Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-488/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2246/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)- 1923/2019 saylı qətnaməsi ilə 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və onların saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2246/2022 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)1923/2019 saylı qətnaməsi ilə uşaqların saxlanmaları üçün tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)1923/2019 saylı qətnaməsi ilə Cavabdeh 30 aprel 2019-cu il tarixdən etibarən 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin hazırda onların birgə nikahından anadan olmuş X1 16 yaşı, X2 isə 12 yaşı olduğuna görə təhsil, geyim və digər xərcləri artmışdır. Həmçinin 2019-cu illə müqayisə olunduqda uşaqlar üçün 2022-ci il yaşayış minimumu bir neçə dəfə artmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)-1923/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Qeyd olunan səbəblərdən də o, cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların maddi xərclərini çətinliklə ödəyir. Ona görə də məcbur olub ki, məhkəməyə müraciət etsin. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hakim isə bunu nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqları qərəzliliklər nəticəsində pozulmuşdur. Bundan əlavə mülki-prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlannın əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Birinci instansiya məhkəməsi ümumiyyətlə çəkişmə prinsipini təmin etməmişdir, nəticədə məhkəmədə müdafiə hüquqları pozulmuşdur. Gəlirinin dəyişkən olması və artması barədə sübutlar təqdim edilməmişdir. İddiaçı iddianı əsaslandırmalı olduğu halda iddianı sübuta yetirə bilməmişdir. Hakimin sübutlara hüquqi qiymət verməməsi işin nəticəsinə şəxsi marağının olmasına sübutdur. Məhkəməyə tərəf kimi dəvət olunmasına baxmayaraq çəkişmə prinsipi təmin edilməmişdir. Apelyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edın Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)-1923/2019 saylı qətnaməsinin surətindən görünür ki, 30 aprel 2019-cu il tarixdən etibarən 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 16 iyun 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)1923/2019 saylı qətnaməsi ilə Cavabdeh 30 aprel 2019-cu il tarixdən etibarən 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmiş və cavabdeh həmin alimenti ödəyir. Lakin alimentin təyin olunduğu 2019-cu ildən xeyli müddət keçmişdir. Hazırda tərəflərin birgə nikahından anadan olmuş X1 16 yaşı, X2 isə 12 yaşı olduğuna görə təhsil, geyim və digər xərcləri artmışdır. Həmçinin 2019-cu illə müqayisə olunduqda uşaqlar üçün 2022-ci il yaşayış minimumu da artmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)-1923/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək alimentin məbləğinin artırılmasını xahiş etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədiyini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Apellyasiya şikayətinin gəlirinin dəyişkən olması və artması barədə sübutlar təqdim edilməməsi dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, həmin dəlil yetkinlik yaşına çatmamış uşaqlarının salanması üçün tutulan alimentin miqdarının artırılması üçün maneə deyildir. Ona görə ki, işdən göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün alimentin məbləği məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin vaxtdan üç ildən artıq müddət keçmiş, bu müddət ərzində dolanışıq minimumu xeyli artmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına, Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2246/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-488/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-488/2023
18.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver