüşməsini istəmir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
11. İş üzrə İddiaçı, nümayəndəsi Vəkil və üçüncü şəxs Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir; İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir;
13. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
15. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
16. Maddə 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər.
17. Maddə 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər.
18. Maddə 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.
“Uşaq hüquqlarına dair” BMT Konvensiyası
19. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
20. Maddə 9. Bənd 1. İştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
22. Maddə 17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
23. Maddə 18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
24. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6/2011 nömrəli Qərarı
25. Bənd 4.1. Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.
26. Bənd 2.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir.
27. Bənd 2.2. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.
28. Bənd 10.1. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1556/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçının oğlu X6 ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 25 dekabr 2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlmədiyi üçün 2016cı il tarixdə faktiki olaraq ayrılmışlar və Ağdam Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(013)-2090/2018 nömrəli qətnaməsi ilə, onların arasında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 25 dekabr 2016-cı il təvəllüdlü X5 anasının yanında qalması qət edilmişdir. Cavabdeh isə hazırda himayəsində olan uşağın babası olan iddiaçı ilə görüşməsinə maneələr yaradır.
47. Məhkəmə kollegiyasının qənaətinə görə, baxılan şikayət üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
48. Belə ki, baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnu tənzimləyən Ailə Məcəlləsinin 62-ci maddəsinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər.
49. Həmin normada eyni zamanda bu hüququn həyata keçirilməsi qaydaları müəyyən olunaraq göstərilir ki, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər (62.2-ci maddə).
50. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir (62.3-cü maddə).
51. Ailə Məcəlləsinin 62-ci maddəsindən göründüyü kimi, nənə və babanın nəvələri ilə ünsiyyətdə olma hüququnun həyata keçirilməsinin məhkəməyə qədər həlli qaydaları müəyyən olunmuşdur. Bu qaydalar tələb edir ki, iddiaçı əvvəlcədən nəvələri ilə ünsiyyətdə olmasının təmin olunması üçün qəyyumluq və himayə komissiyasına müraciət etsin. Bundan sonra komissiya onun xahişinin təmin və ya rədd olunması barədə qərar çıxartmalıdır. Əgər valideynlər (onlardan biri) qəyyumluq və himayə komissiyasının bu qərarına tabe olmazsa, onda uşaqla ünsiyyətdə olmaq istəyən şəxs məhkəmədə iddia qaldıra bilər.
52. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə müvafiq addımlar atılmış və Ağdam Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli 79 saylı qərarından görünür ki, komissiya xx.xx.2016-cı il təvəllüdlü X5 babası İddiaçı ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-a kimi ünsiyyətdə olmasını məqsədə müvafiq uyğun hesab etmişdir. Lakin, cavabdeh həmin qərarın icrasını təmin etməyərək iddiaçının qeyd olunan nəvəsi ilə görüşməsinə mane olmuşdur. İddiaçı doğma nəvəsi ilə ünsiyyət yarada bilmir və onun tərbiyəsi ilə məşğul ola bilmir.
53. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011–ci il tarixli 6/2011 saylı Qərarının 4cü bəndində qeyd olunmuşdur ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.
54. Məhkəmə kollegiyası göstərir ki, uşaqla ünsiyyətdə olmaq hüququ baba və nənənin ayrılmaz hüququdur. Baba və nənənin uşaqla ünsiyyət hüququ haqqında mübahisə müstəvisində uşaqların hüquqları da kölgədə qalmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür ünsiyyət təkcə uşaqdan ayrı yaşayan baba və nənənin hüquqlarının həyata keçirilməsinə deyil, həm də uşağın baba və nənəsini tanımaq, onlarla ünsiyyətdə olmaq hüquqlarının reallaşmasına xidmət edir. Bu baxımdan uşaqdan ayrı yaşayan baba və nənənin uşaqla ünsiyyətdə olmaq hüququnun məhdudlaşdırılması yolverilməzdir.
55. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-ci maddəsində göstərilmişdir ki, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
57. Şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi uşağın atasını, babasını və nənəsini tanımamasını nəzərə almamışdır. Uşaq onlarla görüşmək istəmir, görən zaman isə əsəb və stress keçirir. Həmçinin, iddiaçının oğlu uşaqdan imtina etmiş, buna görə də aralarında barışıq sazişi bağlanmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir.
58. Məhkəmə kollegiyası göstərir ki, iddiaçının nəvəsi ilə ünsiyyətdə olmasına zidd olan hər hansı bir durum aşkar edilməmişdir. Cavabdehin isə apellyasiya şikayətində göstərdiyi “iddiaçının uşaqla görüşməsinin psixoloji təsir etməsi” dəlili mötəbər sübutlarla təsdiq edilmir. Bu yalnız cavabdehin formal mülahizələrinə söykənmişdir. Babada uşağın tərbiyəsinə, sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı mənfi cəhət yoxdur, odur ki, onun uşaqla ünsiyyət hüququ müdafiə olunmalıdır.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
60. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
61. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
64. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
65. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403, və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1556/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.