Məhkəmə qərarları › İş №2(104)-487/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-487/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-487/2024 27.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6163/2023 saylı mülki iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan 25 yanvar 2023-cü ildə nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat dəyərində qızıl qolbağını nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 200 (iki yüz) manat ilkin ödəniş etmişdir. Cavabdeh boyunbağıya görə yanvar, fevral, mart, may və iyul ayları olmaqla, ümumilikdə 580 (beş yüz səksən) manat ödəniş etmişdir. İş materiallarından olan 18 fevral 2023-cü ildə nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 6750 (altı min yeddi yüz əlli) manat dəyərində qızıl boyunbağımı nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 500 (beş yüz) manat ilkin ödəniş etmişdir. Cavabdeh boyunbağıya görə mart, aprel və iyun ayları olmaqla ümumilikdə 1560 (bir min beş yüz altmış) manat ödəniş etmişdir. Müqavilənin üzərində həmin boyunbağını almış və pulu ödəyəcəyi barədə öhdəlik götürmüş şəxs kimi X1 imza etmişdir. Cavabdeh həmin müqaviləni imzalamamışdır. İş materiallarında olan 10 aprel 2023-cü ildə nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1800 (bir min səkkiz yüz) manat dəyərində noutbuk kompüterini nisyə qaydada satmışdır. Həmin kompüterin alınması ilə bağlı Cavabdeh ilkin ödəniş etməmişdir. Cavabdeh kompüterə görə aprel və iyun ayları olmaqla ümumilikdə 600 (altı yüz) manat ödəniş etsə də 1200 (bir min iki yüz) manat borcu qalmışdır. Cavabdeh həmin müqaviləni imzalamamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7737 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Daşkəsən şəhəri, H. Əliyev küçəsində kiçik sahibkarlıqla məşğul olur. Belə ki, icarəyə götürdüyü mağazada mobil telefonlar, qızıl zinət əşyaları və paltar satışı ilə məşğul olur. Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və VÖEN nömrəsi almışdır. Cavabdeh uzun müddətdir tanıyır. O, N saylı hərbi hissədə zabit olaraq işləyir. Təxminən 5 ay bundan öncə Cavabdeh onun mağazasına gəlib nisyə qaydada qızıl zinət əşyası və diz üstü kompüter almışdır. Həmin əşyaların dəyərindən bir qədərini ödəmiş, lakin qalan pulu ödəməmişdir. Cavabdehdən dəfələrlə ona olan borcunu tələb etsə də fərqli bəhanələrlə borcunu ödəməkdən boyun qaçırtmışdır. Hazırda cavabdehin ona 7640 manat borcu qalmışdır. Həmin məbləği cavabdehdən ala bilmədiyim üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin hazırda ona qızıl boyunbağıya görə 4960 manat, qızıl qolbağıya görə 1170 manat, notebok kompüterə görə isə 1200 manat borcunun qaldığını bildirib, cavabdehlə arasında bağlanan nisyə alqı-satqı müqavilələrinin ləğv edilməsini və cavabdehdən 7330 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6163/2023 saylı mülki iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin, 18 fevral 2023-cü il tarixli nisyə alqısatqı müqaviləsinin və 10 aprel 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh 7330 (yeddi min üç yüz otuz manat) manat pulun alınıb, İddiaçı ödənilməsi, Cavabdeh 93.30 (doxsan üç manat otuz qəpik) manat dövlət rüsumunun tutulub, İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6163/2023 saylı mülki iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında o, nisyə mal almamışdır. Həmin müqavilə əsasında iddiaçı ona 800 manat pil vermişdir. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən xəbəri olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərdi ki, İddiaçı sələmçidir, yüksək faizlərlə insanlara borc pul verməklə məşğuldur. Ona da 800 (səkkiz yüz) manat pul lazım olduğu üçün bu barədə iddiaçıya müraciət etmiş, iddiaçı ona 800 manat pul vermiş bu zaman ona xx.xx.2023-cü il tarixli müqaviləyə imza etdirmişdir. Həmin müqavilə üzrə iddiaçıdan heç bir qızıl əşyası almamışdır. Dişər iki müqavilələr onun tərəfindən imzalanmamışdır. O, Seymur adlı şəxsdən də 2400 manat borc pul almışdır. Seymurun pulu Fuaddan aldığı ona məlum olmamışdır. Ancaq Seymur ona demişdir ki, aldığı borca görə pulları Fuada versin. O, da İddiaçı cəmi 3900 manat məbləğində pul ödəmişdir. Sonda apellyator şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qeyd etdi ki, həqiqətən də 6750 manat dəyərində qızıl əşyanın nisyə satılması barədə müqaviləni Cavabdeh imzalamamış, X1 imzalamışdır. Seymurun deməsinə görə həmin əşya Pərvinə çatmış və həmin əşyaya görə Pərvin ona 1560 manat pul da ödəmişdir. Kompüteri də cavabdeh özü üçün almışdır. Sonda iddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Prosessual hüquq normaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən tərəfləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən tamamilə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, irəli sürülən iddianı təmin edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2023-cü ilin yanvar ayında Cavabdeh 1950 manat dəyərində qızıl qolbağını nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 200 manat ilkin ödəniş etmiş və bu barədə tərəflər arasında 25 yanvar 2023-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh boyunbağıya görə yanvar, fevral, mart, may və iyul ayları olmaqla ümumilikdə 580 manat ödəniş etsə də, 1170 manat borcu qalmışdır. Bundan başqa 2023-cü ilin fevral ayında iddiaçı Cavabdeh 6750 manat dəyərində qızıl boyunbağını nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 500 manat ilkin ödəniş etmiş və bu barədə tərəflər arasında 18 fevral 2023-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh boyunbağıya görə mart, aprel və iyun ayları olmaqla ümumilikdə 1560 manat ödəniş etsə də 4960 manat borcu qalmışdır. Daha sonra 2023-cü ilin aprel ayında iddiaçı Cavabdeh 1800 manat dəyərində noutbuk kompüteri nisyə qaydada satmışdır. Həmin kompüterin alınması ilə bağlı cavabdeh ilkin ödəniş etməmişdir. Kompüterin satışı ilə bağlı cavabdehlə onun arasında 10 aprel 2023-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh kompüterə görə aprel və iyun ayları olmaqla ümumilikdə 600 manat ödəniş etsə də 1200 manat borcu qalmışdır. Hazırda cavabdehin ona 7330 (yeddi min üç yüz otuz) manat borcu qalmışdır. Ona görə də məhkəmə iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iş üzrə gəldiyi bu nəticə tam əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə cavabdeh tərəfin iddiaya etiraz etdiyi nəzərə alındıqda, iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır. Baxılan işdə isə iş materiallarında olan sübutlar iddianın tam əsaslı olduğunu təsdiq etmir Belə ki, işə apellyasiya instansiyasında baxılarkən iş materiallarında olan, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli qızıl-zinət əşyasının nisyə alqı-satqısı müqaviləsindən müəyyən edilmişdir ki, Cavabdeh həmin alqı-satqı müqaviləsinə əsasən İddiaçı 18 ay müddətinə hər ay 100 manat ödəmək şərtilə nisyə qaydada 1750 manat dəyərində qızıl qolbağı almış, həmin puldan ümumilikdə 580 manat qaytarmış və müqavilə üzrə iddiaçıya 1170 manat məbləğində borcu qalmışdır. Cavabdeh həmin müqavilə üzrə ona iddiaçı tərəfindən hər hansı bir qızıl əşyası verilmədiyini, ancaq yüksək faizlərlə şərtləndirilmış 800 manat məbləğində borc pul verildiyini bildirsə də, müqavıləyə özü şəxsən imza etdiyini etiraf etmişdir. Belə olan halda həmin müqavılənin şərtləri barədə cavabdehin dəlilləri əsaslı sayıla bilməz və işin faktiki halı kimi müyyən olunur ki, cavabdehin həmin müqavilə üzrə iddiaçıya 1170 manat məbləğində borcu qalmışdır. İrəli sürülən iddianın həmin hissədə təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutlmuşdur. Ona görə də kollegiya hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Bundan başqa iddiaçı işdə olan xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehdən pul tələb etsə də, həmin müqavilənin Cavabdeh tərəfindən deyil, Seymur adlı şəxs tərəfindən imzalandığı müəyyən edilir. Cavabdeh həmin müqavilədən məlumatsız olduğunu bildirmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli müqavilədən isə görünür ki, müqavilənin alıcı qrafasında Cavabdeh yazılsa da, həmin müqavilə hər hansı şəxs tərəfindən imzalanmamışdır. İddiaçı hər iki müqavilə üzrə əyşaların Cavabdeh verildiyini iddia etsə də kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə istinad etməklə hesab edir ki, həmin müqavilələrlə bağlı iddiaçının məhkəməyə bildirdikləri irəli sürülən iddianın həmin hissədə təmin edilməsinə əsas verən mötəbər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda kollegiya hesab edir ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə Cavabdeh hər hansı pul məbləği tələb edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası aparılmış araşdırmaların nəticəsi olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməlidir. İrəli sürülən iddia qismən əsaslı olduğundan qismən-1170 manat məbləğində təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 97 manat məbləğində dövlət rüsumu ödəmişdir. İrəli sürülən iddia qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaslanan kollegiya belə qərara gəlir ki, 97 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan 15,5 manat hissəsi cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Beləliklə apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6163/2023 saylı mülki iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsaslanan kollegiya göstərir ki, İddiaçı bu qətnamədən kassasiya şikayəti vermək hüququ olsa da Cavabdeh bu qətnamədən kassasiya şikayəti verə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6163/2023 saylı mülki iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1170 (bir min bir yüz yetmiş) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15,5 (on beş) manat 50 qəpik məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh bu qətnamədən kassasiya şikayəti verə bilməz. Bu qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar